Bakıda hər ilin may ayının 10-da keçirilən və Heydər Əliyevin ad gününə həsr olunan ənənəvi Gül bayramı bu il həmişəki kimi heç də bayram əhval-ruhiyyəsində keçmədi.
Neft Akademiyasında 30 Aprel terrorunun qurbanları üçün matəm gününün elan edilməməsinə cavab olaraq bir qrup gənc mayın 10-da şəhərin müxtəlif yerlərində – bulvarda Muzey Mərkəzinin yanında, Sahil bağında, Konservatoriyanın yaxınlığında, eləcə də Dövlət Neft Akademiyasının yanında etiraz aksiyaları ilə çıxış edib. Etiraz edənlərin əksəriyyəti heç bir siyasi partiya mənsubiyyəti olmayan tələbələr və gənc fəallar olub. Bu etirazların əsas xüsusiyyəti o idi ki, onlar əvvəldən planlaşdırılmamış şəkildə və planlaşdırılmamış yerlərdə keçirilib və etirazlara heç bir təşkilat rəhbərlik etməyib.
Bakı polisi və çoxsaylı mülki geyimli şəxslər bütün günü şəhərdə etiraz edənləri saxlayaraq yaxınlıqdakı polis bölmələrinə aparıb. Ümumilikdə həbs olunanların sayı 100 nəfərə yaxın olub ki, onların 6-sı hələ də inzibati həbsdədir.
Azadlıq Radiosunun verdiyi məlumata görə yalnız 39-cu bölmədə saxlanılanların sayı 50 nəfərdən çoxdur. Polis eyni zamanda əllərində qərənfil Dövlət Neft Akademiyasına doğru hərəkət edən bir qrup gənci Konservatoriya yaxınlığında saxlayaraq 22-ci polis bölməsinə aparıb.