Kavaler Ogüst Düpen (C. Auguste Dupin) ədəbiyyat tarixində ilk xəfiyyə (detektiv) obrazı, yazıçı Edqar Allan Ponun qəhrəmanlarından biri. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Bu obrazını yaradarkən Po məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından bəhrələnmişdir.
K. Ogüst Düpen fransızdır və Parisin Sen-Jermen məhəlləsində yaşayır. Oxucular onunla ilk dəfə Morq küçəsində qətllər əsərində tanış olurlar, və Düpen bundan sonra daha iki əsərdə (Mari Roje müəmması və Oğurlanmış məktub) gözə dəyir. O, həm də Fəxri Legionun kavaleridir.
Bununla belə, Düpen heç də professional detektiv deyil və hər üç məlum halda onu xəfiyyəlik etməyə sövq edən motivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun metodu başqa insanların fikirlərini oxuma və xəyalən cinayətkarın cildinə girə bilmə qabiliyyətini öz fövqəladə intellekti ilə birləşdirməkdən ibarətdir.
Düpen sonradan bir çox məşhur detektiv obrazlarının, o cümlədən Şerlok Holmsun prototiplərindən biri olmuşdur. Lakin Al tonlarda etüd povestində Şerlok Holms Düpen haqqında heç də yaxşı fikirdə olmadığını deyir.