Ədəbi Gürcüstanda

Gürcüstanın Literaturuli Sakartvelo (Ədəbi Gürcüstan) qəzetində “Ac əllərə isti çörək” adlı essem dərc olunub (29 noyabr 2019, 34-cü nömrə).

Essenin azərbaycanca variantını AzLogos saytında oxuya bilərsiniz.

Esseni gürcü dilinə mükəmməl tərcümə etmiş dostum, filoloq və qədim gürcü ədəbiyyatı üzrə mütəxəssis Oqtay Kazımova ayrıca minnətdarlığımı bildirirəm.

Rəhman Bədəlovla müsahibə

Əkinçi təşəbbüsü üçün Professor Rəhman Bədəlovla bir balaca söhbət etmişik. Əkinçi formatın imkan verdiyi qədər həmin söhbətdən bəzi maraqlı hissələri bölüşür.

Rəhman müəllimlə çox məsələlərdən danışdıq, çox mövzulara toxunduq, amma nə mən adətən intervyu götürən rolunda çıxış etməmişəm, Rəhman müəllim də bir az qəliz danışır, ona görə tamaşaçıların anlayışına sığınıram.

Müsabiqənin nəticələri

AzLogos saytının İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya mövzusunda keçirdiyi yazı müsabiqəsi başa çatdı. Mən də münsiflər heyətinin üzvü kimi yazıların dəyərləndirilməsi prosesində iştirak etmişəm. Böyük məyusluqla qeyd etməliyəm ki, nəticələr heç də ürəkaçan deyil.

Müsabiqənin adi texniki tələblərinin qulaqardı edilməsi; günün günorta çağı törədilmiş oğurluq, yəni açıq-aşkar plagiat; məzmunsuz və pafoslu şüarçılıq – bunlar münsiflər heyətində, xüsusən də məndə böyük məyusluq hissi doğuran hallardan sadəcə bəziləridir.

Müsabiqənin yekunlarına dair yazdığım ətraflı rəyi AzLogos saytında oxuya bilərsiz.

Azərbaycanlılar həqiqətənmi memuar yazmırlar?

Günel Mövludun Azərbaycanda memuar janrı haqqında fikirlərini oxuduqca qarışıq hisslər keçirməmək olmur. Bir tərəfdən, Günelin vəziyyəti dəyərləndirməsində xeyli haqlı məqamı görməmək üçün gərək açıq-aşkar kor olasan; digər tərəfdən isə “axı məsələ dolaşıqdır, bu qədər sadə deyil!” qışqırmaq istəyirsən.

Azərbaycanda xatirə ədəbiyyatı kifayət qədərdir, heç də Günelin dediyi kimi “bir neçə şəxsiyyət, bir neçə hadisə barədə tək-tük memuar” şəklində deyil. Yeri gəlmişkən, bizdə bu janrda dünya səviyyəsində ən nəfis və klassik əsəri mənim kətdim, sovet yazıçısı Süleyman Vəliyev qələmə alıb. Həmçinin Həmidə Cavanşirin və Sabir Əhmədlinin son illərdə çapdan çıxan monumental xatirələri bizdə bu janrın tərcümeyi-hal səviyyəsində qalmadığının göstəriciləri deyilmi?

Bir sözlə, Azərbaycanda memuar janrı, Günelin dediyi kimi, Rusiya və Avropa ilə müqayisədə inkişaf etməyə bilər, amma məsələ heç də gözlə göründüyü qədər sadə deyil.

Yazının davamını AzLogos saytında oxuya bilərsiz.

Dəyişən dünyada ədəbiyyat — VİDEO

Dəyişən dünya çox klişe ifadədir. İndi ağıllı telefonlara hər dəfə yeni funksiya gələndə bütün ekspertlər bir ağızdan dünyanın dəyişdiyini, dəyişən dünyada yaşadığımızı deyir. Amma son onilliklərdə informasiya texnologiyalarında baş verən inqilab bizim kağız təməllər üzərində qurulan mədəni dünyamızı həqiqətən alt-üst edir və bu dəyişikliklər bədii ədəbiyyata da təsirsiz ötüşə bilməz.

Əkinçi təşəbbüsü üçün oktyabrın 16-da verdiyim bu yarımsaatlıq təqdimatda dəyişən dünyada dəyişən bədii ədəbiyyat haqqında öz fikirlərimi bölüşmüşəm.

Feminizm haqda olmayan yazı

Dişlənmiş alma loqosu mənalı-mənalı işıqlanan kompyuteri qabağında. Türk seriallarında kasıb, amma self-made qızların qəlbini dağlayan holdinq sədrinin yaraşıqlı oğlu stilində saqqal. Sağ əlini qədim Roma oratorları kimi qabağa uzadıb və gözlərini kameraya zilləyib. Bir dənə də PhD olması haqda byline.

Bütün ədası deyir ki, baxın, mən necə uğurluyam, necə varlıyam, yevropalarda bir mötəbər universitetin doktoranturasını qurtarıb qayıtmışam bu xarabaya ki, sizi ağ günə çıxardım. Əsl bodhisattva, niyə də olmasın? Bu gün də sizə feminizmdən danışacam, yaxın oturun. Fərraş! Oradan bir dənə yeddiillik Şiraz şərabı!

Qış gəlir, gecələr uzanır. Keçmişdə belə zamanlarda nağıl danışardılar. İndi isə siyasi-fəlsəfi traktatlar yazmaq dəbdədir. Amma insafən, Cabir bəyin feminizm haqqında yazısında haqlı məqamlar da az deyil.

ATƏT-in Bakı ofisinin pəncərəsiz və havasız otaqlarında tragik mise en scène. Daha sonra Azərbaycanda qadın məsələsinin aşağılardan yox, yuxarılardan gəlməsi barədə yerində qeyd edilmiş irad. Sonda isə QHT-lərin necə, necə, NECƏ fürsətləri fövtə verməsi haqqında elegiya. Amma və lakin, bütün bunlar köhnə söhbətlər deyildi ki?

ATƏT-in Bakı ofisinin pəncərəsiz və havasız olması, qadın məsələsində qadınların özlərinin passiv iştirakı, QHT-lərdə olan biabırçı praktika — bütün bunlar dünya-aləmə çoxdan məlum idi. Yəni Cabir bəyin tənqidləri haqlıdır, amma hamısı 90-ların əvvəlində olan kimi – təzə qalması üçün gecələr suya qoyulub sonra səhərlər təzədən çeynənən köhnə saqqız timsalında tənqidlərdir.

Cabir bəy hamının getdiyi yolu ədəb-ərkanla gedib, hamının dayandığı nöqtədə də ədəb-ərkanla dayanır. Cabir bəy demir ki, bəs çıxış yolu nədir. Cabir bəyin yazısında nə əməliyyədə çalışan bir həll var, nə də “Fransadan xalq gətirək” kimi nəzəriyyədə gəlişigözəl olan bir həll.

Bir sözlə, Köhnə Dəyirman yenə öz işindədir, çax-çuxu baş ağrıdır.

Haşiyə çıxım – Avropa parlamentindən xanım Ulrike Lunaçek Bakıya gəlmişdi, hələ it ilində. Məndən soruşdu ki, bizdə qadınların, azlıqların, xüsusən də cinsi azlıqların hüquqları nə yerdədir? Mən də o zamanın liberal sadəlövhlüyü ilə cavab verdim ki, bizdə hələ təməl insan hüquqları yoxdur, əvvəlcə onlar bərqərar olsun, sonra bu ayrıca hüquqlar məsələsinə baxarıq. Ulrike xanım gözlərini mənə elə bərəltdi, hətta bir az qorxdum.

İllər sonra mətbuatda oxudum: Avstriyada (!) seçicilərlə görüşlərin birində az qalmışdı Ulrike xanımın o bərəlmiş gözlərinə kislota atsınlar. Ulrike xanım özü LGBT nümayəndəsi olduğu üçün. Camaat araya girib, cangüdənlər Ulrike xanımı kənara çəkib, polislər xatakarı qandallayıb aparıb. Hekayənin moralı isə yoxdur. Gəlin burada bir az post-modernist olaq. Belə hesab edək ki, hekayə sadəcə danışmaq üçündür.

İndi, ictimai gündəmin belə yoğun vaxtında – Rauf Arifoğlu ilə İlqar Məmmədov Facebook-da dalaşıb, xalqımız isə bu davanın arxasındakı motivləri öyrənmək üçün kütləvi şəkildə sinov gedir – əgər Cabir bəy qadın haqları mövzusunda mənalı debat yaratmaq istəyirsə, ona bir neçə unsolicited tövsiyə verə bilərəm.

Birincisi, mən yazını oxudum, yazı məndə obijnik ah-naləsi təsiri bağışladı. Çünki yazının kimləri hədəflədiyi mənə məlum olmadı. Axı mən bilmirəm ki, kişilərin ağzını cıran aktivist feministkalar və yevropaların vergiödəyicilərinin pulunu havaya sovuran bürokrat feministkalar kimlərdir. Bu yazı kimi tənqid edir? Əgər Cabir bəyin konkret hədəfləri varsa, ünvanı dəqiq göstərsin. Əgər yoxdursa, onda adam hər obijnik qaldığı söhbətə görə yazı yazmaz.

İkincisi, yazının başına kofebardan Mac ilə şəkil qoymaq lazım deyil. Onsuz da bu yazını oxuyanda dərhal məlum olur ki, yazı kofebarda Mac ilə yazılıb.

Üçüncüsü, yazıdakı sədheyflər və vaveylalar artıqdır. İndi XIX əsr deyil, müasir dil istifadə etsək yaxşı olar. Düzdür, arada mən də yazılarıma bəzi arxaizmlər qatıram, amma baxıram ki, qrotesk təsiri bağışlasın, yalnız onda istifadə edirəm. Yoxsa bu kəlmələr onsuz da ağsaqqal tonunda olan yazıya lap hyper-ağsaqqal ab-havası verir.

Dördüncüsü və ən vacibi, Cabir bəyin də haqlı olaraq vurğuladığı bir məqam – qadın məsələsində qadınların aşağılardan marağı və iştirakı niyə azdır? Ona görə də yaxşı olar ki, bu cür yazıları qoy elə qadınlar özləri yazsın. Kişilərin qadın azadlığını tələb və müdafiə etməsi gözəl haldır, amma qadınların nəyi və necə istəməyinə yaxşı olar ki, kişilər yox, qadınlar özləri qərar versinlər.

İstifadə olunmuş ədəbiyyat:

  1. Karl Marks və Fridrix Engels, Alman ideologiyasının tənqidi.
  2. V. İ. Lenin, Nə etməli?
  3. V. İ. Lenin, Dövlət və inqilab.
  4. Marsel Prust, İtmiş zamanın axtarışında.
  5. İhsan Oktay Anar, Puslu Kıtalar Atlası.
  6. Elif Şafak, Aşk.

Nə oxuyaq? Beş “müasir” hekayə

İlk baxışdan hekayə ən asan janrlardan hesab oluna bilər. Hekayə həcmcə qısadır, hər kəs böyük zəhmət çəkmədən hekayə yaza bilər. Bir az süjet, bir az bədii dil, bir az da intriqa – hekayə hazırdır. Hər il on minlərlə, bəlkə də yüz minlərlə hekayə yazılır. Amma onların böyük əksəriyyəti tarixin zibilliyinə atılacaq. Səbəb çox sadədir. Hekayə əslində ən çətin janrlardan biridir. Məhz yığcamlığına görə hekayə yazmaq əslində böyük təcrübə və ustalıq tələb edir. Hekayə həm də ən innovativ janrlardan biridir. İndi Çexov kimi hekayə yazmaq olmaz. Kafka kimi də yazmaq olmaz. Amma hər bir hekayədə həm də Çexovdan və Kafkadan nəsə olmalıdır. Bir sözlə, hekayə ən şıltaq janrdır. Müasir hekayə isə şıltaqlar arasında ən şıltaqdır.

Qiraət üçün əsər tövsiyə etmək minnətdarlıqsız işdir. Qarşı tərəfdə dərhal haqlı suallar yaranır. Niyə o əsər yox, bu əsər? Niyə o yazıçı yox, bu yazıçı? Həm də hansı meyar əsasında? Bütün bu suallara qərəzsiz cavab tapmaq bir qədər çətindir. Bədii qiraət tövsiyələri həmişə subyektiv olur. Bizim ədəbi zövqümüzü müəyyən mənada qiraət tarixçəmiz formalaşdırır, ona görə də bədii əsər tövsiyələri bir qədər şəxsi olur. Tövsiyə verməkdən prinsipial olaraq imtina edənlər bu baxımdan bəlkə də ən doğru olanı edirlər. Hər zaman doğru hərəkət etmək olmur deyib, həm də özümdə bir balaca cəsarət tapıb müasir hekayə janrında müxtəlif yanaşmalardan bəzilərini təmsil edən bir neçə hekayəni sizə tövsiyə etmək istərdim.

Elke Heydenreyx, Ən fərəhli illər

Elke Heidenreich, Die schönsten Jahre

Qırx yaşını çoxdan haqlamış Nina Rozenbaum ömrü boyu problemli münasibətlərdə olduğu anası ilə birgə İtaliyaya səfərə çıxır. Avtomobil Almaniya, İsveçrə və İtaliyanın yolları boyu şütüyür, Nina isə həm uğursuz şəxsi həyatını qaydaya salmalıdır, həm də anası ilə ilk baxışdan səbəbsiz münaqişənin dərin köklərini axtarıb tapmalıdır. Yaşlı Frau Rozenbaumun öz evində, köhnə karton qutunun dibində, bağlı zərfin içində bərk-bərk gizlətdiyi səbəb üzə çıxacaqmı?

Viktor Pelevin, Mittelşpil

Виктор Пелевин, Миттельшпиль

Johnnie Walker viskisinin böyük həvəskarı Andropov çoxdan ölüb. Sovet İttifaqı hamının gözü qarşısında dağılır. “Aşağı sosial məsuliyyətli qız” Lyusya əcnəbilərin qaldığı Moskva mehmanxanalarını gəzib müştəri axtarır. Hava dəhşətli dərəcədə soyuqdur. Üstəlik Moskvada manyak peyda olub, fahişələri öldürüb ağzına şahmat fiquru qoyur. İşləri mürəkkəbləşdirən daha bir məqam var – haradasa iki böyük qrossmeyster şahmat partiyası oynayır və bütün dünyanın diqqəti onlara yönəlib.

Ceyn Gardem, Dəməşq gavalısı

Jane Gardam, The Damascus Plum

Taleyin görünməz əli Klaus adlı kontinentli yetim oğlanı idillik Kent qraflığına atır. Klassik ingilis əyalətinin ürəyində Klaus daim acdır. Heç olmasa bir dəfə doyunca yemək yesin – Klausun yeganə arzusu yalnız bundan ibarətdir. Amma axı bütün dünya yaxşı bilir ki, ingilislərin puddinqdən savayı normal bir yeməyi yoxdur! Klausun müəllimi Lizzi ilk baxışdan uğursuz bir təşəbbüsə girişir. Menyusu yalnız nəfis ingilis yeməklərindən ibarət qonaqlıqdan Klaus razı qalacaqmı? Ədəbiyyat da qonaqlıq kimi klassik olmalıdır deyənlər bu hekayəni güman ki bəyənəcək.

Bruno Şults, Pan Karol

Bruno Schulz, Pan Karol

Ömrü boyu cəmi iki nazik novellalar kitabı buraxmış yəhudi əsilli polyak rəssam Bruno Şults həm də iki dünya müharibəsi arası yazıb yaradan ən orijinal, amma ən az tanınan yazıçılardan biridir. Drohobıç gettosunda son çörək tikəsini göyərçinlə bölüşən zaman alman gülləsinə tuş gələn Şultsun az qala bütün novellalarını şiddətlə tövsiyə etmək olar, amma gəlin hələlik Pan Karol hekayəsindən başlayaq. Çünki Intermezzo təkcə Freyd və Kafka deyil.

Cefri Diver, Gülən balıqçının əhvalatı

Jeffrey Deaver, The Adventure of the Laughing Fisherman

Klassik detektiv hekayə həvəskarı, Şerlokun axtarışları tipində yeni macəralar gözləyən oxucu isə amerikan yazıçısı, detektiv janrının ustalarından Cefri Diverlə tanışlığına peşman olmaz. Gülən balıqçının əhvalatının qəhrəmanı Pol Uinslou da klassik detektiv həvəskarıdır, Şerlokun hekayələrində yaşayır. Nəhayət bir gün psixoanalitikinin məsləhətindən sonra Pol real həyata atılıb səs-küylü bir cinayətin üstünü açmağa cəhd edir. Bəs görəsən dünya yeni Şerlokun meydana çıxmasına şahid olacaqmı?

Foto: Patrick Tomasso / Unsplash