Konstantinos Kavafis, Divarlar

Düşünmədən, çəkinmədən, utanmadan
Uca, qalın divarları ətrafıma hördülər.
Çarəsizlik içində mən oturmuşam,
İndi yalnız tək bircə şey məşğul edir fikrimi –
daha nələr edəcəkdim bayırda mən!
Necə oldu, divarları hörən zaman duymadım,
eşitmədim bənnaların səsini heç!
Yavaş-yavaş onlar məni ayırdılar dünyadan.

Keeley və Sherrard-ın ingiliscə tərcüməsindən tərcümə

Rayner Mariya Rilke. Bəbir

Parisdə Botanika bağında

Dəmir çubuqların əbədi rəqsi
Yorub gözlərini, kor edib tamam.
Görür baxışları ancaq qəfəsi,
Yox olub qəfəsdən kənarda cahan.

Çevik yerişləri sərt pəncələrin
Dönür, dövrə vurur kiçik çevrədə,
Sanki çevrə cızan aciz güclərin
Məhvərində durub iflic iradə.

Yalnız arada bir bəbəklərində
Əks edir bir şəkil, tez də əriyir
Əzaların sakit gərginliyində
Və qəlbində itir.

6.11.1902, Paris

Bədii tərcümə: Əli Novruzov
Alman dilindən sətri tərcümə: T.Müşdiyeva
Orijinal: Rainer Maria Rilke, Der Panther

Rayner Mariya Rilke. Payız günü

Ya Rəbb: yay bitsin, yetişib vədə.
Günəş saatların ört kölgələrlə,
Burax küləkləri, əssin zəmilərdə.

Əmr et, qoy yetişsin sonuncu meyvələr;
Parlat iki gün də cənub günəşini
Və tapşır torpağın son şirəsini
çəksin öz canına salxımlı meynələr.

Evsiz daha qurmaz özünə dörd divar.
Yalqız daha tapmaz sevmək üçün məhbub,
Uçarkən xəzəllər küləklə sovrulub
Xiyabanlar boyu sərsəri dolaşar,
Yuxusuz gecələr yazar uzun məktub.

21.9.1902, Paris

Bədii tərcümə: Əli Novruzov
Alman dilindən sətri tərcümə: T.Müşdiyeva
Orijinal: Rainer Maria Rilke, Herbsttag

Jak Prever. Sənin üçün, sevgilim. Səhər yeməyi.

Fransız dilindən tərcümə

Sənin üçün, sevgilim

Getdim quş bazarına,
sənə quş aldım,
sevgilim.

Getdim gül bazarına,
sənə gül aldım,
sevgilim.

Getdim dəmir bazarına,
qandal aldım,
ağır qandal,
sənin üçün,
sevgilim.

Getdim qul bazarına,
səni axtardım,
amma tapmadım,
mənim sevgilim.

Pour toi, mon amour

***

Səhər yeməyi

Qəhvə süzdü
fincana
Südü tökdü
qəhvəyə
Şəkər qatdı
südlü qəhvəyə
Qarışdırdı
kiçik qaşıqla
İçdi südlü qəhvəni
Qoydu yerə fincanı
Mənimlə danışmadan
Yandırdı
bir siqaret
Üfürdü
tüstüsünü
Külü çırpdı
küldana
Mənimlə danışmadan.
Mənə baxmadan.
Ayağa qalxdı
Qoydu
papağını başına
Geydi
plaşını əyninə
Çünki yağış yağırdı
Və getdi
Yağışda
Bir söz demədən
Mənə baxmadan
Və mən başımı
aldım ovcuma
Və tökdüm
göz yaşımı.

Déjeuner du matin