Son yarım ilin yaxşı kitabları

Yeni çıxan kitablar haqqında daha tənqidi rəylər yazmadığım üçün (ümumiyyətlə, tənqidin daşını atmışam), gərək bundan sonra ancaq yaxşı şeylərdən yazım. Bu dəfə son yarım ildə çapdan çıxan yaxşı kitablar haqqında yazacam.

bs
Foto: BaşlaKitab

Platon, Dialoqlar (BaşlaKitab, 2016)

Bu ilin yaxşı kitablarından biri başlaçıların təzəlikcə buraxdığı Platonun dialoqlarıdır. Adətən başlaçıların kitablarının keyfiyyəti neftin birjada qiyməti kimi kəskin oynayır. İndiyə kimi onlar Tolstoyun etiraflarını bərbad tərcümədə, Zamyatinin “Biz” əsərini isə nəfis tərcümədə nəşr ediblər. Başlaçıların kitabları arasında Howard Zinn-in Amerika tarixi haqqında kult kitabı ilə yanaşı dövrümüzün şeyx nəsrullahlarından Caner Taslamanın psevdo-elmi cızma-qarası da var. Bu dəfə başlaçıların daha yaxşı seçim eləməsinə sevinməmək olmur.

Sokratın son günlərini əhatə edən dörd dialoq (Evtifron, Apologiya, Kriton, Fedon) ilk dəfə tam formada və yaxşı tərcümədə azərbaycanca nəşr olunur. Doğrudur, tərcümə qədim yunan dilindən yox, yeni yunan dilindəndir (çünki bizdə qədim yunancadan iri mətnləri sərbəst və qənaətbəxş tərcümə edə biləcək mütəxəssislər hələ meydana çıxmayıb). Bir də dialoqların sıralamasında bağışlanmaz səhv buraxılıb – birinci gəlməli olan Evtifron nədənsə üçüncü sıraya düşüb və kitab Apologiya ilə başlayır. Hazırlıqsız oxucu dialoqları kitabdakı ardıcıllıqla oxusa, bir balaca çaş-baş qala bilər. Amma başlaçıların və tərcüməçi Səid Əliyevin bu təşəbbüsü birmənalı olaraq alqışlanmalıdır.

Əslində belə kitabları Elmlər Akademiyası kimi ciddi qurumlar çoxdan nəşr etməli idilər, başlaçılar kimi həvəskar qruplar yox. Amma nə edə bilərik? Akademiyanın Fəlsəfə institutu siyasi anekdota dönmüş ölkədə bu iş ancaq və ancaq həvəskarların öhdəsinə düşür. Belə çətin vəzifələri Platonu tərcümə edərkən, mətnə özbaşına şəkildə “müsəlman” sözü salan fəlsəfə elmləri namizədi, dosent Arif Tağıyev kimi “peşəkar” tərcüməçilərin ümidinə də qoymaq olmaz.

seym
Foto: Alatoran

Seymur Baycan, Fərqanə (Alatoran, 2016)

Seymur tükənib. Seymur təkrarlanır. Seymur köhnəlib. Bu haqsız iradları tez-tez eşidirik. Amma hər şeyə rəğmən, Seymur yenə də ictimai mübarizənin ön cəbhəsindədir. Cəmiyyətdə militarist əhval-ruhiyyənin, savaş alverçiliyinin, qəhrəmanlıq kultunun sürətlə artdığı bir zamanda Seymurun çapdan çıxan “Fərqanə” kitabı gerçəkliyin əslində necə acı olduğuna dair vahiməli xatırlatmadır.

Kitab iki uzun hekayədən ibarətdir, “Fərqanə” və “Adsız itin qayıdışı”. İkinci hekayə müəllifin uşaqlıq illəri haqqında xatirəsindən bəhs edir. “Fərqanə” hekayəsi isə Qarabağ müharibəsi illərində cəbhə və cəbhəyanı ərazilərdə həyatı ən xırda detallarına qədər olduqca realist təsvir edir. Seymurun hekayəsində müharibə şan-şöhrət gətirən, ildırımsürətli və qələbəyə aparan hadisə deyil, Seymurun təsvir etdiyi müharibə insanların gündəlik həyatı ilə simbioz yaradan, artıq heç bir təəccüb doğurmayan hadisədir. Evə gələndə çörək almaq kimi.

Seymur sanki oxucunun əlindən tutub onu müharibə tamaşasının pərdə arxasına aparır, aktyorların və texniki heyətin kulisdəki acı həyatını bütün çılpaqlığı ilə göstərir. Romantikanın harada bitdiyini, gerçəkliyin harada başladığını nişan verir. Seymurun hekayəsində, elə həyatda da olduğu kimi, müharibə dibsiz bir bataqlıqdır, oraya düşənlərin hamısı çapalayır.

Sun Tzu yazırdı ki, müharibənin bütün zərərini sona qədər dərk etməyən insan, müharibənin bütün xeyrini də sona qədər dərk etməyəcək. Müharibə Paradox Interactive-in dəbdə olan son kompyuter oyunu deyil. Müharibə iki üzü olan medaldır. Çox az insan bunu Seymur Baycan kimi gözəl başa düşür və həm də deyir.

tumblr_inline_o7ow4gbN3w1rmr85e_500
Foto: Türkan Hüseynova

Xaqani Hass, Minor (Kitab klubu, 2016)

Bu il həm də öz təbiri ilə desək, “poéte, écrivain, penseur” Xaqani Hassın yeni – üçüncü kitabı “Minor” çapdan çıxıb. Bundan öncəki kitabları (“Böyüməyə prolegomena” və “Gül və Panoptikon”) ilə bu yeni kitab arasında xeyli fasilə var, “əslindǝ kitabın çapı çox gecikdi”. Ona görə də Xaqani Hassın yeni şeirlərini səbirsizliklə gözləyənlər nəhayət ki sevinəcəklər – həqiqətən də, kitabın satışa çıxmasından təxminən bir həftə sonra onu almaq istəyəndə bəzi dükanlarda artıq bitmişdi, çətinliklə tapdım.

Xaqani Hassın şeirləri həmişə digər müasir şairlərin yazdıqlarından kəskin fərqlənib. Həm də təkcə mainstream şairlərdən (Səməd Vurğun–Ramiz Rövşən xətti) yox, həm də vaxtilə kifayət qədər səs-küy salan anti-mainstream şairlərdən də (Həmid Herisçi–Aqşin Yenisey xətti) xeyli fərqlənib. Xaqani Hassın öz spesifik oxucuları var, amma “Minor” kitabı da Azərbaycan üçün xeyli eksperimental əsərdir – üz qabığından məzmununa kimi. Bu tərz şeirləri sevməyənlər üçün də “Minor”, buradakı şeirlər, əhval-ruhiyyə maraqlı gələ bilər. Simfonik orkestrin nizamlı, tanış ifasından bezərək sinkopa üçün darıxanlar mütləq oxusunlar. Çünki, “Minor” oxunası kitabdır; “Minor” – 40 yaşın 40 şeiridir:

“qırılmış budağın gözündə ölüm son deyil
bilməzdim budaq olanadək qollarım
kölgəsi qırx yaş uzunluğunda və lal”

1463574954513445046573c61aacec35
Foto: Alatoran

Həmid Piriyev, Şanapipik haqqında mahnı (Alatoran, 2016)

Bu ilin maraqlı kitablarından biri də gənc yazar Həmid Piriyevin debütü saya biləcəyimiz “Şanapipik haqqında mahnı” kitabıdır. Yazar özü eyniadlı əsərini “miniatür roman” adlandırsa da, əslində qarşımızda klassik novella (köhnə dillə desək, povest) görürük. Kitabda adı çəkilən əsərlə yanaşı daha üç qısa hekayə də var.

Həmidin mövzusu bər-bəzəkli, və bir az da süni şəhər mərkəzindən kənarda, gözdən-qulaqdan iraq məhəllə və qəsəbələrdə (“kənddə”) yaşayan adi insanların adidən də adi həyatlarıdır. Ümumiyyətlə, nə üçün və nəyə görə yaşadıqlarının fərqinə varmayan insanlar öz gündəlik həyatlarını bəzən rutin, bəzən həyəcanlı anları ilə birlikdə sakit, xudmani şəkildə yola verirlər. Heç bir məna kəsb etməyən, bütün ali ideallardan yoxsul həyat onları öz cənginə alıb harasa aparır. Onlar söhbət edir, gəzir, oturur, yatır, uğursuz eşq macərasına can atır, pivə içirlər. Bu insanların öləndə baş daşına yaşadığı illəri yazmağa ehtiyac qalmayacaq, çünki onlar heç yaşamayıb (klişeyə görə üzr istəyirəm, ağlıma orijinal heç nə gəlmədi).

Bir dəfə bunu demişəm, bir də deyim – Həmid sanki yazıçıdan daha çox fotoqrafdır (pis mənada). Əlinə alır foto-kameranı, gedib nəyinsə şəklini çəkir və bizə göstərir. Həmidin yazılarında hadisə yoxdur, elə ancaq həyatdan lövhələrdir, foto-albom kimi. Doğrudur, elə fotoqraflar var ki, foto ilə də hekayə danışa bilirlər. Amma Həmiddə hekayə danışmaq hələ ki alınmır, sadəcə fotonu çəkib qoyur alboma. Həmid bu dillə, bu qələmlə yaxşı hekayələr danışa bilərdi, amma təəssüf ki şəkil çəkir. Yəqin yeni başlayan yazarın yaradıcılıq təcrübəsizliyindən qaynaqlanan haldır, zamanla aradan qalxacaq. “Şanapipik haqqında mahnı”ya isə indidən qulaq asmağa dəyər.

Son yarım ilin yaxşı kitabları” üçün bir şərh

Bir şərh yazın