Bədii ədəbiyyatla azca tanışlığı olan hər kəs yaxşı bilir: Servantesin Don Kixot əsəri iki hissədən ibarətdir.
Normalda sıravi oxucular 1605-ci ildə çıxmış birinci hissəni oxumaqla kifayətlənir. Yel dəyirmanları ilə döyüş kimi bütün məşhur səhnələr hamısı bu kitabdadır.
Əsərin 1615-ci ildə çıxmış ikinci hissəsi geniş oxucu diqqətindən kənarda qalsa da, bir sıra ədəbiyyat tarixçiləri və tənqidçilər ona birinci hissədən daha yüksək qiymət verirlər. Bir romanda nə etmək mümkündürsə, nə oyundan çıxmaq olarsa, Servantes bütün bunları hələ 400 il öncə, ən çox da əsərin ikinci hissəsində artıqlaması ilə edib. Bu baxımdan, vaxtilə qeyd etdiyim kimi, Servantes bütün şıltaq modernist və post-modernistlərdən daha çox şıltaq, daha çox yenilikçi və daha çox eksperimentatordur.
İndi isə Don Kixotun Azərbaycan sərgüzəştlərinə keçmək olar.
Don Kixotun Azərbaycan dilinə ilk əsaslı tərcümə təcrübəsi hələ keçən əsrin 30-cu illərində Mikayıl Rəfiliyə aiddir. Axundov kitabxanasının saytında həmin tərcüməni onlayn oxumaq mümkündür.
Əsərin tam tərcüməsi və nəşri isə 80-ci illərdə baş tutub. Pənah Xəlilovun tərcüməsində birinci hissə 1983-cü, ikinci hissə 1985-ci ildə Dünya Uşaq Ədəbiyyatı Kitabxanası seriyası çərçivəsində nəşr olunub.
Amma Don Kixotun müstəqil Azərbaycanda latın qrafikası ilə ilk nəşri zamanı (2004) çox biabırçı və utancverici hadisə baş verib—əsərin sadəcə ikinci hissəsi bütöv əsər adı altında çapa gedib. İndi gör ölkədə azərbaycanca kitab oxuyan məlumatlı oxucuların real sayı nə qədər aşağıdır ki, demək olar heç kim bu biabırçılığın fərqinə varmayıb—fərqinə varıbsa da, publik heç nə deməyib.
Yalnız 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası nəşr olunmağa başlayandan və həmin seriyada Don Kixot nəşr olunandan sonra bizim ədəbiyyat adamları və diqqətli oxucular əsasən sosial şəbəkələrdə öz etirazlarını bildirməyə başlayıblar.
Dostumuz Qismət xatırlatdı—Fəxri Uğurlu müsahibələrinin birində bu barədə qısaca danışıb. Müsahibədən həmin hissəyə baxaq:
[…] prezident sərəncamı əsasında çıxmış “Don Kixot” romanı bir cilddə çap olunub, halbuki əsər iki cilddən ibarətdi. Bu işlə bir peşəkar redaktor məşğul olsaydı, bunu bilərdi, onda dünya şöhrətli romanın ikinci cildi “Don Kixot” adına çap olunmazdı.
Bunları çaşdıran kitabın hər iki cildinin proloqla başlanması olub. Əsərin birinci cildi Pənah Xəlilovun tərcüməsində 1983-cü ildə, ikinci cildi 85-ci ildə çapdan çıxmışdı. Əllərinə düşüb 85-də çap olunan cild, elə biliblər ki, əsər elə bu cilddən ibarətdi.
Pənah Xəlilovun son sözünü də ön söz kimi çap eləyiblər, gedib.
Yazıçı Kənan Hacı da Aydın Yol qəzetində təxminən eyni məzmunda tənqid səsləndirib.
Tənqidlər öz yerində, amma bu səhlənkarlıq qarşısıalınmaz bir fəlakətlə nəticələnib. Azərbaycanda məktəb və kənd kitabxanalarında kiril qrafikasında çapdan çıxmış bütün köhnə Don Kixotlar latın qrafikalı bu yeni Don Kixotla əvəzlənib. Ölkədə bütöv bir gənc nəsil Don Kixotla bu nəşrdən tanış olubsa, yazıq tifillər.
Sözün açığı, mən həmin səhlənkarlığı 150 cildlik çapdan çıxandan sonra da gözdən qaçıran adamlardanam. 150 cildliyə abunəçi olmuşam, Don Kixotun həmin nəşri məndə də evdə var, amma Don Kixotu Lyubimovun tərcüməsində rusca oxumuşam deyə, azərbaycanca nəşri bir dəfə açıb içinə göz atmamışdım, lazım olanda da həmişə Lyubimovun tərcüməsinə baxmışdım.
Bu yaxınlarda bir tələbəmə Don Kixotu oxumağı tövsiyə etmişdim, sonra söhbət zamanı nəyinsə düz getmədiyini sezdim. Yalnız kitabı alıb baxandan sonra fəlakətin miqyasını anladım. Bu baxımdan, yazını yazmağa bir az da şəxsi acığım olub.
Bütün xətaların anası, Don Kixotun məşum 2004 nəşri özündən bir əvvəlki 1985 nəşrinə istinad edir. Yuxarıda da qeyd edilən kimi, 1985 nəşri ikinci cilddir.
Birinci cildin üstündən birbaşa ikinci cildə atlamaq, üstəlik bunu bütöv əsər kimi qələmə vermək—bəs necə olub ki, Don Kixotun latın qrafikası ilə ilk nəşri zamanı və sonra təkrar nəşrlərdə belə bir səhv buraxılıb? Buraxılışa məsul təşkilatlar—Mədəniyyət nazirliyi, nəşriyyatlar niyə bunun fərqinə varmayıb? Ümumiyyətlə, niyə axı kimsə bir kitabın ikinci cildini bütöv kitab zənn edib o formada nəşrə göndərsin?
Bu nədir, dələduzluq, yoxsa elementar savadsızlıq?
Sualın cavabı 1983 və 1985 nəşrlərindədir. Həmin nəşrlərdə kiçik bir diqqətsizlik olub. Nə birinci, nə də ikinci cilddə onların hansı cild olması qeyd olunmayıb. Nəşrlərdə qalan hər şey doğru-düzgündür, sadəcə cildlərin nömrələri buraxılıb.
Don Kixotun birinci hissəsinin 1983-cü il nəşri. Cildin nömrəsi qeyd olunmayıb.Don Kixotun ikinci hissəsinin 1985-ci il nəşri. Cildin nömrəsi yenə qeyd olunmayıb.
İndi bütün günahı 83 və 85 nəşrlərinin redaktorlarının üstünə yıxmaq olar, amma necə ki, evdar qadın yumurtanı soyuducudan götürüb qayğanaq bişirmək istəyəndə qaynanasının təlimatlarına ehtiyac duymur, eləcə də bir nəşriyyat Don Kixotu yenidən nəşrə hazırlayanda…
Belə çıxır ki, bizi narahat edən sualların cavabı həm göründüyündən daha sadə, həm də daha tragikomik imiş. Elementar savadsızlıq. Don Kixotu təkrar nəşrə hazırlayanlar onun iki hissəli olduğunu bilməyiblər. Çünki köhnə nəşrlərdə kitabların üstünə cildlərin nömrəsini yazmaq yaddan çıxıb. Onlar da kitabları əllərinə alıblar, diqqətlə baxıblar, niyə bir kitabın iki fərqli nəşri olduğundan heyrətə düşərək daha yeni variantı təkrar nəşr etmək qərarı veriblər.
Mən orta məktəbdə oxuyanda Don Kixot bizim məktəb proqramına daxil idi. Hətta ədəbiyyat müntəxəbatında Don Kixotdan bütöv hissələr verilmişdi, onları oxumalı idik. Don Kixotun təkrar nəşri mən məktəbi qurtarandan bir il sonra çapdan çıxıb. Belə görünür ki, həmin vaxt bizim mədəniyyət sahəsinə məsul bəzi təşkilatlarda işləyən bəzi şəxslər heç orta məktəbi də normal oxumayıb. Yoxsa belə qayğanaq bişirməzdilər.
Oktyabr ayında Bakı eyni vaxtda iki rəqib kitab sərgisinə ev sahibliyi etdi. Bu dəfə kitab bayramı ilə inşaat malları sərgisinin fərqlərindən söhbət açırıq.
Azərbaycanın ilk ədəbiyyat podkastı kritikaparat beşinci epizodu ilə ölkənin ədəbi-mədəni gündəliyini müzakirəyə davam edir.
Oktyabr ayında Bakı eyni vaxtda iki rəqib kitab sərgisinə ev sahibliyi etdi. Bu dəfə kitab bayramı ilə inşaat malları sərgisinin fərqlərindən söhbət açırıq.
Epizodu təqdim edir Əli Novruzov, Cavid Ramazanov və Mirmehdi Ağaoğlu.
2016-da nəşr olunan bəzi yaxşı kitablar haqqında artıq bir dəfə yazmışam, amma o zaman ancaq yarım ili və dörd kitabı əhatə edə bilmişdim. İndi, 2016-nı rahatlıqla başa vurandan sonra həmin ilin yaxşı nəşrləri haqqında daha ətraflı yazmaq olar.
Qeyd edim ki, 2016-da “Qanun” və “TEAS Press” kimi böyük nəşriyyatlar da maraqlı kitablar nəşr etməyə davam ediblər. Həmin nəşriyyatların öz reklam və marketinq fəaliyyətləri kifayət qədər yüksək səviyyədə təşkil olunduğu üçün, onların kitabları barəsində danışmaq arabanın beşinci təkəri rolunu könüllü şəkildə öz üstünə götürmək olardı. Ona görə də bu yazıda ancaq kiçik və şəxsi təşəbbüslərlə ortaya çıxan nəşrləri əhatə etməyə çalışacağam.
Fanzinlər: “Monk”, “Yoldaş fanzin”, “Elmi spektr”
“Monk” (oktyabr, noyabr və dekabr nömrələri, 2016)
Şəksiz ki, 2016-nın əlamətdar hadisələrindən biri kimi nəhayət bizdə də fanzinlərin peyda olmasını hesab edə bilərik. Fanzin ingiliscədən tərcümədə azarkeşlər, tərəfdaşlar, fanatlar tərəfindən buraxılan məxsusi mövzu ətrafında həvəskar jurnal mənası verir. Peşəkar jurnal daha ciddi fəaliyyət, zəhmət və resurs tələb etdiyi halda, fanzin ciddi maliyyə vəsaiti olmadan və həvəskarların entuziazmı sayəsində ərsəyə gəlir, sadə üsullarla dərc olunur (bəzən heç kağızda çap olunmur). Fanzin jurnala nisbətən daha çevikdir, həcmi də kiçikdir.
2016-da Azərbaycanda üç diqqətəlayiq fanzin nəşr olunmağa başlayıb. Sol yönlü, amma daha çox ədəbiyyat və incəsənət mövzularını əhatə edən “Monk”, yenə sol, amma bu dəfə klassik siyasi sol, marksist ideoloji spektrdən “Yoldaş fanzin” və sırf elmi mövzulardan yazan, ən sərt akademizmə iddialı olan “Elmi spektr” (onları fanzin kateqoriyasına aid etdiyim üçün sonuncular məndən inciyə bilərlər, çünki özlərini elmi jurnal olaraq tərif edirlər).
Bu fanzinlər yeni gələn nəslin tribunasıdır, onları nəşr edənlər indiyə qədər mövcud olan digər platformalardan şüurlu şəkildə imtina edərək özlərinin platformasını yaratmaq istəyirlər. Çünki köhnə platformalar yeni gələn gənclərin tələblərini və potensialını tam başa düşmür, onların istəklərinə uyğunlaşmaq üçün kifayət qədər çevik deyil – yeni dövr yeni vasitələr tələb edir. Hər üç nəşri izləməyi şiddətli şəkildə tövsiyə edirəm.
Rişard Kapuşinski, Şahənşah (Fikir sexi) və Səhər Delicani, Cakaranda ağacının uşaqları (Ol)
R. Kapuşinski, Şahənşah (Fikir sexi, 2016)
İran mövzusu bizim üçün hər zaman maraqlı, sirli və cəlbedici qalmaqda davam edir. 2016-da müasir İran tarixinin açar hadisələrindən biri – İran İslam inqilabı haqqında Azərbaycanda iki yaxşı kitab nəşr olunub. Keçmiş siyasi məhbus Rəşadət Axundovun həbsxanada tərcümə etdiyi polşalı jurnalist Rişard Kapuşinskinin “Şahənşah” əsəri Məhəmməd Rza şahın devrilməsi və İranda İslam inqilabı haqqında kifayət qədər ətraflı və artıq klassika sayılacaq bir kitabdır. Kapuşinskinin bu bədii-sənədli kitabı müasir İran və İslam inqilabı haqqında stereotiplərdən kənar düşünmək, hadisələrin mahiyyətini düzgün anlamaq üçün hədsiz qiymətli mənbə hesab oluna bilər.
Kapuşinskinin kitabının nəşrini vacib edən başqa bir amil isə Fərəh Pəhləvinin xatirələrinin bizdə hələ 2007-ci ildə nəşr olunmasıdır. Fərəh Pəhləvi İranda ancien regime-in ən ali nümayəndələrindən biri olub və təbii ki, İran tarixinə və İslam inqilabına sarayın pəncərələrindən baxıb. Kapuşinskinin dəyəri isə ondadır ki, o, inqilabi hadisələr vaxtı İranda əcnəbi jurnalist kimi çalışıb, küçə və meydanlarda, xalqın arasında olub, hadisələrin düz mərkəzindən tarixə şahidlik edib. Əgər azərbaycandilli oxucu son 10 il ərzində İran İslam inqilabına yalnız bir rakursdan – devrilənlərin nəzər nöqtəsindən baxa bilirdisə, bundan sonra hər iki baxış bucağından ümumi mənzərəni görə biləcək. Yeri gəlmişkən, naşirlər bildirib ki, kitabın satışından gələn bütün gəlir siyasi məhbusların ehtiyaclarına sərf olunacaq.
S. Delicani, Cakaranda ağacının uşaqları (Ol, 2016)
Kapuşinskinin kitabının bitdiyi tarixi nöqtədə təhkiyəni iranlı mühacir yazıçı Səhər Delicani dövr alır. Yenə keçmiş siyasi məhbus Xədicə İsmayılın yenə də həbsxanada tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanı İslam inqilabından sonra İranda baş verən hadisələrin bir növ bədii təsviridir. Azadlıq uğrunda vuruşanların birdən birə necə zülm edənlərə çevrilməsi, əzilənlərin onları əzənlərə bənzəməyə başlaması, inqilabın öz övladlarını yeməsi – bütün bunlar Delicaninin romanında kifayət qədər inandırıcı formada qələmə alınıb. Səhər Delicaninin hər iki valideyni İslam respublikasının həbsxanalarından keçib, yazıçı özü bədnam Evin həbsxanasında dünyaya göz açıb, “Cakaranda ağacının uşaqları” da həbsdə yatan keçmiş inqilabçıların və onların övladlarının gerçək şahid ifadələrinə əsaslanır.
“Cakaranda ağacının uşaqları” Xədicə İsmayılın ikinci tərcümə təcrübəsidir. Bundan öncə o, əfqan-amerikan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını Azərbaycan dilinə tərcümə etmişdi və onun tərcüməsi oxucular və ədəbiyyatçılar tərəfindən kifayət qədər bəyənilmişdi. Xədicə İsmayıl ikinci romanını həbsxanada tərcümə etməsinə baxmayaraq, tərcümə işinə kifayət qədər ciddi yanaşmanı saxlaya bilib.
Seymur Baycan, Gecikmiş hekayələr (Alatoran)
Foto: Azadlıq Radiosu
Bizim yaxşı tanıdığımıza əmin olduğumuz Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki hələ də Seymuru yaxşı tanımırıq.) “Gecikmiş hekayələr”də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır – Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim etməyi çox yaxşı bacarıb. Sorokinin sosialist realizmi ilə eksperimentlərini xatırladan bu hekayələr bizim ədəbiyyatımızda həm bir ilk olmaqla yanaşı, həm də 2000-ci illərin əvvəllərindən başlayaraq alatorançıların “ədəbiyyatın başına açdığı oyunların” üzvi davamıdır. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur da öz istedadının gücü sayəsində bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq. Seymurun öz təbiri ilə desək, oxuyun, oxutdurun!
W. Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi, 2016)
Will Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi)
Ər-arvad Will və Ariel Durant-ların 11 cildlik “Sivilizasiyanın tarixçəsi” seriyası dünyada artıq klassika sayılır və Qərb sivilizasiyasının tarixi haqqında ən yaxşı nəşrlərdən hesab edilir. Keçən il Nərmin yayın evi Durantların irsindən kiçik bir hissəni Azərbaycan dilinə tərcümə edərək nəşr edib. “Mədəniyyətin təməlləri” adı altında çıxan kitab sivilizasiyalar tarixinə giriş üçün çox yaxşı mənbədir. Sadəcə bir məsələ var ki, Durantların bu adda kitabı yoxdur, Azərbaycan dilinə nəşr olunan hissə isə “Bizim Şərq mirasımız” adlanan birinci cildin giriş hissəsidir. Əlbəttə, 11 cildlik böyük bir seriyanın tərcüməsi hədsiz insan və maliyyə resursu, müstəsna tarixi erudisiya və tükənməz motivasiya tələb edərdi. Amma yaxşı olardı ki, tərcümə və nəşr ilə məşğul olan qrup oxucuları çaşdırmamaq üçün kitabda bu mətnin mənbəyini dəqiqliklə göstərərdi.
Digər bir iradım isə kitabın “Yalçın İslamzadənin tövsiyəsi ilə çap olunmasının” xüsusi vurğulanmasıdır. Əgər Yalçın bəy kitabın naşiri, tərcüməçisi, redaktoru, elmi məsləhətçisi və ya sponsoru olubsa, bu məsələ dəqiq göstərilməli idi. Yoxsa onun işi sadəcə tövsiyə ilə məhdudlaşıbsa, bunu xüsusi qeyd etməyin nə mənası var idi? İstənilən halda, tərcüməçi və naşirləri bu dəyərli nəşrə görə təbrik etməyə dəyər.
Yeni çıxan kitablar haqqında daha tənqidi rəylər yazmadığım üçün (ümumiyyətlə, tənqidin daşını atmışam), gərək bundan sonra ancaq yaxşı şeylərdən yazım. Bu dəfə son yarım ildə çapdan çıxan yaxşı kitablar haqqında yazacam.
Foto: BaşlaKitab
Platon, Dialoqlar (BaşlaKitab, 2016)
Bu ilin yaxşı kitablarından biri başlaçıların təzəlikcə buraxdığı Platonun dialoqlarıdır. Adətən başlaçıların kitablarının keyfiyyəti neftin birjada qiyməti kimi kəskin oynayır. İndiyə kimi onlar Tolstoyun etiraflarını bərbad tərcümədə, Zamyatinin “Biz” əsərini isə nəfis tərcümədə nəşr ediblər. Başlaçıların kitabları arasında Howard Zinn-in Amerika tarixi haqqında kult kitabı ilə yanaşı dövrümüzün şeyx nəsrullahlarından Caner Taslamanın psevdo-elmi cızma-qarası da var. Bu dəfə başlaçıların daha yaxşı seçim eləməsinə sevinməmək olmur.
Sokratın son günlərini əhatə edən dörd dialoq (Evtifron, Apologiya, Kriton, Fedon) ilk dəfə tam formada və yaxşı tərcümədə azərbaycanca nəşr olunur. Doğrudur, tərcümə qədim yunan dilindən yox, yeni yunan dilindəndir (çünki bizdə qədim yunancadan iri mətnləri sərbəst və qənaətbəxş tərcümə edə biləcək mütəxəssislər hələ meydana çıxmayıb). Bir də dialoqların sıralamasında bağışlanmaz səhv buraxılıb – birinci gəlməli olan Evtifron nədənsə üçüncü sıraya düşüb və kitab Apologiya ilə başlayır. Hazırlıqsız oxucu dialoqları kitabdakı ardıcıllıqla oxusa, bir balaca çaş-baş qala bilər. Amma başlaçıların və tərcüməçi Səid Əliyevin bu təşəbbüsü birmənalı olaraq alqışlanmalıdır.
Seymur tükənib. Seymur təkrarlanır. Seymur köhnəlib. Bu haqsız iradları tez-tez eşidirik. Amma hər şeyə rəğmən, Seymur yenə də ictimai mübarizənin ön cəbhəsindədir. Cəmiyyətdə militarist əhval-ruhiyyənin, savaş alverçiliyinin, qəhrəmanlıq kultunun sürətlə artdığı bir zamanda Seymurun çapdan çıxan “Fərqanə” kitabı gerçəkliyin əslində necə acı olduğuna dair vahiməli xatırlatmadır.
Kitab iki uzun hekayədən ibarətdir, “Fərqanə” və “Adsız itin qayıdışı”. İkinci hekayə müəllifin uşaqlıq illəri haqqında xatirəsindən bəhs edir. “Fərqanə” hekayəsi isə Qarabağ müharibəsi illərində cəbhə və cəbhəyanı ərazilərdə həyatı ən xırda detallarına qədər olduqca realist təsvir edir. Seymurun hekayəsində müharibə şan-şöhrət gətirən, ildırımsürətli və qələbəyə aparan hadisə deyil, Seymurun təsvir etdiyi müharibə insanların gündəlik həyatı ilə simbioz yaradan, artıq heç bir təəccüb doğurmayan hadisədir. Evə gələndə çörək almaq kimi.
Seymur sanki oxucunun əlindən tutub onu müharibə tamaşasının pərdə arxasına aparır, aktyorların və texniki heyətin kulisdəki acı həyatını bütün çılpaqlığı ilə göstərir. Romantikanın harada bitdiyini, gerçəkliyin harada başladığını nişan verir. Seymurun hekayəsində, elə həyatda da olduğu kimi, müharibə dibsiz bir bataqlıqdır, oraya düşənlərin hamısı çapalayır.
Sun Tzu yazırdı ki, müharibənin bütün zərərini sona qədər dərk etməyən insan, müharibənin bütün xeyrini də sona qədər dərk etməyəcək. Müharibə Paradox Interactive-in dəbdə olan son kompyuter oyunu deyil. Müharibə iki üzü olan medaldır. Çox az insan bunu Seymur Baycan kimi gözəl başa düşür və həm də deyir.
Foto: Türkan Hüseynova
Xaqani Hass, Minor (Kitab klubu, 2016)
Bu il həm də öz təbiri ilə desək, “poéte, écrivain, penseur” Xaqani Hassın yeni – üçüncü kitabı “Minor” çapdan çıxıb. Bundan öncəki kitabları (“Böyüməyə prolegomena” və “Gül və Panoptikon”) ilə bu yeni kitab arasında xeyli fasilə var, “əslindǝ kitabın çapı çox gecikdi”. Ona görə də Xaqani Hassın yeni şeirlərini səbirsizliklə gözləyənlər nəhayət ki sevinəcəklər – həqiqətən də, kitabın satışa çıxmasından təxminən bir həftə sonra onu almaq istəyəndə bəzi dükanlarda artıq bitmişdi, çətinliklə tapdım.
Xaqani Hassın şeirləri həmişə digər müasir şairlərin yazdıqlarından kəskin fərqlənib. Həm də təkcə mainstream şairlərdən (Səməd Vurğun–Ramiz Rövşən xətti) yox, həm də vaxtilə kifayət qədər səs-küy salan anti-mainstream şairlərdən də (Həmid Herisçi–Aqşin Yenisey xətti) xeyli fərqlənib. Xaqani Hassın öz spesifik oxucuları var, amma “Minor” kitabı da Azərbaycan üçün xeyli eksperimental əsərdir – üz qabığından məzmununa kimi. Bu tərz şeirləri sevməyənlər üçün də “Minor”, buradakı şeirlər, əhval-ruhiyyə maraqlı gələ bilər. Simfonik orkestrin nizamlı, tanış ifasından bezərək sinkopa üçün darıxanlar mütləq oxusunlar. Çünki, “Minor” oxunası kitabdır; “Minor” – 40 yaşın 40 şeiridir:
“qırılmış budağın gözündə ölüm son deyil
bilməzdim budaq olanadək qollarım
kölgəsi qırx yaş uzunluğunda və lal”
Foto: Alatoran
Həmid Piriyev, Şanapipik haqqında mahnı (Alatoran, 2016)
Bu ilin maraqlı kitablarından biri də gənc yazar Həmid Piriyevin debütü saya biləcəyimiz “Şanapipik haqqında mahnı” kitabıdır. Yazar özü eyniadlı əsərini “miniatür roman” adlandırsa da, əslində qarşımızda klassik novella (köhnə dillə desək, povest) görürük. Kitabda adı çəkilən əsərlə yanaşı daha üç qısa hekayə də var.
Həmidin mövzusu bər-bəzəkli, və bir az da süni şəhər mərkəzindən kənarda, gözdən-qulaqdan iraq məhəllə və qəsəbələrdə (“kənddə”) yaşayan adi insanların adidən də adi həyatlarıdır. Ümumiyyətlə, nə üçün və nəyə görə yaşadıqlarının fərqinə varmayan insanlar öz gündəlik həyatlarını bəzən rutin, bəzən həyəcanlı anları ilə birlikdə sakit, xudmani şəkildə yola verirlər. Heç bir məna kəsb etməyən, bütün ali ideallardan yoxsul həyat onları öz cənginə alıb harasa aparır. Onlar söhbət edir, gəzir, oturur, yatır, uğursuz eşq macərasına can atır, pivə içirlər. Bu insanların öləndə baş daşına yaşadığı illəri yazmağa ehtiyac qalmayacaq, çünki onlar heç yaşamayıb (klişeyə görə üzr istəyirəm, ağlıma orijinal heç nə gəlmədi).
Bir dəfə bunu demişəm, bir də deyim – Həmid sanki yazıçıdan daha çox fotoqrafdır (pis mənada). Əlinə alır foto-kameranı, gedib nəyinsə şəklini çəkir və bizə göstərir. Həmidin yazılarında hadisə yoxdur, elə ancaq həyatdan lövhələrdir, foto-albom kimi. Doğrudur, elə fotoqraflar var ki, foto ilə də hekayə danışa bilirlər. Amma Həmiddə hekayə danışmaq hələ ki alınmır, sadəcə fotonu çəkib qoyur alboma. Həmid bu dillə, bu qələmlə yaxşı hekayələr danışa bilərdi, amma təəssüf ki şəkil çəkir. Yəqin yeni başlayan yazarın yaradıcılıq təcrübəsizliyindən qaynaqlanan haldır, zamanla aradan qalxacaq. “Şanapipik haqqında mahnı”ya isə indidən qulaq asmağa dəyər.
Bu yazını bir etirafdan başlamaq lazımdır: Kitabsevərlər klubunun ilk nəşri olan “İz: Gənc yazarların hekayələr toplusu” haqqında rəy yazmaq mənim üçün bir qədər çətin oldu. Çünki bu kitabda hekayələri toplanmış əksər müəlliflərin məndən xeyli cavan olduğunu, “yeni nəsli” təmsil etdiyini və mənim də yavaş-yavaş geridönməz şəkildə “köhnə nəslə” çevrildiyimi anlamış oldum.
Öz nəslimi təmsil edən və ya daha öncəki müəlliflər barədə rəy bildirmək – aşağı-yuxarı eyni makro-təcrübələrdən keçmiş insanları tanımaq, ya da yeni dəyərlərin mövqeyindən köhnə yazarları topa tutmaq nə qədər asandırsa, “yeni nəslə” köhnə anlayışların və köhnə dəyərlərin mövqeyindən yaylım atəşi açmaq ondan da asandır – bu zaman “standart”ın, “meyar”ın harada bitdiyini və korazehin mühafizəkarlığın harada başladığını müəyyən etmək çətinləşir. Yeni nəsli tənqid edəndə retroqrad olmaq saniyə məsələsidir.
(Mühafizəkarlar bəlkə də gənc nəslə qarşı ona görə amansız olurlar ki, bu cavanlar onlara artıq “yaşlanmış” və “qoca” olduqlarını xatırladırlar.)
Ona görə də Kitabsevərlərin ilk kitabına rəy verməzdən öncə bu “yeni nəslin” ümumi konturlarını cızmaq və tənqid hədəfimizin kim olduğunu daha yaxşı anlamağa çalışmaq lazımdır.
I
Ədəbiyyata və ədəbiyyatətrafı çevrələrə can atan bu yeni nəsil yazar və oxucuların mənə görə üç qabarıq ortaq tərəfi var.
BİRİNCİSİ, bu yeni nəsildə (yəni cavanların əksəriyyətində) ədəbiyyatı duyma fəhmi hələ tap yetişməyib. Onlar çox rahatlıqla Paolo Koelyo, Den Braun, Aqata Kristi, Stefan Sveyq, Frans Kafka və Dostoyevski arasında bərabərlik işarəsi qoya bilərlər. Onların əksəriyyəti üçün Sveyq də, Koelyo da eyni dərəcədə yaxşı yazıçıdır. Söhbət etdiyim mütaliəli gənclərin biri mənə hətta demişdi ki, Kafka onun üçün çox yüngül və rahat kitabdır, Den Braun isə əksinə, çox ciddi və ağır gəlir.
Əslində burada hələlik pis bir şey yoxdur. Koelyo post-sovet məkanında bomba kimi partlayanda mən də hamı kimi onun yeddi-səkkiz kitabını birdən oxumuşdum. Bəlkə də o zaman Koelyonu acgözlüklə oxumasaydım, indi Ekonun “Fuko rəqqası”nı belə zövqlə mütaliə edə bilməzdim. Yəni, zamanla bu nəsil də “əsl” və “bayağı” ədəbiyyatın fərqini tutacaq. Bizim də keçdiyimiz yolları getdikləri üçün bu gəncləri qınamaq hələ çox tezdir.
İKİNCİSİ, bu yeni nəsil bir qayda olaraq rus dilini bilmir (rus sektorunda oxuyanlar, Rusiyada doğulanlar ya yaşayanlar istisna). Rus dilini bilmədikləri üçün də dünya ədəbiyyatına böyük bir darvaza onlar üçün bağlanıb. Qalıblar Azərbaycan naşirlərinin təklif etdiyi balaca nəfəsliyin ümidinə. Çoxlarının düşündüyü kimi ingilis dilini bilmək hələ ingiliscə mütaliə edə bilmək deyil. “İngiliscə bilirik, rus dilinə nə ehtiyac var” deyənlər gedib Şekspiri, Dikkensi, Virciniya Vulfu, Saul Bellounu orijinalda oxuya bilərlərmi? Ay-hay! [Ölmüşdü Xankişi!] İngiliscə “semiçka kimi çırtlamaq” hələ qəliz ədəbi-bədii mətnləri oxuyub başa düşmək deyil. Ortada reading comprehension kimi ciddi söhbət var.
Rus dilini bilməmək təkcə Dostoyevski və Tolstoyu orijinalda oxumaq məsələsi də deyil, həm də geniş dünya ədəbiyyatına çıxışı itirməkdir. Rusların böyük tərcümə məktəbi var – Tibetdən Kanadaya kimi az qala bütün xalqların və ölkələrin ədəbiyyatını rus dilinə tərcümə ediblər. Əgər XX əsrin ən böyük italyan yazıçılarından Alberto Moravianın az qala hər kiçik hekayəsi rus dilinə çevrilibsə, ingilisdilli dünyada vəziyyət bir qədər fərqlidir. Mərhum William Weaver olmasaydı, dayanmadan italyan ədəbiyyatının təbliğatını aparmasaydı, ingilisdilli dünya bu gün XX əsr italyan ədəbiyyatının yalnız üzdə olan beş-altı şedevrindən xəbər tutacaqdı. Umberto Ekonun “Qızılgülün adı” əsərinin ən yaxşı tərcüməsi də Kostyukoviç tərəfindən rus dilinə edilən çevirmədir. Hətta William Weaver-in tərcüməsi də Kostyukoviçin çevirməsinin yanında çox zəif, solğun və natamam iş təsiri bağışlayır.
Doğrudur, türkcə kitablar var və bizim yeni nəsil türkcə çox yaxşı oxuyur və başa düşür, amma burada da bir-iki əlavə problem var. Əvvələn, biz türkcə kitablara təzə-təzə çıxış əldə etməyə başlamışıq (son bir neçə ildə bu kitabları kütləvi şəkildə ölkəyə gətirmək mümkün olub) və gənclər bu istiqamətdə hələ romantik-sentimental janrlara üstünlük verirlər. Rus dili darvazasının üzümüzə bağlanması ilə bizə dəyən mədəni ziyanın türk dili darvazasının üzümüzə açılması ilə tam sağalması hələ bir müddət çəkəcək. Üstəlik, türkcə və rusca tərcümələri qarşılaşdırmaq imkanı olan biri kimi deyə bilərəm – türk tərcümə məktəbinin rus tərcümə məktəbi səviyyəsinə çatması üçün yəqin ki, bir 50 il filan lazım olacaq (bir az pafoslu çıxdı, üzr istəyirəm).
ÜÇÜNCÜSÜ, yeni nəsil gənclər üçün “oxucuya çevrilmək” və “yazar olmaq” arasında məsafə və sürət olduqca qısadır və qısalmağa doğru gedir. Yəni bu gənclərdə Saramaqonun 20 illik səbri və hövsələsi yoxdur. Əgər Saramaqo ilk yetkin əsərlərini 20 il jurnalist və tərcüməçi kimi çalışdıqdan sonra ortaya qoymağa başlamışdısa – o da qısa şeir və hekayələrlə – bizim yeni nəsil gənclər çox iddialıdırlar. Onlar ilk oxuduqları və təsirləndikləri kitabdan sonra yazıçı olmaq qərarına gəlirlər və ciddi ədəbi əsərlər yaratmaq istəyirlər. Onlar “oxucuya çevrilməklərinin” “qırxı çıxmamış” dərhal “yazar olmaq” iddiasına düşürlər.
Qafiyəsi olan hər Facebook statusunun şeir, dialoq keçən hər bloq yazısının hekayə hesab edildiyi bir zəmanədə ən böyük zərbəni elə ədəbiyyat özü alır. Bir xalqın yeni ədəbiyyatının hələ doğulmadan beşikdəcə boğulması başqa necə baş verə bilər ki?
(Bu passajı İsmayıl Kadaredən parafraz etmişəm.)
Məncə, burada “standart” və “meyar” yavaş-yavaş korazehin mühafizəkarlıqla əvəzlənmək istəyir, ona görə də bitirim və keçim “İz” kitabına.
II
Açığı, “İz” kitabında iki hekayə istisna (Rəşad Babalı və Həmid Piriyevin hekayələri), fövqəladə heç nə görmədim, hətta ədəbiyyat adına heç nə görmədim.
Yuxarıda adını çəkdiyim iki nəfərdən başqa bütün digər yazarlar utanmadan, çəkinmədən bizi saxta sentimentallıq priyomu ilə aldatmağa çalışırlar. Əgər bu hekayələrin üstündən saxta sentimentallıq çarşabını götürsək, altında boş hava və ya xəyalət görəcəyik. Bir dənə dişə dəyəsi ədəbi nəsə tapmaq üçün bu gənclərin yazdıqlarını oxuyanları böyük məyusluq gözləyir. Lirik, sentimental, metafizik, evdarqadınağladan, Latınamerikan serialları sayağı qəm, kədər, dərd, əzab, iztirab kultu bu kitabın başlıca leytmotividir. Kitabda hətta nöqtələr və vergüllər də ekzistensial böhran keçirir, depressiya yaşayır, malxülyaya dalır, kədər okeanında qərq olur.
Məni çox narahat edən daha bir məsələ – əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduqları zamanda bu qədər pessimizmə qapılmasıdır. Başa düşmürəm, bu gənclərin ölüm, qocalıq, qəbiristanlıq, intihar, dəlixana, cinayət, edam, terror, başkəsmə sevgisi haradan qaynaqlanır? Axı bu gənclər bu cavan yaşda bu qədər əzabı yaşamağa nə vaxt imkan tapdılar?
III
İndi isə icazə versəniz, ayrı-ayrı hekayələrin icmalına keçək.
İlk öncə Vüsal Namiqoğlunun “Avropa dilənçisi və fahişə qızı” hekayəsi barədə bir-iki söz deyim. Hekayə yazmaq moizə oxumaq deyil, nə də ədəbiyyatçı gərək insanlara əxlaq dərsi keçmək fikrinə düşməsin. Əxlaq barədə moizə oxumaq üçün məsciddə minbər var. Ədəbiyyatda isə moralizmə yer yoxdur, illah da adı çəkilən hekayədəki kimi saxta moralizmə. “Sırlar kapısı”nın evdarqadınağladan “namaz qılmadı, yıxıldı qıçı sındı” tipində əxlaq dərsi keçmək ədəbiyyatçının işi deyil. Ədəbiyyat başqa şeydir.
Nurlana xanım Həşimovaya isə sadəcə onu məsləhət görərdim ki, ədəbi yaradıcılıqdan daha çox öz müəllimlik peşəsinə diqqət ayırsın. Müəllimlik şərəfli və qürurverici peşədir. Nurlana xanım fəxr etməlidir ki, o, müəllimədir və gənc nəslin formalaşmasına əvəzsiz töhfəsini verir. Ədəbiyyatı isə buraxmaq lazımdır bu işi daha yaxşı bacaranlara.
Tural Əliyev də hələ hekayə yazmaqdansa öz dərslərini oxumağa daha çox vaxt ayırsa, çox gözəl olar. Məktəbi uğurla başa vurmaq çox vacibdir, hekayə yazmaq üçün isə hər zaman vaxt tapmaq olar. Hələ qabaqda bütöv bir ömür var.
Röyal Qabarovun hekayəsi haqqında tutarlı heç nə deyə bilmirəm, çünki nə demək istədiyini duysam da, hekayədən heç nə başa düşmədim. Abzasların, hətta az qala cümlələrin bir-biri ilə bağlılığı yoxdur. Fikirlər də dağınıqdır, yazı da. Məncə, öz yazısı və üslubu üzərində xeyli çalışmalıdır, fikirlərini yazıya çevirəndən əvvəl və sonra cilalamalıdır, öz üzərində işləməlidir. Yəni, hekayə belə olmur, belə yazılmır, niyyət nə qədər səmimi olsa da.
Tural Əzimzadə və Xəyal Mahmudlu məni xeyli təəccübləndirdi. Biri Biləsuvardan, biri də Şəkinin kəndindən olan bu gənclər öz hekayələrində amerikan ailələrini təsvir etməyə çalışıblar. Əzizlərim, siz amerikan ailələrini heç tanımırsınız, filmlərdən qazandığınız təəssüratlara da çox güvənməyin. Yəni Biləsuvarda və Şəkidə azərbaycanlı ailələrinin faciəsi azdırmı ki, siz qaçıb amerikan ailələrinin dərdindən yazırsınız? Qoy amerikan ailəsinin dərdini amerika yazarları çəksin, siz isə Biləsuvarın, Şəkinin, Azərbaycanın ailə faciələrindən yazın. Kriminal verilişlərinə baxın, görün nə qədər material var, heç yaradıcı təxəyyülə ehtiyac da qalmır.
(Tural bəy, bir şey də deyim, xətrinizə dəyməsin – baş kəsilmə səhnəsi çox təsirlidir, amma heç professor Douelin başı o qədər yaşamamışdı, fikirləşməmişdi, sizin kəsdiyiniz baş isə az qaldı qurdla qiyamətə qalsın.)
Nurəddin Məmmədlinin “Tənbəl” hekayəsi nəinki çap olunmamalı, ümumiyyətlə yazılmamalı idi. Yəqin ki anlaşılmazlıq olub.
Vüqar Abdiyev, Həmid Babayev, Cəmilə Məmmədli, Səbuhi Şahmursoy və Elvir Nizamioğlunun hekayələri haqqında sadəcə bir şey demək olar – onların hekayələrində ucuz və saxta sentimentallıqdan başqa ədəbi heç nə yoxdur. Amma bu yazarların (üstəgəl Tural Əzimzadənin) həm də yaxşı “nəfəsi” var. Elə bil ki, qələm onların əllərində üzür (ya da klaviatura rəqs edir). Təəssüf ki, bu “nəfəsi” yaxşı bir ədəbi mətn yaratmaq əvəzinə ucuz sentimental priyomlara həsr edirlər. Onlar öz istedadlarını daha yaxşı yazılara sərf edə bilərdilər. Amma bu dəfə alınmayıb.
Və nəhayət, mənim fikrimcə kitabın ən yaxşı iki hekayəsi – Rəşad Babalının “İşıq dirəyi” və Həmid Piriyevin “Dana Kazım”ı. Bu hekayələrdə sentimentallıq yoxdur, əksinə həyat öz çılpaq naturalizmi ilə gözə girir. Bəlkə də məhz anti-sentimentallığına görə bu hekayələr mənim diqqətimi cəlb edib – başqa kontekstdə bəyənməyə bilərdim. Çünki Rəşad Babalı nə qədər realist və naturalist tərzdə yazsa da, “nəfəsi” çatışmır. Hiss olunur ki, Rəşad boğulur, sözlər elə bil kəlbətinlə çıxır, təxəyyülün gücü yetmir, qələm bir nöqtədə ilişib qalır (məcazi mənada desək). Rəşadın içindəki jurnalist onun içindəki yazarı üstələyir. “Nəfəs” olmadan böyük yazara çevrilmək isə çox müşkül və ağrılı prosesdir.
Həmid Piriyev isə sanki yazıçı yox, stenoqrafçıdır. Mən bilmirəm, “Dana Kazım” hekayəsində uydurma nə qədərdir, həqiqət nə qədər. Amma hekayəni oxuyanda elə təəssürat yaranır ki, Həmid öz fotoaparatını götürüb və gedib hansısa həyat lövhəsini lentə həkk edib. Həmid heç rəssam da deyil, sanki adi fotoqrafdır. Əgər ədəbiyyat sadəcə stenoqrafiya olsaydı, həyatı olduğu kimi vərəqə köçürsəydi, onda biz ona fiction (uydurma) deməzdik. Ədəbiyyat axı həm də uydurmadır. Həyat və yazıçı təxəyyülü ədəbiyyatda çulğaşıb yeni fenomen yaradır. Həmidin hekayəsi uydurmadırsa, qoy oxucu da bilsin uydurmadır. Bəzən İnternetdə rastınıza çıxar – karandaş və ya boya ilə elə rəsmlər çəkirlər ki, onlar lap fotoya oxşayır. Bu şəkillərə baxıb “Əjdaha!” deyirlər, amma bu şəkillər heç zaman sənət əsəri olmur. Amma Munkun “Çığırtı”sı əsl sənət əsəridir.