Marksist pişiyi tumarlamaq

Mənbə: Wall4all.me
Mənbə: Wall4all.me

Mənim pişiklərə qarşı bir az zəifliyim var, yəqin bilirsiniz.

İndi də İnternetin ucsuz-bucaqsız ümmanında bir Marksist Pişiyə rast gəldim, mənim son yazıma fikir bildirərək, sol pəncəsi ilə cırmaq atıb. Mənim pişiklərə zəifliyimi bildiyini ehtimal edib, bu hərəkətini dostca söhbət kimi qəbul edirəm. Ona görə də bir neçə qeydimi paylaşmaq istəyirəm. Amma əvvəlcə icazə versəniz, “Liberal eksperimentin sonu” yazısına bir balaca şərh verərdim.

Mənim üçün “liberal” anlayışı bütöv, tam anlayışdır. Yəni “liberal” ifadəsinin yaxşı tərəflərini götürüb pis tərəflərini atmaq, siyasi tərəfini götürüb iqtisadi tərəfini rədd etmək (və ya tərsinə – pis tərəfini götürüb yaxşı tərəfini atmaq, siyasi liberalizmi rədd etməklə ancaq iqtisadi liberalizmi qəbul etmək) qeyri-mümkün bir şeydir. Siz “siçan zəhəri”, “sağ avtoritarizm” kimi xülyaların sehrinə qapıldığınız an, artıq liberal deyilsiniz. Çünki liberal olan şəxs ikinci dərəcəli məsələlərdə kompromislərə gedə bilər, ancaq fundamental prinsiplərə xəyanət edə bilməz. Necə ki, bir müsəlman araq içsə günah etmiş olar, amma Allahı inkar etsə, müsəlmanlıqdan çıxır. Ya da bir solçu Stalini, Lenini amansız tənqid edə bilər, amma Marksı tamam inkar etsə, deməli başqa ideoloji müstəviyə keçir. Evin üstünü tikib-sökmək olar, amma evin bünövrəsini qazıb dəyişsəniz, siz yeni ev tikmiş olursunuz.

Ancaq söhbətin başqa tərəfi də var. Marksist Pişik çox doğru buyurur ki, “sol” kifayət qədər geniş anlayışdır. Eyni şeyi “liberal” anlayışı haqqında da demək lazımdır. Liberalizm o qədər geniş anlayışdır ki, bəzi hallarda sol anlayışı ilə eynilik təşkil edə, bəzən isə sol anlayışına qəti ziddiyyət təşkil edə bilər. Bunun klassik liberalları var, sosial-liberalları var, neoliberalları (Allah onların kökünü Yer üzündən kəssin, amin!) var. Hələ libertarian (əslində bizim dildə doğru forması libertar olmalı idi) və libertin anlayışlarını liberal anlayışı ilə qarışdıranlar var.  Ən nəhayət, liberal anlayışının bütövlüyünə təcavüz edib onun ayrı-ayrı fraqmentləri ilə silahlanıb özünə “liberal” deyən üzdəniraqlar da var.

Mən sosial-liberalam, fərdi azadlıqlar və sosial ədalət arasında tarazlığın mümkünlüyünə inanıram. Mən azad bazarı insan hüquq və azadlıqları ilə eyniləşdirməyə tamamilə qarşıyam, eləcə də insan hüquq və azadlıqlarını sosial ədalət və rifaha qarşı qoymağı da prinsipial olaraq qəbul etmirəm. Bəli, insan hüquq və azadlıqları prinsipdir, fundamentdir, azad bazar da şərtdir, olmalıdır. Ancaq azad bazar ədalətsizlik və çoxsaylı mənfi nəticələr doğurur və burada dövlət – sinfindən, silkindən, var-dövlətindən, dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların ortaq mülkiyyəti olan dövlət – bazara müdaxilə edərək sosial ədaləti bərpa etməlidir, insanların rifahını qorumalıdır. Dövlət sadəcə bir dəstə varlı burjuanın, ya da eqoist siyasi elitanın dövləti deyil. O, həm də hər kənd yeməkxanasında işləyən aşpaz qadının dövlətidir.

Ona görə də Marksist Pişiyə etirazım var – necə mən bütün solçuları eyni səbətə qoymuram, o da bütün liberalları eyni səbətə qoymasın.

Marksist Pişiyə ikinci etirazım da budur ki, mənim siyasi imkanlarımı və siyasi bacarıqlarımı çox yuxarı, hətta fantastik qiymətləndirir. Mən sadəcə bloq yazan bir sosial-liberalam, nə ordum var, nə silahım, nə pulum, nə də güclü şəbəkəm. Heç bir frankmason lojasının, qlobal beyin mərkəzinin, Bohemiya meşəsinin, Bilderberq qrupunun üzvü deyiləm. Bütöv bir xalq üzərində “liberal eksperiment” qoymaq iqtidarında da deyiləm, nə də kimsə belə bir eksperiment qoyub. Eksperiment sözü sırf ixtiyari bir seçimdir. Orada “Liberal epoxanın sonu”, “Liberal orgiyanın sonu”, “Liberal vakxanaliyanın sonu” da ola bilərdi. (İndi arxa tarixlə düşünürəm ki, “liberal vakxanaliya” və ya “liberal orgiya” yazsa idim, daha vurucu və möhtəşəm alınardı, ancaq atalarımız da yaxşı deyib: müsəlmanın sonrakı ağlı.) Eləcə də heç bir iri, orta və ya xırda burjuaziya ilə kompaniyada gəzib dolaşmıram, ömrü boyu qeyri-hökumət sektorunda çalışmışam, varlı biznesmen dostlarım da yoxdur.

Ona görə də mənim burjuaziyanın maraqları naminə və ya hansısa qlobal frankmason təşkilatın sifarişi ilə bütöv bir xalq üzərində “sol eksperiment” qoymaq fikrim, niyyətim, gücüm yoxdur. Həm də ki, “liberal eksperiment”imin uğursuzluğundan sonra həmin o fövqəltəbii qüvvələr və ya qana həris qlobal burjuaziya növbəti eksperimenti heç mənə tapşırardımı?

Marksist Pişik çox doğru sual soruşur və deyir ki, mən bu suala cavab verməkdən yayınmışam: liberal eksperimentin süqutunu şərtləndirən faktorlar nələr oldu? Bu sualın cavabı qismən Nicat Qarayevin yazısında, qismən də mənim yazımda var.

Nicat çox doğru vurğulayır ki, Azərbaycanda liberal demokratik ideyalar QHT-lərin təsiri ilə formalaşmışdı. Mən buraya daha iki faktoru əlavə edərdim: xaricdə oxuyub qayıtmış gənclər və bizim insanların dil biliklərinin inkişafı nəticəsində ingilisdilli siyasi ədəbiyyata, mətbuata filana çıxışı. 1991-ci ildə Azərbaycan müstəqil olanda ölkədə yalnız iki ideya var idi –  ifrat, romantik və bəzən də qaragüruh millətçilik (oturmayan ermənidir!) və diskreditasiya olmuş sol. Daha sonra ideyaların qlobal diffuziyası şəraitində ölkəyə daha iki ideya gəldi: Qərb dünyasından liberal-demokratik ideyalar və Şərq dünyasından siyasi islamçılıq.  Sol isə bu iyirmi beş ildə çox ağır proseslərdən keçərək yavaş-yavaş reabilitasiya olmaqdadır.  Bu reabilitasiya prosesi hələ də başa çatmayıb. Yeni solun işartıları və parlaq nümayəndələri var, amma Sovet keçmişinə nostalgiya və stalinist keçmişə bağlılıq tam olaraq ortadan qalxmayıb.  Həmin o sovet nostalgiyası Marksist Pişiyin yazısında da implisit formada özünü büruzə verir.

Bəs bu liberal eksperimentin sonrası necə oldu? Çox sadə, Azərbaycan hökuməti liberal-demokratik ideyalara qarşı sərt hücuma keçdi, ölkədə onun daşıyıcılarına qarşı sərt tədbirlər görüldü. Erkin Qədirlinin təbiri ilə desək, “siyasi səhnə sərt tədbirlərlə təmizləndi”. Tutulan tutuldu, qaçan qaçdı, qalan qaldı. Bundan sonra isə cavab mənim yazımdadır: çox təəssüf ki, bizim liberalların böyük əksəriyyəti öz qara instinktlərinə qalib gələ bilmədilər; emosiyaların, stereotiplərin, populizmin, savadsızlığın, təkəbbürün, içiboş bütlərin güdazına getdilər. Necə deyərlər, bizim dağlara da nəhayət qar yağdı. Tək-tük liberal qalıbsa da, onlar da ancaq güzgüdə həmsöhbət tapır. Marksist Pişik yenə də düz buyurur: indi məlum olur ki, bu liberalların bir çoxu dırnaq üçündə liberal imiş, bağda ərik qurtaranda (yəni qrant pulları) bunların da “liberallığı” bitdi.

Müqəddəs yer boş qalmır, əminəm ki, bunu Marksist Pişik də bilir. Azərbaycanda Sovetdən sonra diskreditasiya olmuş solun yerini siyasi islamçılıq tutub. Jijek deyir ki, siyasi islamçılıq uğursuzluğa düçar olmuş solun erzatsıdır (erzatz for the failed left). İndi də uğursuzluğa düçar olmuş liberalların yerinə onların erzatsı – sağ irtica gəlir.

Mən Marksist Pişiyin siyasi görüşlərini anlamağa çalışdım – çox təəssüf ki, bloqunda cəmi bir yazı var, o da mənim cızma-qarama cavabdır, yəni oradan anladığım qədər anlamağa çalışdım. Ancaq mənim də Marksist Pişikdən bir ricam var – o da gərək məni anlasın.

Mən Azərbaycanda siyasi meynstrimdə uğursuz solun erzatsı olan siyasi islamçılıqla uğursuz liberalların erzatsı olan sağ neoliberal irticanın üz-üzə gəlməsini istəmirəm. Onların heç biri məni təmsil etmir, nə də bu ölkənin vətəndaşlarının əksəriyyətinin görüşlərini təmsil etmir. Bizə içməli suyun keyfiyyətinə maraq göstərən sosial hökumət lazımdır, insanların əxlaqına maraq göstərən islamçı hökumət yox. Nə də bizə yalnız iri oliqarxların varlanmasına xidmət edən neoliberal siyasi elita lazım deyil.

Mənimlə Marksist Pişik arasında bir fundamental fərq var. Biz hər ikimiz “əsl solun” necə olması haqqında ciddi şəkildə razılaşmırıq. Mənə görə sosial-liberalizm, sosial-demokratiya, uzaqbaşı Syriza kimi sol məqbuldursa, Marksist Pişik bütün bu siyasi spektri dağıdacaq proletar inqilabından danışır. Amma mənim bu ziddiyətin həlli üçün çox sadə cavabım var: ona görə Marksist Pişik oturub mənə, bloq yazan sadə sosial-liberala cavab verməli deyil. Öz tərəfdaşları ilə xalq kütlələrinin içərisinə getməlidir, proletar sinfini (əgər varsa) təşkilatlandırmalıdır, inqilabi partiya qurmalıdır, burjuaziyaya qarşı mübarizəyə qalxmalıdır, yeri gəlsə partizan müharibəsi aparmalıdır Kİ, sonda bir gün qırmızı komissarlar gəlib mənim qapımı döysünlər və desinlər: “Azərbaycanda burjua rejimi devrilib, burjuaziyanın ağalığı sona çatıb, proletarın yeni inqilabi hökuməti qurulub, siz isə proletar sinfinin düşməni kimi həbs edilirsiniz və öz cinayətlərinizə görə İnqilabi Tribunal qarşısında cavab verəcəksiniz. Bizimlə gəlin.

Hər şey bu qədər sadə, həm də mürəkkəbdir.

Marksist Pişiyə cavabım bu qədər. İndi isə sağ qonşumuzun hürüşən küçükləri haqqında bir iki söz deyim.

Mənə dedilər ki, 20 yaşlı bir ergen-liberal Facebook-da mənim yazımı geninə-boluna müzakirə etdikdən sonra deyib ki, Əli Novruzov unudulub, ona görə yenidən gündəmə qayıtmaq istəyir. Mən də onu deyim ki, tamam iftiradır. Məqsədim sizin Facebook gündəminizdə olmaq olsaydı, dondurduğum profilimi çoxdan açardım və sizin saysız-hesabsız “ictimai-siyasi xadimləriniz” kimi hər mövzuda öz “vətəndaş mövqeyimi”, “ziyalı mövqeyimi” bildirərdim. Allaha çox şükür, xalqımız da çox səxavətli xalqdır, like-nı, comment-ni, share-ni heç vaxt əskik etmir. Sadəcə, bəzi şeylərdən imtina etməyi bacarmaq lazımdır. Əsas da illüziyalardan imtina etməyi bacarmaq lazımdır. Qırmızı həbb, yoxsa mavi həbb – seçimi hər zaman siz edirsiniz.

Bir də eşitdim kimsə mənim son yazımı “QHT bazarının bağlanması”, “qrantların kəsilməsi” ilə əlaqələndirib. Sözün düzü, bu, heç iftira da deyil, təmiz trolluqdur. Məntiqlə QHT sektorunda pula görə olan adam indi də pul olan yerə qaçsın axı. Qatar-qatar, təyyarə-təyyarə xaricə qaçıb oradan öz “vətəndaş mövqeyini” əskik etməyən “ictimai-siyasi xadimləriniz” də sizə misal olsun. Bir soruşun onlardan – hansı pullara yaşayırlar? Mən isə heç QHT-lərin qızıl dövründə, bizim bəzi ictimai-siyasi mücahidlər Versaçi şalvarında bulvarda velosiped sürəndə də böyük pullar ya qrantlar almamışam. İstəyən olarsa öz əmək kitabçamı (əmək müqavilələri üçün)  və 2010-dan bəri vergi hesabatlarımı (xidmət müqavilələri üçün) sizə fərdi şəkildə göstərə bilərəm. Yəni dediyim odur ki, trolluq etməyin, yaşınızdan-başınızdan utanın.

Bu qədər.

Marksist pişiyi tumarlamaq” üçün bir şərh

  1. salam Əli bəy,

    emosiyaları kənaraq qoysaq, maraqlı məqamlara toxunduğunuzu qeyd edirəm. daha soyuq başqa və cavab xarakterli olmayan yazılarınızı görmək ümidilə. təşəkkür edirəm

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma