Liberal eksperimentin sonu

Kəfən

Sadəcə ağ kəfən. Başqa heç nə.

Sözün düzü, bu mövzuya heç girmək istəməzdim, amma Nicat Qarayevin REAL haqqında fundamental tənqidini liberal-solçu diskussiyası kimi pərdələyib, onun haqlı iradlarına “solçu qərəzi” deyib sudan (daha doğrusu, bataqlıqdan) çıxmaq cəhdlərini görəndə xeyli təəssüfləndim.

Zaur Qurbanlı da söhbətə qoşulub yazır ki, REAL liberal təşkilatdır, hətta klassik liberal təşkilatdır (İlahi, Pərvərdigara, sən keç günahımızdan), sadəcə xalq o qədər avamdır ki, realçılar öz fikirlərini insanlara çatdırmaq üçün populist şüarlara əl atırlar. Təbii ki, Nicat da bir solçu kimi bunu bəyənmir.

Həqiqətən də Nicat solçudur, əlavə edim – sosial-demokratdır. Amma siz o bir olan Allahın eşqinə, REAL nə vaxtdan liberal, hətta klassik liberal oldu? Siçan zəhəri, sağ avtoritarizm, siyasi səhnəni sərt tədbirlərlə təmizləmək, millətçilik və Milli Lider (almanca Führer), Azərbaycanın dağlarında yaşayan insanları Kür-Araz ovalığına köçürüb assimilyasiya etmək – bu təkliflər və ideyalarla yaşayan adamlar necə liberal ola bilər axı? Hansı liberal köpək oğlu durub deyər ki, bizə sağ avtoritar keçid hökuməti və onun başında avtoritar milli lider lazımdır? Biz ümumiyyətlə sizinlə eyni planetin adamlarıyıqmı?

Əlbəttə, tənqidə cavab vermək çox normal haldır, tənqidi qəbul etməyib mübahisə etmək də gözəl şeydir, ancaq bu ölkədə görüləsi ən absurd işlərdən biri də REAL-ı “klassik liberal” adlandırıb “solun qərəzli tənqidlərindən” qorumaqdır. XXI əsrdə avtoritar, millətçi Milli Lider tələb edən kimsə heç vaxt liberal ola bilməz. Elmi ədəbiyyatda REAL kimi kreaturaların öz təbii adı var – SAĞ İRTİCA. Bununla da söhbət bitir.

Mən də ki liberalam, bilirsiniz. Ola bilər ki, əslindən. Amma klassik liberal olmadığım üçün üzr istəyib bir az da özünütənqidə keçim. İcazə verirsinizsə.

Ümumiyyətlə, bütün baş verənlərdən sonra Azərbaycanda “liberallar” gərək utanıb yerin dibinə girsinlər. Ən yaxşısı isə başlarını aşağı salıb gedib öz “liberal” və neoliberal (dırnaqsız) ideyalarını təcrübədə sınaqdan keçirsinlər, biznes filan qursunlar. Görək bu “azərbaycanlılar alverçi millətdir” hipotezası real həyatda öz empirik sübutlarını tapırmı? Bir görək özfəaliyyətləri nədən ibarətdir? “Alverçi millətin” avanqardı olan alverçi “liberallar” qaz vurub qazan doldura biləcəkmi, yoxsa elə ancaq liberalizmin prinsipləri ilə alveri bacarırmışlar? Siçan zəhərini Lee Kuan Yew-nun qırxı çıxmamış kəfəninə büküb intellektual fahişəlik etmək asandır, bəs Bakının ətraf rayonlarında bir mürdəşirxana açıb işlətmək necə, bacararlarmı?

Xanımlar və cənablar, sizə bir liberal kimi deyim: Azərbaycanda liberal eksperiment başa çatdı. Süquta uğradı. Hay-hayı da getdi, vay-vayı da. Bu “sağ avtoritarizm” deyib duran cənabları da liberal zənn edib illüziyalara qapılmayın. Çox təəssüf ki, bizim liberalların böyük əksəriyyəti öz qara instinktlərinə qalib gələ bilmədilər; emosiyaların, stereotiplərin, populizmin, savadsızlığın, təkəbbürün, içiboş bütlərin güdazına getdilər. Necə deyərlər, bizim dağlara da nəhayət qar yağdı. Tək-tük liberal qalıbsa da, onlar da ancaq güzgüdə həmsöhbət tapır.

Azərbaycanda baş qaldıran bu sağ irticadan qurtuluş yolu isə yalnız Soldan keçir. Yox, demirəm ki, Sol gələcək, zülm bitəcək. Sadəcə bu dəqiqə Azərbaycanda yeganə proqressiv alternativ kimi qalan ideya – sağlam, Sovet keçmişini tənqid etməkdən çəkinməyən və bəşəri ideallara hələ də xəyanət etməyən Soldur. (Yəni nə Sovet keçmişindən nostalgiyaya qapılıb orqazm yaşayan “solçular”, nə də “türk solu”nun yarım-yapalaq yazar-qrafoman kopyaları bu yazını tələsik paylaşıb sevinməsinlər.)

Siz isə, hörmətli “liberal” xanımlar və cənablar, əgər bu perspektivdən narahat olursunuzsa, günahı ən birinci özünüzdə axtarın. Viskidən, araqdan gillədib “sağ avtoritarizm”, “siçan zəhəri”, “alverçi millət” kimi xam xülyalarla gərək vaxtında az jonqlyorluq edərdiniz. Jonqlyorluğa başladınızsa, kloun olmağa cəmi bir addım qalır – elə ki sirkdə tamaşaçılar sizə güldülər, tamam. Mission accomplished.

Advertisements

2 Şərh

Kateqoriysı Azərbaycan

Liberal eksperimentin sonu” üçün 2 cavab

  1. Hər hansl halda, gələcəyimiz soldan keçəcək (yol üstə liberallardan da, sağdan keçə bilər, amm axırı sol olacaq)..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma