Seymur Baycan və qəzəblənmiş qadınlar

Seymur Baycan
Öz başıma gəlib. İki dəfə Facebook profilimdə Azərbaycanda qadınlar üçün qeyri-bərabər şəraitin mövcudluğundan yazmışam, çıxış yolları aramağın vacibliyini vurğulamışam. Hər dəfəsində də elə öz cəbhəmizdən olan iki aktivist xanım az qalıb məni dar ağacına çəksin. Bərk mübahisə ediblər, bəlkə də məni neprav çıxarıblar.
Biri, xətrini çox istədiyim bir xanım tipik şən maarifçidir. Məsələn, Hacıbala Abutalıbova rəsmən sorğu göndərir ki, bir vətəndaş kimi sizdən tələb edirəm, Basindəki söküntünü durdurun! Hacıbala Abutalıbovdan cavab gəlir – baş üstə, qələt eləmişəm, bir də sökmərəm.
İkinci xanım – onu uzaqdan-uzağa tanıyıram – tipik inqilabçıdır. Mitinqdən ayağı kəsilmir. İctimai Palata harada aş, bu xanım orada baş. Bəlkə də dost-tanış, qohum-qonşu olmasa gedib Prezident Aparatının qapısını sındırar, birbaşa Əlahəzrəti salar təpiyinin altına.
Xülasə, odur-budur, Azərbaycanda qadınların üzləşdikləri haqsızlıqlar barədə daha heç nə yazmıram, yazanda da ehtiyatla. Adama deyərlər ki, sənin nə işinə qalıb? Qoy qadınlar gedib öz dərdlərini özləri çəksinlər də!
Desəm, bəlkə də təəccüblənəcəksiz, amma qadınların Azərbaycanda qeyri-bərabərliyi barədə fikirlərimlə razılaşan adamlardan birincisi və hələ ki, tək-tük adamlardan biri Cümə məscidi dini icmasının rəhbəri Hacı İlqardır.
Hacı ilə bu barədə olduqca kiçik söhbət zamanı o, çox maraqlı bir fikir deyib – təxmini sitat çəkirəm, vəbalı mənim boynuma – necə ki, adət-ənənə və din adı ilə qadınların şəraitini məhdudlaşdırıblar, eləcə də din və adət-ənənə vasitəsilə onları ictimai həyata qaytarmaq lazımdır.
Razılaşaq ki, çox optimal yoldur, amma bir sekulyar humanist insan kimi, bu barədə müəyyən şübhələrim var.
Mən istərdim ki – və yəqin bu istəyim elmsiz fantastika silsiləsindəndir – qadınlar ayağa qalxıb layiq olduqları, qadir olduqları yeri və haqqı tələb etsinlər. Ölkənin yarısının ya ancaq bozbaş bişirib, ya da ancaq Manqodan, Zaradan şoppinq eləməsi çox irrasional resurs sərfidir.
Yox, qətiyyən “babiy bunt” filan istəmirəm! Deyirəm ki, qadınlar durub sual etsinlər:
– niyə bu ölkədə bütün icra başçıları kişi xeylağıdır, bir nəfər də olsun qadın nazir yoxdur;
– niyə Bakı Dövlət kimi – allah eləməsin – elm ocağının doxsan illik tarixində bir nəfər qadın rektor olmayıb;
– niyə “hicaba azadlıq” qışqıranlar da, hicab üstündə həbsxanaya düşənlər də kişilərdir;
– niyə Bakının mərkəzini çıxmaq şərti ilə az qala bütün respublikada iaşə obyektlərinə və İnternet klublara qadınlar gedə bilmir;
– niyə bir mötəbər beynəlxalq təşkilatın maliyyəsi ilə başqa bir mötəbər beynəlxalq təşkilatın icra etdiyi və qadınların siyasi iştirakını gücləndirməyə yönəlmiş layihənin rəhbəri kişidir.
Özü də bilirsiz necə tələb etsinlər? Martın 8-sinə hələ bir həftə qalmış kişilərə baxdıqları kimi – sanki Şahzadə Diananı sən öldürmüsən, İnterpoldan gizlənirsən. Ya da metroya, avtobusa girən kimi kişilərin başlarının üstünü kəsdikləri formada.
Amma çe faidə darəd?
Bizim qadınlara metroda yer, 8 marta hədiyyə, bahalı gəlinlik paltarı deyəsən daha çox lazımdır, nəinki tutalım, alın təri ilə gəlib icra başçısı, nazir, ya da lap elə Prezident olmaq istəyi.
Bir ölkənin ki, ən böyük və yeganə feministi 75 yaşlı Professor Rəhman Bədəlov ola, daha bizə qorxusu yoxdur.
O ki qaldı Seymur Baycana – niyə sərlövhədə onun adını çəkmişəm – deyim, bilin.
Seymur qadınlar haqqında yazmağı xoşlayır – Tükəzban-1, Tükəzban-2 və bu yaxında dünyanı dəyişmək istəyən “civilərə” də toxunub. Hər dəfə də sanki gözəgörünməz əl dünyanın bütün qəzəblənmiş qadınlarını yığıb tökür həmin sayta, Seymura ağızlarına gələni yazırlar.
Hərçənd bir balaca təcrübəli gözlə yazıya baxsan, Sabirin vaxtı ilə “mən də müsəlmanam, a şirvanlılar!” harayını niyə çəkdiyini başa düşərsən.
Qadınlar isə, Seymuru başa düşmür və sanki Seymur onlara küçənin ortasında sataşıb telefonunu ucadan qışqırıbmış ki, ağızlarına gələni ona deyirlər.
Hüquqları uğrunda mübarizə aparmırlar, cəhənnəmə, heç olmasa Seymura göstərdikləri reaksiyanı onlara küçədə sataşıb, telefonlarını ucadan qışqıran “nervinni oğlanlara” göstərələr, sabah da onlar öz yerini bilə.
Taftalogiyaya görə üzr istəyirəm, amma çe faidə darəd?
Ağalar Məmmədovun İsveçə sığınması barədə

Ağalar Məmmədov mühazirə vaxtı
Deyirlər ki, Ağalar Məmmədov İsveçdən sığınacaq istəyib. Xəbər nə qədər doğrudur, bilmirəm.
Xəbəri ifadə azadlığına patoloji nifrətlə öz oxucularına çatdıran Yeni Xürafat qəzeti belə bir cümlə ilə məqaləyə yekun vurub:
“Belə görünür, din əleyhinə çıxışlar etmək onun İsveçə mühacirəti üçün lazım olub.”
Bunu təkcə Yeni Xürafat yazmayıb. Artıq bütün dindarlar, islamçılar, şəriətçilər Facebook-da tutuquşu kimi bunu təkrarlamağa başlayır.
Fikirləşirəm ki, nə qədər əxlaqsız olmaq lazımdır. Adama qarşı gecə gündüz nifrət körükləyəsən, ölümlə təhdid edəsən, təqiblərin əlindən adam evdən bayıra çıxa bilməsin, tədbirlərə gedə bilməsin, ya da getdiyi tədbirlərdə üstünə hücum edəsən. Axırda da adam bu vəziyyətdən bir çıxış yolu tapanda, deyəsən – o özü belə edirdi ki, xaricə qaçsın.
Bəs o zaman siz niyə onu təqib edirdiniz, öldürmək istəyirdiniz, cənablar? Siz də onu xaricə qaçırtmaq istəyirdiniz?
Əslində hadisələr tərsəmayallıq inkişaf edib.
Gərək Ağalar Məmmədovu Rafiq Tağı kimi öldürərdilər. Qaranlıq podyezddə, işdən qayıdanda. Ya da lap yaxşı olardı ki, Xəzər Universitetinin qapısı ağzında, dərsə gələndə, elə öz tələbəsi bıçağı ürəyinə soxardı. Sonrası da məlum məsələ.
Çingiz Sultansoy deyərdi ki, Ağalar tənqid etmirdi, provokasiya edirdi.
Hacı İlqar gənc tələbənin hüquqlarının müdafiəsi komitəsi qurardı və deyərdi, humanizm adı altında mənəvi terroru durdurun!
Onda Yeni Xürafat da manşetə çıxarardı: “İslamı təhqir edən filosof şoşkalandı!”
İctimai Palata isə… hmm, İctimai Palata.
P.S. Bax bu linkdə isə Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Ağalar haqqında yazısını oxuya bilərsiniz. Bu insanlar sonra necə hicabı müdafiə edəndə utanmadan, qızarmadan demokratik dəyərlərə, insan hüquqlarına apelyasiya edirlər?
Bəs Gəncə haradadır?
Belə bir provokativ sual.
“Əli və Nino” mağazalar şəbəkəsi onlayn kitab satışı ilə də məşğuldur. Sayta daxil olursunuz, istədiyiniz kitabı seçirsiniz, mağazadakı qiymətindən ucuz və kitabı qapınıza qədər gətirirlər. Bunu reklam üçün demədik, kontekst üçün dedik.
Bu yaxınlarda mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli onlayn kitab sifarişinə görə Azərbaycanın şəhərlərinin onluğunu açıqladı.
- Bakı
- Sumqayıt.
- Naxçıvan
- Zaqatala
- Mingəçevir
- Astara
- Beyləqan
- Yardımlı
- Ağstafa
- Yevlax
Bu siyahıya baxanda insan istər-istəməz özünə bir sual verir – bəs Azərbaycanın ikinci böyük şəhəri, bir akademiyası, iki dövlət və iki özəl universiteti olan Gəncə şəhəri haradadır?
Yəni 400 min əhalisi olan Gəncədə 50 min əhalisi olan Yardımlıdakı qədər kitab oxuyan yoxdur? Yoxsa Gəncə sakinləri Astara sakinlərindən də kasıbdır? Bəlkə Gəncə Zaqataladan da uzaqdır? Ya da Naxçıvan kimi blokadadadır?
Görəsən səbəb nədir?
