Xocalı Etiket Arxivləri:

Qara ləkə

xocali-abidesi1

Bakıda Xocalı abidəsi (Modern.az)

Məlun “siçan zəhəri” söhbətindən düz bir il ötür. İcazə verin bir qədər uzaqdan başlayım, amma bu dəfə qısa kəsəcəm. Artıq bir dəfə uzan-uzadı yazmışam.

Bu yaxınlarda ABŞ Senatının xüsusi komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçulara işgəncə verməsi ilə bağlı hesabatını təqdim edirdi. ABŞ üçün olduqca həyati və milli təhlükəsizlik məsələsi olsa da, senatın həmin iclası canlı yayımlanırdı. (Bu arada, ABŞ Konqresində ən xırda tədbir də İnternetdə canlı yayımlanır, amma Milli Məclisin ancaq plenar iclasından ancaq 5 dəqiqə göstərirlər televiziyada, o da yalan-palan.)

Komitənin artıq keçmiş sədri Diana Faynstayn hesabatı təqdim edərkən çox maraqlı bir ifadə işlətdi. Dedi ki, bu terrorçulara işgəncə verilməsi bizim üzərimizdə qara ləkədir, biz bu qara ləkəni heç zaman təmizləyə bilməyəcəyik. Amma qoy hamı görsün ki, ABŞ özündə güc tapdı, qalxıb öz günahlarını etiraf elədi. Və bunlar bir də heç zaman təkrarlanmalıdır. Qoy bu, bizə dərs olsun.

Axıra yaxın bir respublikaçı senatora söz verdilər (işgəncə praktikası respublikaçı Buşun vaxtında qəbul edilmişdi). Həmin respublikaçı senator da çox maraqlı çıxış etdi. Dedi ki, mən başa düşürəm, bu işgəncə praktikasını qəbul edən və tətbiq edənlərin yaxşı niyyəti olub, Amerikanı terrordan qorumaq. Bəlkə bu praktika Amerikanı terror hallarından da qoruyub. Ancaq biz terrorçulara işgəncə verməklə yanlış hərəkət etmişik, öz ideallarımıza xəyanət etmişik, nəticələrinə baxmayaraq bunlar baş verməməli idi. Və bunlar bir də heç zaman təkrarlanmamalıdır.

(Bütün sitatları yaddaşımdan təkrarlayıram)

İndi burada ABŞ haqqında uzun panegirika açmaq istəmirəm, düşmənləri kimi, yaltaqları da çoxdur. Ancaq ABŞ siyasətində bir məqama diqqət çəkim. ABŞ və onun siyasətçiləri dəhşətli səhvlər buraxırlar (bütün dövlətlər və siyasətçilər kimi), amma əksər dövlətlər və siyasətçilərdən fərqli olaraq zaman-zaman özündə güc tapıb günahlarını etiraf edirlər. Və qəbul edirlər ki, bu günahlar onların üzərində yuyulmayan qara ləkədir. Bu ləkələr insanlıq mövcud olduqca göz önündə duracaq və onlara dərs olacaq.

Məhz buna görə də Bakıda “Amerika dinləmələri” keçirib pafosla “ABŞ-da quldarlıq olub” bəyanatlarının təsiri mənfi birə bərabərdir. Onsuz da bizim rəiyyətin belə şeylər vecinə deyil, amerikanlarda isə maksimum xəfif təbəssüm doğurur. Bəli, ABŞ-da XIX əsrin ortalarına kimi quldarlıq olub, amma ABŞ bütün tarixi boyu ən qanlı müharibəni də quldarlığın ləğvi uğrunda aparıb. Bakıda hər hansı iqtidar nümayəndəsinin “ABŞ-da quldarlıq olub” bəyanatına amerikanlar hələ 1865-də cavab veriblər, 600 min şəhid və başdan-başa dağıdılmış 11 cənub ştatı qismində.

Əlbəttə, özünü qüsursuz hesab edən, haradasa günah etməsi ehtimalını heç yaxına buraxmayan, etiraf və üzrxahlıq mədəniyyəti olmayan Azərbaycan siyasətçiləri və “siyasətçiləri” belə əhəmiyyətli nüansları anlamaz. İstər iqtidarlı, istər müxalifətli. Müqəddəs Kitabda deyildiyi kimi, onların gözləri, qulaqları və qəlbləri möhürlənib.

Ona görə də hamısı kostyumlarında saysız-hesabsız qara ləkələr gəzib dolaşır, amma heç biri bu qara ləkələri görmür və görmək də istəmir.

İndi həmin qara ləkələrdən birinin ildönümüdür. Düz bir il öncə Erkin Qədirlinin məlun “ziçan zəhəri” Sargsyanın boşqabına düşməsə də, Azərbaycanın ictimai fikrinə düşüb mühiti zəhərlədi, ictimai əxlaqa, mənəviyyata zərbə vurdu, ədalət və digər ali idealları tapdaq altına atdı, çoxlarının populizm və primitivizmdən xilas etməyə çalışdığı siyasəti yenə gətirib həmin bataqlığın ortasına tulladı.

Erkin Qədirli isə hələ də kostyumunda o yekə qara ləkə ilə gəzib-dolaşır. Bəlkə də fəhmi ilə haradasa yanlış etdiyini duyur (ümid edirəm), amma gözləri, qulaqları və qəlbi hələ də möhürlənib.

Təkrara hacət var, ona görə bir daha deyim. Xocalı qətliamı Qarabağ müharibəsinin ən ciddi hərbi cinayətidir. Yüzlərlə qadın, uşaq və digər mülki vətəndaşımız erməni silahlı birləşmələri tərəfindən fərq qoyulmadan qətlə yetirilib. Kifayət qədər sənəd-sübut var. Cinayətkar da etiraf edib. Azərbaycan bu qətliamda qurbandır. Azərbaycan həm də haqlı tərəfdir. Ona görə də Azərbaycanı haqlı ikən haqsız tərəfə çevirən bütün hərəkətlər qəti şəkildə pislənməlidir.

Bu açıq aşkar hərbi cinayətə, mülki əhalinin kütləvi qətlinə mücərrəd soyqırım adı verib özümüzü müdafiə olunmaz hala gətirmək, İrandan-Turandan şəkillər çırpışdırıb İnternetdə Xocalı adı altında paylaşmaq (gerçək şəkillər və videoçəkilişlər olduğu halda), ədalət mühakiməsi əvəzinə “qana qan”, “siçan zəhəri” çağırışları Azərbaycanın mənəvi üstünlüyünə ağır zərbədir. Bu elə ağır zərbədir ki, heç düşmən də istəsə, bizə vura bilməz. Bu zərbəni ancaq özümüz özümüzə vururuq.

Xocalıya ədalət lazımdır. Bu ədaləti başqalarından istəməzdən öncə özümüz bu ədalət üçün çalışmalıyıq və bu ədalətə nail olmağın yolu dürüstlükdən, bütövlükdən və bütün digər insan fəzilətlərindən keçir.

Erkin Qədirli və onun cümhuriyyətçiləri özlərini 1918-1920-nin cümhuriyyətçilərinin mənəvi varisi hesab edir. Amma sözdə varis olmaq kifayət etmir axı. Adı yox, idealları yaşatmaq lazımdır. Realçılar fəxrlə deyirlər ki, kitab oxumurlar, amma heç olmazsa bir dəfə açsınlar Solmaz Rüstəmova-Tohidinin araşdırmalarını, görsünlər AXC hökuməti 1918-in mart qırğınlarına cavab olaraq hansı tədbirləri görüb, hansı istintaqları aparıb, ədalət mühakiməsinə necə can atıb, ədaləti bərqərar etmək üçün hansı addımları atıb. Məgər pul və silah göndərib Dağıstanda və o zaman erməni işğalında olan Naxçıvanda üsyanlar təşkil edən hökumət istəsəydi Yerevanda daşnakların boşqabına “siçan zəhəri” atdıra bilməzdimi?

Gəlin bu suala cavabı ABŞ-ın ən mütərəqqi prezidentlərindən biri, öz dövrünü qabaqlamış Vudro Vilsonun dilindən verək:

Bilirsinizmi Azərbaycan haradadır? Bəli, bir gün Azərbaycandan bir qrup hörmətli və maraqlı cənab məni ziyarətə gəldi. Mən onların haradan gəldiyini yalnız onlar gedəndən sonra vaxt tapıb öyrənə bildim. Ancaq mən bir məsələni dərhal anladım: bu insanlar ideyalar, azadlıq, hüquq və ədalət haqqında mənim danışdığım dildə danışırdılar.

Do you know where Azerbaijan is? Well, one day there came in a very dignified and interesting group of gentlemen who were from Azerbaijan. I didn’t have time, until they were gone, to find out where they came from. But I did find this out immediately: that I was talking to men who talked the same language that I did in respect of ideas, in respect of conceptions of liberty, in respect of conceptions of right and justice.

 

Bir şərh yazın

Kateqoriysı Azərbaycan

Bizə Allahın qəzəbi lazımdırmı?

Münhen qətliamından foto (AP)

Münhen qətliamından foto (AP)

Sargsyanın yeməyinə siçan zəhəri qataq ya qatmayaq? Münhen yoxsa Nürnberq?

Zəruri arayış

1972-də Münhendə yay olimpiadası zamanı fələstinlilərin Qara Sentyabr terrorçu qrupu İsrail komandasının qaldığı mənzillərə hücum edir, idmançıları girov götürür. Münxen qətliamı adını almış bu faciə zamanı terrorçular zərərsizləşdirilsə də, 11 israilli idmançı da həlak olur.

Buna cavab olaraq İsrail hökuməti “Allahın qəzəbi” əməliyyatına start verir. İyirmi il ərzində İsrailin xüsusi xidmət orqanı Mossad dünyanın müxtəlif ölkələrində bu terror aktına görə birbaşa və dolayı məsuliyyət daşıyan şəxslərin qətlini təşkil edir.

Əgər Münxen qətliamı insanlıq adına necə utancverici ləkə idisə, ədalət mühakiməsi olmadan “Allahın qəzəbi” adı altında həyata keçirilən bu qətllər də bir elə utancverici əməldir. Dünyada heç kəsin buna şübhəsi yoxdur.

Xocalı üçün ədalət yox, qisas?

Xocalı faciəsinin növbəti ildönümündə Erkin Qədirli yenə də bomba partladıb, Facebook profilində özünəməxsus bir çağırış edib. Erkin yoldaş yazır:

“Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir. Bu işi xüsusi xidmət oqranlarımız çoxdan etməliydilər. Texniki baxımdan mümkündür. Görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa, yetər. Sonra bunu dana, lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa, uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və ya üçüncü tərəfin əliylə də bunu etmək olardı. Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq.”

Təbii ki, İnternet icmasında bu mövqe birmənalı qarşılanmayıb. Bir xeyli şəxs şok keçirsə də, bir xeylidən də xeyli insan ciddi orqazm yaşayıb.

Gözünüzü yumun və bir anlıq təsəvvür edin ki, Yerevanda prezident sarayında azərbaycanlı çekist Sargsyanın başına güllə çaxır – cəlbedici deyilmi?

Sonra da Azərbaycanın Stiven Spilberqi – Vahid Mustafayev bu barədə bir kino çəkir, elə Spilberqin “Münhen” filminin plagiatını.

Facebook-da Erkinə etiraz edənlərdən Azərbaycan vətənpərvərləri hiddətlə soruşurlar: niyə İsrail bunu edə bilər, amma biz edə bilmərik? Biz də Münhen istəyirik!

Saxtakar və ikiüzlü reaksiyalar

Erkinin mövqeyindən orqazm yaşayan azərbaycanlıların kim olduğuna aşağı-yuxarı bir nəzər saldım. Təxminən eyni bir təbəqənin insanları.

Çox maraqlıdır ki, ayrı vaxt hansısa israilli əsgər bir fələstinli uşağın barmağını qanatsa, bu şəxslər tərəddüd etmədən Ben Quriondan Şimon Peresə kimi bütün yəhudi xalqına lənət yağdırıb, İsrailin məhvinə çağırar. Amma indi İsraili nümunə çəkir, onu təqlid etməyə çağırır.

Axı “Allahın qəzəbi” əməliyyatı zamanı yenə də israillilər fələstinliləri öldürürdü, bəs bu necə olsun?

Münhen filminə baxıb onu başa düşməyənlər

Bu hadisə zamanı aydın oldu ki, bir çoxları “Münhen” filminə baxıb onu heç düzgün başa düşməyiblər.

Spilberqin bu filmi Mossada, onun fəlsəfəsinə və “Allahın qəzəbi” əməliyyatına tərifnamə deyil. Filmdə çox ciddi tənqid var. Və ictimai qınaq. Nəzərə alsaq ki, Spilberq özü də yəhudi və İsrailpərəst fəaldır, bu, həm də çox ciddi özünütənqid və özünüqınaqdır. Spilberq birmənalı olaraq “Allahın qəzəbi” əməliyyatına qarşıdır.

Filmə iki göz, iki qulaq və açıq beyinlə baxan hər kəs bunu görə bilər.

Bəs Allahın qəzəbi effektiv oldumu?

Yaxşı, Spilberqi kənara qoysaq, bəs Mossadın bu əməliyyatını necə dəyərləndirmək olar? Allahın qəzəbi öz işini görə bildimi?

Hərbi və kəşfiyyat məsələləri üzrə mütəxəssis və jurnalist Aaron J. Klein (Obamanı kommunist elan etmiş başı havalı radio jurnalist Aaron Klein ilə qarışdırmayın) əməliyyatda iştirak etmiş Mossad əməkdaşlarından müsahibələr əsasında yazdığı kitabda maraqlı qənaətə gəlib. Sən demə, əməliyyat heç də qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib. Münhen qətliamının əsas təşkilatçıları “Allahın qəzəbindən” qurtula biliblər. Mossad üçüncü-dördüncü dərəcəli terrorçuları və bəzən də məsələyə dəxli olmayan ictimai xadimləri qətlə yetirə bilib. Bəzi təşkilatçılar hələ də azadlıqda gəzir, bəli!

Mossad üzrə ekspert və “Yediot Ahronot” qəzetinin təhlükəsizlik məsələləri üzrə əməkdaşı Ronen Berqman bu əməliyyatı strateji uğursuzluq adlandırır. Bu əməliyyat İsraildən kənarda fələstinlilərin terror əməllərinə son qoydu, Berqman deyir, amma Yaxın Şərqə sülh gətirdimi?

Keşmiş Mossad əməkdaşı Viktor Ostrovski isə qeyd edir ki, Mossad bütün diqqətini “Allahın qəzəbinə” yönəltdiyindən 1973-cü il Yom Kippur müharibəsinin başlamasını öncədən görə bilmədi. Nəticədə İsrail özünün tarixində ən ağır müharibəsini yaşadı, ilk dəfə qələbə çala bilmədi, özünə əminliyini itirdi.

Quod licet Iovi, non licet bovi?

Yaxşı, bəs Spilberqin “Münhen” filminə baxıb, onu düz anlamayıb qisas tələb edən azərbaycanlılar heç düşünürmü ki, İsrailin bacara bilmədiyi bir işi Azərbaycan bacaracaq?

Eşitməmisiniz ki, quod licet Iovi, non licet bovi? Yəni Yupiterin edə bildiyini, öküz edə bilməz? Bəs əgər bunu heç Yupiter də edə bilməyibsə?

(Yupiter və öküz sözlərini fərqli yozmayın, bu atalar sözü qədim Roma dramaturqu Terensiyə gedib çıxır və Zevsin öküz cildinə girib Avropanı oğurlaması mifinə işarə edir.)

Əgər o boyda Mossad cinayətkarları “Allahın qəzəbinə” tuş gətirə bilmədisə, bəs kim zəmanət verə bilər ki, Erkin Qədirlinin “Siçan zəhəri” doğru boşqaba düşəcək?

Erkin Qədirlinin dağın başından yuvarlanması

Bu yaxınlarda Eynulla Fətullayev maraqlı müsahibə vermişdi. Demişdi ki, istəsəm bir günə müxalifətin sevimlisinə çevrilərəm, amma istəmirəm.

Eynulla düz deyir. Azərbaycanda “müxalifətin”, daha doğrusu işi-gücü Facebook-da status yazıb link paylaşmaq olan “prazdnıy tolpa”nın sevimlisinə çevrilmək çox asandır. Bir-iki babat status, müzakirə doğuracaq alternativ mövqe, hökuməti və məmurları virtual kötəkləmək, bir-iki leksiya, məqalə, kitab – siz artıq qəhrəmansınız.

Erkin də bizim ictimai sektorun fikir adamı, yeni nəsil ziyalısı, cavanların həsədlə baxdığı intellektual, yüzlərlə, minlərlə insanın (o cümlədən, mənim) mənəvi müəllimi idi. Öz doğru, prinsipial və yenilikçi mövqeyi ilə. Amma elə ki, Erkin müəllim BDU-nun, Kapelhausun, AFU-nun auditoriyasından bayıra çıxdı, siyasətə qoşuldu, oldu Erkin bəy – bir də gördük ki, astronomik surətlə dağın başından aşağı yuvarlanır.

Bir çoxları Erkinin “siçan zəhəri”ndən şoka düşüb ayıldı. Mən şəxsən İsa Şahmarlının intiharı barədə mövqeyindən sonra sizi xəbərdar edirdim. Məndən qat-qat ağıllı adamlar isə hələ “sağ avtoritarizm” manifestindən həyəcan təbili çalır.

REAL-lıq isə göz qabağındadır – Erkin Qədirli yaxşı müəllim, fikir adamı idi, amma ondan çox pis siyasətçi çıxacaq.

Cümhuriyyət dedik, amma daha demədik ki, “qırmızı ştatların” respublikaçılığını gətirib Azərbaycanda bərqərar edək. Bizə bu gün hava və su kimi lazım olan – Karterin, Klintonun, Obamanın demokratçılığıdır, əgər müqayisəli danışmalı olsaq.

Onsuz da ölkəmizdə Corc Buşların, Dik Çeynilərin, Donald Ramsfeldlərin əlindən tərpənmək olmur, birinin də gəmi ilə gəlməsi lazım deyil.

Bəs Xocalıya nə lazımdır?

Xocalıya ədalət lazımdır, bəli. Amma həqiqi ədalət.

Xocalı qətliamı – Qarabağ müharibəsinin ən ciddi hərbi cinayətidir. Yüzlərlə günahsız mülki vətəndaşımız – qadınlar, qocalar, qundaqdan yeni çıxmış körpələr erməni silahlı birləşmələri tərəfindən fərq qoyulmadan qətlə yetirilib. Sübutlar da var, özü də həddindən çox. Cinayətkarlar da bilinir. Müharibə cinayətləri araşdırılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Özü də açıq və demonstrativ şəkildə! Tarixdə Nürnberq kimi möhtəşəm nümunə varkən, Münhenə qaçmağa nə hacət?

Bonus – rasional insanlar üçün test

Erkin Qədirlinin mövqeyi ilə bağlı bir şey deməyi burada bitirək. Jan de Labrüyer demişkən, “bütün sözlər artıq deyilib və biz doğulmağa gecikmişik.” Amma bir metod təklif edə bilərəm, Erkin Qədirlinin mövqeyini dəstəkləyən rasional insanlar üçün. Bir test etsinlər, görsünlər nə çıxacaq.

Moskvada məşhur və dəhşətli dərəcədə savadlı bir sosioloq var, Aleksandr Yuryeviç, əslən Bakılıdır, Moskva Siyasi Araşdırmalar Məktəbindən. O həmişə deyir ki, əgər fikirlərinizin məhəlli yox, nə qədər bəşəri olduğuna əmin olmaq istəyirsinizsə, onları bildiyiniz əcnəbi dillərdən bir-ikisinə tərcümə edin, məsələn ingilis, alman, fransız və sair. Sonra oxuyun. Görün bütün dillərdə eyni effekti verirmi?

İndi Erkin Qədirlinin fikirlərini ingilis dilinə tərcümə etsək, görün nə alınır?

What we need for Khojaly is revenge rather than justice! The main perpetrators of the crime – Robert Kocharyan, Seyran Ohanyan and Serzh Sargsyan must be assassinated. Our national security services should have done it already. It is possible technically. There is no need for a demonstrative revenge. It is enough if their food gets poisoned. Then we can deny it and even give our condolences. In any case, we can blame “radical opposition”, “popular avengers” or someone else (if there is no-one, we can create them) and we can even set-up a sham court (with special favors for prisoners inside, followed by amnesty). We can accomplish this task even with the help of Armenians themselves or the third party. The only thing is to be sure that they will not die from natural causes.

Nə deyirsiniz, razılaşa bilirsinizmi?

Əlavə bonus – kitab oxuyun!

Bu günlərdə kitab oxumağa çağırış dəbdədir. Mən də bu çağırışa uyaraq sizi iki kitabı oxumağa dəvət edirəm.

Birincisi, Münxendən sonrakı “Allahın qəzəbi” əməliyyatının nə qədər illüziya olduğunu anlamaq üçün Aaron J. Klein tərəfindən yazılmış “Striking Back: The 1972 Munich Olympics Massacre and Israel’s Deadly Response” kitabını oxuyun, maariflənəcəksiniz.

İkincisi, əgər İsrailin təcrübəsini tətbiq edib, onun yaxşı əməllərini təkrarlamaq istəyirsinizsə, onda Dan Senor və Saul Singer tərəfindən yazılmış “Start-up Nation: The Story of Israel’s Economic Miracle” kitabını tövsiyə edirəm.

7 Şərh

Kateqoriysı Azərbaycan