Taylandda analoqu olmayan etiraz aksiyası

Tayland müxalifətçiləri (AP)

Assoşieyted Pressin verdiyi məlumata görə bu günlərdə Bangkokda etiraz aksiyası keçirən 100 mindən çox müxalifət tərəfdarı öz liderlərinin çağırışından sonra təcili sürətdə qan verməyə başlayıblar. Küçələrdə qurulmuş səyyar tibb məntəqələrində yığılacaq 1 milyon kub santimetr qanı müxalifət Hökumət Evinə tökməyi planlaşdırır.

Müxalifət liderləri parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Əgər onların tələbi yerinə yetirilməsə, onlar bu simvolik qan qurbanını davam etdirərək, hakim Demokrat partiyasının qərargahını və Baş Nazirin evini də qana bulayacaqları barədə xəbərdarlıq ediblər.

Advertisements

Somalidə analoqu olmayan bilik yarışı

BBC-nin bu yaxınlarda verdiyi məlumata görə Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər. Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.

Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub. Mükafatlandırma mərasimində çıxış edən qruplaşma üzvü Şeyx Abdullahi Əlhaq deyib ki, mükafatların silah-sürsat olmasının əsas səbəbi gəncləri Somalidə gedən müqəddəs müharibədə daha aktiv iştirak etməyə çalışmaqdır.

Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub.

BBC: Guns given to Somali quiz winners

İnternet və daha bir insan hüququ

Bir qədər öncə sizə Azərbaycanın əksər internet istifadəçilərinin nə əziyyət çəkdiyini yazmışdım – daha doğrusu bu əziyyəti ANTV heyəti çox əyani şəkildə təsvir etmişdi. İndi isə gəlin dünyanın o biri başına, uzaq şimal diyarına baxaq.

Bu yaxınlarda xəbər gəldi ki, Finlandiya hökuməti dünya tarixində daha bir presedentə imza atıb. Belə ki, bundan sonra Helsinki hər bir vətəndaşın yüksək sürətli internetə sahib olma hüququna tanıyacaq. Daha doğrusu elə bu hüququ rəsmi Helsinki özü təsis edib. Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyinin qərarına əsasən gələn ilin iyun ayından hər kəsin ən azı 1 meqabit internet sürətinə sahib olma hüququ olacaqdır.

Təəccübləndiniz? Hələ bu harasıdır! 2015-ci il üçün Finlandiya hökuməti bu minimal həddi 100 meqabit səviyyəsinə qaldırmağa qərarlıdır.

Sabir demişkən, əcnəbi göydə balonlarda gəzir…