Yox, demokratiyaya ancaq elə siz layiqsiniz!

Bakıda mitinq, 6 sentyabr 1989

İndi bütün şüurlu tarixləri boyu sıraya düzülə bilməyən bir millətin nümayəndələri gecə-gündüz Facebook-da özlərinə əl qatıblar ki, bu qəbilə-tayfa rejimində yaşayan liviyalılar kimdir axı Qəddafini yıxsın, demokratiya istəsin?

Xarici konsulluqların birində dayanmışdıq, viza sənədlərini təqdim etmək üçün vaxt təyinatı alırdıq. Güc-bəla ilə özümüz növbə də düzəldə bilmişdik. Mən də buna baxıb qəfil fikrə gəlmişdim ki, yox, ümidsiz deyilik, biz də deyəsən nəyəsə qadirik.

Elə bu fikirdən induksiya-deduksiya edib biz də demokratiyaya layiqik fikrinə gəlmək istəyirdim ki, bir müasir görünüşlü qadın konsulluğa gəldi və heç kəsə əhəmiyyət vermədən keçdi birbaşa yuxarı başa. Saymazyana pəncərəyə yaxınlaşıb vaxt təyinatı verilən saatda vizalı pasportunu geri almağa cəhd elədi. Görəndə ki, mümkün deyil, bayıra çıxıb konsulluqdan kiməsə zəng elədi. “Salam, əzizim, necəsən”, xahiş-filanla, pasportunu düşürüb ona verdilər.

Yadıma başqa bir əhvalat düşdü. Neçə gündür telekanallardan, İnternetdən izlədiyimiz mənzərə – əyalət şəhəri Misratada bir meyvə-tərəvəz bazasında Qəddafinin meyitinə baxmaq üçün yüzlərlə sadə liviyalı ədəb-ərkanla sıraya düzülüb və səbrlə öz növbəsinin çatmasını gözləyir. Nə sıradan çıxan var, nə sıranı adlayan, nə də bir yerə topalaşıb sıranı pozan.

Bu bloq yazısını yazanda yadıma başqa bir məsələ də düşdü. Seymur Baycanın “Quqark” kitabında belə bir məqam var – dükana çörək gəlir və səhərdən çörək gözləyən insanların arasına az qala dava düşür. Bu vaxt bir dəstə əlisilahlı rus əsgəri gəlir, camaatı zorla, avtomat lüləsi altında sıraya düzür və bir neçə dəqiqə ərzində hamı çörəyini alıb gedir.

İndi bütün şüurlu tarixləri boyu sıraya düzülə bilməyən bir millətin nümayəndələri gecə-gündüz Facebook-da özlərinə əl qatıblar. Deyirlər ki, bu qəbilə-tayfa rejimində yaşayan liviyalılar kimdir axı Qəddafini yıxsın, demokratiya istəsin? Hamısı amerikanların, imperialistlərin, yekəbuynuz masonların işidir, gəlib adil hökmdar Qəddafini yıxdılar. Liviya xalqına Qəddafi lazım idi, onlar hələ demokratiyaya layiq deyil.

Bu yerdə adam sadəcə bir söz demək istəyir – yox, demokratiyaya ancaq elə siz layiqsiniz! Başqa kimsə yox!

İngilislər demişkən, nah!