Vətən neçəyədi?

Почем Родина?
Почем Родина?

Gerçək hadisədir. Sovetlər yeni avtomobil buraxmağa hazırlaşır, QAZ M20 modelini. Avtomobilin adını da Rodina, yəni Vətən qoyurlar. Layihəni Stalinə təqdim edirlər ki, təsdiq etsin. Stalin yeni avtomobillə tanış olarkən birdən soruşur: “Почем Родина?” Yəni “Vətən neçəyədi?” Bundan sonra avtomobilin adını dərhal dəyişirlər — olur Pobeda.

İndi isə Seymur Baycanın yazısından bir hissə verim. Bu da gerçək hadisədir:

[B]iz bir Azərbaycan kəndində (Gürcüstanda Təkəli kəndi — Ə.N.) üçtərəfli görüş keçirirdik. Tədbirdə ermənilər, gürcü və azərbaycanlı sənət adamları iştirak edirdilər. Görüş ona görə kənddə keçirilirdi ki, iştirakçılar oteldə deyil, evlərdə yaşasın və xeyir yerli camaata qalsın. Donorlar şərti belə qoymuşdu. Həm də adamlar yazıçı, şair, rejissor, aktyor görsünlər. İcma inkişaf eləsin.

Tədbir keçirdiyimiz zaman qəfildən bir qardaş peyda oldu. Ermənilərlə bir tədbirdə iştirak etdiyimizə görə bizi vətənə xəyanətdə ittiham etdi. Sonra da özünün millətçi, bozqurdçu, atatürkçü olduğunu dedi. Onun neçə kitab oxuduğunu soruşdum. Cavabı bu oldu ki, yüzlərlə kitab oxumuşam. Üç kitabın adını çəkməsini istədim. Bircə kitabın da adını çəkə bilmədi. Sonra dedi ki, kitabın söhbətə nə dəxli var?

Qərəz, axşam düşdü. Tədbir iştirakçılarını evlərə paylamağa başladılar. Qardaş eşitdi ki, hər adama görə təşkilatçılar ev sahibinə əlli dollar pul ödəyirlər. O da evə aparmaq üçün adam istədi. Ona iki erməni verdilər. Günorta bizi vətənə xəyanətdə ittiham edən “millətçi”, “atatürkçü”, “bozqurdçu” qardaş [axşam] quzu kimi sakitcə erməniləri evinə apardı.

Məlum oldu ki, bu qardaşın vətənpərvərliyinin, millətçiliyinin, bozqurdçuluğunun, atatürkçülüyünün qiyməti çox da baha deyilmiş. Cəmisi əlli dollar imiş.

Həqiqətən də, vətən görəsən neçəyədir? Cəmisi əlli dollaramı? Bu qədərmi ucuz?

Azərbaycan Gənclər Fondu elə fikirləşmir. Neftin qiymətinin birjada pas de chat-ları, pas de cheval-ları manatın kursuna təsir etmədiyi kimi vətənpərvərliyin kursuna da hələ təsir etməyib.

Məsələn, tutaq ki deyirsiniz — Vətəni sevək! Dərhal sizə 11,400 AZN.

Yox, əgər bir az uzunçuluq etsəniz və desəniz — Vətənimizi sevək – tariximizi öyrənək! — onda kurs yarıbayarı aşağı düşür, olur cəmi 6,300 AZN.

Ona görə də qısa və konkret demək lazımdır — Hər şey Vətən üçün! Dərhal 7,200 AZN.

Zamin Hacı artıq bu barədə qısa, amma dəqiq yazıb, mənim nəsə əlavə etməyimə ehtiyac yoxdur. Mən başqa məsələyə toxunmaq istəyirəm.

Görün vəziyyət hansı həddə gəlib çatıb ki, kiminsə “Vətəni sevək!” deməsi üçün ona 11,400 manat vermək lazımdır.

Bilmirəm, bəlkə mən köhnə nəsiləm, amma biz uşaq olanda deyirdilər ki, Vətəni təmənnasız sevmək lazımdır. Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz. Hərçənd, böyüyəndən sonra öyrəndim ki, dövlət ona qurban lazım olanda özünə Vətən deyir.

İndi də neft düşür, qurbanlar lazım olacaq, yəqin ona görə Dövlət yenə də Vətəndir.

Əslində bütün müstəqil vətəndaş cəmiyyətini “beşinci kolon”, xaricdən qrant aldığı üçün vətən xaini çıxaranda (bəs Azərbaycan hökumətinin xaricdən aldığı çoxmilyonluq qrantlar necə olsun?) nəticə də belə olmalı idi.

Əgər düşünsəniz ki, əcnəbilər bizim bəzi vətəndaşlarımıza qrant verir ki, onlar vətəni sevməsinlər (hansı ki bu ehtimal əsl absurddur), onda gərək özünüz bəzi vətəndaşlara qrant verəsiniz ki, onlar Vətəni sevsinlər (hansı ki absurdun absurdudur).

Vətəni sevmək üçün kiməsə pul verəndə də özünüz Vətənin qiymətini müəyyən edirsiniz. Bəzən 50 dollar, bəzən də 11,400 manat. O baxır Vətənin birjada kotirovkasına.

Qrantla indiyə qədər çox iş görmək olurdu. İnsan hüquqlarını müdafiə etmək, seçkiləri müşahidə etmək, mediada monitorinq aparmaq, liderlik təlimi keçirmək, sahibsiz küçə heyvanlarına qayğı göstərmək.

Deyəsən bundan sonra Vətəni sevmək də qrantla olacaq.

Qrant qurtaranda adətən layihə üzrə fəaliyyətlər də bitir. Yəqin Vətəni qrantla sevmək məsələsində də — qrant bitəndə Vətənə sevgi bitəcək. Ən azı növbəti qranta qədər. Yeni qrant olanda yenə Vətəni sevmək olar.

İndi isə gedək vergi və sosial müdafiə hesabatlarını verməyə. Vətəni sevmək üçün bu rüb filan qədər qonorar almışam. Bu da onun 4 faizlik vergisi. Bu rüb isə heç bir fəaliyyətim olmayıb. Ona görə də Vətəni sevməmişəm. Vergi və sosial müdafiə hesabatlarımı da boş təqdim edirəm.

Absurd deyilmi? Əlbəttə absurddur. Anar Məmmədlinin və İntiqam Əliyevin güya beşinci kolon, vətən xaini olması, Amerika dövlətinin 17 yaşlı uşağa Molotov kokteyli hazırlamağı öyrətməsi kimi absurd.

Emin və Adnan həbs olunanda birinci gün məhkəmənin qarşısına 200-dən çox adam gəlmişdi. Sonra onların bəzilərinə, ya da onların ailə üzvlərinə təzyiqlər oldu, və sair çoxsaylı səbəblər. Üstündən xeyli keçib, açıb-ağartmağa ehtiyac yoxdur. Növbəti məhkəmə iclasına cəmi 50-60 adam gəlmişdi. Və bu 50-60 adam hər şeyə rəğmən bütün məhkəmə iclaslarına gəlirdi. Əksəriyyəti içəri keçə bilməsə də, yenə gəlib bayırda gözləyirdi. Bilirdilər ki, ora gəlməklərinin heç bir mənası, hətta xeyri yoxdur. Sadəcə gəlirdilər. Təbii, bir çoxunun öz fərdi, şəxsi səbəbləri ola bilərdi, amma əksəriyyəti öz dostlarına, yoldaşlarına görə gəlirdilər. Atalarımızın şablon sözü ilə desək, dost dar gündə tanınar. Amma bir də var, dostun üçün heç bir mənası, heç bir xeyri olmayan bir işi görəsən, davamlı olaraq və bu, sənin ziyanına olsa da. Əcnəbilər də onlara qrant vermirdilər ki, məhkəməyə gəlsinlər.

Mədəni cəmiyyətdə elə şeylər var ki, onları pulla almaq olmaz. Dostluq kimi. Ələlxüsus da, Vətənə sevgi kimi. Vətəni sevmək üçün pul alanlar sabah pul qurtaranda Vətəni yenə sevəcəkmi?

Və sonda, 2013-cü ilin 10 oktyabrında yazdığım bir qeydi təkrar paylaşmaq istəyirəm. Təəssüf ki, hələ də aktualdır:

Bir az pritça ilə danışacam, üzrlü sayın. Nikolayın yıxılmağı xəbəri Bakıya çatanda başda beynəlmiləl Bakı milyonçuları olmaqla əhalinin böyük bir qrupu bu xəbəri dəhşət içində qarşılamışdı. İmperiyanın ucqarı, inqilabi şəhər – amma Nikolayın portretini bir adama verib, faytonla şəhərdə gəzdirirdilər, etiraz əlaməti olaraq. Daşa basırdılar, fitə basırdılar, söyürdülər, amma fayton bir müddət bu küçələri gəzdi. Dünən də təsadüfən YAP-ın qələbə mitinqinə rast gələndə ilk ağlıma gələn bu söhbət oldu. Çolaq Ağabalanın “Nikolaylı” faytonu gəzən bu küçələrdə dünən də YAP-ın bayrağı ilə bahalı maşınlar siqnal verərək şütüyürdü, camaat əlində bayraq oyan-buyana gedirdi, manıslar o ki, var oxuyurdu. Ora yığışanların (yığışdırılanların) söhbətlərinə bir az qulaq asdım – evə tez getmək istəyənlər, bayrağı tutmaq istəməyənlər (“sən tut, yox sən tut”), tamamilə maraq göstərmədən ora-bura veyillənənlər; söhbətlərin ümumiyyətlə səviyyəsi, tonu, məzmunu, toplaşanların hər şeyə laqeydliyi; olduqca saxta sevinc hissləri, bayağı yaltaqlıq; yoldan keçən rusdilli, qlamur insanların bu toplantıya qorxu ilə, son romalıların barbarlara baxdıqları kimi baxmaları; fəhlələrin, kasıb insanların bayraqla şütüyən bahalı maşınlara nifrət dolu baxışları və atmacaları. Bir sözlə, mən orada YAP-ın bir nəfər də olsun səmimi müttəfiqini, dəstəkçisini görmədim. Bəlkə də var idi, amma rastıma çıxmadı. Bu xalqı qazlayıb, qazlaşdırıb hər şey eləmək olar, onsuz da bütün tarixi boyu həmişə əzilib, özü də pulu, gücü, ordusu olan istənilən hakimiyyətin əlində və altında. Amma sual başqadır. Sabah, bu Nikolayı yıxan müsəlmanların Allahı birdən şayət bu hökuməti çox yox, bir balaca silkələsə, əlinə həmin bayraqlardan, portretlərdən alıb Çolaq Ağabalanın faytonuna minməyə Azərbaycanda kimsə tapılacaqmı? Mən şəxsən bu perspektivdən çox narahat olardım.

“Azərbaycan indi hamıya göstərəcək…”

Türkmənistanda səhranın ortasında kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Əli Novruzov)
Türkmənistanda səhrada kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Ə. Novruzov)

Türkmənistanda bir tədbirdə — ifadə azadlığına dair konfransda iştirak edirdim. Oksimorona görə çox üzr istəyirəm, amma həyatdır, adamın başına hər iş gələ bilər.

Bizdən bir şey tələb olunurdu: sakitcə oturub Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Qazaxıstanda azad mətbuatın uğurları haqqında optimist məruzələrə qulaq asmaq. Təkcə kiçik qardaş kimi qırğızların “şıltaqlıqlarına” göz yumurdular. Hər çoxuşaqlı ailədə bir qardaş mütləq “qara qoyun” olur, dözmək lazımdır. Beş barmağın birini necə kəsib atasan?

Məni də Azərbaycan rəiyyəti kimi dəvət etmişdilər, gedib qardaşlarımızın şad gününə şərik olum. Türkmən dilində “vətəndaş” sözü yoxdur, “rəiyyət” sözü var, Xəzərin o tayında bu baxımdan çox səmimidirlər, bizdən fərqli olaraq. Türk təbiəti, bozqırların ruhu saxtakarlığı qəbul etmir. Yəni, Türkmənistanda özün də rəiyyətsən, adın da rəiyyətdir. Azərbaycanda isə özün rəiyyətsən, adınsa vətəndaş.

Beləliklə, beş “stan”ın rəiyyətləri Aşqabada yığışıb ifadə azadlığından danışır. Bir-iki qonşu ölkənin rəiyyətlərindən də qonaq-qara çağırıblar. Naharda bizə ağ alaçıqda, qara alaçıqda yumşaq qoyun əti və kisel verirlər. Türkmən Prezidenti, şanlı oğuz elinin xanı bizi öz at ilxısına, axaltəkələrə baxmağa dəvət edir. Sadəcə bir problem var — onsuz da dial-up sürətində olan İnternetdə Facebook, Twitter, Youtube bloklanıb.

Tədbirin ikinci günü dözmədim, yüksək türkmən rəsmisinin çıxışı zamanı sadəlövh bir sual verdim – niyə Facebook, Twitter, Youtube bloklanıb? Hansı əsasla, hansı səbəblə, hansı prosedurla? Niyə bloklandığı istifadəçilərə bildirilmir, əvəzində 404 verir, güya belə saytlar mövcud deyil?

Pah! Aşqabadda böyük bir fırtına qalxdı, özü də stəkanda. Yerli koloriti nəzərə alsaq, masqurada. Mən də oldum qəhrəman, yəni masquranı qarışdıran qaşıq. Hətta Azadlıq radiosunun Orta Asiya xidmətləri bu barədə ətraflı yazdı, türkmən hökumətini sərt tənqid etdi. Axşam təntənəli banketdə Azərbaycan səfirindən Avropa Birliyinin nümayəndəsinə kimi az qala bütün diplomatik korpus mənimlə hal-əhval tutdu. Gecənin bir aləmi türkmən dissidentlər yerin hansısa deşiyindən çıxıb mənimlə görüşə gəldilər. (Sonra da məndən küsdülər, amma bu, başqa yazının mövzusudur.)

Bu əhvalatı niyə xatırladım, deyim. O konfransda bir rus xanım professor da iştirak edirdi. Rusiya liberal intelligensiyasınını tipik nümayəndəsi. Gertsenin, Belinskinin, Pasternakın, Orlovun, Alekseyevanın layiqli davamçısı. Konfransın sonuna yaxın mənə yaxınlaşıb dedi: “Əgər sən o sualı verməsəydin, bütün bu ikigünlük tədbirin heç bir mənası olmazdı. Deməli, biz nahaq yerə gəlmiş olardıq.” O zaman bunu niyə dediyini anlamadım, sözün düzü.

Üstündən bir müddət keçdi, yenə başqa bir konfransda həmin professorla rastlaşdıq. Yanında bir rəfiqəsi də var idi. Rəfiqəsi konfransın yoruculuğundan şikayət edirdi. Yenə də post-sovet rəiyyətləri yığışıb mətbuatlarının uğurlarından məruzə edirdilər. Rəfiqəsi ötəri dedi ki, bilsəydim heç gəlməzdim, nahaq yerə vaxt itirdim. Bu zaman xanım professor cavab verdi: “Sən tələsmə, hələ gözlə. Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

İnsafən, bizim deleqasiya da pis deyildi. Emin Hüseynov yenə bir çemodan bukletlə gəlmişdi, Gülnarə Axundova MacBook-unu açıb oturmuşdu, Rəşid Hacılı öz iti hüquqi arqumentləri, Mehman Əliyev də siyasi vicdanını özü ilə gətirmişdi. Ağır toplardan Xədicə İsmayıl ön sıralarda idi. Azərbaycan müzakirə edilən sessiyada balaca bir skandal qopdu, vətəndaş cəmiyyəti hökumət nümayəndələrini möhkəmcə sıxdı. Bizdən sonra gürcülər də bir az cəsarətlənib öz hökumətlərini sorğu-suala çəkdilər (Saakaşvili gethagetdə idi, amma gürcü cəmiyyətindən xof hələ tam çıxmamışdı).

Sessiyadan sonra xanım professor dedi: “Gördünüz, mən axı dedim, Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

Sizi bilmirəm, amma mənim nəzərimdə şəkərbura-paxlava, muğam-meyxana, Nizami-Füzuli ilə fəxr etmək mənasızdır. Bizim şəkərburamız var, fransızların ekleri; bizim Füzulimiz var, almanların Götesi; bizim muğamımız var, italyanların operası. Gürcülərin xaçapurisinə, Borjomisinə yox, Merab Mamardaşvilisinə paxıllıq etmək lazımdır. Rəiyyətin dünya qarşısında şəkərbura-paxlava ilə fəxr etməsindən kədərli heç nə yoxdur əslində. Bir xalqı tərif edən, onu fərqləndirən, onun qürur mənbəyi olan cəhət yalnız o xalqın nümayəndələrinin azadlıq, açıq fikir, proqress uğrunda necə mübarizə aparması ola bilər.

Azərbaycanın vətəndaş cəmiyyəti də belə bir fəxr yerimiz idi. Düzdür, indi bizim vətəndaş cəmiyyətini tənqid etmək, günahlandırmaq, təsirsizlikdə, impotentlikdə ittiham etmək dəbdədir, amma yıxılana balta çalan çox olar. Biz də bilirik ki, bu sektorda əliəyrilər də olub, macərapərəstlər də. Azərbaycanda hər sahədə, hər sektorda olduğu kimi. Amma bu vətəndaş cəmiyyəti bizə sanki Allahın bir lütfü idi, pis ya yaxşı cəhətlərinə baxmayaraq. Yadınıza salın, elə ölkələr var ki, orada sadəlövh bir sual vermək də qəhrəmanlıqdır, kımıs ilə dolu masqurada fırtına kimi. Azərbaycan kimi çətin, əndrabadi bir ölkədə bu fəaliyyətlə məşğul olmaq necə cəsarət və necə proqressiv vizyon tələb edirdi. Özünüz gördünüz, hökumət bir dəfə istəməklə bütün müstəqil vətəndaş cəmiyyətini məhv elədi. Vətəndaşlar isə laqeyd, bivec bir münasibətlə heç maraqlanmadılar da.

Əslində bizim “vətəndaşla” türkmən “rəiyyəti”, özbək “füqərası” arasında o qədər də fərq olmadığı çoxdan aydın idi. Sadəcə bizim “vətəndaşın” üzünü həmişə ağ edən, onu türkmən “rəiyyətindən” fərqləndirən bir səbəb də (səbəblərdən biri) bizim fəal vətəndaş cəmiyyətimiz idi. Yoxsa vətəndaşı hələ də mənəvi olaraq Orta Asiya standartı ilə yaşayan bir ölkənin Şərqi Avropa səviyyəsində vətəndaş cəmiyyəti məntiqlə ola bilməzdi axı. Və hadisələr öz məntiqi sonluğuna çatdı. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti artıq yoxdur. İndi onun yerində olan bir karikatura, travestidir. Adlar çəkməyəcəm, balaca ölkəyik, hamısını özünüz tanıyırsınız.

Bugünlərdə iki tədbir diqqətimi çəkdi — bundan sonra baş verəcək proseslərin simptomları olduğu üçün. Biri Konrad Adenaur fondunun təşkil etdiyi “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” konfransı idi — bu tədbirdə Azərbaycanı istisnasız olaraq ancaq hökumət və hökumətyönlü adamlar təmsil edirdi. Heç imitasiyaya ehtiyac da görməmişdilər.

İkinci tədbir isə Batumidə keçirilən qalmaqallı Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumu. Çex təşkilatı “People in Need” həmin tədbirdə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı stend təşkil etmək istəyib, bizim “müstəqil” qhtçilər hökumət nümayəndələrini qabaqlayaraq hamıdan əvvəl özləri skandal salıb, tədbiri az qala pozub, sonra da boykot edib. Deyirlər ki, ortada bir milli qürur söhbəti var, ona görə. Yeni Müsavat hətta çex təşkilatını “ermənipərəst” adlandırıb. Yəqin yadlarından çıxıb ki, əlavə etsinlər — o təşkilat həm də LGBT və ateist dərnəyidir. Beləliklə, ermənilər, geylər və allahsızlar növbəti dəfə ölkəmizin şərəfli adına ləkə salmağa çalışıb.

Bilirsiniz niyə belə olur? Əvvəllər belə məsələlərə çexlər, “daniyalılar və sair şvedlər-mvedlər” qarışmazdılar. Həmin tənqidi materialları, məs., Emin Hüseynov aparardı, bir çemodan, həmin tənqidi çıxışları da indi həbsdə olan başqa vətəndaş fəalları səsləndirərdi. Necə ki, həm ölkə daxilində bu tənqidləri, fəallığı göstərirdilər, eləcə də ölkə xaricində. İndi az qala bütün yerli tənqidçiləri susdurublar. Pisdir, yaxşıdır, bu barədə öz subyektiv rəyimi bildirməyim. Amma özünü tənqid etməyənləri həmişə başqaları daha sərt tənqid edir — bu da acı həqiqətdir.

Əgər XIX-XX əsrlərdə Axundov, Zərdabi, Mirzə Cəlil azərbaycanlıları amansız tənqid etməsəydi, kim bilir, bəlkə indi hansı əcnəbi soyadlı müəlliflərin azərbaycanlılar haqqında tənqidləri kitab şkaflarında yer tuturdu, gözlərimizi çıxarırdı? İndi də, əgər özümüzü tənqid edə bilmiriksə, “daniyalılar və sair şvedlər-mvedlər” bizi tənqid edəcək. Dostcasına, ya düşməncəsinə, burasını da bilmək olmaz. Əgər əvvəl Azərbaycan hamıya göstərirdisə ki, əsl vətəndaş cəmiyyəti necə olur, indi artıq Azərbaycana göstərəcəklər, özü də həmişə doğru iradları yox. Təkcə dostlar yox, həm də düşmənlər. Biz isə qırmızı sifət alıb optimist məruzələr edəcəyik, bezgin və içlərində bizə gülən auditoriyalar qarşısında.

O ki qaldı milli qürur məsələsinə, şəkərbura-paxlava ilə fəxr edən rəiyyətin bu məsələdə canfəşanlığı çox ürəkağrıdan görüntüdür. İstər Bakıda olsun, istər Batumidə. Necə ki, Markiz de Küstin deyirdi: “Milli qürur, mənim fikrimcə, yalnız azad xalqlara yaraşır”. Biz də əlavə edək, azad xalqlara yaraşır, rəiyyətə yox.

Siz xaricdən maliyyələşirsiniz, elə deyilmi?

Bu yaxınlarda bir vətəndaş cəmiyyəti təmsilçisi ilə taksidə gedirdik. Təbii ki, söhbətimiz də öz fəaliyyətimiz çərçivəsində gedirdi. İnsan hüquqları, demokratiya, QHT-lər, təlimlər, filan.

Birdən taksi sürücüsü dözmədi və söhbətə qarışdı – görürəm ağıllı insanlarsınız, olarmı sizə bir sual verim? Biz razılaşdıq və dayı fürsəti fövtə verməyib dərhal iki sual verdi – Qarabağın axırı necə olacaq və ümumiyyətlə axırımız necə olacaq.

Tərs kimi elə bu zaman yol yoldaşım mənzil başına çatıb taksidən düşdü və məni taksi sürücüsünün fantasmaqorik sualları ilə təkbətək buraxdı. Mən hələ Əhmədliyə qədər bu taksidə getməli idim.

Məndən cavab ala bilməyən sürücü dərhal öz mülahizələrinə keçdi. Bir sözlə, dayı Rasim Musabəyovsayağı başlayıb Mübariz Əhmədoğlusayağı Azərbaycanın bütün dərdlərini təhlil-tərkibdən keçirib gəlib çıxdı ailədaxili zorakılıqla bağlı yeni qanuna.

– O gün 2-ci sinifdə oxuyan qızım anasına deyir ki, ana, sən məni daha döyə bilməyəcəksən, qanun qadağan edəcək. Bu harada görülüb axı? Uşaq əgər valideynindən qorxmasa…

Bu vaxta qədər dayının gətirdiyi bütün vəhyləri dinməz-söyləməz qəbul edən mənə elə bil nəsə oldu, bir də özümü onda tutdum ki, ailədaxili zorakılığın yolverilməz olması barədə arqumentlərlə dayını az-qala yemişəm və dayının sözü qurtarıb.

Kiçik qələbənin şirinliyindən dodaqlarım heç qımışıb qurtarmamışdı ki, dayı tarixdə gəlib-getmiş bütün yekəbuynuz masonların sirlərinə arif olan insan kimi qəfil soruşdu:

– Bir şey soruşum, sizin əməkhaqqınız xaricdən gəlir də yəqin? Yəni siz xaricdən maliyyələşirsiniz?

– Bəli, dayı, xaricdən maliyyələşirəm.

Dayı arif adamlar kimi bir dənə “hmm” elədi və elə bu vaxt cin təpəmə vurdu.

Dedim ki, dayı, fikrin o AzTV-yə filana getməsin, mən xaricdən maliyyələşirəm, amma bax, gedirəm Qazaxa oradakı cavanlara kompyuter, İnternet bilikləri öyrədim, Qazaxın icra başçısı isə işığı söndürtdürür ki, mən heç nə edə bilməyim. İndi sən mənə de görüm, bu camaatın yaxşılığını kim istəyir, mən, yoxsa sizin o icra başçıları?

Dayı sükuta getdi və xoşbəxtlikdən taksi gəlib Əhmədliyə çatdı. Maşından düşəndə:

– Sən allah, dayının sözləri xətrinə dəymədi ki? Yaşlı adamam…