
Bu yaxınlarda təsadüfən bir kitab təqdimatına gedib çıxdım. Le Chateau adlı bir yeraltı pivəxanada, qatı siqaret dumanında, çoxsaylı sərxoş və meyxoş kitabsevərlərin (əksəriyyəti dost-tanış çıxdı) kompaniyasında “Ümid Xəzəroviç” psevdonimli müəllifin “Qaçış” adlı kitabının təqdimatı idi. Müəllif üzrlü səbəblərdən qayıb idi, ona görə də kitabı imzasız verirdilər.
(Yuxarıdakı sətirləri qınaq kimi oxumayın, hazırkı ictimai-siyasi vəziyyətdə kitab təqdimatı üçün heç olmazsa pivəxana tapa biliriksə, deməli hər şey hələ bitməyib.)
Kitabın üz qapağının arxa səhifəsində yenə çılpaq qadın təsviri üzərində yenə lirik-sentimental mətnin ilk cümləsində yenə “fahişə” sözü olsa da — gənc yazarlar niyə axı belə klişeləşir? — kitabı böyük zövqlə oxudum. Ona görə yox ki, gözəl və nəfis bir əsər idi. Ona görə ki, bu kitab bizim yeni nəsil potensial gənc yazarların mütaliə zövqündən və baqajından belə açıq-aydın danışırdı. Təxminən Dostoyevskinin “Yeraltından qeyd”ləri, Kafkanın “Milenaya məktublar”ı və bir də Bukovskinin sərsəmləmələri.
(Hərçənd Bukovski anderqraund şair kimi ortababat bir adam olub, amma onun nəsrini bəh-bəhlə oxuyub yüksək ədəbiyyata vardığını düşünən cavan oğlanlarla Koelyonun sərsəmləmələrini oxuyub yüksək fəlsəfəyə çatdığını düşünən cavan qızlar arasında heç bir fərq yoxdur.)
Yeni nəsil potensial gənc yazarlar haqqında artıq bir dəfə yazmışam, orada soruşduğumu bir daha soruşum: əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduğu çağda onlardakı bu qədər pessimizm, bu boyda dözülməz və iyrənc kədər kultu, bu nəhənglikdə ekzistensial böhran və bu dərinlikdə psixoloji travma haradan qaynaqlanır axı?
Tutaq ki, Dostoyevski “Yeraltından qeydlər”i yazanda artıq həyatın hər üzünü görmüşdü. Baş gicəllədən ədəbi uğur, Belinskinin tərifi, inqilabçılıq, sonra həbs, yalançı edam, ardınca sürgün və Sibir, pulsuzluq, senzura… Və ya elə həmin Kafkanı götürək. Milenaya məktublarını yazanda Kafka artıq öz aqibətini bilməmiş deyildi: vərəm öz işini görürdü, bütün keçmiş Avstriya-Macarıstan sanatoriyaları onun qarşısında aciz idi (streptomitsin ancaq II dünya müharibəsi zamanı kəşf ediləcəkdi), Kafkanı isə heç kim tanımırdı və oxumurdu və bəlkə də öləndən sonra tamam unudulacaqdı. (Rayx-Ranitski yazır ki, hətta 1930-cu illərdə Kafkanı tək-tük ədəbiyyat xiridarından başqa heç kim tanımırdı və tanımağa maraq da göstərmirdi).
Bəs bizim potensial gənc yazarların kədər kultu və ekzistensial böhranı haradan qaynaqlanır? Axı onlar nə yaşayıblar ki, nə iztirab da çəksinlər? Onları həyatdan küsdürən nədir axı?
“Qaçış” kitabında digər bu tipli yazılardan fərqli olaraq bu səbəblərə bir balaca işıq salınıb. Amma kaş ki bu səbəblər elə qaranlıq qalardı bizimçün!
Deməli, avtobusda ortayaşlı xalalar mənə nifrətlə baxdı, çünki fərqli geyinmişdim. Sevdiyim qız tükəzban çıxdı, ondan iyrəndim. Başqa sevdiyim qız qrup yoldaşları ilə şəkil çəkdirəndə başqa bir oğlanın yanında durmuşdu. Üçüncü bir qızla sevişmək istəyəndə tənasül alətim durmadı, qızın yanında biabır oldum. (Sevişmə zamanı tənasül aləti durmayanlar üçün Mişel de Monten öz “Təcrübələri”ndə yaxşı təsəlli verir, əgər belə problemdirsə, oxumağı tövsiyə edirəm.)
Və təsəvvür edin, bütün bu trivial söhbətlərə görə bizim gənc yazarlar dərin ekzistensial böhran keçirir və dərhal da Dostoyevski olmaq qərarına gəlir. Məhz bu səbəbdən onların kədər kultu bu qədər saxta və iyrəncdir.
Məsələn, “Qaçış” kitabında 224-cü səhifədə müəllif yazır ki, qız onun amerikanosundan içdi, qəhvənin köpüyü qızın dodaqlarına yayıldı, sonra qız köpüklü dodaqları ilə oğlanı öpdü və oğlanın üzü bütün köpük oldu.
Axı amerikanoda köpük olmur, ay camaat! Amerikano adi qara qəhvədir, yəni su qatılmış espresso.
Bax, buna görə də bütün bu gənc yazarların dostoyevskiliyi amerikano qəhvəsinin köpüyü kimidir. Reallıqda mövcud olmayan və saxta.