Tarixi saxtalaşdıranlar iş başında – 2

Qaynar.info saytının Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna istinadən verdiyi xəbərə görə, milli arxeoloqlarımız Oğuz rayonu ərazisində “sensasion tapıntılar” aşkar ediblər.

Eramızdan əvvəl II minilliyə aid iki kurqandan Azərbaycanın Çin və Hindistanla əlaqələrini sübut edən çoxsaylı artefakt tapıblar. Nə yaxşı abır edib Mars və Yupiter deməyiblər.

Amma deyiblər ki, kurqanlarda “adını bilmədikləri, amma e.ə. ikinci minilliyin birinci yarısında mövcud olmuş çox güclü Azərbaycan dövlətinin izləri ilə rastlaşıblar.”

Təklif edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İntitutuna müraciət edək və həmin dövlətə analoqu olmayan ad qoymalarını xahiş edək.

Nə düşünürsünüz?

Tarixi saxtalaşdıranlar yenə də iş başında

Sərdar bağı
Gəncədəki Sərdar bağı

Bu gün Azadlıq Radiosunda maraqlı yazı oxudum – Gəncədəki məşhur bir bağ barədə.

Deməli, 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. Allaha şükür, bağ bu gün də öz yerindədir.

Amma işi-peşəsi tarixi saxtalaşdırmaq olan bir qrup (çox təəssüf ki, məqalədə onların kim olduğu aydın göstərilmir) indi ciddi-cəhdlə insanları inandırmağa çalışır ki, həmin bağ Cavad xan tərəfindən salınıb və adı da Xan bağıdır.

Yoldaşlara kimsə başa salmalıdır ki, feodal zehniyyətli Azərbaycan xanları, o cümlədən Cavad xan heç zaman rəiyyət üçün ictimai bağ-zad saldırmazdı, uzaqbaşı hərəmxanasında bir-iki kol əkdirərdi.

Bu pivəxana millətçilərinin əlindən hara gedək?

Çin səddinin dəqiq uzunluğu

Çinin dövlət kartoqrafiya idarəsinin alimləri Böyük Çin Səddinin dəqiq uzunluğunu müəyyən ediblər. Bu rəqəm 8 min 851 kilometr və 800 metrə bərabərdir. Xəbəri RİA Novosti agentliyinə istinadən Vesti.az saytı yayıb.

Dünyanın ən böyük fortifikasiya qurğusu olan Böyük Çin Səddi 10 əyalətin 150 qəzasından keçir və onun yalnız 6260 kilometrlik hissəsi insanlar tərəfindən kərpicdən inşa edilib. Səddin 2232,5 kilometri yer səthinə çıxan dağ süxurlarından, 360 kilometri isə sadəcə su ilə doldurulmuş dərin xəndəklərdən ibarət idi. Alimlərin fikrincə səddin üçdə biri ya təbiət tərəfindən dağıdılmış, ya da yerli sakinlər tərəfindən inşaat məqsədləri ilə sökülmüşdür.