W.H. Auden — Tiranın xatirəsinə

O, bir qədər kamilliyə can atardı,
Və yazdığı şeirlərdə sevərdi o, sadəliyi;
Ovcu qədər tanış idi ona insan səfehliyi,
Ən sevdiyi oyuncağı ordulardı və gəmilər;
O güləndə deputatlar qəhqəhədən bayılardı,
Ağlayanda — küçələrdə ölərdi məsum körpələr.

Tərcümə: Əli Novruzov

W.H. Auden — Epitaph on a Tyrant

Advertisements

W.H. Auden — Musée des Beaux Arts

Bregel
Bregel “İkarın yerə düşməsi” (Wikipedia)

(U.H. Oden — Təsviri incəsənət muzeyi)

Onlar heç vaxt yanılmazdı, köhnə Ustadlar,
təbiəti haqda əzab çəkməyin:
Keçərkən dəhşətli əzabdan kimsə –
Başqası sakitcə ya nahar edir, pəncərəni açır, bezgin addımlarla kənardan keçir.
Ömrün payızında səbirlə gözlərkən möhtərəm yaşlılar,
bir möcüzə kimi, yeni bir körpənin doğulmasını,
haradasa olur qayğısız uşaqlar,
meşə kənarında buz bağlamış gölün
üstündə sürüşən, heç də sevinməyən
daha bir uşağın doğulmasına.

Onlar heç vaxt unutmazdı, köhnə Ustadlar,
ən uca şəhadət zirvəsində də,
soyulanda kimlərinsə dərisi –
elə oradaca, o natəmiz küncdə
itlər davam edir ittək yaşamağa və cəlladın atı
qaşınan dalını sürtür bir ağaca.

Məsələn, Bregelin “İkar” rəsmində
çevirir üzünü necə də rahat
hər kəs fəlakətdən:
Kotan arxasında duran kəndli də
görməzdən gəlsə də, eşitməmiş deyil
imdad harayını suda batanın.
Amma onun üçün daha vacib olan – günəş şəfəq saçır!
Necə ki parlayır yaşıl suların
üstündə qərq olan ağ ayaqlar üçün.
Və zəngin, bəzəkli gəmi də əlbət
müdhiş mənzərənin olub şahidi –
Göydən düşən oğlan! Necə inanılmaz! –
Amma ki tələsir mənzil başına həmin gəmi də
açıb yelkənləri sakitcə üzür.

Tərcümə: Əli Novruzov

W.H. Auden — Musée des Beaux Arts 

Vladimir Mayakovski. Sovet pasportu. Rəsul Rzanın tərcüməsində.

73258663_3453311_1227902387_2
Vladimir Mayakovski

Vladimir Mayakovskinin məşhur “Sovet pasportu” şeirinin bir vaxtlar ölkəmizdə az qala özü qədər məşhur tərcüməsi bu gün ya Axundov kitabxanasının rəflərində tozlanır, ya da yaşlı nəslin yaddaşında 10-15 misra sonra dolaşıb itir.

Ona görə də bu şeiri – daha doğrusu Rəsul Rzanın qələmindən çıxan bu tərcüməni yenidən ictimaiyyətə əlçatımlı etmək üçün bir qədər əziyyət çəkməli oldum. Axundov kitabxanasında Mayakovskinin köhnə kitablarını tapmaq, oradan həmin şeirin sürətini çıxarmaq (yaxşı ki, fotosurət aparatları var) – sözlərin vərəqdə unikal pilləvari düzülüşünü qorumaq və təkrarlamaq şərti ilə latın qrafikasında kompyuterlə yenidən yığmaq. Bir az çətin oldu, amma alındı. Buyurun, artıq oxuya bilərsiniz!

Vladimir Mayakovski — Rəsul Rza — Sovet pasportu (PDF)