Rainer Maria Rilke Etiket Arxivləri:

Rayner Mariya Rilke. Bəbir

Parisdə Botanika bağında

Dəmir çubuqların əbədi rəqsi
Yorub gözlərini, kor edib tamam.
Görür baxışları ancaq qəfəsi,
Yox olub qəfəsdən kənarda cahan.

Çevik yerişləri sərt pəncələrin
Dönür, dövrə vurur kiçik çevrədə,
Sanki çevrə cızan aciz güclərin
Məhvərində durub iflic iradə.

Yalnız arada bir bəbəklərində
Əks edir bir şəkil, tez də əriyir
Əzaların sakit gərginliyində
Və qəlbində itir.

6.11.1902, Paris

Bədii tərcümə: Əli Novruzov
Alman dilindən sətri tərcümə: T.Müşdiyeva
Orijinal: Rainer Maria Rilke, Der Panther

Advertisements

Bir şərh yazın

Kateqoriysı Tərcümələr

Rayner Mariya Rilke. Payız günü

Ya Rəbb: yay bitsin, yetişib vədə.
Günəş saatların ört kölgələrlə,
Burax küləkləri, əssin zəmilərdə.

Əmr et, qoy yetişsin sonuncu meyvələr;
Parlat iki gün də cənub günəşini
Və tapşır torpağın son şirəsini
çəksin öz canına salxımlı meynələr.

Evsiz daha qurmaz özünə dörd divar.
Yalqız daha tapmaz sevmək üçün məhbub,
Uçarkən xəzəllər küləklə sovrulub
Xiyabanlar boyu sərsəri dolaşar,
Yuxusuz gecələr yazar uzun məktub.

21.9.1902, Paris

Bədii tərcümə: Əli Novruzov
Alman dilindən sətri tərcümə: T.Müşdiyeva
Orijinal: Rainer Maria Rilke, Herbsttag

Bir şərh yazın

Kateqoriysı Tərcümələr