Namiq Hüseynli: “Ölkədə ədəbiyyat böhran keçirir”

namiq01
Namiq Hüseynli

Azad Yazarlar Ocağının sədri, yazar və tərcüməçi Namiq Hüseynli ilə müsahibə.

ƏN: Namiq, bu günlərdə Azad Yazarlar Ocağında (AYO) növbəti sədr seçkiləri oldu. Səni yenidən, ikinci müddətə AYO sədri seçdilər. AYO eyni şəxsi təkrar-təkrar sədr seçdiyi üçün Yazıçılar Birliyini həmişə kəskin tənqid edir, indi isə özü səni ikinci müddətə sədr seçir. Bunu necə şərh edərdin? AYO tarixində əvvəl də belə hallar olubmu?

NH: Əli, bundan öncə Azad Yazarlar Ocağında onun qurucularından Rasim Qaracanın bir neçə il ard-arda sədrlik etdiyi dövr məlumdur. Rasim Qaraca bir müddət sonra könüllü olaraq sədrliyi tərk edib, üzvlər arasından hər il yeni sədrin seçilməsi ənənəsini gətirdi.

İndi Azərbaycan ədəbi mühiti 37-ci illərdən sonra öz tarixində ən böyük böhranını yaşayır və bu böhran AYO-dan da yan keçməyib. Çiyin-çiyinə sovetdənqalma “qırmızı intelligensiyaya” qarşı mübarizə apardığımız dostlarımızın bəziləri zamanla ruhdan düşüb hökümət mətbuatına keçdilər və elə həmin qocaların vəziyyətinə düşdülər, senzora, məmura, məddaha çevrildilər. Ən dəyərli və vicdanlı üzvlərimizin bir qismi ölkədəki repressiv əhval-ruhiyyəyə etiraz olaraq mühacirətə getdilər. Ədəbiyyatımızdakı bütün bu böhranlar AYO üzvü Rafiq Tağının öldürülməsi ilə başladı. Belə mürəkkəb dövrdə bu təşkilatın qorunub saxlanılması çox vacibdir və əksər AYO-çular bu işin öhdəsindən ən yaxşı mənim gələcəyimə inanırlar.

Bundan öncəki dəfə də, elə bu dəfə də AYO-dakı seçkilərdə xüsusi canfəşanlıqla sədr seçilməyə can atmamışam. AYO-da sədrlik xeyli dərəcədə simvolik postdur, burda tam bərabərhüquqluluq və müstəqillik abu-havası var, sədrin yeganə işi — birliyi, bütövlüyü, prinsipləri qorumaq, üzvləri hər cür çətin vəziyyətdə müdafiə etməkdir.

Bizim seçkilər AYB-dəkindən fərqli olaraq alternativlərlə, şəffaflıq və söz azadlığı çərçivəsində keçirildi. Rasim Qaraca və Seymur Baycanın da namizədliyi irəli sürülmüşdü, amma iki səs çoxluğu ilə mən yenidən sədr seçildim. AYB-də isə, özün də bildiyin kimi, yüzlərlə yazarı, nüfuzlu xarici qonaqları, hökümət nümayəndələrini bir yerə toplayıb bir nəfərin namizədliyi ilə absurd, səviyyəsiz bir seçki keçirdilər. O seçkilər o qədər misilsiz ibtidailik idi ki, heç onun haqda danışmağa belə dəyməz.

ƏN: Əgər deyirsənsə ki, azad yazarların bəziləri xaricə gedib, bəziləri susub, bəziləri də hökumətyönlü mediaya keçib, bəlkə onda AYO özünü buraxmalı idi?

NH: İndiyədək bu təkliflə çıxış edən hökümətyönlü yazarlar və hətta bəzi AYO üzvləri də olub. AYO Sovet Yazıçılar İttifaqının davamı olan AYB-yə alternativ olaraq yaradılıb və mövcud olduğu dövrdə ədəbi mühitin və həm də mətbuatın, söz azadlığının inkişafı üçün böyük işlər görüb. AYB-nin birdən-birə cəmiyyət içində hörmətli, sözünün çəkisi olan təşkilatdan, nüfuzsuz və siyasətin oyuncağına çevrilmiş qurum olmasını açıb cəmiyyətə göstərmək AYO-nun xidmətidir. AYO Azərbaycanın hələ də Türkmənistana, Şimali Koreyaya çevrilməməsinin səbəblərindən biridir. Ən əsası isə, Seymur Baycan, Günel Mövlud, Azad Yaşar kimi şəxslərin prinsipiallığı ilə AYO hələ də ayaqda qalıb. İndiki durğunluq dövründə AYO-nun tarix səhnəsindən silinməsi mədəni elitanı daha da bədbinləşdirə bilər. Əgər ölkədə azca mədəni canlanma, liberal mühit yaransa AYO kimi bir təşkilata çox ehtiyac duyulacaq. Buna görə də özümüzü yaxşı günlər üçün saxlamalıyıq.

ƏN: AYO səni ikinci dəfə sədr kimi görmək istəyibsə, özü də belə ağır bir zamanda, deməli sənin fəaliyyətindən həm də razıdır. Sən sədr olduğun son bir il ərzində AYO hansı işləri görüb, hansı uğurlara imza atıb?

NH: Mənim sədrliyimin elə ilk günlərindən hökümətyönlü ədəbiyyat saytlarında AYO əleyhinə qaralama kompaniyası başladılmışdı. Məqsəd öz saytlarını AYO-nun köməyi ilə reklam etmək, həm də hansısa hökümət yazarlarına yaltaqlanmaq idi. Lakin, bu cəhdlərin qarşısı alındı. Gördüyünüz kimi, onlar geri addım atmağa məcbur oldular. Bundan əlavə AYO üzvlərinə qarşı hökümətyönlü mətbuatda tətbiq olunan istənilən senzura faktına çox kəskin reaksiya vermişəm. Müstəqil mövqeyi ilə tanınan Əkrəm Əylisli, Məmməd İsmayıl kimi görkəmli yazarlarımız zamanla AYO-nun, müstəqil ədəbi gəncliyin mövqelərini müdafiə edən bəyanatlar verdilər, böyük yazıçı Çingiz Hüseynov və bir çox başqaları müstəqil yazarlara, gənclərə qarşı AYB tərəfindən aparılan ayrı-seçkiliyə, alternativsiz seçkilərə etiraz əlaməti olaraq AYB-dən istefa verdilər. AYB üzvləri qurultay dönəmində seçkilərdə öz fikirlərini ortaya qoymadıqları üçün AYO-nun məşhur “Qeyrətiniz olsun” bəyanatı ilə qınandı. Ötüb keçən bir il ərzində müstəqil ədəbi fikrin dəstəklənməsi üçün daha bir ədəbi sayt yaratdıq. Bundan əlavə hər birimiz çalışdığımız mətbu orqanlarda müstəqil fikrin qorunması, senzura olmaması üçün əlimizdən gələni edirik.

ƏN: Bəs AYO-nun qarşıdan gələn il üçün planları nədir? Yoxsa hadisələri öz axarına buraxmısız?

NH: Ölkədə ədəbiyyat böhran keçirir. Bəlkə biz indi bunu dərk edə bilmirik, amma cəmiyyətin bütün mədəni elitası depressiyadadır. Ölkəni tərk etmək hətta ən iradəli ictimai şəxslər üçün də yeganə çıxış yolu kimi görünür. Belə durumda plan qurmaq, ədəbiyyatı irəliyə doğru aparmaq bizdən fantastik nikbinlik tələb edir. İndiyədək olduğu kimi yenə də müstəqil ədəbi fikri, müstəqil ictimai şəxsiyyət nümunəsini qoruyub saxlamağa çalışacağıq.

ƏN: Bir ara AYO-ya kütləvi şəkildə gənc üzvlər qoşulurdu. Son zamanlar isə yeni üzvlərin qəbulu sanki dayanıb, həm də yeni üzvlərinizin fəallığı o qədər gözə dəymir. Sizə irad tuturdular ki, o gənclərin bəziləri heç yazar da deyil. Bununla bağlı nə deyə bilərsən?

NH: İndi də AYO-ya qoşulmaq istəyən gənclər var. Özü də bəs qədərdir. Amma iş orasındadır ki, gənclər çox vaxt bizim üzvlüyümüzdən hökümətyönlü saytlara işə düzəlmək üçün tramplin kimi istifadə edirlər. İndi hökümətyönlü medianın başında dayanan, özləri də əksərən keçmişdə müxalifətçi olan şəxslər AYO üzvü olan istənilən adamı öz saytlarına gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Bundan sonra isə o adamların sürətlə gözdən salınması, istedadının sovrulması, banallaşması başlayır. Çox da keçmişə getməyək, Aqşin Yeniseyin 1937.az saytına redaktor gələndən sonrakı kədərli taleyini xatırlayaq. Ya da 1937.az saytına toplanılmış gənc AYO-çuların necə aldadılıb işə gətirildiyi və qısa bir müddət sonra işdən qovulduğunu da misal gətirim. Bu cür mənfi halların yaşanmaması üçün artıq təşkilatımıza qəbul ediləcək istənilən üzvlə bağlı çoxlu götür-qoy edəcəyik, məsləhətləşmələr aparacağıq.

Mənim dövrümdə AYO-ya qəbul olunan iki gənc Rüfət Əhmədzadə və Həmid Piriyev kifayət qədər istedadlı gənclərdir, Rüfət artıq özünü yazar və şair kimi təsdiqləyib, Həmid isə təsdiqləməkdədir. Ədəbiyyatla zövq üçün məşğul olub, bir müddət sonra ruhdan düşən adamlar isə özləri yoxa çıxırlar, başqa məşğuliyyət tapırlar.

ƏN: AYO üzvü Əli Əkbərin bu yaxınlarda İsveçrədə almanca yeni romanı nəşr olunub. Seymur Baycanın “Quqark” romanı da rusca nəşr edilib, mən bildiyimə görə təkrar nəşri hazırlanır. Bunu AYO-nun dünyaya açılması kimi qiymətləndirmək olar?

NH: Xeyr, belə pafoslu bir fikir işlətməzdim. Məncə bu uğurları adlarını çəkdiyin yoldaşların öz ayaqlarına yazmaq lazımdır. Son romanındakı və köşələrindəki ikibaşlı fikirlərini heç bəyənməsəm də, Əli Əkbəri kifayət qədər istedadlı və özünü təsdiqləməkdə həddsiz iddialı bir yazar hesab edirəm. Düşünürəm ki, hal-hazırki AYO üzvləri arasında ən çox dünyəvi uğuru o vəd edir. Axır ki, o anlayıb ki, azərbaycan dilində, Azərbaycan kimi ölkədə yazıb kitab buraxmağın indilik heç bir mənası yoxdur. Bu cəmiyyət Həmid Herisçi kimi intellektual bir adamı təlxəyə çeviribsə, deməli burda yazarlara heç bir özünüifadə şansı tanınmır. Seymur Baycana gəlincə isə onun da bu ölkəni tərk edib Avropa yazarına çevrilməsini çox istərdim.

ƏN: Bir qədər də səndən danışaq. Həm dostlar, həm bədxahlar sənin haqqında danışarkən adətən “tərcüməçi Namiq Hüseynli” ifadəsini işlədirlər, yazarların qurumuna bir tərcüməçinin sədrlik etməyini irad tutanlar da olur. Ümumiyyətlə, bu səndə hansısa narahatlıq doğurmur ki?

NH: Xeyr, bundan heç narahat olduğum yadıma gəlmir. İş orasındadır ki, mən ədəbiyyatla maraqlananda, ilk hekayələrimi yazıb çap etdirəndə, ədəbi mühitimizdə dəhşətli bir səviyyəsizlik, savadsızlıq müşahidə edirdim. Yazarların çoxu rus klassiklərindən və Sovet dövründə Natiq Səfərovun, Əkrəm Əylislinin dünya ədəbiyyatından çevirdiyi bir-iki yaxşı əsəri oxumaqdan başqa heç bir ədəbi savada malik deyildilər. Hərə bir roman yazıb, oxucusuz bir ölkədə özünü mühüm yazar kimi hiss edə bilirdi. İndi də o vəziyyət qismən qalmaqdadır. O zamanlar düşündüm ki, indi eqo vaxtı deyil, roman yazıb, kitab buraxıb, yalançı şöhrət qazanıb, gənc qızlarla eşq yaşamaq əvəzinə oturub müasir dünya ədəbi estetikasını azərbaycan oxucusuna çatdırmaq üçün çalışmaq lazımdır. Məqsədim bu ölkədə ədəbi zövqü yüksəldəcək, ədəbiyyatsevərlərin sayını artıracaq, həm də diletant yazarları ədəbi mühitdən silib atacaq işlər görməkdir. Qismən də olsa o hədəflərə çatmışam. On il öncə olduğu kimi indi də elə düşünürəm ki, bədii tərcüməçilik hələ də cəmiyyətin mədəni səviyyəsi üçün çox önəmli peşədir. İndi ədəbiyyatımıza necə bir bünövrə qoysaq, gələcək ədəbiyyatımız onun üzərində inkişaf edəcək.

Söhbətləşdi: Əli Novruzov.

Advertisements

Gənc Arazın yazıçı olmaq iztirabları

Araz Bayramov, “Azad”. Bakı, Apostrof, 2011

Əgər yazdığınızın ədəbiyyata heç bir dəxli yoxdursa nə etməli? Çox sadə! Onu qətl edilmiş yazıçıya ithaf edin, siyasətə qarışdırın, ya da bir siyasi manifestə çevirin və ən əsası, insanların biganə olmadığı bir vicdan məhbusunu süjetə gətirin. “Filankəsin əsəri” deyilməsə belə, “Filankəs haqqında əsər” mütləq deyiləcək.

Söhbət “Cabbar haqqında kitabdan” – ya da Araz Bayramovun “Azad” əsərində gedir. Rafiq Tağıya ithaf edilmiş və süjet xətti o zamankı siyasi məhbus Cabbar Savalanlının ətrafında cərəyan edən bu kitab çox təəssüf ki, adicə qrafomaniya nümunəsidir. Məsələn, aşağıdakı cümləyə baxaq və özümüz üçün müəyyən edək – bu, ədəbiyyat nümunəsi ola bilərmi?

Bəlkə də bunun başqa bir səbəbi var, amma mənə elə gəlir, özümü bundan azad eləsəm, yəni bəzi vacib şeylər ilə əlaqədar zənn etməkdən, təsəvvür etməkdən imtina etsəm mənimçün daha yaxşı olar.

Şərh vermək istəmirəm, sadəcə onu deyim ki, bu cümlə əsərin üçüncü abzasında, kitabın beşinci səhifəsindədir (sic!). Kitab isə başdan-ayağa bu tərzdə təhkiyə olunan psevdo-fəlsəfi söhbətlər, kəmsavad vətəndaşların asudə vaxtlarında daldıqları fani dünya haqqında fikirlər ilə doludur.

Bir sözlə tipik qrafomaniya nümunəsi. Bəs bir qrafoman öz kitabını necə cəlbedici edə bilər? Təbii ki, onu siyasətə qatmaqla – Cabbar Savalan, inqilab söhbətləri, hələ solçulardan borca alınmış, kasıb-varlı müstəvisində populist söhbətləri demirəm. Belə ağır baqajla yüklənmiş kitab artıq bir partizan (yəni tərəfkeş) alətə çevrilir. Onu oxumaq, dəstəkləmək, yaymaq bir ədəbiyyat işi yox, əqidə işi, ideoloji məsələ, mübarizənin bir hissəsi olur.

Bu zaman kitabın ədəbiyyata məxsusluğu sualı kimin vecinədir ki? Gənc yazar qorxunc Əliyev rejimini ifşa edib və bu, artıq kifayətdir.

Nəzərə alsaq ki, bizim qrafoman cəmi 21 yaşındadır və o qədər də kitab baqajı yoxdur, etiraf etməliyik ki, çox yetkin və ağıllı qrafomandır.

Bir vaxt mənim haqqımda deyilən bir sözü parafraz etsək, bu ölkədə hər kəs nəsə yazır, amma hər yazan öz yazısı ətrafında şou düzəldə bilmir.

– – –

Kitab varlı bir ailənin dissident oğlunun dilindən nəql edilir və onun portreti kifayət qədər ziddiyətli və kompleks təsvir edilib. Sadəcə, obraz tamamilə sünidir – Azərbaycanda belə tipajlara nəinki rast gəlinmir, üstəlik həmin obraz tamamilə türk və Latın Amerikası seriallarının romantik-sentimental qəhrəmanlarının ümumiləşdirici sürətidir. Azərbaycan tematikasını çıxsaq, qarşımızda bir Rikardo və ya Eduardo peyda olacaq.

Digər bir vacib məqam, Araz Bayramovun təsvir etdiyi universitetlə bağlıdır. Mən də həmin universitetin həmin fakültəsini bitirmişəm. Və kitabdakı universitet, müəllim obrazları ilə tanış olduqca, onların real prototipləri gözümün qarşısına gəlirdi. Araz çox vicdansızcasına öz müəllimlərindən intiqam alıb, amma bu intiqamı da öz aləmində alıb. Bəlkə də 10 il sonra heç kim o prototiplərlə obrazları müqayisə edə bilməyəcək. İndi də çox az adam bu müqayisəni edə bilir. Amma bu müqayisəni edə bilənlər əcaib bir fakt qarşısında qalır – sanki müəllif dərsdən sonra çayxanada dostları ilə oturub müəllimlərin qarasınca danışır. Görəsən Araz tələbə vaxtı hansı mənəvi travmalara məruz qalıb ki, belə üsullara əl atıb?

Digər, amma çox vacib bir məqam – pornogörüntülər. Əsərin qəhrəmanı atasının pornogörüntülərini gizli yolla əldə edib onu şantaj edir və bu şantajla xeyirin qələbəsinə nail olmaq istəyir. Doğrudur, sonra baş qəhrəman öz səylərinin mümkünsüzlüyünü dərk edir və etdiyi əmələ görə ağır cəza alır, amma yenə də, fikrimcə, obrazın bu hərəkəti kifayət qədər mühakimə olunmur.

Biz bir tərəfdən hökumətin pornogörüntülər vasitəsilə vicdanlı insanları təqib etməsini pisləyirik, buna qarşı ən sərt ictimai qınaq sərgiləyirik, digər tərəfdən isə bizim yazarımız olmağa iddialı şəxs eyni əməlin hökumətə qarşı istifadəsinə haqq qazandırır. Tipik Makiavellist yanaşma ilə “məqsəd vasitəyə haqq qazandırır” fəlsəfəsini təbliğ edir. Bu, yolverilməzdir.

– – –

Və sonda onu qeyd edim ki, Araz tələsib. Kitabı oxuyarkən insanda belə təəssürat yaranır ki, sanki bu, həbsxanada yazılması nəzərdə tutulan bir əsər imiş, sadəcə müəllifin hövsələsi çatmayıb və tez qələmə alıb.

Üstəlik, Arazın bu sətirlərin müəllifinə dediyinə görə kitab onun “ikinci romanıdır”. 21 yaşlı gəncin artıq ikinci roman yazması nə qədər məqsədəuyğundur sualını sizin öhdənizə buraxıram. Ancaq bir onu deyə bilərəm ki, Arazın öz kitabını həsr etdiyi mərhum Rafiq Tağı ömrü boyu ancaq qısa hekayələr və esselər yazıb.

Yəqin yazar olmağın bir şərti də təvazökar olmaqdır, bu isə hələ ki, Arazda hiss edilmir.

Ağalar Məmmədovun İsveçə sığınması barədə

Ağalar Məmmədov mühazirə vaxtı

Deyirlər ki, Ağalar Məmmədov İsveçdən sığınacaq istəyib. Xəbər nə qədər doğrudur, bilmirəm.

Xəbəri ifadə azadlığına patoloji nifrətlə öz oxucularına çatdıran Yeni Xürafat qəzeti belə bir cümlə ilə məqaləyə yekun vurub:

“Belə görünür, din əleyhinə çıxışlar etmək onun İsveçə mühacirəti üçün lazım olub.”

Bunu təkcə Yeni Xürafat yazmayıb. Artıq bir xeyli dindar, islamçı, şəriətçi də Facebook-da tutuquşu kimi bunu təkrarlamağa başlayıb.

Fikirləşirəm ki, nə qədər əxlaqsız olmaq lazımdır. Adama qarşı gecə gündüz nifrət körükləyəsən, ölümlə təhdid edəsən, təqiblərin əlindən adam evdən bayıra çıxa bilməsin, tədbirlərə gedə bilməsin, ya da getdiyi tədbirlərdə üstünə hücum edəsən. Axırda da adam bu vəziyyətdən bir çıxış yolu tapanda, deyəsən – o özü belə edirdi ki, xaricə qaçsın.

Bəs o zaman siz niyə onu təqib edirdiniz, öldürmək istəyirdiniz, cənablar? Siz də onu xaricə qaçırtmaq istəyirdiniz?

Əslində hadisələr tərsəmayallıq inkişaf edib.

Gərək Ağalar Məmmədovu Rafiq Tağı kimi öldürərdilər. Qaranlıq podyezddə, işdən qayıdanda. Ya da lap yaxşı olardı ki, Xəzər Universitetinin qapısı ağzında, dərsə gələndə, elə öz tələbəsi bıçağı ürəyinə soxardı. Sonrası da məlum məsələ.

Çingiz Sultansoy deyərdi ki, Ağalar tənqid etmirdi, provokasiya edirdi.

Hacı İlqar gənc tələbənin hüquqlarının müdafiəsi komitəsi qurardı və deyərdi, humanizm adı altında mənəvi terroru durdurun!

Onda Yeni Xürafat da manşetə çıxarardı: “İslamı təhqir edən filosof şoşkalandı!”

İctimai Palata isə… hmm, İctimai Palata.

P.S. Bax bu linkdə isə Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Ağalar haqqında yazısını oxuya bilərsiniz. Bu insanlar sonra necə hicabı müdafiə edəndə utanmadan, qızarmadan demokratik dəyərlərə, insan hüquqlarına apelyasiya edirlər?

Rafiq Tağının qətli və səmərəli axmaqlar

Rafiq Tağı ölümündən əvvəl xəstəxanada
(Foto: Amerikanın Səsi)

Rafiq Tağının qətli xəbərini alanda Brüsseldə idim, Azərbaycanda insan hüquqları ilə bağlı çıxış edirdim. Çıxışın sonunda bir jurnalist qəfil mənə yaxınlaşıb Rafiq Tağının qətli ilə bağlı fikrimi öyrənmək istədiyini dedi. Mən ancaq bir dəfə belə şok olmuşdum – Emin və Adnanın həbs xəbərini alanda.

Bir neçə saat əvvəl özüm Rafiq Tağının sağalması haqqında xəbərləri oxumuşdum axı! Hətta jurnalistdən xahiş etdim ki, faktı bir daha yoxlasın. İlk reaksiyam bu idi: Ola bilməz! 

Onda jurnalistə nə dediklərimi bu xəbərdə oxuya bilərsiz, təkrara hacət yoxdur. Amma həmin məqaləyə düşməyən sözlərim arasında bunu da demişdim: “Mən Azərbaycanın dini icmasını da günahlandırmaq istəməzdim. İstintaqın nəticəsini gözləmək lazımdır.”

Nə qədər sadəlövh olduğumu indi xatırlayanda utanıram. Fikirləşirdim ki, özünü dindar hesab edənlər Facebook-da və ümumiyyətlə İnternetdə artıq bu qətli pisləyən yazılar paylaşır. Hacı İlqar başqa hadisələr zamanı olduğu kimi yenə də operativ şəkildə ilahiyyatçılardan və ictimaiyyət nümayəndələrindən aldığı mövqelərlə Deyerler.org saytının ana səhifəsini doldurub.

Amma həmin axşam otel nömrəmə qayıdıb kompüteri açanda gözlərim kəlləmə çıxdı. İslam dininin ardıcılları ya bu qətli təqdir edir, sevinirdilər, ya da deyirdilər ki, yığışdırın bu müzakirələri, bu qətl barədə susun!

Yazıçı, heç də sıradan olmayan bir yazıçı öz fikirlərinə və mövqeyinə görə qətl edilmişdi. Müsəlmanlar sevinirdi. Vaxtilə Rafiq Tağıya ölüm fətvası vermiş Ayətullah Lənkəraninin oğlu o biri Ayətullah Lənkərani gecikməyib müsəlmanları təbrik də etmişdi.

Kultaz.com
Kultaz.com

Sosial şəbəkələrdə bu qətl barədə kimsə narahatedici sual verən kimi isə elə öz “liberallarımız” onun üstünə düşürdü və ağzından vururdu. Yəni sus! Sən dindarları və dünyəviləri üz-üzə qoyursan. Sakit otur, qoy Rafiq Tağının ölümünü təqdir etsinlər, sevinsinlər, bayram etsinlər. Burada nə var ki?

Bir sözlə, Rafiq Tağının qətlində az qala bütün vətəndaş cəmiyyəti “səmərəli axmaq” rolunu çox asanlıqla qəbul etdi.

Əlbəttə, onlar çox təbii şəkildə iddi edirlər ki, bu qətli İslamın ayağına yazmaq, müsəlman inancı olan şəxsləri ittiham etmək olmaz, düzgün deyil, bu olduqca qüsurlu və zərərli ümumiləşdirmədir.

Amma Rafiq Tağının qətlini pisləyən və ədalətə çağıran dindarlar, dini qruplar hanı? Niyə həmin bu dindarlar elə sosial şəbəkələrdə Rafiq Tağının qətlində az qala Rafiq Tağının özünü günahkar çıxarırlar, onun ölümünün haqq olduğunu iddia edirlər? Bizim “səmərəli axmaqlar” bu dindarlarımı “haqsız, ədalətsiz hücumlardan qorumaq” istəyir?

Mən mötədil müsəlmanlara həmişə böyük ümid bəsləyirdim. Düşünürdüm ki, məhz onlar İslam dünyasını cəhalətin və özbaşınalığın pəncəsindən qurtarıb sivilizasiyaya çatdıracaqlar.

Ancaq Rafiq Tağının qətli ətrafında baş verən hadisələrdən sonra başa düşdüm ki, sanki hər bir dindar müsəlmanın içərisində, nə qədər mötədil olsalar belə, yekə bir Taliban yatır. Elə ki, fürsət düşdü, imkan əllərinə keçdi, və ya hakimiyyətə gəldilər, gözləri ancaq qan görəcək – hər addımlarında azad sözü, söz azadlığını, müxalif fikri, diskussiya mədəniyyəti, müxtəliflik və fərqlilik kimi şeyləri qanda boğacaqlar.

Necə ki, İctimai Palatanın son iclasında bunu gördük. Demokratiya adına mübarizə aparan bir qurum söz azadlığı yolunda qurban gedən adamın xatirəsini anmağa imkan vermədi – dindarların təhriki ilə. Bundan sonra İctimai Palatanın demokratiya mübarizəsinin səmimiliyinə necə əmin olaq?

Mən bilmirəm Rafiq Tağını kim qətl edib. Bəlkə dindarlar, bəlkə də provokatorlar. Amma bir fakt var ki, bu bizim hamımızı – həm cəmiyyəti, həm də dövləti narahat etməlidir. Azərbaycanda on minlərlə insan yetişir ki, onların qulaqları, ağılları və ürəkləri nə ailələrinə, nə AzTV-yə, nə Prezident Administrasiyasına, nə də İctimai Palataya qulaq asmır. Onlar bütün instruksiyalarını Qumdakı ayətullahlardan, Pensilvaniya və Türkiyədəki hocalarından, Səudiyyədəki müftilərindən alırlar. Lazımi andan onların kimin göstərişlərinə əməl edəcəkləri indidən məlumdur.

Bu insanları nə Nardaranda, nə də ki, Qusarın dağlarında axtarmaq lazım deyil. Onlar dövlət işində və biznesdə, vətəndaş cəmiyyətində və hökumətdə, ofisdə və əməliyyat sahələrində, daxili işlər ya da xarici işlər nazirliklərində, polisdə və universitetlərdədir.

Merkez.az

Və bu gün Azərbaycanı Azərbaycan edən bütün tapdalanmış, məhv edilmiş ideal və prinsiplərin ardınca ən fundamental prinsip – dünyəvilik, sekulyarlıq prinsipi də aşınır. Onsuz da bu gün maarifçilərimizin, həm birinci, həm də indiki respublikamızın qurucularının bizə miras qoyduğu prinsiplərə maksimum xəyanət etmişik.

Dünyəvilik prinsipində də hər hansı bir kompromisə yol versək, bununla öz qəbrimizi qazmış oluruq.

Əgər bu prinsipdən də nə vaxtsa imtina etsək, ona göz yumsaq, ya da onu tapdalasaq, Azərbaycan kimi mövcudluğumuza tamamilə son qoyulacaq. Aqibətimiz ya İranın 32-ci ostanı, ya yeni osmanlıların satteliti, ya da Qafqazın Əfqanıstanı olacaq.

Diqqətlə qulaq assanız, bu İslam inqilabının addım səslərini artıq eşidə bilərsiniz.