Ah, daha bir Madam Bovari!

turan“Mən rəsm çəkə bilsəydim, mənim dənizimi dalğalandıran nə xəzri, nə gilavar, nə də musson olacaqdı. Mənim dənizimi coşduraraq, istifadə etdiyim rəngləri yoxa çıxardan, o kiçik, solğun günəşimi dalğaların içində qərq edən yalnız asdfghjklzxcvbnm….

Bəzən də sakit, heç kəsə mane olmaq istəməyən, dalğalarına layla deyib, səmadakı parlaq aya özünün necə tərbiyəli qız olduğunu göstərmək istəyən, yuxulu, yuxuya bənzər, yuxuya gedə bilməyən dənizi fırça ilə, ucu dəniz kimi yaşımtıl-mavi rəngli fırça ilə asdfghjklzxcvbnm

Heyif ki, mən rəssam deyiləm…”

Nə yaxşı ki, Svetlana xanım rəssam deyil. Amma heyif ki, Svetlana xanım yazardır.

Yox, bir az sərt çıxdı. Əslində, Svetlana Quliyevanın (Turan) istedadlı qələmi var. Hiss olunur ki, digər xanım yazarımız Sahilə İbrahimova ilə müqayisədə qələmi möhkəm tuta bilir, amma o da Sahilə xanım kimi lirik, sentimental, romantik, qəmgin, kədərli, fəlsəfi, metafizik paolokoelyoçuluğun tələsinə düşüb. Və nə qədər qəribə olsa da həm Svetlana Turanın “Dalğa” əsərində, həm də Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabında ümumi konturları və strukturu tutmaq olur. Sanki hər iki xanım hansısa “Romantik kitab yazmağın filan qədər yolu” adlı təlimat üzrə yazırlar.

Və təəssüf ki, hər iki xanım yazar məşhur “Madam Bovarini” oxumayıb – oxuyubsa da yaxşı oxumayıb.

Sahilə xanımın kitabı kimi Svetlana xanımın kitabı da qadın nəsri haqqında bütün populyar stereotiplərə cavab verir. Hətta hər iki kitabda oxşar məqamlar da var – kişi dilindən təhkiyə, kitab dükanına icbari ziyarət, faciə ilə bitən sonluq, hədsiz idealizə edilmiş məhəbbət, dünyadan təcrid qonşunun evinə gözlənilməz dəvət, özünəqəsd söhbətləri (Svetlana xanımda hətta romanın 2-ci səhifəsində!), cansız əşyalarla lirik, romantik, sentimental, metafizik söhbətlər (Sahilə xanımda – yarpaqlar və ağaclar; Svetlana xanımda – dəniz və dalğalar). Təkcə Dostoyevskidən sitat çəkmək Svetlana xanımın yadından çıxıb.

Amma Svetlana xanımda başqa maraqlı inqredientlər də var.

Məsələn, kitabda heç bir funksional əhəmiyyəti olmayan, “dejurnıy” vətənpərvər söhbətlər, ermənilər haqqında tikanlı frazalar, imkan tapıb allaha inanmayanlara bir-iki söz atmaq, aşağı sinfin nümayəndələri haqqında yazıq münasibət, “mən siyasətə qarışmıram”, insanların müasir olmamasından şikayət, ruh halının, əhval-ruhiyyənin qəfil təbəddülatı – bir sözlə, Facebook’da Nura Nur, Ayka Gun, Moon Sun tipli anonim qız profillərinin bütün vacib tərkib hissələri bir araya toplanıb. Hətta kitabın üz qabığındakı şəkil – dalğaların içindən sizə baxan iki qəmli göz belə profil üçün ən münasib şəkildir.

Svetlana xanım qeyri-funksional dialoqlar və təsvirlərlə bir hekayəlik mövzunu o qədər şişirdib ki, kitabın əvvəlində artıq kitabın necə bitəcəyi bizə məlum olsa da, kitab bitmir ki, bitmir.

Doğru deyirlər ki, xanımlar heç nədən üç şey düzəldə bilərlər – salat, skandal və roman.

Advertisements

Koelyonun yarımçıq solla sintezi

Qan Turalı, Polis qorxusuyla öpüşmək

Bu günlərdə gənc yazar Qan Turalı yeni kitabını nəşr edib – esselər toplusu olan “Polis qorxusu ilə öpüşmək”. Sözün düzü kitabı bir oturuma oxudum, çox səlis və axıcı dili var. Rahatluqum kimi gedir.

Amma yeni və orijinal bir şey gözləntisi ilə Qan Turalının yeni kitabını əlinə alan oxucu tam fərqli mənzərə ilə qarşılaşacaq – türk köşə yazarlarının ortabab kalkası. Mövzu isə qədimdən də qədimdir – Mesopatamiyadan dövrümüzə qədər bütün şair və şeirqoşanların, yazıçıların və qrafomanların girib çıxdığı kol – Eşq.

Yəni Qan Turalı orijinal ola bilməyib.

Kitabın quruluşu və qismən solçu tematikası bizə Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” kitabını da xatırladır. Həm Turalın, həm də Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdıqları esselər tematik başlıqlar altında qruplaşdırılıb və kitab halına salınıb.

Lakin arada bir vacib fərq var. Məmməd Süleymanovun kitabı rus dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış qəliz cümlələrdən ibarət olub Kanadadan Yuqoslaviyaya, Monqolustandan Vyetnama kimi tarixin az qala bütün gəlib-keşmiş marksistlərindən sitatlarla doludur. Qan Turalının kitabı isə türk dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış bəsit cümlələrdən ibarət olub saysız-hesabsız türk köşə yazarları, incəsənət-mədəniyyət xadimləri, müğənnilərindən sitatlarla aşıb-daşır.

Bir sözlə, Qan Turalı bayağıdır.

Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır.

Daha dəqiq desək, “Polis qorxusu ilə öpüşmək” – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır.

Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?