Neptun “bir yaşını” qeyd etdi

Mənbə: Wikipedia.org

İyulun 12-də Neptun planeti özünün bir yaşını qeyd etmiş oldu – daha dəqiq desək, planet 1846-cı ildə kəşf edildikdən sonra Günəş ətrafında ilk dövrəsini başa vurdu.

Neptunun bir ili, və ya Günəş ətrafında tam dövrə vurmağa sərf etdiyi vaxt 164.79 Yer ilinə bərabərdir.

Neptunu hələ Qalileyo Qaliley iki dəfə müşahidə etsə də, onu ulduz hesab etdiyindən planetin kəşfini astronomiyada onun adı ilə bağlamırlar.

Neptunun bir planet kimi kəşfi rəsmən fransız riyaziyyatçı Urben Leverye (Urbain Le Verrier), Berlinli astronom İohann Qotfrid Halle (Johann Gottfried Galle) və onun asistenti Lui D’Arre (Heinrich Louis d’Arrest) ilə bağlıdır.

1845-1846-cı illərdə Urben Leverye Uranın orbitindəki anomaliyaları araşdıraraq Günəş sistemində səkkizinci planetin mövcudluğu barədə hipotez irəli sürüb.

Leveryenin təkidi ilə onun hesablamalarını əsas tutan Halle və D’Arre isə 1846-cı ilin 23 sentyabrında artıq Neptunu müşahidə etməyi bacarıblar.

Mənbə: Wired.co.uk

Advertisements

Dünyada sonuncu yazı makinası fabriki bağlandı

welcometoalville / Flickr

Dünyada yazı makinası istehsal edən sonuncu fabrik – Hindistanın Mumbay şəhərində fəaliyyət göstərən Godrej and Boyce fəaliyyətinə son qoyub.

Kompüterlərin geniş yayılmasından sonra makinalar istifadədən çıxsalar da, son illərə qədər Hindistanda onlara yüksək tələbat var idi. Əsasən daxili bazara işləyən Godrej and Boyce bütün 2000-ci illər ərzində stabil olaraq 10-12 min makina istehsal edirdi.

Keçən il isə firma cəmi 800 makina sata bilib. Hal-hazırda firmanın anbarlarında çoxu ərəb qrafikalı olmaqla cəmi 200-ə yaxın makina qalıb.

Kommersiya məqsədi ilə ilk makina ABŞ-da 1867-ci ildə istehsal olunub.

XX əsrin əvvəlləri üçün isə yazı makinaları standartlaşıb və bizim hamımıza kompyüterlərdən tanış olan “QWERTY” klaviaturası meydana gəlib.

Godrej and Boyce isə 1950-ci illərdən makina istehsalı ilə məşğul idi.

Tarixdə bir gün – 29 avqust

29 avqust çox maraqlı gündür – bu tarixdə Belqrad və Buda türklər, Varşava isveçlilər tərəfindən zəbt olunub, Koreyanı isə yaponlar ilhaq ediblər.

İstiqlal savaşı zamanı bu tarixdə həm də İzmiri yandırıblar.

Bu gün sovetlər özlərinin ilk atom silahını sınaqdan keçiriblər, Bitlz qrupu isə son konsertini verib.

Bu gün Sovet İttifaqı Kommunist Partiyası da rəsmən buraxılıb. Kolber, Lokk və Meterlink anadan olub, Brigem Yanq və Seyyid Qütb vəfat edib.

Azərbaycanda bu gün iki cür xatırlandı – bir qrup insan üçün Çingiz Mustafayevin, digər qrup üçün isə Maykl Ceksonun ad günü kimi.

Amerikada isə Katrina qasırğasından düz beş il ötdü.

Somalidə analoqu olmayan bilik yarışı

BBC-nin bu yaxınlarda verdiyi məlumata görə Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər. Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.

Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub. Mükafatlandırma mərasimində çıxış edən qruplaşma üzvü Şeyx Abdullahi Əlhaq deyib ki, mükafatların silah-sürsat olmasının əsas səbəbi gəncləri Somalidə gedən müqəddəs müharibədə daha aktiv iştirak etməyə çalışmaqdır.

Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub.

BBC: Guns given to Somali quiz winners

İnternet və daha bir insan hüququ

Bir qədər öncə sizə Azərbaycanın əksər internet istifadəçilərinin nə əziyyət çəkdiyini yazmışdım – daha doğrusu bu əziyyəti ANTV heyəti çox əyani şəkildə təsvir etmişdi. İndi isə gəlin dünyanın o biri başına, uzaq şimal diyarına baxaq.

Bu yaxınlarda xəbər gəldi ki, Finlandiya hökuməti dünya tarixində daha bir presedentə imza atıb. Belə ki, bundan sonra Helsinki hər bir vətəndaşın yüksək sürətli internetə sahib olma hüququna tanıyacaq. Daha doğrusu elə bu hüququ rəsmi Helsinki özü təsis edib. Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyinin qərarına əsasən gələn ilin iyun ayından hər kəsin ən azı 1 meqabit internet sürətinə sahib olma hüququ olacaqdır.

Təəccübləndiniz? Hələ bu harasıdır! 2015-ci il üçün Finlandiya hökuməti bu minimal həddi 100 meqabit səviyyəsinə qaldırmağa qərarlıdır.

Sabir demişkən, əcnəbi göydə balonlarda gəzir…