Mədəniyyətin təməlləri Etiket Arxivləri:

2016-cı ilin yaxşı nəşrləri — II hissə

2016-da nəşr olunan bəzi yaxşı kitablar haqqında artıq bir dəfə yazmışam, amma o zaman ancaq yarım ili və dörd kitabı əhatə edə bilmişdim. İndi, 2016-nı rahatlıqla başa vurandan sonra həmin ilin yaxşı nəşrləri haqqında daha ətraflı yazmaq olar.

Qeyd edim ki, 2016-da “Qanun” və “TEAS Press” kimi böyük nəşriyyatlar da maraqlı kitablar nəşr etməyə davam ediblər. Həmin nəşriyyatların öz reklam və marketinq fəaliyyətləri kifayət qədər yüksək səviyyədə təşkil olunduğu üçün, onların kitabları barəsində danışmaq arabanın beşinci təkəri rolunu könüllü şəkildə öz üstünə götürmək olardı. Ona görə də bu yazıda ancaq kiçik və şəxsi təşəbbüslərlə ortaya çıxan nəşrləri əhatə etməyə çalışacağam.

Fanzinlər: “Monk”, “Yoldaş fanzin”, “Elmi spektr”

Monk

“Monk” (oktyabr, noyabr və dekabr nömrələri, 2016)

Şəksiz ki, 2016-nın əlamətdar hadisələrindən biri kimi nəhayət bizdə də fanzinlərin peyda olmasını hesab edə bilərik. Fanzin ingiliscədən tərcümədə azarkeşlər, tərəfdaşlar, fanatlar tərəfindən buraxılan məxsusi mövzu ətrafında həvəskar jurnal mənası verir. Peşəkar jurnal daha ciddi fəaliyyət, zəhmət və resurs tələb etdiyi halda, fanzin ciddi maliyyə vəsaiti olmadan və həvəskarların entuziazmı sayəsində ərsəyə gəlir, sadə üsullarla dərc olunur (bəzən heç kağızda çap olunmur). Fanzin jurnala nisbətən daha çevikdir, həcmi də kiçikdir.

2016-da Azərbaycanda üç diqqətəlayiq fanzin nəşr olunmağa başlayıb. Sol yönlü, amma daha çox ədəbiyyat və incəsənət mövzularını əhatə edən “Monk”, yenə sol, amma bu dəfə klassik siyasi sol, marksist ideoloji spektrdən “Yoldaş fanzin” və sırf elmi mövzulardan yazan, ən sərt akademizmə iddialı olan “Elmi spektr” (onları fanzin kateqoriyasına aid etdiyim üçün sonuncular məndən inciyə bilərlər, çünki özlərini elmi jurnal olaraq tərif edirlər).

Bu fanzinlər yeni gələn nəslin tribunasıdır, onları nəşr edənlər indiyə qədər mövcud olan digər platformalardan şüurlu şəkildə imtina edərək özlərinin platformasını yaratmaq istəyirlər. Çünki köhnə platformalar yeni gələn gənclərin tələblərini və potensialını tam başa düşmür, onların istəklərinə uyğunlaşmaq üçün kifayət qədər çevik deyil – yeni dövr yeni vasitələr tələb edir. Hər üç nəşri izləməyi şiddətli şəkildə tövsiyə edirəm.

Rişard Kapuşinski, Şahənşah (Fikir sexi)Səhər Delicani, Cakaranda ağacının uşaqları (Ol)

Şahənşah

R. Kapuşinski, Şahənşah (Fikir sexi, 2016)

İran mövzusu bizim üçün hər zaman maraqlı, sirli və cəlbedici qalmaqda davam edir. 2016-da müasir İran tarixinin açar hadisələrindən biri – İran İslam inqilabı haqqında Azərbaycanda iki yaxşı kitab nəşr olunub. Keçmiş siyasi məhbus Rəşadət Axundovun həbsxanada tərcümə etdiyi polşalı jurnalist Rişard Kapuşinskinin “Şahənşah” əsəri Məhəmməd Rza şahın devrilməsi və İranda İslam inqilabı haqqında kifayət qədər ətraflı və artıq klassika sayılacaq bir kitabdır. Kapuşinskinin bu bədii-sənədli kitabı müasir İran və İslam inqilabı haqqında stereotiplərdən kənar düşünmək, hadisələrin mahiyyətini düzgün anlamaq üçün hədsiz qiymətli mənbə hesab oluna bilər.

Kapuşinskinin kitabının nəşrini vacib edən başqa bir amil isə Fərəh Pəhləvinin xatirələrinin bizdə hələ 2007-ci ildə nəşr olunmasıdır. Fərəh Pəhləvi İranda ancien regime-in ən ali nümayəndələrindən biri olub və təbii ki, İran tarixinə və İslam inqilabına sarayın pəncərələrindən baxıb. Kapuşinskinin dəyəri isə ondadır ki, o, inqilabi hadisələr vaxtı İranda əcnəbi jurnalist kimi çalışıb, küçə və meydanlarda, xalqın arasında olub, hadisələrin düz mərkəzindən tarixə şahidlik edib. Əgər azərbaycandilli oxucu son 10 il ərzində İran İslam inqilabına yalnız bir rakursdan – devrilənlərin nəzər nöqtəsindən baxa bilirdisə, bundan sonra hər iki baxış bucağından ümumi mənzərəni görə biləcək. Yeri gəlmişkən, naşirlər bildirib ki, kitabın satışından gələn bütün gəlir siyasi məhbusların ehtiyaclarına sərf olunacaq.

cakaranda

S. Delicani, Cakaranda ağacının uşaqları (Ol, 2016)

Kapuşinskinin kitabının bitdiyi tarixi nöqtədə təhkiyəni iranlı mühacir yazıçı Səhər Delicani dövr alır. Yenə keçmiş siyasi məhbus Xədicə İsmayılın yenə də həbsxanada tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanı İslam inqilabından sonra İranda baş verən hadisələrin bir növ bədii təsviridir. Azadlıq uğrunda vuruşanların birdən birə necə zülm edənlərə çevrilməsi, əzilənlərin onları əzənlərə bənzəməyə başlaması, inqilabın öz övladlarını yeməsi – bütün bunlar Delicaninin romanında kifayət qədər inandırıcı formada qələmə alınıb. Səhər Delicaninin hər iki valideyni İslam respublikasının həbsxanalarından keçib, yazıçı özü bədnam Evin həbsxanasında dünyaya göz açıb, “Cakaranda ağacının uşaqları” da həbsdə yatan keçmiş inqilabçıların və onların övladlarının gerçək şahid ifadələrinə əsaslanır.

“Cakaranda ağacının uşaqları” Xədicə İsmayılın ikinci tərcümə təcrübəsidir. Bundan öncə o, əfqan-amerikan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını Azərbaycan dilinə tərcümə etmişdi və onun tərcüməsi oxucular və ədəbiyyatçılar tərəfindən kifayət qədər bəyənilmişdi. Xədicə İsmayıl ikinci romanını həbsxanada tərcümə etməsinə baxmayaraq, tərcümə işinə kifayət qədər ciddi yanaşmanı saxlaya bilib.

Seymur Baycan, Gecikmiş hekayələr (Alatoran)

Foto: Azadlıq Radiosu

Foto: Azadlıq Radiosu

Bizim yaxşı tanıdığımıza əmin olduğumuz Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki hələ də Seymuru yaxşı tanımırıq.) “Gecikmiş hekayələr”də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır – Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim etməyi çox yaxşı bacarıb. Sorokinin sosialist realizmi ilə eksperimentlərini xatırladan bu hekayələr bizim ədəbiyyatımızda həm bir ilk olmaqla yanaşı, həm də 2000-ci illərin əvvəllərindən başlayaraq alatorançıların “ədəbiyyatın başına açdığı oyunların” üzvi davamıdır. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur da öz istedadının gücü sayəsində bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq. Seymurun öz təbiri ilə desək, oxuyun, oxutdurun!

13892236_1204093656307499_811343684890153336_n

W. Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi, 2016)

Will Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi)

Ər-arvad Will və Ariel Durant-ların 11 cildlik “Sivilizasiyanın tarixçəsi” seriyası dünyada artıq klassika sayılır və Qərb sivilizasiyasının tarixi haqqında ən yaxşı nəşrlərdən hesab edilir. Keçən il Nərmin yayın evi Durantların irsindən kiçik bir hissəni Azərbaycan dilinə tərcümə edərək nəşr edib. “Mədəniyyətin təməlləri” adı altında çıxan kitab sivilizasiyalar tarixinə giriş üçün çox yaxşı mənbədir. Sadəcə bir məsələ var ki, Durantların bu adda kitabı yoxdur, Azərbaycan dilinə nəşr olunan hissə isə “Bizim Şərq mirasımız” adlanan birinci cildin giriş hissəsidir. Əlbəttə, 11 cildlik böyük bir seriyanın tərcüməsi hədsiz insan və maliyyə resursu, müstəsna tarixi erudisiya və tükənməz motivasiya tələb edərdi. Amma yaxşı olardı ki, tərcümə və nəşr ilə məşğul olan qrup oxucuları çaşdırmamaq üçün kitabda bu mətnin mənbəyini dəqiqliklə göstərərdi.

Digər bir iradım isə kitabın “Yalçın İslamzadənin tövsiyəsi ilə çap olunmasının” xüsusi vurğulanmasıdır. Əgər Yalçın bəy kitabın naşiri, tərcüməçisi, redaktoru, elmi məsləhətçisi və ya sponsoru olubsa, bu məsələ dəqiq göstərilməli idi. Yoxsa onun işi sadəcə tövsiyə ilə məhdudlaşıbsa, bunu xüsusi qeyd etməyin nə mənası var idi? İstənilən halda, tərcüməçi və naşirləri bu dəyərli nəşrə görə təbrik etməyə dəyər.

Bir şərh yazın

Kateqoriysı Azərbaycan, Bütün yazılar