Günel Mövludun yeni şəkillər kitabı haqqında bir neçə söz

b1aa55134d8ec8e34e72194789ccaa1aBu yaxınlarda xanım yazarlarımızdan birinin cilalı kağıza olan sevgisini qeyd etmişdim, amma alatorançı Günel Mövludun cilalı kağıza sevgisi sən demə daha hədsiz imiş.

Hətta o dərəcədə ki, Günel xanım 31 şeir və 3 məqalənin yer aldığı 106 səhifəlik “Axşamçağına cavab” kitabını başdan ayağa “qlyantsevıy” kağızda çap edib.

YerAltı nəşriyyatının buraxdığı kitabda “anderqraundun” heç izi-tozu da yoxdur. Seymur Baycanın ön sözü, Gündüz Ağayevin üz qabığı, Abbas Atilayın fotoları da kitabı xilas edə bilməyib. Hətta kitab Günel Mövludun şeirlər kitabından daha çox Abbas Atilayın şəkillər kitabı kimi yadda qalır. Kitabı əlinə alan yoldaşlar Günelin şeirlərindən daha çox Abbasın fotolarından təsirlənirlər.

Kifayət qədər baha qiymətə, yeni ədəbiyyata iddiası olan kitab bizi yaxşı mənada heç təəccübləndirmir. Şrift və tərtibatın bərbadlığı bir yana, şeirlər özləri yenilikçi insanı məyus edir.

Kitabdakı şeirlərin əksəriyyəti köhnə şeirlərdir. Yeni şeirlərin isə daha fundamental problemi var. Günel xanım ilin, günün bu çağında, o boyda Alatoran inqilabından sonra yenidən klassik formaya – qoşma-gəraylı janrına qayıdıb. Şeirləri oxuduqca qarşımızda Borçalı elindən yenicə gəlmiş, əlində telli saz xanım aşıq canlanır – özü də sanki hansısa eloğlunun kiçik oğlunun kiçik toyunda.

Biz elə bilirdik ki, Günel Mövlud Tbilisiyə, azad Gürcüstanın modernist, demokratik mühitinə köçüb, sən demə, Günel xanım Borçalı elinə, Tiflis aşıqlarının yaradıcı abu-havasına ezamiyyətə gedibmiş.

Yuxarı-aşağı bir kitab

B4FFB65F-581A-422B-8784-D4E9D237E9CF_mw1024_n_sGənc yazar Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabını açanda (Qanun, 2012) insan təəccüblənməyə bilmir.

Kitabın üz qabığının içəri üzündə sanki qlamur moda jurnallarını açırmışıq kimi yazarın bahalı brendləri reklam edən maneken pozasında və qiyafəsində cilalı, parıldayan fotosu çıxır.

Kitabın annotasiyası bizə iki maraqlı əsər – Əfqanıstan müharibəsində cəsus olmuş bir şəxsin ailə dramı və sosial konfliktlər kontekstində detektiv vəd etsə də, oxuyacağımız kitab gözləntilərimizə tamamilə uyğun gəlmir. Həqiqətən də, kitabın annotasiyasından daha çox, müəllifin manekenvari şəklinə inanmalı imişik.

Oxuduqca görürük ki, Sahilə xanımın nəsri qadın yazarlar haqqında bütün mümkün və qeyri-mümkün stereotiplərə tam uyğun gəlir. O, hətta Əfqanıstan müharibəsi fonunda ailə dramını və sosial konfliktlər fonunda detektivi də 16-17 yaşlı yeniyetmə qızların Facebook statusları məzmununda yazmağa nail ola bilib. Həqiqətən də qadın böyük qüvvə imiş.

Kitab başdan-ayağa, yuxarıdan-aşağıya lirik, sentimental, romantik, qəmgin, kədərli, fəlsəfi, metafizik notlarla aşıb daşır. Dostoyevskidən yeri gəldi-gəlmədi sitat və analogiyalar, filosof kimi danışan ağ atlı oğlan obrazı, hər cümlədən üstümüzə tökülən vedrə-vedrə romantika və sentimentallıq istənilən müasir feminist tənqidçini infarkt həddinə gətirib çıxarar.

Kitabı təşkil edən birinci povest – “Məhv edilmiş xilaskarlar” xalis Braziliya serialıdır, özü də müəllifin “Klon”dan təsirləndiyini iddia etməyə cürət edirəm. İtirilmiş sevgilisini süni mayalanma yolu ilə bərpa edən qadının hekayəsini oxuduqca gözümüzün qabağında “Klon”u izləyib sonra bir-birinə danışan yaşlı xanımların söhbətləri canlanır.

Kitabın ikinci hissəsi – “Yuxarı və aşağı ətraflar” isə bədii cəhətdən olduqca yarımçıq və çiy əsərdir. Qeyri-yetkin kompozisiya, uzun-uzadı və qeyri-funksional fəlsəfi-metafizik söhbətlər, əsərə qəfil girib-çıxan, lazımsız və tam açılmamış obrazlar, hadisələrin (yəni kələfin) ucunun itməsi əsəri tamamilə qeyri-oxunaqlı edir. Belə təsəvvür yaranır ki, Sahilə xanım əsəri başdansovdu bitirib və çapa verib.

Kitab boyu bəzi bağışlanılmaz qüsurları isə (“Napaleon” və “Skarpion” kimi) gəlin korrektorun boynuna yıxaq.

Diqqətimi çəkən bir məqam – kitabda yazıçının həm ideal qadın (“Gün”), həm də ideal kişi (“Əsgər”) obrazları yaratmasıdır. Qadın obrazı haqqında bir onu deyə bilərəm ki, belə qadın rastıma çıxarsa, şəxsən mən bir bəhanə tapıb dərhal dabanıma tüpürərəm.

Müəllifin ideal kişiyə olan tələblərini gördükdə isə adam sadəcə dəhşətə gəlir. Yazarın fikrincə ideal kişi sevgilisinin oynadığı hər tamaşaya gəlməlidir; hər xırda təfərrüata izah verməlidir (məsələn, niyə fontanın yanında məni görəndə üzünü çevirdin); defisit və bahalı mallardan tapıb vaxtı-vaxtında gətirməli ya göndərməlidir; Dostoyevskidən əzbər sitat çəkməlidir; hər həftə ona iki məktub yazmalıdır və yazdığını əvvəl qaralamada yazıb sonra üzünü köçürməlidir; dosta sədaqətli olmalıdır, dostunun ölüm yatağında sonadək durmalıdır; bulanıq çaylar, meyitlər və ağac yarpaqları haqqında dərin fəlsəfi-metafizik fikirlər yürütməlidir; bir az havalı olmalıdır; və nəhayət, sevgisini sübut etmək üçün özü ölüm ayağına düşməlidir.

Bir sözlə, xanım yazar kişilərdən Stenford ya Oksforddan fəlfəsə doktoru adı almış, ölməzlik iksiri içmiş Supermen olmağı tələb edir. Yalnız bundan sonra o, sevdiyi qadına layiq ola bilər.

Sadəcə dəhşətdir. Ədəbi-bədii dəhşət.

Koelyonun yarımçıq solla sintezi

Qan Turalı, Polis qorxusuyla öpüşmək

Bu günlərdə gənc yazar Qan Turalı yeni kitabını nəşr edib – esselər toplusu olan “Polis qorxusu ilə öpüşmək”. Sözün düzü kitabı bir oturuma oxudum, çox səlis və axıcı dili var. Rahatluqum kimi gedir.

Amma yeni və orijinal bir şey gözləntisi ilə Qan Turalının yeni kitabını əlinə alan oxucu tam fərqli mənzərə ilə qarşılaşacaq – türk köşə yazarlarının ortabab kalkası. Mövzu isə qədimdən də qədimdir – Mesopatamiyadan dövrümüzə qədər bütün şair və şeirqoşanların, yazıçıların və qrafomanların girib çıxdığı kol – Eşq.

Yəni Qan Turalı orijinal ola bilməyib.

Kitabın quruluşu və qismən solçu tematikası bizə Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” kitabını da xatırladır. Həm Turalın, həm də Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdıqları esselər tematik başlıqlar altında qruplaşdırılıb və kitab halına salınıb.

Lakin arada bir vacib fərq var. Məmməd Süleymanovun kitabı rus dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış qəliz cümlələrdən ibarət olub Kanadadan Yuqoslaviyaya, Monqolustandan Vyetnama kimi tarixin az qala bütün gəlib-keşmiş marksistlərindən sitatlarla doludur. Qan Turalının kitabı isə türk dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış bəsit cümlələrdən ibarət olub saysız-hesabsız türk köşə yazarları, incəsənət-mədəniyyət xadimləri, müğənnilərindən sitatlarla aşıb-daşır.

Bir sözlə, Qan Turalı bayağıdır.

Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır.

Daha dəqiq desək, “Polis qorxusu ilə öpüşmək” – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır.

Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?

Bozqırdan uğursuzluğa: Dilqəm Əhmədin yaradıcılıq uçurumu

Dilqəm Əhməd kitabı ilə (Facebook)

Bir siqaret tüstülədib
Ömər Xəyyamdan
status yazacaq haldayam… (D. Əhməd)

Dilqəm Əhmədin ilk kitabı – “Bozqırdan uçuruma” çox qəribə kitabdır – özündə səkkiz hekayə, bir povest və iki silsilə şeir toplusu ehtiva edir.

Elə bil ki, müəllif heç olmasa bir kitabı olsun və özünü yazar adlandıra bilsin deyə az qala bütün nəsrini və nəzmini bir yerə toplayıb və çap edib. Əgər kitab üçün material az olsa idi (allah eləməsin!), Dilqəm Əhməd utanmayıb bəlkə də bu topluya öz Facebook status və kommentlərini də daxil edərdi.

Həcmcə çox kiçik olan, cəmi 127 səhifəlik bu kitab ona görə də məzmunca çox kontrastlı və rəngarəng alınıb. Kitabın bir yeri sola meyl edirsə, başqa bir səhifəsindən millətçilik yağır, üçüncü qismi isə sentimentallaşıb romantikləşir.

Amma əsərin ən azından nəsr hissəsini birləşdirən ortaq bir xətt də var ki, bu da mətnin ədəbiyyata dəxli olmamasıdır.

Dilqəm Əhmədin üslubu ortabab publisistik üslubdur, sadəcə çoxsaylı təşbeh, metafora, istiarə və epitetlərlə bəzədilib. Amma bu çoxsaylı təşbeh, metafora, istiarə və epitetlər mətni nəinki bədii üsluba çevirməyib, əksinə tamamilə oxunaqsız edib.

Müəllifin ədəbi yazı texnikasının olmaması bir kənara, hətta “Gecə saat on ikidir” tipli cümlələrlə başlayan hekayələrinin süjet xəttləri belə olduqca primitivdir.

Məsələn, “Absurdistan: 2012” adlı hekayəyə baxaq – Bütkənd adlı bir şəhərdə harınlamış parlament camaatı kimsəsiz bir adaya sürgün edib. Bu zaman parlament eşidir ki, onların üstünə meteorit gəlir. Parlament dağılışmaq istəyəndə camaat qədim bir əfsun oxuyur və meteorit sürətlənib parlamentə çırpılır, deputatlara dağılışmağa imkan vermir.

Məşhur bir filmdə deyildiyi kimi, Dilqəm bəy, özfəaliyyətiniz elə bundan ibarətdir?

“Sərgərdan” adlı mətnə “povest” adı verməklə isə müəllif əsl təvazökarlıq nümunəsi göstərib. İnsaf üçün qeyd edim ki, Araz Bayramov yəqin onu roman adlandırardı.

Daha bir diqqətçəkən məqam – müəllifin həyat təcrübəsinin onun bədii yaradıcılığı üçün kifayət etməməsidir. Avtobioqrafik qeydlər yüzlərlə qəlpə şəklində bütün kitab boyu səpələnsə də, hiss olunur ki, Dilqəm Əhməd öz yaşadıqlarını və gördüklərini bədii təxəyyülündən keçirib ortaya bir babat məhsul qoya bilmir.

Müəllif kitabın resenziyasında özü qeyd edir ki, “Bozqırdan uçuruma” adlandırdığı bu kitabında “cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub.” Mən isə burada yalnız bir əlavə edə bilərəm – uğursuzluğa uğramış bu fərdlərin elə birincisi müəllif Dilqəm Əhmədin özüdür. Müəllif yaradıcılıq bozqırına çıxmaq istəsə də, gözümüzün qabağında yaradıcılıq uçuruma yuvarlanır, biz isə onu xilas edə bilmirik.

Bəs Gəncə haradadır?

Belə bir provokativ sual.

“Əli və Nino” mağazalar şəbəkəsi onlayn kitab satışı ilə də məşğuldur. Sayta daxil olursunuz, istədiyiniz kitabı seçirsiniz, mağazadakı qiymətindən ucuz və kitabı qapınıza qədər gətirirlər. Bunu reklam üçün demədik, kontekst üçün dedik.

Bu yaxınlarda mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli onlayn kitab sifarişinə görə Azərbaycanın şəhərlərinin onluğunu açıqladı.

  1. Bakı
  2. Sumqayıt.
  3. Naxçıvan
  4. Zaqatala
  5. Mingəçevir
  6. Astara
  7. Beyləqan
  8. Yardımlı
  9. Ağstafa
  10. Yevlax

Bu siyahıya baxanda insan istər-istəməz özünə bir sual verir – bəs Azərbaycanın ikinci böyük şəhəri, bir akademiyası, iki dövlət və iki özəl universiteti olan Gəncə şəhəri haradadır?

Yəni 400 min əhalisi olan Gəncədə 50 min əhalisi olan Yardımlıdakı qədər kitab oxuyan yoxdur? Yoxsa Gəncə sakinləri Astara sakinlərindən də kasıbdır? Bəlkə Gəncə Zaqataladan da uzaqdır? Ya da Naxçıvan kimi blokadadadır?

Görəsən səbəb nədir?