Budda nə demək istəmişdi?

Foto: AzərTAc

Buddizmdə belə bir ifadə var – koan. Çox kobud şəkildə ümumiləşdirsək, mənası budur: buddalar ötəri nəsə bir söz deyir, mənasını uzun illər sonra dərk edirsən. Əgər dərk etsən.

Heydər Əliyev də bir vaxtlar demişdi – Azərbaycan xalqı çox dözümlü xalqdır. Və bu, əsl koan idi.

Düzdür, bu sözləri çox yozdular, çox sitat gətirdilər, çox misal çəkdilər, amma çifayda. Əgər bu sözlər belə asan anlaşılsa idi, koan olmazdı ki!

Koan o qədər əlçatmaz olur ki, rasional ağıl, sağlam düşüncə ona çata bilmir. Koanı başa düşmək üçün ağır həyat təcrübəsindən keçməlisən. İlahi işığı yalnız bundan sonra görə bilərsən.

Bəs Budda bu sözlərlə nə demək istəmişdi?

Məncə niyəsini biz ancaq bu qış bildik. Üstümüzə gələn bütün bu qar və çovğun ilə. Ağır həyat təcrübəsindən keçib ilahi işığı axır ki gördük.

İki həftədir 3 milyonluq şəhərin infrastrukturu çöküb. Yollar buz bağlayıb, səkilərdə bir dəfə də olsun qar təmizlənməyib. Nəqliyyat iflic olub. Rekord şaxtalarda şəhərin altı rayonunun işığı, qazı keçib. Su boruları donub, evlərə normal su gəlmir. Hələ nə qədər evdə istilik sistemi yoxdur, onu demirəm.

Üstəgəl, başdan-başa mərmərə tutulmuş park və keçidlərdə yıxılıb şil-küt olanlar, soyuq, qazsız, işıqsız, istiliksiz evlərində don vuranlar!

Şəhər idarələrinin bütün qaynar xətləri də “məşğul” – bir nəfər zəng edib düşə bilmir.

Bir sözlə başımıza itin zülmü gəldi, amma Hövsanda balaca iğtişaşdan başqa heç kəs səsini çıxarmadı. Kimi küçədən vedrə ilə qar yığdı, kimi qohumugilə köçdü, kimi də beş yorğana bürünüb qaranlıqda oturdu və gözlədi.

Yəni koan bizə agah oldu. Azərbaycan xalq həqiqətən də dözümlü xalq imiş. Bəlkə də məhz bunu başa salmaq üçün bu qış bizə təşrif buyurmuşdu.

Hökumət isə Avroviziyaya hazırlaşır, gəlin mane olmayaq.

Advertisements