Həmid Herisçi Etiket Arxivləri:

Həmid Herisçinin cinayəti

Ən sadə sürrealist hərəkət revolverlə silahlanıb küçəyə çıxmaq və yorulana kimi insan kütləsinə atəş açmaqdır.

Sürrealistlərin manifestindən (1924)

 

SƏHƏR QƏHVƏSİNİ dəmləsəm də deyəsən günün vaxtlarını çaş-baş salmışdım. Bir qulağım BBC radiosunda idi. Səhv etmirəmsə, dinlədiyim bu veriliş adətən London vaxtı ilə axşamüstü efirə verilirdi. Kağız filtri qəhvə maşınına qoymuşdum, üyüdülmüş dəni tökmüşdüm, sonra da maşının düyməsini basıb işə salmışdım. Filtrdən keçən ilk qəhvə damcıları şüşə qaba damcılamağa başlayanda verilişin mövzusu da dəyişdi. “Bu il Oksford ədəbiyyat festivalının əsas mövzularından biri” – aparıcı qəfil dedi, – “post-insandır. Bu barədə danışmaq üçün studiyamıza tanınmış filosof” – indi xatırlamıram, amma Skandinaviya mənşəli təntənəli bir ad dedi, – “dəvət etmişik.”

Bilmədim, mən təəccüblə qəhvə damcılarına baxdım, yoxsa qəhvə damcıları mənə baxdı. Cəmi bir ya iki həftə əvvəl “kəndin dəlisi” Həmid Herisçi öz növbəti oyunu ilə Facebook əhlini babat əyləndirmişdi. El arasında Facebook kimi tanınan şər yuvasında olmadığım üçün Həmid Herisçinin həmin məşhur statusunu olduğu kimi iqtibas edə bilməyəcəm, ona görə oxucular üzrlü saysın. Artıq poçt-insan dövrü bitdi, deyirdi Həmid Herisçi, indi post-insan dövrüdür. Daha Həmidin həm özü post-insandır, həm də post-insan mövzusunda yazacaq. Post-modernizm erası bitdi, Həmid onu ədəbiyyatımıza gətirmişdi, Həmid də onu bitirdi. İndi post-insan mövzusunun növbəsidir, hər zaman olduğu kimi, bu yeniliyi də ədəbiyyatımıza Həmid gətirir. Təxminən bu formada Həmid Herisçi öz yeni mövzusunu publikaya təqdim edirdi. Qısacası, tanıdığımız şıltaq uşaq öz köhnə oyuncağını sındırıb əlini atmışdı yeni oyuncağa.

Skandinaviya mənşəli soyadın sahibi tanınmış filosof radio dinləyicilərini post-insan mövzusunda ətraflı məlumatlandırır, qəhvə isə kağız filtrdən süzülüb şüşə qaba dolurdu. Filosof aşağı-yuxarı elə Həmid Herisçinin Facebook-da yazdığı söhbəti deyirdi, amma akademik və adam arasına çıxarılası dildə, yəni pirsiz, mücavirsiz, lotusuz, ceyran tüpürcəyinə istinad etmədən. Elə bir dildə ki, BBC radiosunun ən sinik dinləyicisi də eşitdiyinə şəkk gətirməyə cəsarət etməzdi.

Məsələ çox sadə idi. “Köhnəlmiş”, “bitmiş”, “özünü diskreditasiya etmiş”, “ağlını itirmiş”, “havalanmış” Həmid Herisçi hər şeyə rəğmən dünyadakı son təmayüllərlə bir daha ayaqlaşmağı bacarmışdı. Oksford ədəbiyyat festivalı post-insan mövzusunu müzakirəyə çıxardığı bir vaxtda Həmid Herisçidən başqa heç kim bu yeniliyi bədbəxt azərbaycanlı oxucu ilə bölüşməyi lazım bilməmişdi. Sapsarı saralmış ədəbiyyat saytları yenə də öz amplualarında mövcudluqlarına davam edirdilər. Fahişələr haqqında ədəbi-bədii esselər və məmur-oliqarx yazıçılara tərifnamələr xəbər lentlərində cütləşir və cükküldəşirdi. Yenə gənc yazar A gənc pozar B haqqında tərif yazmışdı, digər gənc pozar C isə gənc yazar A haqqında gənc pozar B-dən müsahibə götürmüşdü. Axşam da A, B və C yığışıb bir yerdə içməyə gedəcəkdilər.

ƏYYAMİ-QƏDİMDƏ, hələ birinci devalvasiyadan əvvəl Azadlıq radiosu bir qrup gənc yazarı canlı efirə qonaq çağırır. Verilişin mövzusu post-modernizmdir. Öz hədsiz təkəbbürünü məsum təvazö libasına bürüməyin ustası olan bizim Nərmin Kamal xanım da verilişi dinlədikcə dəhşətə gəlir. Belə məlum olur ki, verilişdə post-modernizmdən danışan gənc yazarlar post-modernizmin p-sini də bilmirlər. Bundan sonra Nərmin xanım qərara gəlir ki, özünün post-modernizm haqqında araşdırmasını kitab şəklində çap etsin. Bəlkə kimsə oxuyub post-modernizmin əslində nə olduğunu öyrənər.

Nərmin Kamalın “Umberto Eko və post-modernizm fəlsəfəsi” kitabı olduqca dəyərli bir əsərdir. Azərbaycanlı oxucu belə bir araşdırmanın ərsəyə gəlməsi üçün Nərmin xanıma minnətdar olmalıdır. Keçən əsrin 60-cı, 70-ci illərindən bəri öncə kontinenti, ardınca anqlo-sakson dünyasını, 90-larda isə post-sovet ədəbi məkanını silkələyən müasir ədəbiyyat nəzəriyyəsi haqqında hələ ki yeganə tutarlı azərbaycandilli mənbə bu kitabdır. Azərbaycan oxucusu əgər əcnəbi dillərdən hər hansı birinə hakim deyilsə, dünyada son ədəbi və tənqidi təmayüllər haqda başqa haradan məlumat alsın? Saralmış ədəbiyyat saytları fahişələrdən və məmur-oliqarx yazıçılardan başqa bir şeydən yazmır ki!

Amma Nərmin xanım çox ciddi bir səhvə yol vermişdi. Unutmuşdu ki, Azərbaycandakı post-modernizm dünyadakı post-modernizm ilə eyni şey deyildir. Bizdə post-modernizm dedikdə daha çox etiraz ruhlu müasir ədəbiyyat nəzərdə tutulur. Yazıçılar ittifaqı başda olmaqla daşlaşmış və korşalmış ədəbi ənənələrə, 60-cı illərin reliktləri olan əbədi-ədəbi dinozavrlara qarşı mübarizə aparan bu ədəbiyyatı əslində şərti olaraq post-modernizm adlandırmaq olar. Bizim post-modernistlərin bir qrupu özlərini hələ də Azərbaycan maarifçilərinin davamçıları sayır, deməli əslində modernistdir. Digər qrup mövzu baxımından yenilik etsə də, üslub baxımından klassik formaları istifadə edir. Üslubda yeni formaları seçənlər də mövzu baxımından klassik çevrələrdə dolaşır. Bir sözlə, Azərbaycanda sözün əsl mənasında ardıcıl post-modernist demək olar ki yoxdur. Amma bu heç də o demək deyil ki, Azərbaycan post-modernizmi (öz məxsusi anlayışında) uğursuz olub.

2000-lərin əvvəllərindən Həmid Herisçi, Rasim Qaraca, Rafiq Tağı, Murad Köhnəqala, Zahir Əzəmət, Azad Yaşar, Seymur Baycan, Əli Əkbər, Aqşin, Xaqani Hass, Günel Mövlud, elə Nərmin Kamalın özü və adlarını çəkib qurtara bilməyəcəyimiz onlarla yazarın iştirak etdiyi bu xaotik protest ədəbiyyatı, şərti adla desək, Azərbaycan post-modernizmi sözün həqiqi mənasında böyük bir ədəbi zəlzələ və həm də yenilənmə idi. İndi zaman bu insanları pərən-pərən salıb, bu, başqa bir mövzudur, amma onlar öz adlarını Azərbaycan ədəbiyyatı tarixinə əbədilik həkk ediblər. Böyük bir xəyali kenotafın (məhz kenotafın) üstünə yazılmış bu uzun siyahıda Həmid Herisçinin adı şübhəsiz ilk yerlərdə gəlir, bunu qətiyyən unutmaq olmaz.

Kennedi deyərdi: qələbənin min atası olur, məğlubiyyət isə həmişə yetimdir. Azərbaycan post-modernizmi də min atalı bir uşaqdır. Etiraf edim, Azərbaycana post-modernizmi kim gətirib, nə zaman gətirib, bu sualın cavabını tapmaqda hələ də acizəm. Bəlkə də həqiqət daha sadədir, doğrudan da bu uşağın min atası var. Həmid Herisçi isə bu atalardan ancaq biridir. Ona görə Həmidin Taras Bulba sayağı “Azərbaycana post-modernizmi mən gətirmişəm, mən də onu bitirirəm” iddialarını bir qədər şişirtmə hesab etmək lazımdır. Amma Azərbaycanda post-modernizmin yanlış anlaşılması, bir növ Azərbaycan üçün məxsusi məna almasında Həmid Herisçinin rolu bəlkə də hamıdan çoxdur. Bizim ictimaiyyətdə post-modernizm və indi də post-insan mövzularında dünyadan tamam fərqli qənaətlərin yaranmasında ən böyük günah Həmid Herisçinin boynuna düşür desəm, yəqin yanılmaram. Necə bu gün Həmid Herisçi post-insan mövzusunun “başına oyun açıb” onu gah Rövşən Lənkəranskiyə, gah da Şeşpər babanın pirinə calayır, o zaman da post-modernizmin başına oxşar oyunlar açırdı. Gah İmam-zamanın yaxın zühurunun carçısına, gah da başında beret Trotski sevdalısına çevrilən Həmid Herisçi post-modernizmi öz sevimli oyuncağı kimi sağa-sola fırladırdı.

Bir sözlə, məni bir hiss heç zaman tərk eləmir – mənə elə gəlir ki, Həmid Herisçi SSRİ-yə nostalji dolu şeirlər yazanda da, din-imandan danışıb pirlərin qapısında iməkləyəndə də publika ilə məzələnib. Kim bilir, bəlkə indi də, Facebook-da yazacağı növbəti statusunu fikirləşən Həmid Herisçi əslində sazan ovuna çıxan bir balıqçıdır?

AZADLIQ RADİOSU 2014-ün yayında Həmid Herisçinin yeni romanı “Solaxay” haqqında müzakirələrə qoşulmağı mənə təklif edəndə xeyli tərəddüd etmişdim. Birincisi, Həmid Herisçinin həm mütaliədə, həm də yazı-pozu işində məndən qat-qat irəlidə olduğunu çox yaxşı bilirdim; mən təzə yazmağa başlayırdım, Həmid Herisçi isə, rusun sözü olmasın, bu işdə it yemişdi. İkincisi, Həmid Herisçi, öz sözləri ilə desək, klassik bir həmşəri xuliqanı idi. Təbrizlilər haqqında bir misal var. Deyirlər ki, Təbrizə qonaq gəlsən, bir həftə təbrizlinin evində qalsan, onun hesabına yeyib-içsən, gedəndə də evini talayıb özünlə aparsan, yenə sən ziyandasan. Ona görə də Həmid Herisçi haqqında bir söz deyəndə maksimum ehtiyatlı olmaq lazımdır. Bilmək olmaz, həmin söz geri çevrilib sənin özünə ox kimi sancılar, özünün də xəbəri olmaz.

“Solaxay” romanı haqqında o zaman yazdığım rəyə hər dəfə yenidən baxanda, istər-istəməz düşünürəm – görəsən Həmid Herisçinın təkərinə düşüb fırlananlardan biri də mən olmamışam ki?

“Solaxay” dərc olunanda Həmid Herisçi ədəbi çevrələrdə gərgin müzakirələrin mövzusu idi. Təzəlikcə “Axundov-Mirzə Cəlil” yoluna aşkar xəyanət etmişdi, pirlərin və onların mücavirlərinin dünyasına daxil olmuşdu. “Gecə kanalı”dakı Həmid Herisçi çevrilib olmuşdu “Gizli Azərbaycan”ın Həmid Herisçisi. Hər kəsin sual dolu baxışları ona yönəlmişdi: niyə? nə üçün? necə axı? “Solaxay” romanı da bütün bu suallara cavab vermək cəhdi idi. Roman köhnə Həmid Herisçinin dəfni ilə başlayırdı, yeni Həmid Herisçinin doğulması ilə bitirdi. Müəllif bir növü deyirdi ki, mən əvvəldən “solaxay” olmuşam, sadəcə pis yola düşmüşdüm, indi isə haqq yola qayıdıram. Amma müəllif ortaya tutarlı bir cavab qoya bilməmişdi, gətirdiyi ancaq bəhanələr idi. Elə buna görə də roman haqqında elə Həmid Herisçi sayağı yazdığım yazıya “Həmid ağanın bəhanələri” adını vermişdim.

Fəqət bütün bunlar romanın sadəcə aldadıcı üst qatı idi. Alt qatda həmşəri xuliqanı yenə də xırda cinayət törətmişdi, mən isə həmin cinayətin istəmədən şahidi olmuşdum. İndi sizə o cinayətdən danışmaq istəyirəm, amma bir qədər sonra.

BU YAXINLARDA xudmani çay süfrəsi arxasında necə oldusa, söhbət Həmid Herisçiyə gəlib çıxdı. Bir anlıq hamı susdu. Məclisə naqolay bir sükut çökmüşdü. Hər kəsin dilində nə isə bir söz var idi, amma heç kim onu bişirib deyə bilmirdi. “Həmid dəlidir” və “Həmid dahidir” ucları arasında var-gəl edən narahat fikirlər bir nöqtədə qərar tutub materializə olmaq istəmirdi. Sonda deyəsən belə qərara gəldik – Həmid elə adamdır ki, onun haqqında dəqiq bir təsbit verə bilmərik. Çünki bilmirik, biz onunla məzələnirik, yainki o bizimlə məzələnir.

Həmid Herisçini şəxsən tanımayan və onun son dövrlər Facebook-da yazdıqları əsasında fikir yürüdənlər özləri də bilmədən çox böyük yanlışa yol verirlər. Onların gözündə Həmid Herisçi savadsız, dünyadan bixəbər, reallıq hissini itirmiş, başına hava gəlmiş adam təəssüratı bağışlayır. Həmidi şəxsən tanıyanların bir qismi də ondan nagüman olub.

Bəlkə də apokrifdir, amma danışım. Vəbalı mənə danışanların boynuna. O zaman ANS telekanalı hələ AzTV-nin binasında balaca bir otaqda yerləşirdi. Otağın ağzında, dəhlizdə bir köhnə divan qoymuşdular. Bir dəfə Vahid Mustafayev və qardaşı Seyfulla necə olursa, Həmid Herisçiyə əsəbiləşir, ona hücum edib divana yıxırlar və vurmağa başlayırlar. İlhamiyyə Rza da dəhlizin bu biri başında imiş, bu səhnəni görən kimi qışqırır: “Siz nə edirsiniz?! Siz Həmidin fiziki imkanlarını nəzərə almırsınız!”

İndi də zamana elə gətirib ki, Facebook-u sirkə çevirib hər axşam əyləncə axtaran insanlar Həmidin əqli imkanlarını nəzərə almırlar. Həmid Herisçi nəinki geniş mütaliəsi olan bir insandır, həm də öz dövrü ilə başa-baş getməyi bacaran biridir. Lap əvvəldə yazdığım post-insan məsələsində olduğu kimi. Bəlkə də Həmid Facebook-da hədyan şeylər yazır, amma Oksford ədəbiyyat festivalının builki mövzusunu da yaxşı bilir.

“Solaxay” romanını oxuyanda da alt qatda qərar tutmuş bu hiyləgər Həmid Herisçi məlumatlı, sərrast oxucunun diqqətindən əslində yayınmamalıdır. Amma Həmid öz hiyləgərliyini sadəlövh axmaqlıq altında necə kamuflyaj edirsə, çox sərrast gözlər boşa çıxır və çıxacaq da. “Solaxay” əsərində az qala hər xırda uyğunsuzluğu, zəif passajları dərhal sezənlər necə olursa, romanın əsasında duran Pelevin karkasını və ideyasını gözdən qaçırırlar. Bəli, “Solaxay” əslində Pelevinin “Omon Ra” romanının azərbaycansayağı dekonstruksiyası və təbdilidir. Sadəcə Həmid Herisçinin əli dinc durmayıb, öz şəxsi bioqrafiyasının bəzi məqamlarını da bəzəyərək əsərə əlavə edib.

Post-modern mətnin xüsusiyyətlərindən biri onun ikisəviyyəli olmasıdır. Mətn üst səviyyədə tamam ayrı ismarış verir və bu zaman adətən hazırlıqsız oxucuya xitab edir. Alt səviyyədə isə əsasən hazırlıqlı oxucuya ünvanlanmış tamam ayrı, bəlkə də əks ismarış olur. Nəticədə iki oxucu eyni əsəri oxuyub iki ayrı əsər oxumuş kimi təəssürat yaşayır. Bu baxımdan “Solaxay” klassik bir post-modern əsərdir. Nə qədər Həmid Herisçi bu əsəri ilə post-modernizmi inkar edib qəbrə qoyduğunu iddia etsə də, nə qədər Əsəd Cahangir bu əsəri post-modernizmə qarşı silah kimi istifadə etsə də, gerçəklik tamam başqadır. “Solaxay” nəinki post-modernist bir əsərdir, hətta – təkrar edim – Pelevinin azərbaycansayağı dekonstruksiyası və təbdilidir. Əslində Həmid Herisçini başa düşmək üçün açar da məhz bu məqamda gizlənib.

Bir qədər yuxarıda yazmışdım ki, Azərbaycan ədəbiyyatında sözün həqiqi mənasında ardıcıl post-modernist demək olar ki yoxdur. İndi isə öz sözlərimə şübhə kölgəsi salmaq istəyirəm. Doğrudanmı Azərbaycan ədəbiyyatında sözün həqiqi mənasında ardıcıl post-modernist yoxdur? Həmid Herisçi vaxtilə tərəfdarı olduğu post-modernizmə həqiqətənmi xəyanət edib? Bəlkə problem bizim kütləvi şüurda və qeyri-şüurda oturuşmuş post-modernizm anlayışındadır? Həmid Herisçi hansı post-modernizmə qarşı mübarizə aparır? Dünyanın anladığı kimi post-modernizmə qarşı, yoxsa bizim anladığımız kimi post-modernizmə qarşı? Ümumiyyətlə, axı Həmid Herisçi kimdir? Təlxəkdirmi, dəlidirmi, dahidirmi, cindirmi, şeytandırmı? Axı kimdir Həmid Herisçi?

XULİQANLIQ, OYUNBAZLIQ – Həmid Herisçinin üslubunu xarakterizə etmək üçün bu iki sözdən yaxşısını tapmaq bəlkə də mümkün deyil. Diqqətlə baxsaq, görərik ki, Həmidin bütün mətnləri və hərəkətləri oyun üzərində qurulub, ruslar demiş выходка-dır. Gah Rövşən Lənkəranskini ideallaşdırır, gah da Trotski aşiqi olur; gah İmam-Zamanın zühurunun carçısına çevrilir, gah da SSRİ nostalgiyasına qapılır; gah Anarı və Yazıçılar İttifaqını söyür, gah da qəfil dönüş edib onları tərifləyir.

Hər yazdığı mətndə Həmid yeni bir oyundan çıxır. Onun hər bir hərəkəti klassik xuliqanlıqdır. Ədəbiyyatın inzibati xətalar məcəlləsi varsa, Həmid Herisçi oradakı bütün maddələri pozub və pozmaqda davam edəcək. Ədəbiyyatı oyuna çevirmək, ədəbi xuliqanlıq – bunlar post-modernizm deyilsə, bəs nədir?

Həmid Herisçinin şəxsi həyatı harada bitir və yaradıcılığı harada başlayır, bu incə xətti nəinki oxucular, hətta Həmid özü də itirib desək, məncə yanılmarıq. Həmid öz növbəti Facebook statusunu hansı qisimdə yazır, yazıçı kimi, yoxsa adi insan kimi? Yeni Müsavatın köşələrindən hekayələrə, hekayələrdən Facebook statuslarına, Facebook statuslarından ara söhbətlərinə, ara söhbətlərindən də Yeni Müsavatın köşələrinə köç edən bütün bu mətnlər – şifahi və yazılı forma arasında gəlib gedən, bədii, publisistik və məişət üslubları arasında var-gəl edən bu məzmun görəsən ədəbiyyatdır, ya ədəbiyyat deyil? Müəllifin ölümü – post-modernizm deyilmi? Bəs ədəbi formanın, üslubun, təhkiyənin ölümü – post-modernizm deyilmi?

Həmid Herisçinin bütün yaradıcılığını xarakterizə edən bu fraqmentasiya və paradoks, paranoya və konspirasiya, kinayə və skeptisizm, yalançı, gopçu və etibarsız təhkiyəçi – post-modernizm deyilmi?

Maarifçiliyin, bir sözlə modernizmin inkarı, “Axundov-Mirzə Cəlil yoluna xəyanət” – post-modernizm deyilmi? Post-modernizmi inkar etmək, post-modernist olmağı danmaq – bu özü də post-modernizmin əlamətlərindən deyilmi?

Post-modernizmin nəzəriyyəçilərindən biri Ihab Həsənin dediyi kimi “Orfeyin parça-tikə edilməsi” – guya Həmid Herisçi başqa nə ilə məşğuldur?

Həmid Herisçi zəif yazıçı da ola bilər, güclü yazıçı da. Qərarı nə biz veririk, nə də bu gün qərar veririk. Onun əsərlərinin ədəbi-bədii dəyərini zaman müəyyən edəcək. Ədəbiyyat ideoloji aparatdır, istəsə Həmidi orta məktəb dərsliklərinə salar, istəməsə – Axundov kitabxanasının fondunun dərinliyinə göndərər.

Amma bu gün, indi və burada biz çox rahatlıqla bir şeyi deyə bilərik:

Əslində Həmid Herisçi post-modernistdir, bəlkə hətta ardıcıl post-modernistdir. Bəli, əslində Həmid Herisçi post-modernistdir, bəlkə hətta ardıcıl post-modernistdir. Bəli, əslində Həmid Herisçi post-modernistdir, düz anladınız, bəlkə hətta ardıcıl post-modernistdir.

3 iyun, 2017
Marienbad

Advertisements

1 Şərh

Kateqoriysı Azərbaycan, Bütün yazılar

Namiq Hüseynli: “Ölkədə ədəbiyyat böhran keçirir”

namiq01

Namiq Hüseynli

Azad Yazarlar Ocağının sədri, yazar və tərcüməçi Namiq Hüseynli ilə müsahibə.

ƏN: Namiq, bu günlərdə Azad Yazarlar Ocağında (AYO) növbəti sədr seçkiləri oldu. Səni yenidən, ikinci müddətə AYO sədri seçdilər. AYO eyni şəxsi təkrar-təkrar sədr seçdiyi üçün Yazıçılar Birliyini həmişə kəskin tənqid edir, indi isə özü səni ikinci müddətə sədr seçir. Bunu necə şərh edərdin? AYO tarixində əvvəl də belə hallar olubmu?

NH: Əli, bundan öncə Azad Yazarlar Ocağında onun qurucularından Rasim Qaracanın bir neçə il ard-arda sədrlik etdiyi dövr məlumdur. Rasim Qaraca bir müddət sonra könüllü olaraq sədrliyi tərk edib, üzvlər arasından hər il yeni sədrin seçilməsi ənənəsini gətirdi.

İndi Azərbaycan ədəbi mühiti 37-ci illərdən sonra öz tarixində ən böyük böhranını yaşayır və bu böhran AYO-dan da yan keçməyib. Çiyin-çiyinə sovetdənqalma “qırmızı intelligensiyaya” qarşı mübarizə apardığımız dostlarımızın bəziləri zamanla ruhdan düşüb hökümət mətbuatına keçdilər və elə həmin qocaların vəziyyətinə düşdülər, senzora, məmura, məddaha çevrildilər. Ən dəyərli və vicdanlı üzvlərimizin bir qismi ölkədəki repressiv əhval-ruhiyyəyə etiraz olaraq mühacirətə getdilər. Ədəbiyyatımızdakı bütün bu böhranlar AYO üzvü Rafiq Tağının öldürülməsi ilə başladı. Belə mürəkkəb dövrdə bu təşkilatın qorunub saxlanılması çox vacibdir və əksər AYO-çular bu işin öhdəsindən ən yaxşı mənim gələcəyimə inanırlar.

Bundan öncəki dəfə də, elə bu dəfə də AYO-dakı seçkilərdə xüsusi canfəşanlıqla sədr seçilməyə can atmamışam. AYO-da sədrlik xeyli dərəcədə simvolik postdur, burda tam bərabərhüquqluluq və müstəqillik abu-havası var, sədrin yeganə işi — birliyi, bütövlüyü, prinsipləri qorumaq, üzvləri hər cür çətin vəziyyətdə müdafiə etməkdir.

Bizim seçkilər AYB-dəkindən fərqli olaraq alternativlərlə, şəffaflıq və söz azadlığı çərçivəsində keçirildi. Rasim Qaraca və Seymur Baycanın da namizədliyi irəli sürülmüşdü, amma iki səs çoxluğu ilə mən yenidən sədr seçildim. AYB-də isə, özün də bildiyin kimi, yüzlərlə yazarı, nüfuzlu xarici qonaqları, hökümət nümayəndələrini bir yerə toplayıb bir nəfərin namizədliyi ilə absurd, səviyyəsiz bir seçki keçirdilər. O seçkilər o qədər misilsiz ibtidailik idi ki, heç onun haqda danışmağa belə dəyməz.

ƏN: Əgər deyirsənsə ki, azad yazarların bəziləri xaricə gedib, bəziləri susub, bəziləri də hökumətyönlü mediaya keçib, bəlkə onda AYO özünü buraxmalı idi?

NH: İndiyədək bu təkliflə çıxış edən hökümətyönlü yazarlar və hətta bəzi AYO üzvləri də olub. AYO Sovet Yazıçılar İttifaqının davamı olan AYB-yə alternativ olaraq yaradılıb və mövcud olduğu dövrdə ədəbi mühitin və həm də mətbuatın, söz azadlığının inkişafı üçün böyük işlər görüb. AYB-nin birdən-birə cəmiyyət içində hörmətli, sözünün çəkisi olan təşkilatdan, nüfuzsuz və siyasətin oyuncağına çevrilmiş qurum olmasını açıb cəmiyyətə göstərmək AYO-nun xidmətidir. AYO Azərbaycanın hələ də Türkmənistana, Şimali Koreyaya çevrilməməsinin səbəblərindən biridir. Ən əsası isə, Seymur Baycan, Günel Mövlud, Azad Yaşar kimi şəxslərin prinsipiallığı ilə AYO hələ də ayaqda qalıb. İndiki durğunluq dövründə AYO-nun tarix səhnəsindən silinməsi mədəni elitanı daha da bədbinləşdirə bilər. Əgər ölkədə azca mədəni canlanma, liberal mühit yaransa AYO kimi bir təşkilata çox ehtiyac duyulacaq. Buna görə də özümüzü yaxşı günlər üçün saxlamalıyıq.

ƏN: AYO səni ikinci dəfə sədr kimi görmək istəyibsə, özü də belə ağır bir zamanda, deməli sənin fəaliyyətindən həm də razıdır. Sən sədr olduğun son bir il ərzində AYO hansı işləri görüb, hansı uğurlara imza atıb?

NH: Mənim sədrliyimin elə ilk günlərindən hökümətyönlü ədəbiyyat saytlarında AYO əleyhinə qaralama kompaniyası başladılmışdı. Məqsəd öz saytlarını AYO-nun köməyi ilə reklam etmək, həm də hansısa hökümət yazarlarına yaltaqlanmaq idi. Lakin, bu cəhdlərin qarşısı alındı. Gördüyünüz kimi, onlar geri addım atmağa məcbur oldular. Bundan əlavə AYO üzvlərinə qarşı hökümətyönlü mətbuatda tətbiq olunan istənilən senzura faktına çox kəskin reaksiya vermişəm. Müstəqil mövqeyi ilə tanınan Əkrəm Əylisli, Məmməd İsmayıl kimi görkəmli yazarlarımız zamanla AYO-nun, müstəqil ədəbi gəncliyin mövqelərini müdafiə edən bəyanatlar verdilər, böyük yazıçı Çingiz Hüseynov və bir çox başqaları müstəqil yazarlara, gənclərə qarşı AYB tərəfindən aparılan ayrı-seçkiliyə, alternativsiz seçkilərə etiraz əlaməti olaraq AYB-dən istefa verdilər. AYB üzvləri qurultay dönəmində seçkilərdə öz fikirlərini ortaya qoymadıqları üçün AYO-nun məşhur “Qeyrətiniz olsun” bəyanatı ilə qınandı. Ötüb keçən bir il ərzində müstəqil ədəbi fikrin dəstəklənməsi üçün daha bir ədəbi sayt yaratdıq. Bundan əlavə hər birimiz çalışdığımız mətbu orqanlarda müstəqil fikrin qorunması, senzura olmaması üçün əlimizdən gələni edirik.

ƏN: Bəs AYO-nun qarşıdan gələn il üçün planları nədir? Yoxsa hadisələri öz axarına buraxmısız?

NH: Ölkədə ədəbiyyat böhran keçirir. Bəlkə biz indi bunu dərk edə bilmirik, amma cəmiyyətin bütün mədəni elitası depressiyadadır. Ölkəni tərk etmək hətta ən iradəli ictimai şəxslər üçün də yeganə çıxış yolu kimi görünür. Belə durumda plan qurmaq, ədəbiyyatı irəliyə doğru aparmaq bizdən fantastik nikbinlik tələb edir. İndiyədək olduğu kimi yenə də müstəqil ədəbi fikri, müstəqil ictimai şəxsiyyət nümunəsini qoruyub saxlamağa çalışacağıq.

ƏN: Bir ara AYO-ya kütləvi şəkildə gənc üzvlər qoşulurdu. Son zamanlar isə yeni üzvlərin qəbulu sanki dayanıb, həm də yeni üzvlərinizin fəallığı o qədər gözə dəymir. Sizə irad tuturdular ki, o gənclərin bəziləri heç yazar da deyil. Bununla bağlı nə deyə bilərsən?

NH: İndi də AYO-ya qoşulmaq istəyən gənclər var. Özü də bəs qədərdir. Amma iş orasındadır ki, gənclər çox vaxt bizim üzvlüyümüzdən hökümətyönlü saytlara işə düzəlmək üçün tramplin kimi istifadə edirlər. İndi hökümətyönlü medianın başında dayanan, özləri də əksərən keçmişdə müxalifətçi olan şəxslər AYO üzvü olan istənilən adamı öz saytlarına gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Bundan sonra isə o adamların sürətlə gözdən salınması, istedadının sovrulması, banallaşması başlayır. Çox da keçmişə getməyək, Aqşin Yeniseyin 1937.az saytına redaktor gələndən sonrakı kədərli taleyini xatırlayaq. Ya da 1937.az saytına toplanılmış gənc AYO-çuların necə aldadılıb işə gətirildiyi və qısa bir müddət sonra işdən qovulduğunu da misal gətirim. Bu cür mənfi halların yaşanmaması üçün artıq təşkilatımıza qəbul ediləcək istənilən üzvlə bağlı çoxlu götür-qoy edəcəyik, məsləhətləşmələr aparacağıq.

Mənim dövrümdə AYO-ya qəbul olunan iki gənc Rüfət Əhmədzadə və Həmid Piriyev kifayət qədər istedadlı gənclərdir, Rüfət artıq özünü yazar və şair kimi təsdiqləyib, Həmid isə təsdiqləməkdədir. Ədəbiyyatla zövq üçün məşğul olub, bir müddət sonra ruhdan düşən adamlar isə özləri yoxa çıxırlar, başqa məşğuliyyət tapırlar.

ƏN: AYO üzvü Əli Əkbərin bu yaxınlarda İsveçrədə almanca yeni romanı nəşr olunub. Seymur Baycanın “Quqark” romanı da rusca nəşr edilib, mən bildiyimə görə təkrar nəşri hazırlanır. Bunu AYO-nun dünyaya açılması kimi qiymətləndirmək olar?

NH: Xeyr, belə pafoslu bir fikir işlətməzdim. Məncə bu uğurları adlarını çəkdiyin yoldaşların öz ayaqlarına yazmaq lazımdır. Son romanındakı və köşələrindəki ikibaşlı fikirlərini heç bəyənməsəm də, Əli Əkbəri kifayət qədər istedadlı və özünü təsdiqləməkdə həddsiz iddialı bir yazar hesab edirəm. Düşünürəm ki, hal-hazırki AYO üzvləri arasında ən çox dünyəvi uğuru o vəd edir. Axır ki, o anlayıb ki, azərbaycan dilində, Azərbaycan kimi ölkədə yazıb kitab buraxmağın indilik heç bir mənası yoxdur. Bu cəmiyyət Həmid Herisçi kimi intellektual bir adamı təlxəyə çeviribsə, deməli burda yazarlara heç bir özünüifadə şansı tanınmır. Seymur Baycana gəlincə isə onun da bu ölkəni tərk edib Avropa yazarına çevrilməsini çox istərdim.

ƏN: Bir qədər də səndən danışaq. Həm dostlar, həm bədxahlar sənin haqqında danışarkən adətən “tərcüməçi Namiq Hüseynli” ifadəsini işlədirlər, yazarların qurumuna bir tərcüməçinin sədrlik etməyini irad tutanlar da olur. Ümumiyyətlə, bu səndə hansısa narahatlıq doğurmur ki?

NH: Xeyr, bundan heç narahat olduğum yadıma gəlmir. İş orasındadır ki, mən ədəbiyyatla maraqlananda, ilk hekayələrimi yazıb çap etdirəndə, ədəbi mühitimizdə dəhşətli bir səviyyəsizlik, savadsızlıq müşahidə edirdim. Yazarların çoxu rus klassiklərindən və Sovet dövründə Natiq Səfərovun, Əkrəm Əylislinin dünya ədəbiyyatından çevirdiyi bir-iki yaxşı əsəri oxumaqdan başqa heç bir ədəbi savada malik deyildilər. Hərə bir roman yazıb, oxucusuz bir ölkədə özünü mühüm yazar kimi hiss edə bilirdi. İndi də o vəziyyət qismən qalmaqdadır. O zamanlar düşündüm ki, indi eqo vaxtı deyil, roman yazıb, kitab buraxıb, yalançı şöhrət qazanıb, gənc qızlarla eşq yaşamaq əvəzinə oturub müasir dünya ədəbi estetikasını azərbaycan oxucusuna çatdırmaq üçün çalışmaq lazımdır. Məqsədim bu ölkədə ədəbi zövqü yüksəldəcək, ədəbiyyatsevərlərin sayını artıracaq, həm də diletant yazarları ədəbi mühitdən silib atacaq işlər görməkdir. Qismən də olsa o hədəflərə çatmışam. On il öncə olduğu kimi indi də elə düşünürəm ki, bədii tərcüməçilik hələ də cəmiyyətin mədəni səviyyəsi üçün çox önəmli peşədir. İndi ədəbiyyatımıza necə bir bünövrə qoysaq, gələcək ədəbiyyatımız onun üzərində inkişaf edəcək.

Söhbətləşdi: Əli Novruzov.

Bir şərh yazın

Kateqoriysı Azərbaycan