Bu dəfə Borjomi 🧭

Oktyabrda yenə Borjomidə idim, birdən dostum Nicat mənə yazdı. O da yaxında imiş. Amma Nicat həm də Bu dəfə hara? səyahət videobloqunun müəllifidir!

Nicatla iki saata yaxın Borjomidə gəzib dolaşdıq, xeyli söhbət etdik. Söhbətin maraqlı yerlərini aşağıdakı videoda izləyə bilərsiz. Montaj üçün Elvinə xüsusi təşəkkür.

Sərlövhədəki şəkil: Vladimer Shioshvili / Flikr

Yazıçılar nifrət nitqinə qarşı

Dekabrın 3-də Gürcüstan PEN Mərkəzinin “Yazıçılar nifrət nitqinə qarşı” təşəbbüsü çərçivəsində Gürcüstan Yazıçılar Evində keçirilən yekun konfransda iştirak etmişəm.

Şərq Tərəfdaşlığı ölkələrindən 12 yazıçının iştirak etdiyi təşəbbüsdə mən də Azərbaycanı təmsil edən iki nəfərdən biri idim – digər təmsilçimiz isə Günel Mövlud idi.

Təşəbbüs çərçivəsində yazdığım, Azərbaycanda nifrət nitqi haqda yazı ilə təşəbbüsün saytında ingilisgürcü dillərində tanış ola bilərsiz. Öz yazılarımı adətən özüm tərcümə edə bilmirəm deyə yazının azərbaycanca versiyasının olmamasına görə üzr istəyirəm.

Günel Mövludun yeni şəkillər kitabı haqqında bir neçə söz

b1aa55134d8ec8e34e72194789ccaa1aBu yaxınlarda xanım yazarlarımızdan birinin cilalı kağıza olan sevgisini qeyd etmişdim, amma alatorançı Günel Mövludun cilalı kağıza sevgisi sən demə daha hədsiz imiş.

Hətta o dərəcədə ki, Günel xanım 31 şeir və 3 məqalənin yer aldığı 106 səhifəlik “Axşamçağına cavab” kitabını başdan ayağa “qlyantsevıy” kağızda çap edib.

YerAltı nəşriyyatının buraxdığı kitabda “anderqraundun” heç izi-tozu da yoxdur. Seymur Baycanın ön sözü, Gündüz Ağayevin üz qabığı, Abbas Atilayın fotoları da kitabı xilas edə bilməyib. Hətta kitab Günel Mövludun şeirlər kitabından daha çox Abbas Atilayın şəkillər kitabı kimi yadda qalır. Kitabı əlinə alan yoldaşlar Günelin şeirlərindən daha çox Abbasın fotolarından təsirlənirlər.

Kifayət qədər baha qiymətə, yeni ədəbiyyata iddiası olan kitab bizi yaxşı mənada heç təəccübləndirmir. Şrift və tərtibatın bərbadlığı bir yana, şeirlər özləri yenilikçi insanı məyus edir.

Kitabdakı şeirlərin əksəriyyəti köhnə şeirlərdir. Yeni şeirlərin isə daha fundamental problemi var. Günel xanım ilin, günün bu çağında, o boyda Alatoran inqilabından sonra yenidən klassik formaya – qoşma-gəraylı janrına qayıdıb. Şeirləri oxuduqca qarşımızda Borçalı elindən yenicə gəlmiş, əlində telli saz xanım aşıq canlanır – özü də sanki hansısa eloğlunun kiçik oğlunun kiçik toyunda.

Biz elə bilirdik ki, Günel Mövlud Tbilisiyə, azad Gürcüstanın modernist, demokratik mühitinə köçüb, sən demə, Günel xanım Borçalı elinə, Tiflis aşıqlarının yaradıcı abu-havasına ezamiyyətə gedibmiş.