Gənclər Etiket Arxivləri:

Pivəxana ədəbiyyatı — “Qaçış”

Capture

“Qaçış” kitabının üz qapağı (OL, 2015)

Bu yaxınlarda təsadüfən bir kitab təqdimatına gedib çıxdım. Le Chateau adlı bir yeraltı pivəxanada, qatı siqaret dumanında, çoxsaylı sərxoş və meyxoş kitabsevərlərin (əksəriyyəti dost-tanış çıxdı) kompaniyasında “Ümid Xəzəroviç” psevdonimli müəllifin “Qaçış” adlı kitabının təqdimatı idi. Müəllif üzrlü səbəblərdən qayıb idi, ona görə də kitabı imzasız verirdilər.

(Yuxarıdakı sətirləri qınaq kimi oxumayın, hazırkı ictimai-siyasi vəziyyətdə kitab təqdimatı üçün heç olmazsa pivəxana tapa biliriksə, deməli hər şey hələ bitməyib.)

Kitabın üz qapağının arxa səhifəsində yenə çılpaq qadın təsviri üzərində yenə lirik-sentimental mətnin ilk cümləsində yenə “fahişə” sözü olsa da — gənc yazarlar niyə axı belə klişeləşir? — kitabı böyük zövqlə oxudum. Ona görə yox ki, gözəl və nəfis bir əsər idi. Ona görə ki, bu kitab bizim yeni nəsil potensial gənc yazarların mütaliə zövqündən və baqajından belə açıq-aydın danışırdı. Təxminən Dostoyevskinin “Yeraltından qeyd”ləri, Kafkanın “Milenaya məktublar”ı və bir də Bukovskinin sərsəmləmələri.

(Hərçənd Bukovski anderqraund şair kimi ortababat bir adam olub, amma onun nəsrini bəh-bəhlə oxuyub yüksək ədəbiyyata vardığını düşünən cavan oğlanlarla Koelyonun sərsəmləmələrini oxuyub yüksək fəlsəfəyə çatdığını düşünən cavan qızlar arasında heç bir fərq yoxdur.)

Yeni nəsil potensial gənc yazarlar haqqında artıq bir dəfə yazmışam, orada soruşduğumu bir daha soruşum: əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduğu çağda onlardakı bu qədər pessimizm, bu boyda dözülməz və iyrənc kədər kultu, bu nəhənglikdə ekzistensial böhran və bu dərinlikdə psixoloji travma haradan qaynaqlanır axı?

Tutaq ki, Dostoyevski “Yeraltından qeydlər”i yazanda artıq həyatın hər üzünü görmüşdü. Baş gicəllədən ədəbi uğur, Belinskinin tərifi, inqilabçılıq, sonra həbs, yalançı edam, ardınca sürgün və Sibir, pulsuzluq, senzura… Və ya elə həmin Kafkanı götürək. Milenaya məktublarını yazanda Kafka artıq öz aqibətini bilməmiş deyildi: vərəm öz işini görürdü, bütün keçmiş Avstriya-Macarıstan sanatoriyaları onun qarşısında aciz idi (streptomitsin ancaq II dünya müharibəsi zamanı kəşf ediləcəkdi), Kafkanı isə heç kim tanımırdı və oxumurdu və bəlkə də öləndən sonra tamam unudulacaqdı. (Rayx-Ranitski yazır ki, hətta 1930-cu illərdə Kafkanı tək-tük ədəbiyyat xiridarından başqa heç kim tanımırdı və tanımağa maraq da göstərmirdi).

Bəs bizim potensial gənc yazarların kədər kultu və ekzistensial böhranı haradan qaynaqlanır? Axı onlar nə yaşayıblar ki, nə iztirab da çəksinlər? Onları həyatdan küsdürən nədir axı?

“Qaçış” kitabında digər bu tipli yazılardan fərqli olaraq bu səbəblərə bir balaca işıq salınıb. Amma kaş ki bu səbəblər elə qaranlıq qalardı bizimçün!

Deməli, avtobusda ortayaşlı xalalar mənə nifrətlə baxdı, çünki fərqli geyinmişdim. Sevdiyim qız tükəzban çıxdı, ondan iyrəndim. Başqa sevdiyim qız qrup yoldaşları ilə şəkil çəkdirəndə başqa bir oğlanın yanında durmuşdu. Üçüncü bir qızla sevişmək istəyəndə tənasül alətim durmadı, qızın yanında biabır oldum. (Sevişmə zamanı tənasül aləti durmayanlar üçün Mişel de Monten öz “Təcrübələri”ndə yaxşı təsəlli verir, əgər belə problemdirsə, oxumağı tövsiyə edirəm.)

Və təsəvvür edin, bütün bu trivial söhbətlərə görə bizim gənc yazarlar dərin ekzistensial böhran keçirir və dərhal da Dostoyevski olmaq qərarına gəlir. Məhz bu səbəbdən onların kədər kultu bu qədər saxta və iyrəncdir.

Məsələn, “Qaçış” kitabında 224-cü səhifədə müəllif yazır ki, qız onun amerikanosundan içdi, qəhvənin köpüyü qızın dodaqlarına yayıldı, sonra qız köpüklü dodaqları ilə oğlanı öpdü və oğlanın üzü bütün köpük oldu.

Axı amerikanoda köpük olmur, ay camaat! Amerikano adi qara qəhvədir, yəni su qatılmış espresso.

Bax, buna görə də bütün bu gənc yazarların dostoyevskiliyi amerikano qəhvəsinin köpüyü kimidir. Reallıqda mövcud olmayan və saxta.

2 Şərh

Kateqoriysı Azərbaycan

Bozqırdan uğursuzluğa: Dilqəm Əhmədin yaradıcılıq uçurumu

Dilqəm Əhməd kitabı ilə (Facebook)

Bir siqaret tüstülədib
Ömər Xəyyamdan
status yazacaq haldayam… (D. Əhməd)

Dilqəm Əhmədin ilk kitabı – “Bozqırdan uçuruma” çox qəribə kitabdır – özündə səkkiz hekayə, bir povest və iki silsilə şeir toplusu ehtiva edir.

Elə bil ki, müəllif heç olmasa bir kitabı olsun və özünü yazar adlandıra bilsin deyə az qala bütün nəsrini və nəzmini bir yerə toplayıb və çap edib. Əgər kitab üçün material az olsa idi (allah eləməsin!), Dilqəm Əhməd utanmayıb bəlkə də bu topluya öz Facebook status və kommentlərini də daxil edərdi.

Həcmcə çox kiçik olan, cəmi 127 səhifəlik bu kitab ona görə də məzmunca çox kontrastlı və rəngarəng alınıb. Kitabın bir yeri sola meyl edirsə, başqa bir səhifəsindən millətçilik yağır, üçüncü qismi isə sentimentallaşıb romantikləşir.

Amma əsərin ən azından nəsr hissəsini birləşdirən ortaq bir xətt də var ki, bu da mətnin ədəbiyyata dəxli olmamasıdır.

Dilqəm Əhmədin üslubu ortabab publisistik üslubdur, sadəcə çoxsaylı təşbeh, metafora, istiarə və epitetlərlə bəzədilib. Amma bu çoxsaylı təşbeh, metafora, istiarə və epitetlər mətni nəinki bədii üsluba çevirməyib, əksinə tamamilə oxunaqsız edib.

Müəllifin ədəbi yazı texnikasının olmaması bir kənara, hətta “Gecə saat on ikidir” tipli cümlələrlə başlayan hekayələrinin süjet xəttləri belə olduqca primitivdir.

Məsələn, “Absurdistan: 2012” adlı hekayəyə baxaq – Bütkənd adlı bir şəhərdə harınlamış parlament camaatı kimsəsiz bir adaya sürgün edib. Bu zaman parlament eşidir ki, onların üstünə meteorit gəlir. Parlament dağılışmaq istəyəndə camaat qədim bir əfsun oxuyur və meteorit sürətlənib parlamentə çırpılır, deputatlara dağılışmağa imkan vermir.

Məşhur bir filmdə deyildiyi kimi, Dilqəm bəy, özfəaliyyətiniz elə bundan ibarətdir?

“Sərgərdan” adlı mətnə “povest” adı verməklə isə müəllif əsl təvazökarlıq nümunəsi göstərib. İnsaf üçün qeyd edim ki, Araz Bayramov yəqin onu roman adlandırardı.

Daha bir diqqətçəkən məqam – müəllifin həyat təcrübəsinin onun bədii yaradıcılığı üçün kifayət etməməsidir. Avtobioqrafik qeydlər yüzlərlə qəlpə şəklində bütün kitab boyu səpələnsə də, hiss olunur ki, Dilqəm Əhməd öz yaşadıqlarını və gördüklərini bədii təxəyyülündən keçirib ortaya bir babat məhsul qoya bilmir.

Müəllif kitabın resenziyasında özü qeyd edir ki, “Bozqırdan uçuruma” adlandırdığı bu kitabında “cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub.” Mən isə burada yalnız bir əlavə edə bilərəm – uğursuzluğa uğramış bu fərdlərin elə birincisi müəllif Dilqəm Əhmədin özüdür. Müəllif yaradıcılıq bozqırına çıxmaq istəsə də, gözümüzün qabağında yaradıcılıq uçuruma yuvarlanır, biz isə onu xilas edə bilmirik.

3 Şərh

Kateqoriysı Azərbaycan

11 Mart avantyurası – nə itirdik, nə qazandıq?

11 mart / Abbas Atilay, RFE/RL

11 mart – “Böyük Xalq günü” gəldi. Nə baş verdi? 50-100 nəfər çıxdı aksiyaya, yarısı tutuldu, haqsız döyüldü, buraxıldı.

Nə dəyişdi? Bəlkə rejim zəiflədi? Qorxdu, çökdü? Əksinə, hökumət fürsətdən istifadə edib qaykaları daha da burdu. İki vacib institutu – NDİ və İnsan Hüquqları Evini itirdik, iki gənci – Cabbar və Bəxtiyarı uzunmüddətli həbs gözləyir. Üç gənc hələ də inzibati həbsdədi. Gəncədə 3 QHT ofisdən çıxarıldı. Rayonlardan artıq xəbərlər gəlir ki, olan-qalan yerli QHT-ləri sıxışdırmağa başlayıblar.

NDİ gənclər təşkilatları üçün böyük bir treninq başlamışdı – Dalğa, OL, Müsbət Dəyişiklik, Azad Gənclik və digər tələbə və gənc təşkilatları üçün capacity-building, strateji planlama, strateji idarəetmə, sair üzrə təlimlər keçirdi. Bu proqram baltalandı.

Neçə illər açılması uğrunda hərfi mənada mübarizə aparılan İnsan Hüquqları Evi bağlandı.

Hələ bilmək olmaz hökumət sabah hansı tədbirləri görəcək.  Oxumağa davam et

23 Şərh

Kateqoriysı Azərbaycan

Bakıda Gül Bayramı: 100 nəfər saxlanıldı, 6 nəfər inzibati həbsdə

Bakıda hər ilin may ayının 10-da keçirilən və Heydər Əliyevin ad gününə həsr olunan ənənəvi Gül bayramı bu il həmişəki kimi heç də bayram əhval-ruhiyyəsində keçmədi. Oxumağa davam et

Bir şərh yazın

Kateqoriysı Azərbaycan

Slavyan Universiteti tələbələrindən Təhsil Nazirinə boykot

Yeni Musavat qəzetinin verdiyi məlumata görə Bakı Slavyan Universitetində keçirilən görüş zamanı tələbələr təhsil naziri Misir Mərdanovu boykot ediblər:

Təhsil naziri Misir Mərdanov ciddi qalmaqalla üzləşib. Hadisə srağagün baş verib. Təhsil naziri Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüş zamanı sərt etirazla üzləşib. Bu barədə əməkdaşımıza həmin görüşdə iştirak edən tələbələr məlumat verib. Onların sözlərinə görə, tələbələr Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliama görə Təhsil Nazirliyini də suçlayaraq təhsil müəssisələrinin təhlükəsizliyinin yaxşı təmin olunmadığını deyiblər. Onlar universitetin rektoru Kamal Abdulladan bundan sonra BSU-nun necə qorunacağını soruşublar.

Sualdan xoşlanmayan rektor və təhsil naziri onlara sərt cavab verdiyindən eyni cavabla da üzləşiblər. Tələbələr M.Mərdanovun universiteti tərk etməsini tələb ediblər. K.Abdulla isə onlardan sakit olmağı tələb edib və tələbələrin özlərini tərbiyəsiz apardığını deyib. Bundan sonra tələbələr görüşün keçirildiyi zalı nümayişkaranə şəkildə tərk ediblər. Rektor nə qədər çalışsa da onları zalda saxlaya bilməyib. Buna görə də təhsil nazirinin görüşü yarımçıq qalıb və bu görüş barədə heç bir KİV-ə məlumat verilməyib.

Tələbələrin şözlərinə görə, universitet rəhbərliyi bu hadisədən onlara təzyiq göstərmək istəsə də onların birliyini görərək bundan vaz keçib. Amma üstüörtülü şəkildə bildirilib ki, bu etirazın əsas təşkilatçıları tapılıb cəzalandırılacaq. Qeyd edək ki, baş vermiş bu olayla bağlı Təhsil Nazirliyinin və BSU-nun mövqeyini öyrənmək mümkün olmayıb.

1 Şərh

Kateqoriysı Azərbaycan

Dalğaçı universitetdən xaric edilib

Dalğa Gənclər Hərəkatının yaydığı məlumata görə hərəkatın cənub regional ofisinin rəhbəri Pərviz Əzimov təhsil aldığı Lənkəran Dövlət Universitetindən qondarma ittihamlarla xaric edilib. Dalğa Gənclər Hərəkatının bu barədə yaydığı məlumatda deyilir:

Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalmışdır. Nəhayət, 27 fevral tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib. Xatırladaq ki, Pərviz Əzimov adı gedən universitetin 4-cü kursunda təhsil alır və bu günə qədər universitetdə heç bir problem yaşamamışdır. Təhsili ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi ona qarşı qondarma təxribat təşkil etmiş, guya universitet daxilində dava saldığını əsas gətirərək universitetdən xaric etmişdir.

Biz Dalğa Gənclər Hərəkatı olaraq qəti şəkildə tələb edirik ki, bu qanunsuzluğa son qoyulsun və Pərviz Əzimov universitetə qeyd-şərtsiz bərpa olunsun və ona qarşı bu təxribatı törədən insanlar üzr istəsinlər. Biz qanunun öz yerini tapması və Pərviz Əzimovun haqlarının bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyimizi bəyan edirik. Hüququn aliliyi və insanların haqlarının bərpa olunması uğrunda hər bir kəsi bu işdə bizə yardımçı olmağa çağırırıq. Aidiyyəti orqanlardan isə bu istiqamətdə öz vəzifə borclarını yerinə yetirməyi tələb edirik.

Bir şərh yazın

Kateqoriysı Azərbaycan