“Azərbaycan indi hamıya göstərəcək…”

Türkmənistanda səhranın ortasında kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Əli Novruzov)
Türkmənistanda səhrada kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Ə. Novruzov)

Türkmənistanda bir tədbirdə — ifadə azadlığına dair konfransda iştirak edirdim. Oksimorona görə çox üzr istəyirəm, amma həyatdır, adamın başına hər iş gələ bilər.

Bizdən bir şey tələb olunurdu: sakitcə oturub Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Qazaxıstanda azad mətbuatın uğurları haqqında optimist məruzələrə qulaq asmaq. Təkcə kiçik qardaş kimi qırğızların “şıltaqlıqlarına” göz yumurdular. Hər çoxuşaqlı ailədə bir qardaş mütləq “qara qoyun” olur, dözmək lazımdır. Beş barmağın birini necə kəsib atasan?

Məni də Azərbaycan rəiyyəti kimi dəvət etmişdilər, gedib qardaşlarımızın şad gününə şərik olum. Türkmən dilində “vətəndaş” sözü yoxdur, “rəiyyət” sözü var, Xəzərin o tayında bu baxımdan çox səmimidirlər, bizdən fərqli olaraq. Türk təbiəti, bozqırların ruhu saxtakarlığı qəbul etmir. Yəni, Türkmənistanda özün də rəiyyətsən, adın da rəiyyətdir. Azərbaycanda isə özün rəiyyətsən, adınsa vətəndaş.

Beləliklə, beş “stan”ın rəiyyətləri Aşqabada yığışıb ifadə azadlığından danışır. Bir-iki qonşu ölkənin rəiyyətlərindən də qonaq-qara çağırıblar. Naharda bizə ağ alaçıqda, qara alaçıqda yumşaq qoyun əti və kisel verirlər. Türkmən Prezidenti, şanlı oğuz elinin xanı bizi öz at ilxısına, axaltəkələrə baxmağa dəvət edir. Sadəcə bir problem var — onsuz da dial-up sürətində olan İnternetdə Facebook, Twitter, Youtube bloklanıb.

Tədbirin ikinci günü dözmədim, yüksək türkmən rəsmisinin çıxışı zamanı sadəlövh bir sual verdim – niyə Facebook, Twitter, Youtube bloklanıb? Hansı əsasla, hansı səbəblə, hansı prosedurla? Niyə bloklandığı istifadəçilərə bildirilmir, əvəzində 404 verir, güya belə saytlar mövcud deyil?

Pah! Aşqabadda böyük bir fırtına qalxdı, özü də stəkanda. Yerli koloriti nəzərə alsaq, masqurada. Mən də oldum qəhrəman, yəni masquranı qarışdıran qaşıq. Hətta Azadlıq radiosunun Orta Asiya xidmətləri bu barədə ətraflı yazdı, türkmən hökumətini sərt tənqid etdi. Axşam təntənəli banketdə Azərbaycan səfirindən Avropa Birliyinin nümayəndəsinə kimi az qala bütün diplomatik korpus mənimlə hal-əhval tutdu. Gecənin bir aləmi türkmən dissidentlər yerin hansısa deşiyindən çıxıb mənimlə görüşə gəldilər. (Sonra da məndən küsdülər, amma bu, başqa yazının mövzusudur.)

Bu əhvalatı niyə xatırladım, deyim. O konfransda bir rus xanım professor da iştirak edirdi. Rusiya liberal intelligensiyasınını tipik nümayəndəsi. Gertsenin, Belinskinin, Pasternakın, Orlovun, Alekseyevanın layiqli davamçısı. Konfransın sonuna yaxın mənə yaxınlaşıb dedi: “Əgər sən o sualı verməsəydin, bütün bu ikigünlük tədbirin heç bir mənası olmazdı. Deməli, biz nahaq yerə gəlmiş olardıq.” O zaman bunu niyə dediyini anlamadım, sözün düzü.

Üstündən bir müddət keçdi, yenə başqa bir konfransda həmin professorla rastlaşdıq. Yanında bir rəfiqəsi də var idi. Rəfiqəsi konfransın yoruculuğundan şikayət edirdi. Yenə də post-sovet rəiyyətləri yığışıb mətbuatlarının uğurlarından məruzə edirdilər. Rəfiqəsi ötəri dedi ki, bilsəydim heç gəlməzdim, nahaq yerə vaxt itirdim. Bu zaman xanım professor cavab verdi: “Sən tələsmə, hələ gözlə. Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

İnsafən, bizim deleqasiya da pis deyildi. Emin Hüseynov yenə bir çemodan bukletlə gəlmişdi, Gülnarə Axundova MacBook-unu açıb oturmuşdu, Rəşid Hacılı öz iti hüquqi arqumentləri, Mehman Əliyev də siyasi vicdanını özü ilə gətirmişdi. Ağır toplardan Xədicə İsmayıl ön sıralarda idi. Azərbaycan müzakirə edilən sessiyada balaca bir skandal qopdu, vətəndaş cəmiyyəti hökumət nümayəndələrini möhkəmcə sıxdı. Bizdən sonra gürcülər də bir az cəsarətlənib öz hökumətlərini sorğu-suala çəkdilər (Saakaşvili gethagetdə idi, amma gürcü cəmiyyətindən xof hələ tam çıxmamışdı).

Sessiyadan sonra xanım professor dedi: “Gördünüz, mən axı dedim, Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

Sizi bilmirəm, amma mənim nəzərimdə şəkərbura-paxlava, muğam-meyxana, Nizami-Füzuli ilə fəxr etmək mənasızdır. Bizim şəkərburamız var, fransızların ekleri; bizim Füzulimiz var, almanların Götesi; bizim muğamımız var, italyanların operası. Gürcülərin xaçapurisinə, Borjomisinə yox, Merab Mamardaşvilisinə paxıllıq etmək lazımdır. Rəiyyətin dünya qarşısında şəkərbura-paxlava ilə fəxr etməsindən kədərli heç nə yoxdur əslində. Bir xalqı tərif edən, onu fərqləndirən, onun qürur mənbəyi olan cəhət yalnız o xalqın nümayəndələrinin azadlıq, açıq fikir, proqress uğrunda necə mübarizə aparması ola bilər.

Azərbaycanın vətəndaş cəmiyyəti də belə bir fəxr yerimiz idi. Düzdür, indi bizim vətəndaş cəmiyyətini tənqid etmək, günahlandırmaq, təsirsizlikdə, impotentlikdə ittiham etmək dəbdədir, amma yıxılana balta çalan çox olar. Biz də bilirik ki, bu sektorda əliəyrilər də olub, macərapərəstlər də. Azərbaycanda hər sahədə, hər sektorda olduğu kimi. Amma bu vətəndaş cəmiyyəti bizə sanki Allahın bir lütfü idi, pis ya yaxşı cəhətlərinə baxmayaraq. Yadınıza salın, elə ölkələr var ki, orada sadəlövh bir sual vermək də qəhrəmanlıqdır, kımıs ilə dolu masqurada fırtına kimi. Azərbaycan kimi çətin, əndrabadi bir ölkədə bu fəaliyyətlə məşğul olmaq necə cəsarət və necə proqressiv vizyon tələb edirdi. Özünüz gördünüz, hökumət bir dəfə istəməklə bütün müstəqil vətəndaş cəmiyyətini məhv elədi. Vətəndaşlar isə laqeyd, bivec bir münasibətlə heç maraqlanmadılar da.

Əslində bizim “vətəndaşla” türkmən “rəiyyəti”, özbək “füqərası” arasında o qədər də fərq olmadığı çoxdan aydın idi. Sadəcə bizim “vətəndaşın” üzünü həmişə ağ edən, onu türkmən “rəiyyətindən” fərqləndirən bir səbəb də (səbəblərdən biri) bizim fəal vətəndaş cəmiyyətimiz idi. Yoxsa vətəndaşı hələ də mənəvi olaraq Orta Asiya standartı ilə yaşayan bir ölkənin Şərqi Avropa səviyyəsində vətəndaş cəmiyyəti məntiqlə ola bilməzdi axı. Və hadisələr öz məntiqi sonluğuna çatdı. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti artıq yoxdur. İndi onun yerində olan bir karikatura, travestidir. Adlar çəkməyəcəm, balaca ölkəyik, hamısını özünüz tanıyırsınız.

Bugünlərdə iki tədbir diqqətimi çəkdi — bundan sonra baş verəcək proseslərin simptomları olduğu üçün. Biri Konrad Adenaur fondunun təşkil etdiyi “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” konfransı idi — bu tədbirdə Azərbaycanı istisnasız olaraq ancaq hökumət və hökumətyönlü adamlar təmsil edirdi. Heç imitasiyaya ehtiyac da görməmişdilər.

İkinci tədbir isə Batumidə keçirilən qalmaqallı Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumu. Çex təşkilatı “People in Need” həmin tədbirdə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı stend təşkil etmək istəyib, bizim “müstəqil” qhtçilər hökumət nümayəndələrini qabaqlayaraq hamıdan əvvəl özləri skandal salıb, tədbiri az qala pozub, sonra da boykot edib. Deyirlər ki, ortada bir milli qürur söhbəti var, ona görə. Yeni Müsavat hətta çex təşkilatını “ermənipərəst” adlandırıb. Yəqin yadlarından çıxıb ki, əlavə etsinlər — o təşkilat həm də LGBT və ateist dərnəyidir. Beləliklə, ermənilər, geylər və allahsızlar növbəti dəfə ölkəmizin şərəfli adına ləkə salmağa çalışıb.

Bilirsiniz niyə belə olur? Əvvəllər belə məsələlərə çexlər, “daniyalılar və sair şvedlər-mvedlər” qarışmazdılar. Həmin tənqidi materialları, məs., Emin Hüseynov aparardı, bir çemodan, həmin tənqidi çıxışları da indi həbsdə olan başqa vətəndaş fəalları səsləndirərdi. Necə ki, həm ölkə daxilində bu tənqidləri, fəallığı göstərirdilər, eləcə də ölkə xaricində. İndi az qala bütün yerli tənqidçiləri susdurublar. Pisdir, yaxşıdır, bu barədə öz subyektiv rəyimi bildirməyim. Amma özünü tənqid etməyənləri həmişə başqaları daha sərt tənqid edir — bu da acı həqiqətdir.

Əgər XIX-XX əsrlərdə Axundov, Zərdabi, Mirzə Cəlil azərbaycanlıları amansız tənqid etməsəydi, kim bilir, bəlkə indi hansı əcnəbi soyadlı müəlliflərin azərbaycanlılar haqqında tənqidləri kitab şkaflarında yer tuturdu, gözlərimizi çıxarırdı? İndi də, əgər özümüzü tənqid edə bilmiriksə, “daniyalılar və sair şvedlər-mvedlər” bizi tənqid edəcək. Dostcasına, ya düşməncəsinə, burasını da bilmək olmaz. Əgər əvvəl Azərbaycan hamıya göstərirdisə ki, əsl vətəndaş cəmiyyəti necə olur, indi artıq Azərbaycana göstərəcəklər, özü də həmişə doğru iradları yox. Təkcə dostlar yox, həm də düşmənlər. Biz isə qırmızı sifət alıb optimist məruzələr edəcəyik, bezgin və içlərində bizə gülən auditoriyalar qarşısında.

O ki qaldı milli qürur məsələsinə, şəkərbura-paxlava ilə fəxr edən rəiyyətin bu məsələdə canfəşanlığı çox ürəkağrıdan görüntüdür. İstər Bakıda olsun, istər Batumidə. Necə ki, Markiz de Küstin deyirdi: “Milli qürur, mənim fikrimcə, yalnız azad xalqlara yaraşır”. Biz də əlavə edək, azad xalqlara yaraşır, rəiyyətə yox.

Advertisements

Erkin Qədirlinin balaca Şimali Koreyası

Koreas
Şimali Koreyada zülmət qaranlıqdır

Deyirlər ki, Erkin Qədirlinin Facebook-da növbəti bloklama qızdırması tutub. Yenə də bir balaca tənqid edəni, sual verəni, zarafata salanı, narazılıq edəni sağa-sola baxmadan bloka göndərir. Erkinin blok siyahısında olanları toplasan, az qala böyük bir siyasi partiya yaratmaq olar.

Bütün alternativ rəylərin kökünü kəsəndən sonra, təəccüblü deyil ki, Erkinin Facebook profilində bu gün bir dəstə məddah və obskurant at oynadır. Erkin yazsa ki, “qatıq qaradır”, onlar deyəcək: “Bəh-bəh! Bəli, əlahəzrət, sən bizim gözümüzü həqiqətə açdın! Ölüm olsun ermənidən törəyən humanistlərə ki, qatığa ağ deyir!” (Caps Lock-la). Erkin də bu cür rəyləri oxuduqdan, like-ları saydıqdan, o rəyləri yazanların və like edənlərin profillərini açıb işlədikləri yerlərə baxdıqdan sonra, növbəti böyük siyasi uğura imza atdığını qət edib gedəcək dənizlərin geopolitikasını araşdırmağa.

Bu günlərdə bir ziyalı dostumuzla görüşürdüm, mənə maraqlı bir fikir söylədi. Dedi ki, tiranlar və diktatorlar xoşlamadıqları adamları öldürə, həbs edə, yoxa çıxara bilirlər. Amma təəssüf ki, real həyatda bu, ancaq tiranların lüksüdür. Orta statistik vətəndaş isə hər gün iş yerində, küçədə, hətta evdə zəhləsi gedən insanlarla üz-üzə gəlməyə məhkumdur və bunun qarşısını ala bilmir. Facebook isə tiranların bu lüksünü “demokratikləşdirib”, hər kəsə istəmədiyi adamı virtual olaraq öldürmək, həbs etmək və ya yoxa çıxarmaq imtiyazı verib. Əlahəzrət blok funksiyası. İndi hər kəs öz profilində balaca şəxsi tiranlıq qurub hakimiyyətini sürə bilər. Sitatın sonu.

(Bir dəfə dostum Y.İ.-yə dedim ki, camaatı az blok etsin. Cavab verdi: “Nə danışırsan?! Mən blokun ləzzətini hələ indi kəşf etmişəm!”)

İndi sıravi insanların kimisə bloklaması ilə mənim işim yoxdur. Ən azından boz beyin hüceyrələri bərpa olunmur, yəqin ki hər kəs də bu sərvətini öz istədiyi kimi əsəbdən qorumaq haqqına sahibdir. İçimdəki kantçı və libertarian kimliklərim bu mövzuda hələ kəskin polemika aparır.

Amma və lakin, özünü ictimai xadim kimi görən adam, xüsusən də siyasətdə və ictimai həyatda mövqe sahibi və fikir lideri olmaq istəyən adam gərək blok siyasətində bir az ehtiyatlı olsun. Hətta siz bəyənmədiyiniz mövqe sərgiləyənləri blok etsəniz də, axı onlar mövcud olmaqda davam edəcəklər! İndi bir ateist bütün dindarları, bir dindar bütün ateistləri Facebook-da bloklasa, məgər din və ya vicdan azadlığı Yer kürəsindən silinib tarixə qovuşacaq? Yoxsa siyasətə, cəmiyyətə, məişətə daha heç bir təsir göstərməyəcək?

Blok etdiyiniz insanlar, sosial və siyasi qruplar, mövqe və fikirlər yalnız sizin üçün mövcud deyil. Real həyatda onlar çox böyük rol oynamaqda davam edə bilərlər. Siz isə bilərəkdən (ya bilməyərəkdən) ictimai rəyin həmin hissəsini özünüzdən gizlədirsiniz. Bəxtiyar Hacıyev demişkən, siyasətçi tam mənzərəni görmək üçün gərək balkona çıxsın. Pəncərədən baxanda o, mənzərənin yalnız bir hissəsini görə bilər.

Bir də bloklama iri miqyas alanda, “nəyə görə?” və “nə üçün?” sualı verən hər kəsi Erkin kimi bloka atanda, vəziyyət daha tragikomik olur. Şimali Koreyadakı kimi.

Təsəvvür edin, Erkin onu tənqid edən hər kəsi bloka atır (məni də bloka atıb). Bu siyahıda kimlər yoxdur! Bir xeyli gənc fəal, ictimai rəyə təsir göstərən şəxslər, siyasətdə olanlar və siyasətə iddiası olanlar, ziyalılar və intellektuallar, BDU, Kapelhaus və AFU-dan bəri köhnə tələbələr və köhnə fanatlar, köhnə dostlar və yeni düşmənlər…

(O gün təsadüfən Erkinin bir tələbəsi mənə etiraf etdi ki, Erkinin profilində daha heç nə yazmır, hətta like belə etmir. “Kefinin tərs vaxtına düşər, bloklayar. Mənim müəllimim olub, sonra yaxşı çıxmaz.”)

Bu qədər sayda və müxtəliflikdə insanı blok etdikdən sonra hansı transformasiyanın baş verdiyini görürsünüzmü? Daha heç kim Erkini onun profilində (dostluğunda qalanlar hətta öz profilində) tənqid etmir, bir balaca tənqidə cəhd etsə dərhal cəzalanır, cəzalanmaq istəməyənlər də ümumiyyətlə heç nə yazmır. Nəticədə meydan kimə qalır? Məddahlara və obskurantlara. Yalnız onlar şərh yazır, onlar münasibət bildirir, onlar tərifləyir, onlar bəyənir, onlar dəstəkləyir, və ən əsası, Erkinin tənqidçilərini lənətləyir. Erkin də səhər yuxudan durur, Facebook profilini açır, görür ki, bütün Azərbaycan onu tərifləyir, ağlı, intellekti, dühası qarşısında baş əyir. Tənqidçiləri bloklayıb axı. İctimai rəyin böyük bir hissəsini özü üçün yox edib.

Siz elə bilirsiniz ki, sosial şəbəkələrdə Erkinin blok siyasət(sizliy)i haqqında gedən bütün bu söz-söhbətdən onun xəbəri var? Əsla yox! Ancaq ucundan, qulağından! Miqyasından isə xəbəri yoxdur. Necə ki, ictimai rəyin mühim bir hissəsindən bixəbərdir. Özünü könüllü informasiya yarı-blokadasına salıb. Kant demiş, özünü “self-inflicted non-age”-ə atıb.

Mən burada tənqidin nə qədər vacib olmasından danışmaq istəmirəm. Axı məni və mənim kimi onlarla adamı tənqidi düşüncə ilə Kapelhausda məhz Erkin özü tanış edib! (Tənqidin vacibliyi haqqında oxumaq istəyən inadkar varsa, bu yazıma baxa bilər.)

Amma tənqidin bir vacib nəticəsi var – insan tənqidlərə baxıb özünə çəki-düzən verir. Bir nəfərin tənqidinə ağız büzərsiniz, amma beş nəfərin tənqidi sizi düşündürər, on nəfərin tənqidindən sonra isə artıq özünüzü yığışdırarsınız. Yanlış tərəflərinizi islah edərsiniz. Mövqeyinizə yenidən baxarsınız. Arqumentlərinizi saf-çürük edərsiniz.

Bir də təsəvvür edin, ətrafınızda ancaq məddahlar və obskurantlar qalıb. Hər addımınızı tərifləyirlər, təqdir edirlər (ya yaltaqlıqdan, ya mürtəcelikdən, ya cahillikdən). Rahatlanacaqsınız, hətta açıq-aşkar səhv olduğunuz halda belə, doğru olduğunuza inanacaqsınız. Səmimi qəlbdən. Güzgünüz yoxdur axı özünüzə baxasınız! Sizin necə göründüyünüzü sizə ya yalançılar xəbər verir, ya da korlar.

Və sabah siz təsadüfən öz komfort zonanızdan çıxıb kiçik bir tənqidlə üzləşəndə – kimsə deyəndə ki, kökəlmisən, arıqlamısan, ya saçın ağarıb – bütün dünyanız alt-üst olacaq. Dərhal həmin tənqidi düşməncəsinə rədd edib yalançılar və korların arasına qayıdacaqsınız. Sizin üçün həqiqəti yalnız onlar deyir. Beləliklə, öz qurduğunuz Şimali Koreyanızın əsirinə çevrilirsiniz. Elə bilirsiniz ki, siz hakimi-mütləqsiniz, amma əslində sizi yaltaqlar və cəhalətpərəstlər idarə edir.

Onlara stavka etmisiniz, öz seçiminizdir.

Biz üç nəfər idik…

Biz üç nəfər idik. Mən, Üzeyir və adını çəkməyəcəyim bir dostumuz.

Eyni universitetdə oxuyurduq. Yaxın da yaşayırdıq. Hər bazar günü görüşüb gedirdik Kapelhausa. Erkinin mühazirələrini dinləməyə. Sonra da bir yerdə qayıdırdıq.

Üçüncü dostumuz indi məmurdur, kiçik şəhərlərin birində. Övladı da var. “…və həyat öz gündəlik çörəyi ilə.”

Mən hələ də Facebook-da, Twitter-də bədxahlarımla atışıram.

Üzeyir də Kürdəxanıda. Ədaləti indidən bəlli olan məhkəməsini gözləyir.

Bir vəkil dostumuz danışıb. Məhkəmə zamanı hakim müttəhimdən soruşur: “niyə tutulmusan?” Müttəhim də deyir filan filan. Hakim bir ah çəkir və əlavə edir: “Allah qapını açsın.”

2 milyona Azərbaycanda inqilab etmək olarmı?

4792_src
Foto: Skaznov.livejournal.com

Belə bir klassik anekdot var – amerikalılardan soruşurlar ki, niyə sizdə inqilab olmur? Amerikalılar da cavab verir – çünki, bizdə ABŞ səfirliyi yoxdur.

Kütləvi təhtəlşüur az qala bütün inqilabları gətirib Amerikanın adına bağlayır. Oturublar okeanın o başında, amma hər söhbətin altında barmaqları var. Əslində belə təsəvvürün (daha doğrusu – təxəyyülün) mövcud olmasında əsas günah bəlkə elə Amerikanların öz boynuna düşür. Hər gələn yeni administrasiya geninə-boluna “demokratiyanın ixracından” danışır. Gəlib-keşmiş bütün Amerikan hökumətləri danışdıqlarının yüzdə birini əməldə etsəydilər, yəqin ki, bu gün dünya tamam başqa olardı. Amma necə deyərlər, tarixin “bəlkə” kateqoriyası olmur.

İndi də Azərbaycanın informasiya məkanında Amerikanın bizdə inqilab hazırlaması barədə söz-söhbət dolaşır. Jurnalist Eynulla Fətullayevin yazdığı və bütün TV-lərdə təkrarlanan tezislərə görə ABŞ 2 milyon dollar ayırıb ki, Milli Demokratiya İnstitutu (MDİ) Azərbaycanda “Facebook inqilabı” eləsin. Bəs görəsən Azərbaycanda 2 milyona inqilab etmək olarmı?

Əslində, bu söhbətlərdə yeni bir şey yoxdur – qarşımızda dünyanın özü qədər qədim və klassik konspirasiya nəzəriyyəsini görürük.

Eynullanın məqaləsini oxuduqca yaddaşımızda Sion Müdriklərinin Protokolları canlanır. Praqa məzarlığında toplaşan Sinedrionu qorxunc Dövlət Departamenti əvəz edib, Dünya ağalığı qurmaq üçün instruksiyalar verən Ravvini isə – oxşar dərəcədə mistik Aleks Qriqoryevs. Aleks Qriqoryevsi qapıdan qovurlar, pəncərədən girir, Moldovadan deportasiya edirlər Tbilisidə peyda olur, Moskvada qeybə çəkilir və birdən Bakının bulvarında gözə dəyir. Aleks osminoq kimi bütün Şərqi Avropanın, o cümlədən Azərbaycanın inqilabçılarını əhatə edən şəbəkə qurub. O, hər yerdədir və ayaq basdığı ölkədə dərhal hökumətlər yıxılır, inqilablar tüğyan edir.

Bəs kimin ağlına gələr ki, Aleks əslində kiçik bir ofisdə 3-4 işçisi ilə oturub səhər-axşam yorucu hesabatlar yazır və ictimai fəallıq haqqında yorucu təlimlər təşkil edir?

Beləliklə, ümumiləşdirsək, güya ki, ABŞ Azərbaycanda “Facebook inqilabı” üçün 2 milyon ayırıb və bu missiyanı “əbədi yəhudi” Aleks Qriqoryevsə tapşırıb. Aleks də Nidaçıları başına yığıb ofisində gecəyə kimi onlara Molotov kokteyli düzəltməyi öyrədir. Əsgər ölümləri ilə bağlı kampaniyanın arxasında da o dayanır. Dövlət Departamenti işini-gücünü atıb camaatı Facebook’dakı eventlərə dəvət edir. İlkin Rüstəmzadə isə Vaşinqtonda bir gizli idarədə quraşdırılmış kompyuterin yaratdığı illüziyadır.

Eynulla Fətullayevin məqaləsini oxuduqca başqa bir məsələnin də şahidi oluruq – bütün konspirasiya nəzəriyyələri kimi, bu nəzəriyyə də çoxsaylı fakt səhvlərinin, manipulyasiyaların və yanlış qənaətlərin üzərində qurulub.

Başlayaq elə “gecəyə qədər” MDİ-nin ofisində oturan Nidaçılardan. Məlumunuz olsun ki, MDİ-nin ofisində Nidaçılar gəlib otura bilməz. Məsələn, kimsə gedib ATƏT-in ya BP-nin ofisində səhərdən axşama kimi otura bilərmi, əgər o təşkilatlara aidiyyatı yoxdursa? Axı müasir iş etikası və iş qaydaları var. Ən azından MDİ-nin yerləşdiyi Landmark biznes mərkəzinə giriş-çıxış özü böyük bir prosedurdur. Ümumiyyətlə, MDİ gənclər təşkilatları arasında ən az əməkdaşlıq etdiyi təşkilatlardan biri Nidadır. Bəs bilirsinizmi ki, MDİ-dən ən böyük qrant alan təşkilatlardan bəlkə də birincisi hökumətyönlü AGAT-dır? Onda deyim, siz də bilin.

MDİ-ni Avroviziya ilə bağlamaq cəhdi də absurddur. Hamı bilir ki, Avroviziya ilə “Demokratiya üçün Oxu” kampaniyası məşğul olurdu. Həmin koalisiyaya daxil olan təşkilatlar bütün lazımi maliyyə və digər hesabatları qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq orqanlara çoxdan təqdim ediblər. Orada onların bütün donor və sponsorlarının, iştirakçılarının informasiyası var. Bu koalisiyanın MDİ ilə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, MDİ Avroviziya ilə bağlı heç bir fəaliyyət göstərməyib.

MDİ-nin bank hesablarından çıxardığı pullarla bağlı iddialar gəlincə, bunlar isə tamamilə absurddur. Beynəlxalq Təşkilatlarda işləyənlər çox yaxşı bilir ki, belə bir təşkilatın Azərbaycanda fəaliyyəti nə qədər xərc tələb edir. Ofis kirayəsi, məvaciblər, təlimlər, seminarlar, xarici ekspert və qonaqların Azərbaycana səfərinin təşkili, regionlara səfərlər, təlim zamanı iştirakçıların oteldə qalması, yemək-içməyi, səfər edənlərin rayonlarda otel xərci, dəftərxana və digər təchizatlar, adicə telefon danışıqlarına ödənilən xərc. Bir sözlə, üç il ərzində 2 milyon dollar MDİ kimi təşkilatın normal fəaliyyəti üçün əslində hələ azdır. Mən özüm başqa bir təşkilatın başqa bir layihəsində işləyəndə – büdcəsi 3-4 milyon idi – həmişə şikayət edirdik, çünki oxşar layihənin Gürcüstandakı büdcəsi 13 milyon idi. Üç il ərzində hesabdan çəkilib xərclənən bu 2 milyon əslində təşkilatın normal fəaliyyətinin əməliyyat xərcləridir. Yəqin ki, MDİ işçiləri də yemək yeyir, paltar geyir və ofis kirayəsi verir.

Həm də MDİ hansısa hökumətpərəst Azərbaycan QHT-si deyil ki, pulu bank hesabından çəkib nuşi-can eləsin. Bütün beynəlxalq təşkilatlar kimi, o da həm öz mərkəzi ofisinə, həm də qanunvericiliyə uyğun olaraq Azərbaycanın müvafiq dövlət strukturlarına vaxtaşırı hesabat verir.

Əsgər ölümləri ilə bağlı kampaniyaya gəldikdə – fikir verin, bu kampaniya başlayandan nə ictimai, siyasi fəallar beynəlxalq qurumlara, səfirliklərə apelyasiya edir, nə də beynəlxalq qurumlar, səfirliklər məsələ ilə maraqlanır. Xarici qurumların mətbəxini yaxşı tanıyan bir dostum o gün deyirdi ki, “xaricilər üçün mövzu maraqsızdır” – onlar Azərbaycan ordusuna hələ də Ermənistan-Azərbaycan münaqişəsi, konflikt prizmasından baxırlar. Bizim fəallar isə – mənim qənaətimdir – artıq özlərini o qədər güclü, əmin hiss edirlər ki, Avropa, Amerika veclərinə deyil. Onsuz da Kobia da, Morninqstar da bəyanatlarda üstüörtülü qeyd edir ki, Qərb bu hökumətin tərəfindədir. Aktivistlər də onlara əllərini çoxdan yelləyib. Əsgər ölümləri ilə bağlı kampaniya əsl grassroots , yəni “xalq hərəkatıdır”.

O ki qaldı, Amerikanın 95-ci il təvəllüdlü gənci güya öyrədib Molotov kokteyli ilə Azərbaycan hökumətini devirməsinə, onu deyim ki, Amerika belə xırda işlərə baş qoşmayacaq qədər ciddi dövlətdir. O, atsa atom bombası atar, İraqa, Əfqanıstana qoşun yeridər. Bir də ki, Erkin Qədirli demiş, “sizin çevriləsi dövlətiniz var ki”? Moskvada ya Vaşinqtonda kimsə qərara gəlsə ki, getməlisiniz, Xəzərin üstündən yüngül bir gilavar göndərsələr bəs edər. Heç xəzriyə də ehtiyac qalmaz.

Vahid Qazi haqqında bir neçə söz

vahid_qazi_5_892531308
Vahid Qazi

Mühacirətə gedənlər, getmək istəyənlər, gedib qayıdanlar, getməyi pisləyənlər və sairlər haqqında adətən heç nə demirəm – nə pis, nə də yaxşı.

Mənim inandığım dünyada hər kəs istədiyi vaxt çemodanını yığıb istədiyi ölkəyə köçə bilməlidir. Harada sənə yaxşıdırsa, vətən də oradadır. Bilirəm ki, bir az qeyri-patriotik səsləndi, amma millətçilərə reverans üçün deyim – bu, elə əsl köçəri türk məntiqidir. Köhnə yurddan xoşun gəlmədi, alaçığını yığ, çıx atın belinə, təzə yurda köç.

Amma bu yaxınlarda eşitdiyim bir xəbər məndə əsl “what the fuck?” reaksiyası yaratdı – Vahid Qazi şələ-küləsini yığıb İsveçə köçüb. Siyasi sığınacaq alıb.

Əslində Vahid Qazi haqqında da bir şey deməyəcəkdim, əgər bu günlərdə Facebook’da onun “Qərb ölüb” tipində şərhini görməsə idim.

Oxumağa davam et “Vahid Qazi haqqında bir neçə söz”

Ağalar Məmmədovun İsveçə sığınması barədə

Ağalar Məmmədov mühazirə vaxtı

Deyirlər ki, Ağalar Məmmədov İsveçdən sığınacaq istəyib. Xəbər nə qədər doğrudur, bilmirəm.

Xəbəri ifadə azadlığına patoloji nifrətlə öz oxucularına çatdıran Yeni Xürafat qəzeti belə bir cümlə ilə məqaləyə yekun vurub:

“Belə görünür, din əleyhinə çıxışlar etmək onun İsveçə mühacirəti üçün lazım olub.”

Bunu təkcə Yeni Xürafat yazmayıb. Artıq bir xeyli dindar, islamçı, şəriətçi də Facebook-da tutuquşu kimi bunu təkrarlamağa başlayıb.

Fikirləşirəm ki, nə qədər əxlaqsız olmaq lazımdır. Adama qarşı gecə gündüz nifrət körükləyəsən, ölümlə təhdid edəsən, təqiblərin əlindən adam evdən bayıra çıxa bilməsin, tədbirlərə gedə bilməsin, ya da getdiyi tədbirlərdə üstünə hücum edəsən. Axırda da adam bu vəziyyətdən bir çıxış yolu tapanda, deyəsən – o özü belə edirdi ki, xaricə qaçsın.

Bəs o zaman siz niyə onu təqib edirdiniz, öldürmək istəyirdiniz, cənablar? Siz də onu xaricə qaçırtmaq istəyirdiniz?

Əslində hadisələr tərsəmayallıq inkişaf edib.

Gərək Ağalar Məmmədovu Rafiq Tağı kimi öldürərdilər. Qaranlıq podyezddə, işdən qayıdanda. Ya da lap yaxşı olardı ki, Xəzər Universitetinin qapısı ağzında, dərsə gələndə, elə öz tələbəsi bıçağı ürəyinə soxardı. Sonrası da məlum məsələ.

Çingiz Sultansoy deyərdi ki, Ağalar tənqid etmirdi, provokasiya edirdi.

Hacı İlqar gənc tələbənin hüquqlarının müdafiəsi komitəsi qurardı və deyərdi, humanizm adı altında mənəvi terroru durdurun!

Onda Yeni Xürafat da manşetə çıxarardı: “İslamı təhqir edən filosof şoşkalandı!”

İctimai Palata isə… hmm, İctimai Palata.

P.S. Bax bu linkdə isə Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Ağalar haqqında yazısını oxuya bilərsiniz. Bu insanlar sonra necə hicabı müdafiə edəndə utanmadan, qızarmadan demokratik dəyərlərə, insan hüquqlarına apelyasiya edirlər?

Rafiq Tağının qətli və səmərəli axmaqlar

Rafiq Tağı ölümündən əvvəl xəstəxanada
(Foto: Amerikanın Səsi)

Rafiq Tağının qətli xəbərini alanda Brüsseldə idim, Azərbaycanda insan hüquqları ilə bağlı çıxış edirdim. Çıxışın sonunda bir jurnalist qəfil mənə yaxınlaşıb Rafiq Tağının qətli ilə bağlı fikrimi öyrənmək istədiyini dedi. Mən ancaq bir dəfə belə şok olmuşdum – Emin və Adnanın həbs xəbərini alanda.

Bir neçə saat əvvəl özüm Rafiq Tağının sağalması haqqında xəbərləri oxumuşdum axı! Hətta jurnalistdən xahiş etdim ki, faktı bir daha yoxlasın. İlk reaksiyam bu idi: Ola bilməz! 

Onda jurnalistə nə dediklərimi bu xəbərdə oxuya bilərsiz, təkrara hacət yoxdur. Amma həmin məqaləyə düşməyən sözlərim arasında bunu da demişdim: “Mən Azərbaycanın dini icmasını da günahlandırmaq istəməzdim. İstintaqın nəticəsini gözləmək lazımdır.”

Nə qədər sadəlövh olduğumu indi xatırlayanda utanıram. Fikirləşirdim ki, özünü dindar hesab edənlər Facebook-da və ümumiyyətlə İnternetdə artıq bu qətli pisləyən yazılar paylaşır. Hacı İlqar başqa hadisələr zamanı olduğu kimi yenə də operativ şəkildə ilahiyyatçılardan və ictimaiyyət nümayəndələrindən aldığı mövqelərlə Deyerler.org saytının ana səhifəsini doldurub.

Amma həmin axşam otel nömrəmə qayıdıb kompüteri açanda gözlərim kəlləmə çıxdı. İslam dininin ardıcılları ya bu qətli təqdir edir, sevinirdilər, ya da deyirdilər ki, yığışdırın bu müzakirələri, bu qətl barədə susun!

Yazıçı, heç də sıradan olmayan bir yazıçı öz fikirlərinə və mövqeyinə görə qətl edilmişdi. Müsəlmanlar sevinirdi. Vaxtilə Rafiq Tağıya ölüm fətvası vermiş Ayətullah Lənkəraninin oğlu o biri Ayətullah Lənkərani gecikməyib müsəlmanları təbrik də etmişdi.

Kultaz.com
Kultaz.com

Sosial şəbəkələrdə bu qətl barədə kimsə narahatedici sual verən kimi isə elə öz “liberallarımız” onun üstünə düşürdü və ağzından vururdu. Yəni sus! Sən dindarları və dünyəviləri üz-üzə qoyursan. Sakit otur, qoy Rafiq Tağının ölümünü təqdir etsinlər, sevinsinlər, bayram etsinlər. Burada nə var ki?

Bir sözlə, Rafiq Tağının qətlində az qala bütün vətəndaş cəmiyyəti “səmərəli axmaq” rolunu çox asanlıqla qəbul etdi.

Əlbəttə, onlar çox təbii şəkildə iddi edirlər ki, bu qətli İslamın ayağına yazmaq, müsəlman inancı olan şəxsləri ittiham etmək olmaz, düzgün deyil, bu olduqca qüsurlu və zərərli ümumiləşdirmədir.

Amma Rafiq Tağının qətlini pisləyən və ədalətə çağıran dindarlar, dini qruplar hanı? Niyə həmin bu dindarlar elə sosial şəbəkələrdə Rafiq Tağının qətlində az qala Rafiq Tağının özünü günahkar çıxarırlar, onun ölümünün haqq olduğunu iddia edirlər? Bizim “səmərəli axmaqlar” bu dindarlarımı “haqsız, ədalətsiz hücumlardan qorumaq” istəyir?

Mən mötədil müsəlmanlara həmişə böyük ümid bəsləyirdim. Düşünürdüm ki, məhz onlar İslam dünyasını cəhalətin və özbaşınalığın pəncəsindən qurtarıb sivilizasiyaya çatdıracaqlar.

Ancaq Rafiq Tağının qətli ətrafında baş verən hadisələrdən sonra başa düşdüm ki, sanki hər bir dindar müsəlmanın içərisində, nə qədər mötədil olsalar belə, yekə bir Taliban yatır. Elə ki, fürsət düşdü, imkan əllərinə keçdi, və ya hakimiyyətə gəldilər, gözləri ancaq qan görəcək – hər addımlarında azad sözü, söz azadlığını, müxalif fikri, diskussiya mədəniyyəti, müxtəliflik və fərqlilik kimi şeyləri qanda boğacaqlar.

Necə ki, İctimai Palatanın son iclasında bunu gördük. Demokratiya adına mübarizə aparan bir qurum söz azadlığı yolunda qurban gedən adamın xatirəsini anmağa imkan vermədi – dindarların təhriki ilə. Bundan sonra İctimai Palatanın demokratiya mübarizəsinin səmimiliyinə necə əmin olaq?

Mən bilmirəm Rafiq Tağını kim qətl edib. Bəlkə dindarlar, bəlkə də provokatorlar. Amma bir fakt var ki, bu bizim hamımızı – həm cəmiyyəti, həm də dövləti narahat etməlidir. Azərbaycanda on minlərlə insan yetişir ki, onların qulaqları, ağılları və ürəkləri nə ailələrinə, nə AzTV-yə, nə Prezident Administrasiyasına, nə də İctimai Palataya qulaq asmır. Onlar bütün instruksiyalarını Qumdakı ayətullahlardan, Pensilvaniya və Türkiyədəki hocalarından, Səudiyyədəki müftilərindən alırlar. Lazımi andan onların kimin göstərişlərinə əməl edəcəkləri indidən məlumdur.

Bu insanları nə Nardaranda, nə də ki, Qusarın dağlarında axtarmaq lazım deyil. Onlar dövlət işində və biznesdə, vətəndaş cəmiyyətində və hökumətdə, ofisdə və əməliyyat sahələrində, daxili işlər ya da xarici işlər nazirliklərində, polisdə və universitetlərdədir.

Merkez.az

Və bu gün Azərbaycanı Azərbaycan edən bütün tapdalanmış, məhv edilmiş ideal və prinsiplərin ardınca ən fundamental prinsip – dünyəvilik, sekulyarlıq prinsipi də aşınır. Onsuz da bu gün maarifçilərimizin, həm birinci, həm də indiki respublikamızın qurucularının bizə miras qoyduğu prinsiplərə maksimum xəyanət etmişik.

Dünyəvilik prinsipində də hər hansı bir kompromisə yol versək, bununla öz qəbrimizi qazmış oluruq.

Əgər bu prinsipdən də nə vaxtsa imtina etsək, ona göz yumsaq, ya da onu tapdalasaq, Azərbaycan kimi mövcudluğumuza tamamilə son qoyulacaq. Aqibətimiz ya İranın 32-ci ostanı, ya yeni osmanlıların satteliti, ya da Qafqazın Əfqanıstanı olacaq.

Diqqətlə qulaq assanız, bu İslam inqilabının addım səslərini artıq eşidə bilərsiniz.