“Azərbaycan indi hamıya göstərəcək…”

Türkmənistanda səhranın ortasında kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Əli Novruzov)
Türkmənistanda səhrada kondisionerli avtobus dayanacağı. Bu inkişafı necə görməmək olar? (Foto: Ə. Novruzov)

Türkmənistanda bir tədbirdə — ifadə azadlığına dair konfransda iştirak edirdim. Oksimorona görə çox üzr istəyirəm, amma həyatdır, adamın başına hər iş gələ bilər.

Bizdən bir şey tələb olunurdu: sakitcə oturub Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Qazaxıstanda azad mətbuatın uğurları haqqında optimist məruzələrə qulaq asmaq. Təkcə kiçik qardaş kimi qırğızların “şıltaqlıqlarına” göz yumurdular. Hər çoxuşaqlı ailədə bir qardaş mütləq “qara qoyun” olur, dözmək lazımdır. Beş barmağın birini necə kəsib atasan?

Məni də Azərbaycan rəiyyəti kimi dəvət etmişdilər, gedib qardaşlarımızın şad gününə şərik olum. Türkmən dilində “vətəndaş” sözü yoxdur, “rəiyyət” sözü var, Xəzərin o tayında bu baxımdan çox səmimidirlər, bizdən fərqli olaraq. Türk təbiəti, bozqırların ruhu saxtakarlığı qəbul etmir. Yəni, Türkmənistanda özün də rəiyyətsən, adın da rəiyyətdir. Azərbaycanda isə özün rəiyyətsən, adınsa vətəndaş.

Beləliklə, beş “stan”ın rəiyyətləri Aşqabada yığışıb ifadə azadlığından danışır. Bir-iki qonşu ölkənin rəiyyətlərindən də qonaq-qara çağırıblar. Naharda bizə ağ alaçıqda, qara alaçıqda yumşaq qoyun əti və kisel verirlər. Türkmən Prezidenti, şanlı oğuz elinin xanı bizi öz at ilxısına, axaltəkələrə baxmağa dəvət edir. Sadəcə bir problem var — onsuz da dial-up sürətində olan İnternetdə Facebook, Twitter, Youtube bloklanıb.

Tədbirin ikinci günü dözmədim, yüksək türkmən rəsmisinin çıxışı zamanı sadəlövh bir sual verdim – niyə Facebook, Twitter, Youtube bloklanıb? Hansı əsasla, hansı səbəblə, hansı prosedurla? Niyə bloklandığı istifadəçilərə bildirilmir, əvəzində 404 verir, güya belə saytlar mövcud deyil?

Pah! Aşqabadda böyük bir fırtına qalxdı, özü də stəkanda. Yerli koloriti nəzərə alsaq, masqurada. Mən də oldum qəhrəman, yəni masquranı qarışdıran qaşıq. Hətta Azadlıq radiosunun Orta Asiya xidmətləri bu barədə ətraflı yazdı, türkmən hökumətini sərt tənqid etdi. Axşam təntənəli banketdə Azərbaycan səfirindən Avropa Birliyinin nümayəndəsinə kimi az qala bütün diplomatik korpus mənimlə hal-əhval tutdu. Gecənin bir aləmi türkmən dissidentlər yerin hansısa deşiyindən çıxıb mənimlə görüşə gəldilər. (Sonra da məndən küsdülər, amma bu, başqa yazının mövzusudur.)

Bu əhvalatı niyə xatırladım, deyim. O konfransda bir rus xanım professor da iştirak edirdi. Rusiya liberal intelligensiyasınını tipik nümayəndəsi. Gertsenin, Belinskinin, Pasternakın, Orlovun, Alekseyevanın layiqli davamçısı. Konfransın sonuna yaxın mənə yaxınlaşıb dedi: “Əgər sən o sualı verməsəydin, bütün bu ikigünlük tədbirin heç bir mənası olmazdı. Deməli, biz nahaq yerə gəlmiş olardıq.” O zaman bunu niyə dediyini anlamadım, sözün düzü.

Üstündən bir müddət keçdi, yenə başqa bir konfransda həmin professorla rastlaşdıq. Yanında bir rəfiqəsi də var idi. Rəfiqəsi konfransın yoruculuğundan şikayət edirdi. Yenə də post-sovet rəiyyətləri yığışıb mətbuatlarının uğurlarından məruzə edirdilər. Rəfiqəsi ötəri dedi ki, bilsəydim heç gəlməzdim, nahaq yerə vaxt itirdim. Bu zaman xanım professor cavab verdi: “Sən tələsmə, hələ gözlə. Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

İnsafən, bizim deleqasiya da pis deyildi. Emin Hüseynov yenə bir çemodan bukletlə gəlmişdi, Gülnarə Axundova MacBook-unu açıb oturmuşdu, Rəşid Hacılı öz iti hüquqi arqumentləri, Mehman Əliyev də siyasi vicdanını özü ilə gətirmişdi. Ağır toplardan Xədicə İsmayıl ön sıralarda idi. Azərbaycan müzakirə edilən sessiyada balaca bir skandal qopdu, vətəndaş cəmiyyəti hökumət nümayəndələrini möhkəmcə sıxdı. Bizdən sonra gürcülər də bir az cəsarətlənib öz hökumətlərini sorğu-suala çəkdilər (Saakaşvili gethagetdə idi, amma gürcü cəmiyyətindən xof hələ tam çıxmamışdı).

Sessiyadan sonra xanım professor dedi: “Gördünüz, mən axı dedim, Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.

Sizi bilmirəm, amma mənim nəzərimdə şəkərbura-paxlava, muğam-meyxana, Nizami-Füzuli ilə fəxr etmək mənasızdır. Bizim şəkərburamız var, fransızların ekleri; bizim Füzulimiz var, almanların Götesi; bizim muğamımız var, italyanların operası. Gürcülərin xaçapurisinə, Borjomisinə yox, Merab Mamardaşvilisinə paxıllıq etmək lazımdır. Rəiyyətin dünya qarşısında şəkərbura-paxlava ilə fəxr etməsindən kədərli heç nə yoxdur əslində. Bir xalqı tərif edən, onu fərqləndirən, onun qürur mənbəyi olan cəhət yalnız o xalqın nümayəndələrinin azadlıq, açıq fikir, proqress uğrunda necə mübarizə aparması ola bilər.

Azərbaycanın vətəndaş cəmiyyəti də belə bir fəxr yerimiz idi. Düzdür, indi bizim vətəndaş cəmiyyətini tənqid etmək, günahlandırmaq, təsirsizlikdə, impotentlikdə ittiham etmək dəbdədir, amma yıxılana balta çalan çox olar. Biz də bilirik ki, bu sektorda əliəyrilər də olub, macərapərəstlər də. Azərbaycanda hər sahədə, hər sektorda olduğu kimi. Amma bu vətəndaş cəmiyyəti bizə sanki Allahın bir lütfü idi, pis ya yaxşı cəhətlərinə baxmayaraq. Yadınıza salın, elə ölkələr var ki, orada sadəlövh bir sual vermək də qəhrəmanlıqdır, kımıs ilə dolu masqurada fırtına kimi. Azərbaycan kimi çətin, əndrabadi bir ölkədə bu fəaliyyətlə məşğul olmaq necə cəsarət və necə proqressiv vizyon tələb edirdi. Özünüz gördünüz, hökumət bir dəfə istəməklə bütün müstəqil vətəndaş cəmiyyətini məhv elədi. Vətəndaşlar isə laqeyd, bivec bir münasibətlə heç maraqlanmadılar da.

Əslində bizim “vətəndaşla” türkmən “rəiyyəti”, özbək “füqərası” arasında o qədər də fərq olmadığı çoxdan aydın idi. Sadəcə bizim “vətəndaşın” üzünü həmişə ağ edən, onu türkmən “rəiyyətindən” fərqləndirən bir səbəb də (səbəblərdən biri) bizim fəal vətəndaş cəmiyyətimiz idi. Yoxsa vətəndaşı hələ də mənəvi olaraq Orta Asiya standartı ilə yaşayan bir ölkənin Şərqi Avropa səviyyəsində vətəndaş cəmiyyəti məntiqlə ola bilməzdi axı. Və hadisələr öz məntiqi sonluğuna çatdı. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti artıq yoxdur. İndi onun yerində olan bir karikatura, travestidir. Adlar çəkməyəcəm, balaca ölkəyik, hamısını özünüz tanıyırsınız.

Bugünlərdə iki tədbir diqqətimi çəkdi — bundan sonra baş verəcək proseslərin simptomları olduğu üçün. Biri Konrad Adenaur fondunun təşkil etdiyi “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” konfransı idi — bu tədbirdə Azərbaycanı istisnasız olaraq ancaq hökumət və hökumətyönlü adamlar təmsil edirdi. Heç imitasiyaya ehtiyac da görməmişdilər.

İkinci tədbir isə Batumidə keçirilən qalmaqallı Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumu. Çex təşkilatı “People in Need” həmin tədbirdə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı stend təşkil etmək istəyib, bizim “müstəqil” qhtçilər hökumət nümayəndələrini qabaqlayaraq hamıdan əvvəl özləri skandal salıb, tədbiri az qala pozub, sonra da boykot edib. Deyirlər ki, ortada bir milli qürur söhbəti var, ona görə. Yeni Müsavat hətta çex təşkilatını “ermənipərəst” adlandırıb. Yəqin yadlarından çıxıb ki, əlavə etsinlər — o təşkilat həm də LGBT və ateist dərnəyidir. Beləliklə, ermənilər, geylər və allahsızlar növbəti dəfə ölkəmizin şərəfli adına ləkə salmağa çalışıb.

Bilirsiniz niyə belə olur? Əvvəllər belə məsələlərə çexlər, “daniyalılar və sair şvedlər-mvedlər” qarışmazdılar. Həmin tənqidi materialları, məs., Emin Hüseynov aparardı, bir çemodan, həmin tənqidi çıxışları da indi həbsdə olan başqa vətəndaş fəalları səsləndirərdi. Necə ki, həm ölkə daxilində bu tənqidləri, fəallığı göstərirdilər, eləcə də ölkə xaricində. İndi az qala bütün yerli tənqidçiləri susdurublar. Pisdir, yaxşıdır, bu barədə öz subyektiv rəyimi bildirməyim. Amma özünü tənqid etməyənləri həmişə başqaları daha sərt tənqid edir — bu da acı həqiqətdir.

Əgər XIX-XX əsrlərdə Axundov, Zərdabi, Mirzə Cəlil azərbaycanlıları amansız tənqid etməsəydi, kim bilir, bəlkə indi hansı əcnəbi soyadlı müəlliflərin azərbaycanlılar haqqında tənqidləri kitab şkaflarında yer tuturdu, gözlərimizi çıxarırdı? İndi də, əgər özümüzü tənqid edə bilmiriksə, “daniyalılar və sair şvedlər-mvedlər” bizi tənqid edəcək. Dostcasına, ya düşməncəsinə, burasını da bilmək olmaz. Əgər əvvəl Azərbaycan hamıya göstərirdisə ki, əsl vətəndaş cəmiyyəti necə olur, indi artıq Azərbaycana göstərəcəklər, özü də həmişə doğru iradları yox. Təkcə dostlar yox, həm də düşmənlər. Biz isə qırmızı sifət alıb optimist məruzələr edəcəyik, bezgin və içlərində bizə gülən auditoriyalar qarşısında.

O ki qaldı milli qürur məsələsinə, şəkərbura-paxlava ilə fəxr edən rəiyyətin bu məsələdə canfəşanlığı çox ürəkağrıdan görüntüdür. İstər Bakıda olsun, istər Batumidə. Necə ki, Markiz de Küstin deyirdi: “Milli qürur, mənim fikrimcə, yalnız azad xalqlara yaraşır”. Biz də əlavə edək, azad xalqlara yaraşır, rəiyyətə yox.

Yaradıcı insanların vətəndaş mövqeyi olmalıdırmı?

12901175479473892326
Emil Zolyanın Dreyfus işiylə bağlı Fransa prezidentinə açıq məktubu

Əslində bu sualda qüsur var. Sualın düzgün forması belə olmalıdır: Vətəndaşların vətəndaş mövqeyi olmalıdırmı? O cümlədən yaradıcı əməklə məşğul olan vətəndaşların vətəndaş mövqeyi olmalıdırmı? Bu suala “yox” demək – Aristoteldən üzü bəri böyük bir intellektual ənənənin üstündən xətt çəkməkdir.

Azərbaycanda bu sual tez-tez qalxır. Demokratik və alternativ qüvvələr ziyalı hesab etdikləri şəxslərdən siyasi-ictimai məsələlərlə bağlı mövqe qoymasını tələb edirlər. Anardan, Vaqif Səmədoğludan, Alim Qasımovdan, hətta bəzən olur ki, bu siyahıda Tünzalə və İlkin Həsənini də görənlər olur. Hər dəfə də bütün bu cəhdlər fiaskoya uğrayır. Ziyalının ictimai mövqeyi ilə bağlı gözləntilərsə bitmir.

Ən maraqlısı da odur ki, müxalifətdən olan siyasi liderlər və ümumiyyətlə, siyasətə iddiası olanlar çox zaman tələbkar alternativ düşərgənin yox, məhz “bu qədər ucadan susan ziyalıların” tərəfini tutur. Bu da ictimaiyyəti qıcıqlandırır. Məsələn, Seymur Baycanın müxalifət liderlərinə olan ən böyük tənqidi onların hələ də Anar və digərlərini müdafiə etməsidir.

Mənim anladığım qədər, Azərbaycan siyasətində indiyədək bu məsələyə üç yanaşma irəli sürülüb. Birincisi, İsa Qəmbər və digər köhnə nəsil siyasətçilərin mövqeyidir ki, təxminən belə icmal etmək olar: Anar və digərləri zamanında – 80-lərdə və 90-ların əvvəlində çox böyük xidmətlər göstərib, ölkənin müstəqilliyi və Qarabağ problemi kimi məsələlərdə prinsipial mövqe ortaya qoyub. Bir növ borclarından çıxıblar. İndi isə qocalıblar, gərək onlardan əl çəkək, lazımından artıq olanını istəməyək, qoy həyatlarını rahat başa vursunlar.

İkinci mövqeni bu yaxınlarda özü də ziyalı olan Cəmil Həsənli səsləndirdi və böyük ajiotaj doğurdu. Onu da təxmini icmal etsək, Cəmil müəllim deyir ki, mən Rüstəmin küyünə gedib bu zibilə düşmüşəm, görürəm necə çətindir bu xaçı daşımaq, heç düşmənimə arzulamaram, ona görə də qoy o biri ziyalılar başlarını aşağı salıb işlərini görsünlər, ya da rahat Əzrayılı gözləsinlər. Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, bu qoca və xəstə halında Vaqif Səmədoğlunu da dartıb Milli Şuraya gətirməyin mənası yoxdur.

Üçüncü mövqeni isə Erkin Qədirli səsləndirib. “Vətəndaş mövqeyini” ümumiyyətlə mənasız ifadə adlandıran Erkin deyib ki, yaradıcı insanlar öz aləmlərindədir, bizim həmin aləmə girişimiz yoxdur. Ona görə də yazıçı və başqa yaradıcı insanları rahat buraxmaq, onları siyasətə gətirməmək, onlardan siyasi mövqe gözləməmək lazımdır. “Baharın 17 anı” filminin birinci seriyasında faşist həbsxanasında olan ziyalını dindirən Ştirlitsin çıxışını az qala sözbəsöz təkrar edən Erkin sonda maraqlı nəticəyə gəlir:

Rusiyadan qurtulmaq istəyirsinizsə, rus kimi düşünməkdən əl çəkməlisiniz. Yazıçı və başqa yaradıcı insanlardan vətəndaş mövqeyi, siyasi düşüncə tələb etmək və ya gözləmək doğru deyil. Rus ədəbiyyatının, rus nihilizmin[in] və rus solun[un] təsiri altından çıxın.

“Vətəndaş mövqeyi” niyə mənasız ifadə olur? Və niyə ziyalının vətəndaş mövqeyi sərgiləməsi rus ədəbiyyatının, rus nihilizminin və rus solunun təsiri altında olmaq olur ki?

Məgər Viktor Hüqo “Səfillər” romanını, Emil Zolya Fransa prezidentinə “Mən ittiham edirəm!” adlı açıq məktubunu yazanda, Con Stüart Mill qadın hüquqlarını tələb edəndə, Şandor Petefi Budapeşt barrikadalarında vuruşanda, Henri Toro quldarlığa, Remark və Brext faşizmə qarşı çıxanda, ixtisasca dilçi alim Noam Çomski ABŞ xarici siyasətini tənqid edəndə “rus nihilizminin” təsiri altınamı düşmüşdülər?

İndi siz deyin, nihilism nədir? Şair Şandor Petefinin Budapeşt barrikadalarında mütləqiyyətlə vuruşması, yoxsa Milli Şuranın icazəli mitinqində iki sözü məntiqi ardıcıllıqla deyə bilməyən siyasətçi Erkinin “vətəndaş mövqeyini” inkar etməsi?

Aristotel və vətəndaş mövqeyi

Erkinin böyük çılğınlıqla inkar etdiyi “vətəndaş mövqeyi” Aristoteldən üzü bəri gələn böyük bir intellektual ənənədir. İki min ildən çox yaşı var. Vətəndaş mövqeyi elə qüvvətli məfhumdur ki, Facebook-da kimisə blok etmək kimi sadə üsulla onu yoxa çıxarmaq mümkün deyil.

Aristotel insanı bitkilər və heyvanlarla müqayisə edərək belə qənaətə gəlirdi ki, bitkilər də yaşayır, heyvanlar da yeyib-içir, ona görə insanın sadəcə yaşaması və sadəcə yeyib-içməsi onun məqsədi ola bilməz. İnsanın daha ali məqsədi var və bu məqsəd öz təyinatını dövlətdə tapır. İnsan yalnız dövlətdə yaşayaraq və ictimai-siyasi münasibətlərə girərək insan ola bilər. Müasir dillə desək, yəni insan gərək dövlətdə vətəndaş olsun və vətəndaş mövqeyinə sahib olsun. Dövlətdən kənarda yaşayanlar isə insan ola bilməzlər. Onlar ya allahdır, ya da vəhşi heyvandan fərqləri yoxdur. Çünki insan by definition lap əvvəldən “siyasi heyvandır”.

Nahaq yerə qədim yunanlar siyasətlə maraqlanmayan vətəndaşlara “idiot” demirdilər və bu söz də müasir dildə öz neqativ konnotasiyasını nahaqdan qazanmayıb.

Aristotelin vətəndaşlıq və müasir dildə, vətəndaş mövqeyi anlayışı da havadan yaranmayıb. O, böyük filosofun xoşbəxtlik anlayışına əsaslanır. Aristotelə görə xoşbəxtlik ən böyük nemətdir və bu nemətə çatmağın ən böyük yolu da məhz vətəndaş mövqeyinə sahib olmaqdır.

Çox təəssüf ki, azərbaycanlıların xoşbəxtlik anlayışı hələ Aristoteldən öncəki mənasında qalıb. Adından da göründüyü kimi, xoşbəxt olmaq üçün adamın gərək bəxti xoş ola. Yaxşı bəxtin varsa, deməli xoşbəxtsən. Aristotel isə hesab edirdi ki, insan xoşbəxt olmaq üçün fəzilətlərə sahib olub o fəzilətlərə uyğun da hərəkət etməlidir. Yoxsa “xoşbəxtlik kimi ən böyük və ən gözəl neməti təsadüfün ümidinə buraxmaq axmaqlıq olardı”(Ar. EN 1099b24). Ən ali fəzilətlər isə o fəzilətlərdir ki, ictimai-siyasi həyatda iştirak etməyə, insanın ictimai-siyasi münasibətlərə girməsinə imkan yaradır.

Beləliklə, insan öz ən ali məqsədini reallaşdırmaq və ən ali nemətə – xoşbəxtliyə nail olmaq üçün ən ali fəzilətlərini işə salıb ən ali insan cəmiyyətində – dövlətdə ən ali fəaliyyətlə – ictimai-siyasi fəaliyyətlə məşğul olmalıdır.

(Burada bir qeyd çıxaraq deyim ki, Aristotelə görə daha ali fəaliyyət var – dünyanı seyrə dalmaq və düşünmək, bu isə ancaq tək-tük rast gəlinən böyük filosofların işidir.)

Nahaqdan deyil ki, hələ Aristoteldən xeyli əvvəl, Afina üçün yeni qanunlar yazarkən Solon vətəndaş müharibəsi zamanı vətəndaşların mütləq iki tərəfdən birinə qoşulmasını məcburi etmişdi. Perikl isə öz məşhur “dəfn nitqində” Afina dövlətinin böyüklüyün göstərmək üçün deyirdi:

Burada hər bir fərd təkcə öz işləri ilə yox, həm də dövlətin işləri ilə maraqlanır: hətta daha çox öz şəxsi işləri ilə məşğul olanlar da ümumi siyasət haqqında ətraflı məlumata sahibdirlər – bu da bizim xüsusiyyətimizdir: biz, siyasətlə maraqlanmayan şəxs haqqında demirik ki, o, ancaq öz işlərilə məşğuldur, biz deyirik ki, onun ümumiyyətlə burada heç bir işi yoxdur!

Və yaxud da Afinada 30 tiranın hakimiyyəti zamanı Sokrata əmr ediləndə ki, məşhur demokrat Salaminli Leonu tutub edam üçün hökumətə təhvil versin, Sokrat “ədalətsiz və günah iş” görmək istəmədiyi üçün hökumətin əmrinə itaətsizlik göstərmişdi.

Əlbəttə, “yunanlar demokratiyanı yekəbaşlığından yaradıb” deyən Erkin Qədirli üçün sağ avtoritarizm, sağ meylli diktatura və ya siyasi səhnənin sərt tədbirlərlə təmizlənməsi daha düzgün yol kimi görünə bilər, amma tarix Afina siyasi səhnəsini sərt tədbirlərlə təmizləyən və 1,500 məşhur demokratı edam edən 30 tiranın yox, Sokratın tərəfindədir.

(Yunanların yekəbaşlığının demokratiyanı necə məhv etdiyinin şahidi olmaq üçün təkcə Fukididin möhtəşəm “Peloponnes müharibəsi”ni oxumaq kifayətdir.)

Bir daha rus qafası haqqında

İndi burada Lokkdan, Hobbsdan, Monteskyödən, Volterdən, Russodan, Kantdan, Robert Dahldan uzun-uzadı sitatlar çəkməklə davam etməyin mənası yoxdur. Kiçik bloq yazısında bunların hamısını əhatə etmək də mümkün deyil. Sadəcə, onu qeyd etmək lazımdır ki, demokratik dövlətin bütün müasir siyasi nəzəriyyələri “məlumatlı vətəndaşların” (informed citizenry) fəaliyyətinin vacibliyini nə dərəcədə vurğulayır.

Vətəndaş sadəcə beş ildə bir dəfə səs verməklə kifayənlənməli deyil. Buna müasir nəzəriyyədə “seçki avtoritarizmi” deyirlər. İnsan o qədər mükəmməl varlıq deyil ki, başqa insanları idarə etməyi ona kor-koranə tapşırsınlar.  Buna görə də vətəndaşlar dövlətin siyasəti, eləcə də iqtisadi, sosial və mədəni həyat və yeniliklər barədə daim məlumatlı olmalı və öz aktiv fəaliyyətləri vasitəsilə hökuməti daima nəzarətdə saxlamalıdır. Vətəndaşların, xüsusən də onların qaymağı olan ziyalıların aktiv vətəndaş mövqeyi olmasa, demokratik nəzarət mexanizmləri işləməsə, bütün yollar əvvəl-axır Mosula aparacaq.

Bəs bilirsinizmi əsl rus qafası nədir? 30-cu illərdə Sovet İttifaqında bərqərar olmuş ziyalı məfhumunu müdafiə etmək. Ziyalılar öz peşələrinə uyğun “sexlərdə” birləşsinlər, məsələn, yazıçılar – Yazıçılar İttifaqında, başlarını aşağı salıb “öz aləmlərində yaşasınlar”, bir də hərdən hökumətə lazım olanda, ayağa qalxıb Əlcəzairdə fransız imperializminə, Vyetnamda isə ABŞ imperializminə qarşı odlu-alovlu poemalar yazsınlar. Ayrı vaxt da nə qədər istəyirlərsə, öz doğulduqları kolxozları tərifləsinlər, dövlət də onların işinə qarışmasın.

Məgər Faşist İtaliyası yaradıcı insanları fil dişindən qüllələrə həbs etməmişdimi? Ey Eucenio Montale, qapıl öz xəyal dünyana, bir-iki simvolist şeirini yaz, biz isə parlamenti qovaq və onun binasını rəşadətli əsgərlərimiz üçün kazarmaya çevirək!

Atalar yaxşı deyib, hər oxuyan Covanni Centile olmaz.

Rafiq Tağının qətli və səmərəli axmaqlar

Rafiq Tağı ölümündən əvvəl xəstəxanada
(Foto: Amerikanın Səsi)

Rafiq Tağının qətli xəbərini alanda Brüsseldə idim, Azərbaycanda insan hüquqları ilə bağlı çıxış edirdim. Çıxışın sonunda bir jurnalist qəfil mənə yaxınlaşıb Rafiq Tağının qətli ilə bağlı fikrimi öyrənmək istədiyini dedi. Mən ancaq bir dəfə belə şok olmuşdum – Emin və Adnanın həbs xəbərini alanda.

Bir neçə saat əvvəl özüm Rafiq Tağının sağalması haqqında xəbərləri oxumuşdum axı! Hətta jurnalistdən xahiş etdim ki, faktı bir daha yoxlasın. İlk reaksiyam bu idi: Ola bilməz! 

Onda jurnalistə nə dediklərimi bu xəbərdə oxuya bilərsiz, təkrara hacət yoxdur. Amma həmin məqaləyə düşməyən sözlərim arasında bunu da demişdim: “Mən Azərbaycanın dini icmasını da günahlandırmaq istəməzdim. İstintaqın nəticəsini gözləmək lazımdır.”

Nə qədər sadəlövh olduğumu indi xatırlayanda utanıram. Fikirləşirdim ki, özünü dindar hesab edənlər Facebook-da və ümumiyyətlə İnternetdə artıq bu qətli pisləyən yazılar paylaşır. Hacı İlqar başqa hadisələr zamanı olduğu kimi yenə də operativ şəkildə ilahiyyatçılardan və ictimaiyyət nümayəndələrindən aldığı mövqelərlə Deyerler.org saytının ana səhifəsini doldurub.

Amma həmin axşam otel nömrəmə qayıdıb kompüteri açanda gözlərim kəlləmə çıxdı. İslam dininin ardıcılları ya bu qətli təqdir edir, sevinirdilər, ya da deyirdilər ki, yığışdırın bu müzakirələri, bu qətl barədə susun!

Yazıçı, heç də sıradan olmayan bir yazıçı öz fikirlərinə və mövqeyinə görə qətl edilmişdi. Müsəlmanlar sevinirdi. Vaxtilə Rafiq Tağıya ölüm fətvası vermiş Ayətullah Lənkəraninin oğlu o biri Ayətullah Lənkərani gecikməyib müsəlmanları təbrik də etmişdi.

Kultaz.com
Kultaz.com

Sosial şəbəkələrdə bu qətl barədə kimsə narahatedici sual verən kimi isə elə öz “liberallarımız” onun üstünə düşürdü və ağzından vururdu. Yəni sus! Sən dindarları və dünyəviləri üz-üzə qoyursan. Sakit otur, qoy Rafiq Tağının ölümünü təqdir etsinlər, sevinsinlər, bayram etsinlər. Burada nə var ki?

Bir sözlə, Rafiq Tağının qətlində az qala bütün vətəndaş cəmiyyəti “səmərəli axmaq” rolunu çox asanlıqla qəbul etdi.

Əlbəttə, onlar çox təbii şəkildə iddi edirlər ki, bu qətli İslamın ayağına yazmaq, müsəlman inancı olan şəxsləri ittiham etmək olmaz, düzgün deyil, bu olduqca qüsurlu və zərərli ümumiləşdirmədir.

Amma Rafiq Tağının qətlini pisləyən və ədalətə çağıran dindarlar, dini qruplar hanı? Niyə həmin bu dindarlar elə sosial şəbəkələrdə Rafiq Tağının qətlində az qala Rafiq Tağının özünü günahkar çıxarırlar, onun ölümünün haqq olduğunu iddia edirlər? Bizim “səmərəli axmaqlar” bu dindarlarımı “haqsız, ədalətsiz hücumlardan qorumaq” istəyir?

Mən mötədil müsəlmanlara həmişə böyük ümid bəsləyirdim. Düşünürdüm ki, məhz onlar İslam dünyasını cəhalətin və özbaşınalığın pəncəsindən qurtarıb sivilizasiyaya çatdıracaqlar.

Ancaq Rafiq Tağının qətli ətrafında baş verən hadisələrdən sonra başa düşdüm ki, sanki hər bir dindar müsəlmanın içərisində, nə qədər mötədil olsalar belə, yekə bir Taliban yatır. Elə ki, fürsət düşdü, imkan əllərinə keçdi, və ya hakimiyyətə gəldilər, gözləri ancaq qan görəcək – hər addımlarında azad sözü, söz azadlığını, müxalif fikri, diskussiya mədəniyyəti, müxtəliflik və fərqlilik kimi şeyləri qanda boğacaqlar.

Necə ki, İctimai Palatanın son iclasında bunu gördük. Demokratiya adına mübarizə aparan bir qurum söz azadlığı yolunda qurban gedən adamın xatirəsini anmağa imkan vermədi – dindarların təhriki ilə. Bundan sonra İctimai Palatanın demokratiya mübarizəsinin səmimiliyinə necə əmin olaq?

Mən bilmirəm Rafiq Tağını kim qətl edib. Bəlkə dindarlar, bəlkə də provokatorlar. Amma bir fakt var ki, bu bizim hamımızı – həm cəmiyyəti, həm də dövləti narahat etməlidir. Azərbaycanda on minlərlə insan yetişir ki, onların qulaqları, ağılları və ürəkləri nə ailələrinə, nə AzTV-yə, nə Prezident Administrasiyasına, nə də İctimai Palataya qulaq asmır. Onlar bütün instruksiyalarını Qumdakı ayətullahlardan, Pensilvaniya və Türkiyədəki hocalarından, Səudiyyədəki müftilərindən alırlar. Lazımi andan onların kimin göstərişlərinə əməl edəcəkləri indidən məlumdur.

Bu insanları nə Nardaranda, nə də ki, Qusarın dağlarında axtarmaq lazım deyil. Onlar dövlət işində və biznesdə, vətəndaş cəmiyyətində və hökumətdə, ofisdə və əməliyyat sahələrində, daxili işlər ya da xarici işlər nazirliklərində, polisdə və universitetlərdədir.

Merkez.az

Və bu gün Azərbaycanı Azərbaycan edən bütün tapdalanmış, məhv edilmiş ideal və prinsiplərin ardınca ən fundamental prinsip – dünyəvilik, sekulyarlıq prinsipi də aşınır. Onsuz da bu gün maarifçilərimizin, həm birinci, həm də indiki respublikamızın qurucularının bizə miras qoyduğu prinsiplərə maksimum xəyanət etmişik.

Dünyəvilik prinsipində də hər hansı bir kompromisə yol versək, bununla öz qəbrimizi qazmış oluruq.

Əgər bu prinsipdən də nə vaxtsa imtina etsək, ona göz yumsaq, ya da onu tapdalasaq, Azərbaycan kimi mövcudluğumuza tamamilə son qoyulacaq. Aqibətimiz ya İranın 32-ci ostanı, ya yeni osmanlıların satteliti, ya da Qafqazın Əfqanıstanı olacaq.

Diqqətlə qulaq assanız, bu İslam inqilabının addım səslərini artıq eşidə bilərsiniz.

Yox, demokratiyaya ancaq elə siz layiqsiniz!

Bakıda mitinq, 6 sentyabr 1989

İndi bütün şüurlu tarixləri boyu sıraya düzülə bilməyən bir millətin nümayəndələri gecə-gündüz Facebook-da özlərinə əl qatıblar ki, bu qəbilə-tayfa rejimində yaşayan liviyalılar kimdir axı Qəddafini yıxsın, demokratiya istəsin?

Xarici konsulluqların birində dayanmışdıq, viza sənədlərini təqdim etmək üçün vaxt təyinatı alırdıq. Güc-bəla ilə özümüz növbə də düzəldə bilmişdik. Mən də buna baxıb qəfil fikrə gəlmişdim ki, yox, ümidsiz deyilik, biz də deyəsən nəyəsə qadirik.

Elə bu fikirdən induksiya-deduksiya edib biz də demokratiyaya layiqik fikrinə gəlmək istəyirdim ki, bir müasir görünüşlü qadın konsulluğa gəldi və heç kəsə əhəmiyyət vermədən keçdi birbaşa yuxarı başa. Saymazyana pəncərəyə yaxınlaşıb vaxt təyinatı verilən saatda vizalı pasportunu geri almağa cəhd elədi. Görəndə ki, mümkün deyil, bayıra çıxıb konsulluqdan kiməsə zəng elədi. “Salam, əzizim, necəsən”, xahiş-filanla, pasportunu düşürüb ona verdilər.

Yadıma başqa bir əhvalat düşdü. Neçə gündür telekanallardan, İnternetdən izlədiyimiz mənzərə – əyalət şəhəri Misratada bir meyvə-tərəvəz bazasında Qəddafinin meyitinə baxmaq üçün yüzlərlə sadə liviyalı ədəb-ərkanla sıraya düzülüb və səbrlə öz növbəsinin çatmasını gözləyir. Nə sıradan çıxan var, nə sıranı adlayan, nə də bir yerə topalaşıb sıranı pozan.

Bu bloq yazısını yazanda yadıma başqa bir məsələ də düşdü. Seymur Baycanın “Quqark” kitabında belə bir məqam var – dükana çörək gəlir və səhərdən çörək gözləyən insanların arasına az qala dava düşür. Bu vaxt bir dəstə əlisilahlı rus əsgəri gəlir, camaatı zorla, avtomat lüləsi altında sıraya düzür və bir neçə dəqiqə ərzində hamı çörəyini alıb gedir.

İndi bütün şüurlu tarixləri boyu sıraya düzülə bilməyən bir millətin nümayəndələri gecə-gündüz Facebook-da özlərinə əl qatıblar. Deyirlər ki, bu qəbilə-tayfa rejimində yaşayan liviyalılar kimdir axı Qəddafini yıxsın, demokratiya istəsin? Hamısı amerikanların, imperialistlərin, yekəbuynuz masonların işidir, gəlib adil hökmdar Qəddafini yıxdılar. Liviya xalqına Qəddafi lazım idi, onlar hələ demokratiyaya layiq deyil.

Bu yerdə adam sadəcə bir söz demək istəyir – yox, demokratiyaya ancaq elə siz layiqsiniz! Başqa kimsə yox!

İngilislər demişkən, nah!