VƏTƏNDAŞ ŞAİR: Yenə də ev olardı

Azərbaycan jurnalistlərinin bir qrupunun dövlətdən mənzil alması şərəfinə

Baş redaktorun dilindən

Yenə də ev olardı, yenə də tikilərdi
Jurnalistlər üçün o.
Biz də xidmətimizcə yenə mənzil alardıq,
Sizə qonşu olardıq.

Yenə də ev olardı, ordan mənzil alardıq,
Qələmə söz verərdik.
Hər gün yeni məqalə, hər gün yeni mədhiyyə,
Yazardıq səhər axşam.

Qorxmaz məqalələrlə saytlarda, qəzetlərdə,
Təriflər yağdırardıq.
Yenə söhbət açardıq, mənzil ehtiyacından,
Qardaşımdan, bacımdan.

Çəkinmədən çox zaman söhbəti dəyişərdik,
Məmurla əyləşərdik.
Yenə araq vurardıq, rumkalar əlli-əlli,
Dövlət də səxavətli.

Mənzilə bax, ey oğlum, yevroremont necədir?
Söylə, ürəyincədir?
Bu nə gözəl mənzildir, bu nə gözəl mənzərə,
Birbaş baxın Xəzərə.

Nə gözəldir səhərlər bizim böyük evimiz,
Parlayan mebelimiz.
Divanlar daha incə, kürsülər daha dərin,
Otaqlar daha sərin.

Mənzillərin tavanı, stalinkadan yüksək,
Həyətdən də daş, kəsək,
Təmizlənmiş bir az da. Jurnalist kefi sazdır,
Bu yaz, bir başqa yazdır!

Bu ev bir başqa evdir, bu ev daha da xoşdur,
Vay o evə ki, boşdur!
Hər divarda bir portret, hər bucaqda bir şəkil,
Ey ev, durma, tez tikil!

Mənzilimi həvəslə qucaqlarkən əllərim,
Facebook-da tufanlar,
Qasırğalar coşardı, qısqanclıqlar doğardı,
Onları hirs boğardı.

Yenə fərman olardı, yenə ev tikilərdi
Əziz jurnalistlərə.
Cumub alardım yenə hökumətdən təzə ev,
Yevroremont, təzə lift.

Mənzilə bax, ey oğlum, təzə mənzil necədir?
Söylə, ürəyincədir?

2 milyona Azərbaycanda inqilab etmək olarmı?

4792_src
Foto: Skaznov.livejournal.com

Belə bir klassik anekdot var – amerikalılardan soruşurlar ki, niyə sizdə inqilab olmur? Amerikalılar da cavab verir – çünki, bizdə ABŞ səfirliyi yoxdur.

Kütləvi təhtəlşüur az qala bütün inqilabları gətirib Amerikanın adına bağlayır. Oturublar okeanın o başında, amma hər söhbətin altında barmaqları var. Əslində belə təsəvvürün (daha doğrusu – təxəyyülün) mövcud olmasında əsas günah bəlkə elə Amerikanların öz boynuna düşür. Hər gələn yeni administrasiya geninə-boluna “demokratiyanın ixracından” danışır. Gəlib-keşmiş bütün Amerikan hökumətləri danışdıqlarının yüzdə birini əməldə etsəydilər, yəqin ki, bu gün dünya tamam başqa olardı. Amma necə deyərlər, tarixin “bəlkə” kateqoriyası olmur.

İndi də Azərbaycanın informasiya məkanında Amerikanın bizdə inqilab hazırlaması barədə söz-söhbət dolaşır. Jurnalist Eynulla Fətullayevin yazdığı və bütün TV-lərdə təkrarlanan tezislərə görə ABŞ 2 milyon dollar ayırıb ki, Milli Demokratiya İnstitutu (MDİ) Azərbaycanda “Facebook inqilabı” eləsin. Bəs görəsən Azərbaycanda 2 milyona inqilab etmək olarmı?

Əslində, bu söhbətlərdə yeni bir şey yoxdur – qarşımızda dünyanın özü qədər qədim və klassik konspirasiya nəzəriyyəsini görürük.

Eynullanın məqaləsini oxuduqca yaddaşımızda Sion Müdriklərinin Protokolları canlanır. Praqa məzarlığında toplaşan Sinedrionu qorxunc Dövlət Departamenti əvəz edib, Dünya ağalığı qurmaq üçün instruksiyalar verən Ravvini isə – oxşar dərəcədə mistik Aleks Qriqoryevs. Aleks Qriqoryevsi qapıdan qovurlar, pəncərədən girir, Moldovadan deportasiya edirlər Tbilisidə peyda olur, Moskvada qeybə çəkilir və birdən Bakının bulvarında gözə dəyir. Aleks osminoq kimi bütün Şərqi Avropanın, o cümlədən Azərbaycanın inqilabçılarını əhatə edən şəbəkə qurub. O, hər yerdədir və ayaq basdığı ölkədə dərhal hökumətlər yıxılır, inqilablar tüğyan edir.

Bəs kimin ağlına gələr ki, Aleks əslində kiçik bir ofisdə 3-4 işçisi ilə oturub səhər-axşam yorucu hesabatlar yazır və ictimai fəallıq haqqında yorucu təlimlər təşkil edir?

Beləliklə, ümumiləşdirsək, güya ki, ABŞ Azərbaycanda “Facebook inqilabı” üçün 2 milyon ayırıb və bu missiyanı “əbədi yəhudi” Aleks Qriqoryevsə tapşırıb. Aleks də Nidaçıları başına yığıb ofisində gecəyə kimi onlara Molotov kokteyli düzəltməyi öyrədir. Əsgər ölümləri ilə bağlı kampaniyanın arxasında da o dayanır. Dövlət Departamenti işini-gücünü atıb camaatı Facebook’dakı eventlərə dəvət edir. İlkin Rüstəmzadə isə Vaşinqtonda bir gizli idarədə quraşdırılmış kompyuterin yaratdığı illüziyadır.

Eynulla Fətullayevin məqaləsini oxuduqca başqa bir məsələnin də şahidi oluruq – bütün konspirasiya nəzəriyyələri kimi, bu nəzəriyyə də çoxsaylı fakt səhvlərinin, manipulyasiyaların və yanlış qənaətlərin üzərində qurulub.

Başlayaq elə “gecəyə qədər” MDİ-nin ofisində oturan Nidaçılardan. Məlumunuz olsun ki, MDİ-nin ofisində Nidaçılar gəlib otura bilməz. Məsələn, kimsə gedib ATƏT-in ya BP-nin ofisində səhərdən axşama kimi otura bilərmi, əgər o təşkilatlara aidiyyatı yoxdursa? Axı müasir iş etikası və iş qaydaları var. Ən azından MDİ-nin yerləşdiyi Landmark biznes mərkəzinə giriş-çıxış özü böyük bir prosedurdur. Ümumiyyətlə, MDİ gənclər təşkilatları arasında ən az əməkdaşlıq etdiyi təşkilatlardan biri Nidadır. Bəs bilirsinizmi ki, MDİ-dən ən böyük qrant alan təşkilatlardan bəlkə də birincisi hökumətyönlü AGAT-dır? Onda deyim, siz də bilin.

MDİ-ni Avroviziya ilə bağlamaq cəhdi də absurddur. Hamı bilir ki, Avroviziya ilə “Demokratiya üçün Oxu” kampaniyası məşğul olurdu. Həmin koalisiyaya daxil olan təşkilatlar bütün lazımi maliyyə və digər hesabatları qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq orqanlara çoxdan təqdim ediblər. Orada onların bütün donor və sponsorlarının, iştirakçılarının informasiyası var. Bu koalisiyanın MDİ ilə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, MDİ Avroviziya ilə bağlı heç bir fəaliyyət göstərməyib.

MDİ-nin bank hesablarından çıxardığı pullarla bağlı iddialar gəlincə, bunlar isə tamamilə absurddur. Beynəlxalq Təşkilatlarda işləyənlər çox yaxşı bilir ki, belə bir təşkilatın Azərbaycanda fəaliyyəti nə qədər xərc tələb edir. Ofis kirayəsi, məvaciblər, təlimlər, seminarlar, xarici ekspert və qonaqların Azərbaycana səfərinin təşkili, regionlara səfərlər, təlim zamanı iştirakçıların oteldə qalması, yemək-içməyi, səfər edənlərin rayonlarda otel xərci, dəftərxana və digər təchizatlar, adicə telefon danışıqlarına ödənilən xərc. Bir sözlə, üç il ərzində 2 milyon dollar MDİ kimi təşkilatın normal fəaliyyəti üçün əslində hələ azdır. Mən özüm başqa bir təşkilatın başqa bir layihəsində işləyəndə – büdcəsi 3-4 milyon idi – həmişə şikayət edirdik, çünki oxşar layihənin Gürcüstandakı büdcəsi 13 milyon idi. Üç il ərzində hesabdan çəkilib xərclənən bu 2 milyon əslində təşkilatın normal fəaliyyətinin əməliyyat xərcləridir. Yəqin ki, MDİ işçiləri də yemək yeyir, paltar geyir və ofis kirayəsi verir.

Həm də MDİ hansısa hökumətpərəst Azərbaycan QHT-si deyil ki, pulu bank hesabından çəkib nuşi-can eləsin. Bütün beynəlxalq təşkilatlar kimi, o da həm öz mərkəzi ofisinə, həm də qanunvericiliyə uyğun olaraq Azərbaycanın müvafiq dövlət strukturlarına vaxtaşırı hesabat verir.

Əsgər ölümləri ilə bağlı kampaniyaya gəldikdə – fikir verin, bu kampaniya başlayandan nə ictimai, siyasi fəallar beynəlxalq qurumlara, səfirliklərə apelyasiya edir, nə də beynəlxalq qurumlar, səfirliklər məsələ ilə maraqlanır. Xarici qurumların mətbəxini yaxşı tanıyan bir dostum o gün deyirdi ki, “xaricilər üçün mövzu maraqsızdır” – onlar Azərbaycan ordusuna hələ də Ermənistan-Azərbaycan münaqişəsi, konflikt prizmasından baxırlar. Bizim fəallar isə – mənim qənaətimdir – artıq özlərini o qədər güclü, əmin hiss edirlər ki, Avropa, Amerika veclərinə deyil. Onsuz da Kobia da, Morninqstar da bəyanatlarda üstüörtülü qeyd edir ki, Qərb bu hökumətin tərəfindədir. Aktivistlər də onlara əllərini çoxdan yelləyib. Əsgər ölümləri ilə bağlı kampaniya əsl grassroots , yəni “xalq hərəkatıdır”.

O ki qaldı, Amerikanın 95-ci il təvəllüdlü gənci güya öyrədib Molotov kokteyli ilə Azərbaycan hökumətini devirməsinə, onu deyim ki, Amerika belə xırda işlərə baş qoşmayacaq qədər ciddi dövlətdir. O, atsa atom bombası atar, İraqa, Əfqanıstana qoşun yeridər. Bir də ki, Erkin Qədirli demiş, “sizin çevriləsi dövlətiniz var ki”? Moskvada ya Vaşinqtonda kimsə qərara gəlsə ki, getməlisiniz, Xəzərin üstündən yüngül bir gilavar göndərsələr bəs edər. Heç xəzriyə də ehtiyac qalmaz.

Siz xaricdən maliyyələşirsiniz, elə deyilmi?

Bu yaxınlarda bir vətəndaş cəmiyyəti təmsilçisi ilə taksidə gedirdik. Təbii ki, söhbətimiz də öz fəaliyyətimiz çərçivəsində gedirdi. İnsan hüquqları, demokratiya, QHT-lər, təlimlər, filan.

Birdən taksi sürücüsü dözmədi və söhbətə qarışdı – görürəm ağıllı insanlarsınız, olarmı sizə bir sual verim? Biz razılaşdıq və dayı fürsəti fövtə verməyib dərhal iki sual verdi – Qarabağın axırı necə olacaq və ümumiyyətlə axırımız necə olacaq.

Tərs kimi elə bu zaman yol yoldaşım mənzil başına çatıb taksidən düşdü və məni taksi sürücüsünün fantasmaqorik sualları ilə təkbətək buraxdı. Mən hələ Əhmədliyə qədər bu taksidə getməli idim.

Məndən cavab ala bilməyən sürücü dərhal öz mülahizələrinə keçdi. Bir sözlə, dayı Rasim Musabəyovsayağı başlayıb Mübariz Əhmədoğlusayağı Azərbaycanın bütün dərdlərini təhlil-tərkibdən keçirib gəlib çıxdı ailədaxili zorakılıqla bağlı yeni qanuna.

– O gün 2-ci sinifdə oxuyan qızım anasına deyir ki, ana, sən məni daha döyə bilməyəcəksən, qanun qadağan edəcək. Bu harada görülüb axı? Uşaq əgər valideynindən qorxmasa…

Bu vaxta qədər dayının gətirdiyi bütün vəhyləri dinməz-söyləməz qəbul edən mənə elə bil nəsə oldu, bir də özümü onda tutdum ki, ailədaxili zorakılığın yolverilməz olması barədə arqumentlərlə dayını az-qala yemişəm və dayının sözü qurtarıb.

Kiçik qələbənin şirinliyindən dodaqlarım heç qımışıb qurtarmamışdı ki, dayı tarixdə gəlib-getmiş bütün yekəbuynuz masonların sirlərinə arif olan insan kimi qəfil soruşdu:

– Bir şey soruşum, sizin əməkhaqqınız xaricdən gəlir də yəqin? Yəni siz xaricdən maliyyələşirsiniz?

– Bəli, dayı, xaricdən maliyyələşirəm.

Dayı arif adamlar kimi bir dənə “hmm” elədi və elə bu vaxt cin təpəmə vurdu.

Dedim ki, dayı, fikrin o AzTV-yə filana getməsin, mən xaricdən maliyyələşirəm, amma bax, gedirəm Qazaxa oradakı cavanlara kompyuter, İnternet bilikləri öyrədim, Qazaxın icra başçısı isə işığı söndürtdürür ki, mən heç nə edə bilməyim. İndi sən mənə de görüm, bu camaatın yaxşılığını kim istəyir, mən, yoxsa sizin o icra başçıları?

Dayı sükuta getdi və xoşbəxtlikdən taksi gəlib Əhmədliyə çatdı. Maşından düşəndə:

– Sən allah, dayının sözləri xətrinə dəymədi ki? Yaşlı adamam…

Azərbaycanda hakimiyyətlərin bölünməsi

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”. Müvafiq olaraq icraedici hakimiyyət Prezidentə, qanunverici hakimiyyət Milli Məclisə və məhkəmə hakimiyyəti isə məhkəmələrə mənsubdur. Deməli bu, işin nəzəri tərəfidir.  Bəs təcrübədə Azərbaycanda hakimiyyətlərin bölünməsi prinsipi necə işləyir? Oxumağa davam et “Azərbaycanda hakimiyyətlərin bölünməsi”