Bozqırdan uğursuzluğa: Dilqəm Əhmədin yaradıcılıq uçurumu

Dilqəm Əhməd kitabı ilə (Facebook)

Bir siqaret tüstülədib
Ömər Xəyyamdan
status yazacaq haldayam… (D. Əhməd)

Dilqəm Əhmədin ilk kitabı – “Bozqırdan uçuruma” çox qəribə kitabdır – özündə səkkiz hekayə, bir povest və iki silsilə şeir toplusu ehtiva edir.

Elə bil ki, müəllif heç olmasa bir kitabı olsun və özünü yazar adlandıra bilsin deyə az qala bütün nəsrini və nəzmini bir yerə toplayıb və çap edib. Əgər kitab üçün material az olsa idi (allah eləməsin!), Dilqəm Əhməd utanmayıb bəlkə də bu topluya öz Facebook status və kommentlərini də daxil edərdi.

Həcmcə çox kiçik olan, cəmi 127 səhifəlik bu kitab ona görə də məzmunca çox kontrastlı və rəngarəng alınıb. Kitabın bir yeri sola meyl edirsə, başqa bir səhifəsindən millətçilik yağır, üçüncü qismi isə sentimentallaşıb romantikləşir.

Amma əsərin ən azından nəsr hissəsini birləşdirən ortaq bir xətt də var ki, bu da mətnin ədəbiyyata dəxli olmamasıdır.

Dilqəm Əhmədin üslubu ortabab publisistik üslubdur, sadəcə çoxsaylı təşbeh, metafora, istiarə və epitetlərlə bəzədilib. Amma bu çoxsaylı təşbeh, metafora, istiarə və epitetlər mətni nəinki bədii üsluba çevirməyib, əksinə tamamilə oxunaqsız edib.

Müəllifin ədəbi yazı texnikasının olmaması bir kənara, hətta “Gecə saat on ikidir” tipli cümlələrlə başlayan hekayələrinin süjet xəttləri belə olduqca primitivdir.

Məsələn, “Absurdistan: 2012” adlı hekayəyə baxaq – Bütkənd adlı bir şəhərdə harınlamış parlament camaatı kimsəsiz bir adaya sürgün edib. Bu zaman parlament eşidir ki, onların üstünə meteorit gəlir. Parlament dağılışmaq istəyəndə camaat qədim bir əfsun oxuyur və meteorit sürətlənib parlamentə çırpılır, deputatlara dağılışmağa imkan vermir.

Məşhur bir filmdə deyildiyi kimi, Dilqəm bəy, özfəaliyyətiniz elə bundan ibarətdir?

“Sərgərdan” adlı mətnə “povest” adı verməklə isə müəllif əsl təvazökarlıq nümunəsi göstərib. İnsaf üçün qeyd edim ki, Araz Bayramov yəqin onu roman adlandırardı.

Daha bir diqqətçəkən məqam – müəllifin həyat təcrübəsinin onun bədii yaradıcılığı üçün kifayət etməməsidir. Avtobioqrafik qeydlər yüzlərlə qəlpə şəklində bütün kitab boyu səpələnsə də, hiss olunur ki, Dilqəm Əhməd öz yaşadıqlarını və gördüklərini bədii təxəyyülündən keçirib ortaya bir babat məhsul qoya bilmir.

Müəllif kitabın resenziyasında özü qeyd edir ki, “Bozqırdan uçuruma” adlandırdığı bu kitabında “cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub.” Mən isə burada yalnız bir əlavə edə bilərəm – uğursuzluğa uğramış bu fərdlərin elə birincisi müəllif Dilqəm Əhmədin özüdür. Müəllif yaradıcılıq bozqırına çıxmaq istəsə də, gözümüzün qabağında yaradıcılıq uçuruma yuvarlanır, biz isə onu xilas edə bilmirik.