Bəs Gəncə haradadır?

Belə bir provokativ sual.

“Əli və Nino” mağazalar şəbəkəsi onlayn kitab satışı ilə də məşğuldur. Sayta daxil olursunuz, istədiyiniz kitabı seçirsiniz, mağazadakı qiymətindən ucuz və kitabı qapınıza qədər gətirirlər. Bunu reklam üçün demədik, kontekst üçün dedik.

Bu yaxınlarda mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli onlayn kitab sifarişinə görə Azərbaycanın şəhərlərinin onluğunu açıqladı.

  1. Bakı
  2. Sumqayıt.
  3. Naxçıvan
  4. Zaqatala
  5. Mingəçevir
  6. Astara
  7. Beyləqan
  8. Yardımlı
  9. Ağstafa
  10. Yevlax

Bu siyahıya baxanda insan istər-istəməz özünə bir sual verir – bəs Azərbaycanın ikinci böyük şəhəri, bir akademiyası, iki dövlət və iki özəl universiteti olan Gəncə şəhəri haradadır?

Yəni 400 min əhalisi olan Gəncədə 50 min əhalisi olan Yardımlıdakı qədər kitab oxuyan yoxdur? Yoxsa Gəncə sakinləri Astara sakinlərindən də kasıbdır? Bəlkə Gəncə Zaqataladan da uzaqdır? Ya da Naxçıvan kimi blokadadadır?

Görəsən səbəb nədir?

Advertisements

Budda nə demək istəmişdi?

Foto: AzərTAc

Buddizmdə belə bir ifadə var – koan. Çox kobud şəkildə ümumiləşdirsək, mənası budur: buddalar ötəri nəsə bir söz deyir, mənasını uzun illər sonra dərk edirsən. Əgər dərk etsən.

Heydər Əliyev də bir vaxtlar demişdi – Azərbaycan xalqı çox dözümlü xalqdır. Və bu, əsl koan idi.

Düzdür, bu sözləri çox yozdular, çox sitat gətirdilər, çox misal çəkdilər, amma çifayda. Əgər bu sözlər belə asan anlaşılsa idi, koan olmazdı ki!

Koan o qədər əlçatmaz olur ki, rasional ağıl, sağlam düşüncə ona çata bilmir. Koanı başa düşmək üçün ağır həyat təcrübəsindən keçməlisən. İlahi işığı yalnız bundan sonra görə bilərsən.

Bəs Budda bu sözlərlə nə demək istəmişdi?

Məncə niyəsini biz ancaq bu qış bildik. Üstümüzə gələn bütün bu qar və çovğun ilə. Ağır həyat təcrübəsindən keçib ilahi işığı axır ki gördük.

İki həftədir 3 milyonluq şəhərin infrastrukturu çöküb. Yollar buz bağlayıb, səkilərdə bir dəfə də olsun qar təmizlənməyib. Nəqliyyat iflic olub. Rekord şaxtalarda şəhərin altı rayonunun işığı, qazı keçib. Su boruları donub, evlərə normal su gəlmir. Hələ nə qədər evdə istilik sistemi yoxdur, onu demirəm.

Üstəgəl, başdan-başa mərmərə tutulmuş park və keçidlərdə yıxılıb şil-küt olanlar, soyuq, qazsız, işıqsız, istiliksiz evlərində don vuranlar!

Şəhər idarələrinin bütün qaynar xətləri də “məşğul” – bir nəfər zəng edib düşə bilmir.

Bir sözlə başımıza itin zülmü gəldi, amma Hövsanda balaca iğtişaşdan başqa heç kəs səsini çıxarmadı. Kimi küçədən vedrə ilə qar yığdı, kimi qohumugilə köçdü, kimi də beş yorğana bürünüb qaranlıqda oturdu və gözlədi.

Yəni koan bizə agah oldu. Azərbaycan xalq həqiqətən də dözümlü xalq imiş. Bəlkə də məhz bunu başa salmaq üçün bu qış bizə təşrif buyurmuşdu.

Hökumət isə Avroviziyaya hazırlaşır, gəlin mane olmayaq.

Lavrov Ficidə – Rostropoviç Bakıda

Dünyada iki tip ölkələr var – böyük mədəniyyəti olan ölkələr və natamamlıq kompeksi olan ölkələr.

Hər dəfə böyük mədəniyyəti olan ölkədən bir hörmətli qonaq hansısa natamamlıq kompleksi olan ölkəyə səfər edəndə sonuncular açırlar sandığı, tökürlər pambığı. Muğam oxuyub meyxana deyənlərdən tutmuş saman geyinib ot ətrafında rəqs eləyənlərə kimi hamını gətirirlər meydana ki, buyurun, Mister, Monsieur, Herr, Господин – bizim ulu, əzəli, əbədi, möhtəşəm, analoqu olmayan mədəniyyətimizlə tanış olun! Görün Qafqazın, Ficinin yamyamları bəşəriyyətə hansı töhfələri veriblər!

Sizə iki video təqdim edirəm. Biri Sergey Lavrovun Fici səfəri, digəri isə Mstislav Rostropoviçin Bakı səfəri haqqında. Və sizdən bir xahiş edəcəm – hər iki videoya diqqətlə baxın, başdan ayağa. Əvvəl Fici videosuna, sonra isə Bakı videosuna. Sonra isə bir neçə dəqiqə düşüncəyə dalın.

Lavrov Ficidə:

 

və Rostropoviç Bakıda:

Bir “qurban olumla” möcüzə yaradan aeroport

Dostumuz İlqar bizim beynəlxalq hava limanına aid 15 gülməli-ağlamalı fakt haqqında artıq yazıb – onu sonra oxuyarsınız, gəlin mən sizə başqa bir əjdaha söhbət danışım.

Deməli, Gəncəyə uçurdum, oturmuşdum Heydər Əliyevin adına layiq Beynəlxalq Hava Limanının daxili uçuşlar bölməsində. Naxçıvan reysinə qeydiyyat gedirdi – ondan yazmıram, bu tamam başqa bir monoqrafiyanın mövzusudur. Naxçıvanlı bir dostumuz demiş, bir gün gələcək, Azərbaycanda hər şey dəyişicək, bir Bakı-Naxçıvan reysindən başqa.

Nə isə, Naxçıvan reysinə qeydiyyat başa çatdı, nəzəriyyədə Gəncə reysinə sərnişinlərin minməli olduğu vaxt Gəncəyə qeydiyyat başladı, aeroport işçiləri qışqıra-qışqıra zala anons verdilər ki, Gəncəyə kim uçur, gəlsin. Biz də yaxınlaşdıq qeydiyyatdan keçməyə. Elə növbə mənə təzə çatmışdı ki, bir gözəl xanım növbə-filan gözləmədən, hölvnak qeydiyyat məntəqəsinə yaxınlaşıb nəfəsini almamış soruşdu:

– Naxçıvan reysidi? Qeydiyyat qurtarıb? Vay… Qurban olum, məni keçirin də samolyota, gecikmişəm e…

Və bu zaman aeroportda baş verənləri sadəcə görmək lazım idi – Gəncəyə qeydiyyat dərhal dayandırıldı, artıq bağlanmış Naxçıvan reysi yenidən açıldı, xanım tez-tələsik qeydiyyatdan keçirildi, bir nəfər aeroport işçisi xanıma qoşduruldu, təyyarə uçuş zolağında gözlətdirildi, aeroport işçisi bu xanımı təyyarəyə apardı və bundan sonra təyyarə Naxçıvana istiqamət götürdü.

Xanımın təyyarəyə aparılmazdan öncə dediyi sözlər isə bütün bu prosesə məntiqi yekun vurdu:

– Ayrı vaxt iki saat oturub samolyotu gözləyirik, indi iki dəqiqə gecikmişik də, nə olar ki?

Bir sözlə, o boyda aeroport naməlum bir sərnişinin “qurban olum” sözü ilə xariqələr yaradır. İndi siz deyin, həqiqətən də analoqu olmayan ölkəyik ya yox?