Bəxtiyar Vahabzadə Etiket Arxivləri:

Seymur Baycan və əcinnələr

Oxucular bağışlasın, Facebook-da olmadığım üçün Seymur Baycan və Bəxtiyar Vahabzadə söhbətindən çox gec xəbər tutmuşam. Özünə hörmət etməyən mətbuatı da bir qayda olaraq oxumadığım üçün Şeytan TV-də Seymur Baycan əleyhinə getmiş bu riyakar və saxtakar yazını da gec görmüş oluram – o da sırf təsadüf nəticəsində. Əslində bu cızma-qaraya gülüb keçmək olardı, amma bu açıq-aşkar cəfəngiyyatın psevdo-intellektual mantiyaya bürünərək qəliz mətləblərdən bixəbər oxuculara təqdim olunması çox təhlükəlidir deyə, icazə verin mən də mövzuya bir neçə dərkənar qoyum.

İlk öncə bu yazı niyə riyakar və saxtakardır? Ona görə ki, bu yazının yeganə varlıq səbəbi (raison d’être) Seymur Baycanın Bəxtiyar Vahabzadəyə “istedadsız” deməsidir. Yazıda adları və əsərlərinin adları, nəşriyyatları və nəşr illəri və az qala İstanbul universitetinin kitabxanasında kataloq nömrələri keçən Kantlar, Zəkəriyyalar, Sandellər, Teylorlar və sair şlyapalı ingilislər hamısı bəhanədir, bəhanə! Müəllif əsəbiləşib ki, Seymur Baycan niyə axı Bəxtiyar Vahabzadəyə “istedadsız” deyib? Ona görə də bu sicilliməni guppuldadıb. Bir az da böyür-başına diskurs, ontologiya, kauzalistika, epistemologiya, post-strukturalizm, liberalizm, avaralizm, mağaralizm tipində ağıllı sözlər də qatıb ki, eqosunu tətmin eləsin. Baxın, mən fəlsəfi terminlər lüğətini (Tarixi-Nadir) yarısına qədər oxumuşam.

Seymur Baycan Bəxtiyar Vahabzadəyə “istedadsız” deyib. İlahi, necə böyük fəlakət! Quel dommage! Quelle catastrophe! Quel cauchemar! Dünya birliyi bu ədalətsizliyə hələ də dözür! Bunu eşidən biri (səhv etmirəmsə böyük idealist, vətənsevər, humanist şair Bəxtiyar Vahabzadənin kürəkəni) deyib ki, mən indi qocalmışam, yoxsa gedib özüm Seymuru tapıb döyərdim, ona görə də gənclər, sizə çağırış edirəm, gedin o babını, moltanını tapın döyün! Bir başqası da (bizim İstanbul universitetinin doktorantı) fikirləşib ki, mən basa-basa Badikubədən Qənstəntiniyyəyə elm dalınca gəlmişəm, ayıbdır, gedib adam döyməyim yaxşı çıxmaz, ən yaxşısı götürüm bu kitabı çırpım Seymurun başına.

Əgər bizim istanbullu doktorant dostumuz götürüb Facebook-da status yazsaydı — “Seymur, istedadsız özünsən, axı sən kimsən Bəxtiyar Vahabzadəyə istedadsız deyirsən? Səni tutub ortadan cıraram!” — çox səmimi, təqdirəlayiq, hörmətəlayiq davranardı. Biz də deyərdik “chapeau!” və alqışlayardıq. İnsan gərək özünü həmişə adekvat ifadə eləsin. Nə ifrata varmasın, nə də təfritə qaçmasın. Fəzilət miyanadır. Rumi demiş, ya olduğun kimi görün, ya da göründüyün kimi ol.

Yoxsa bizim istanbullu doktorant dostumuz götürüb yazanda ki, liberalizm Kantdan başlayır, onda özünü də hörmətdən salır, oxuduğu doktoranturanı da, universiteti də. Hələ kommunitar filosofların liberalizmə yönəlik tənqidlərini az qala liberalizmin inkarı və çöküşü kimi qələmə verməsi, üstəlik bu qəbahətinə Sandel və Teyloru da cinayət ortağı eləməsi lap biabırçılıqdır.

Gəlin burada bizim istanbullu doktorant dostumuza qısa likbez verək. Maykl Sandelin Harvarddakı “Justice” kursunu qiyabi (distance) olaraq 81% qiymətlə bitirən biri kimi bu işdə könüllü olmağa hazıram.

Əvvələn, bizim istanbullu doktorant dostumuz gərək bir özü üçün aydınlaşdırsın ki, öz cızma-qarasında hansı liberalizmdən danışır? Fukuyamanın, Zakarianın məhdud “siyasi liberalizm”indən, yoxsa kommunitar filosofların debata çıxdığı “comprehensive” liberalizmdən? Yəni onun üçün liberalizm nədir? Siyasi nəzəriyyəmi? Əxlaq fəlsəfəsimi? Yoxsa neoliberalların “hər şeyi çap, tala, yağmala” doktrinasımı? Fərqini bilmirsə, bir ayıb. Fərqini bilirsə, yazının ortasında Zəkəriyyanın eşşəyindən Rawls-un at arabasına hoppanmağı başqa bir ayıb.

Saniyən, kommunitar filosofların liberalizm üzərinə tənqidlərini dostumuz niyə liberalizmin çöküşü, sonu, batil inanc olması kimi yozur ki? (Özü də hansı liberalizmin?) Bu fizika deyil ki, təzə kəşf köhnə kəşfi arxivə göndərsin. Bu, fəlsəfi debatdır və bu fəlsəfi debat heç də bizim dostumuzun implisit şəkildə müdafiə etməyə çalışdığı azərbaycanlıların “milli-mənəvi dəyərlər”inin təntənəsi demək deyil.

Salisən, axı bu liberalizm filan söhbətinin Seymura, ən əsası da Bəxtiyar Vahabzadəyə nə dəxli var? Heç hənanın yeridir, vətəndaş? Seymurun Bəxtiyar Vahabzadəyə “istedadsız” deməsini gətirib liberalizmə, Kanta, kommunitar-liberal söhbətinə bağlamaq üçün hansı fantasmaqorik təxəyyülün sahibi olmaq lazımdır? Deyəsən İstanbulda təzə ot peyda olub (ya da tabletka, dəqiq bilmirəm) Bakıya hələ gəlib çatmayıb sorağı.

Seymuru şəxsən tanıyıram, aşağı-yuxarı normal münasibətimiz var, imkan düşəndə çay, kofe arxasında oturub söhbət etmişliyimiz də var. Seymurun cavanlığında bir qədər modernist dəliqanlılığı olsa da adam indi bildiyimiz moralistdir. Şəxsi qəsri də olsaydı, lap olardı Michel de Montaigne. Mənim də Seymura bir tanış kimi ən böyük tənqidim həmişə bu olub.

Amma Seymur heç vaxt qəliz siyasi-fəlsəfi-elmi terminlər aparatı ilə də spekulyasiya etməyib. Onun yazısında diskurs, epistemologiya, ontologiya, strukturalizm filan kimi gəlişigözəl sözlər görməzsiz. Yazmır da adam belə şeylər, yazmır. Bir dəfə də özü mənə deyib — verbatim sitat verirəm — “Mən bu mövzuda heç nə demirəm və yazmıram, çünki burada yeni bir şey demək üçün kifayət qədər məlumatlı olmadığımı düşünürəm. Yalandan niyə durum o ağıllı sözləri sağa-sola işlədim ki?”

İndi mən də sizə sual verim, əziz dostumuz, İstanbul universitetinin doktorantı Bayram bəy, bu ağıllı sözləri sağa-sola baxmadan niyə havaya fırladırsız ki? Axı bu diskursun epistemoloji tutarlılığı yoxdur! (Gördünüz, bu sözləri mən də havaya fırlada bilərəm, özü də çox seksi çıxır, yox?)

Seymur kimdir? Ədəbiyyatçı, yazıçı, yazar, publisist. Lap olsun ədəbi şarlatan. Ədəbiyyat aləmində hər şey nisbidir. Ədəbiyyat nədir sualı da, istedad nədir sualı da, hamısı cavabsız suallardır. Sabah Şekspiri də zibil qabına atmaq potensialı var bu sferada. Siz də durub Bəxtiyar Vahabzadə davası edirsiniz.

Hələ 1912-də şairlər Burlyuk, Kryuçyonıx, Mayakovski və Xlebnikov futuristlərin məşhur manifestində yazırdılar ki, Tolstoyu, Dostoyevskini, Puşkini müasirlik gəmisindən dənizə tullamaq lazımdır. 1924-də sürrealistlər özlərinin ilk manifestində yazırdılar ki, ən sadə sürrealist hərəkət revolverlərlə silahlanıb küçəyə çıxmaq və yorulana kimi kütləyə atəş açmaqdır. İndi (2016-da!!!) Seymur Baycan sadəcə və sadəcə Bəxtiyar Vahabzadəyə “istedadsız” deyib, bunların çestinə toxunub, ölkədə qiyamətin əlamətləri zühur edib!

Eh, siz hələ nə qədər yol gəlməlisiz, nə qədər böyüməlisiz, nə qədər dərə-təpə aşmalısız, nə qədər başınız daşdan-daşa dəyməlidir, nə qədər kitab oxumalısız, nə qədər maariflənməlisiz ki, söhbətlərə arif olasız. Heyhat.

Advertisements

3 Şərh

Kateqoriysı Azərbaycan