Yuxarı-aşağı bir kitab

B4FFB65F-581A-422B-8784-D4E9D237E9CF_mw1024_n_sGənc yazar Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabını açanda (Qanun, 2012) insan təəccüblənməyə bilmir.

Kitabın üz qabığının içəri üzündə sanki qlamur moda jurnallarını açırmışıq kimi yazarın bahalı brendləri reklam edən maneken pozasında və qiyafəsində cilalı, parıldayan fotosu çıxır.

Kitabın annotasiyası bizə iki maraqlı əsər – Əfqanıstan müharibəsində cəsus olmuş bir şəxsin ailə dramı və sosial konfliktlər kontekstində detektiv vəd etsə də, oxuyacağımız kitab gözləntilərimizə tamamilə uyğun gəlmir. Həqiqətən də, kitabın annotasiyasından daha çox, müəllifin manekenvari şəklinə inanmalı imişik.

Oxuduqca görürük ki, Sahilə xanımın nəsri qadın yazarlar haqqında bütün mümkün və qeyri-mümkün stereotiplərə tam uyğun gəlir. O, hətta Əfqanıstan müharibəsi fonunda ailə dramını və sosial konfliktlər fonunda detektivi də 16-17 yaşlı yeniyetmə qızların Facebook statusları məzmununda yazmağa nail ola bilib. Həqiqətən də qadın böyük qüvvə imiş.

Kitab başdan-ayağa, yuxarıdan-aşağıya lirik, sentimental, romantik, qəmgin, kədərli, fəlsəfi, metafizik notlarla aşıb daşır. Dostoyevskidən yeri gəldi-gəlmədi sitat və analogiyalar, filosof kimi danışan ağ atlı oğlan obrazı, hər cümlədən üstümüzə tökülən vedrə-vedrə romantika və sentimentallıq istənilən müasir feminist tənqidçini infarkt həddinə gətirib çıxarar.

Kitabı təşkil edən birinci povest – “Məhv edilmiş xilaskarlar” xalis Braziliya serialıdır, özü də müəllifin “Klon”dan təsirləndiyini iddia etməyə cürət edirəm. İtirilmiş sevgilisini süni mayalanma yolu ilə bərpa edən qadının hekayəsini oxuduqca gözümüzün qabağında “Klon”u izləyib sonra bir-birinə danışan yaşlı xanımların söhbətləri canlanır.

Kitabın ikinci hissəsi – “Yuxarı və aşağı ətraflar” isə bədii cəhətdən olduqca yarımçıq və çiy əsərdir. Qeyri-yetkin kompozisiya, uzun-uzadı və qeyri-funksional fəlsəfi-metafizik söhbətlər, əsərə qəfil girib-çıxan, lazımsız və tam açılmamış obrazlar, hadisələrin (yəni kələfin) ucunun itməsi əsəri tamamilə qeyri-oxunaqlı edir. Belə təsəvvür yaranır ki, Sahilə xanım əsəri başdansovdu bitirib və çapa verib.

Kitab boyu bəzi bağışlanılmaz qüsurları isə (“Napaleon” və “Skarpion” kimi) gəlin korrektorun boynuna yıxaq.

Diqqətimi çəkən bir məqam – kitabda yazıçının həm ideal qadın (“Gün”), həm də ideal kişi (“Əsgər”) obrazları yaratmasıdır. Qadın obrazı haqqında bir onu deyə bilərəm ki, belə qadın rastıma çıxarsa, şəxsən mən bir bəhanə tapıb dərhal dabanıma tüpürərəm.

Müəllifin ideal kişiyə olan tələblərini gördükdə isə adam sadəcə dəhşətə gəlir. Yazarın fikrincə ideal kişi sevgilisinin oynadığı hər tamaşaya gəlməlidir; hər xırda təfərrüata izah verməlidir (məsələn, niyə fontanın yanında məni görəndə üzünü çevirdin); defisit və bahalı mallardan tapıb vaxtı-vaxtında gətirməli ya göndərməlidir; Dostoyevskidən əzbər sitat çəkməlidir; hər həftə ona iki məktub yazmalıdır və yazdığını əvvəl qaralamada yazıb sonra üzünü köçürməlidir; dosta sədaqətli olmalıdır, dostunun ölüm yatağında sonadək durmalıdır; bulanıq çaylar, meyitlər və ağac yarpaqları haqqında dərin fəlsəfi-metafizik fikirlər yürütməlidir; bir az havalı olmalıdır; və nəhayət, sevgisini sübut etmək üçün özü ölüm ayağına düşməlidir.

Bir sözlə, xanım yazar kişilərdən Stenford ya Oksforddan fəlfəsə doktoru adı almış, ölməzlik iksiri içmiş Supermen olmağı tələb edir. Yalnız bundan sonra o, sevdiyi qadına layiq ola bilər.

Sadəcə dəhşətdir. Ədəbi-bədii dəhşət.

Koelyonun yarımçıq solla sintezi

Qan Turalı, Polis qorxusuyla öpüşmək

Bu günlərdə gənc yazar Qan Turalı yeni kitabını nəşr edib – esselər toplusu olan “Polis qorxusu ilə öpüşmək”. Sözün düzü kitabı bir oturuma oxudum, çox səlis və axıcı dili var. Rahatluqum kimi gedir.

Amma yeni və orijinal bir şey gözləntisi ilə Qan Turalının yeni kitabını əlinə alan oxucu tam fərqli mənzərə ilə qarşılaşacaq – türk köşə yazarlarının ortabab kalkası. Mövzu isə qədimdən də qədimdir – Mesopatamiyadan dövrümüzə qədər bütün şair və şeirqoşanların, yazıçıların və qrafomanların girib çıxdığı kol – Eşq.

Yəni Qan Turalı orijinal ola bilməyib.

Kitabın quruluşu və qismən solçu tematikası bizə Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” kitabını da xatırladır. Həm Turalın, həm də Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdıqları esselər tematik başlıqlar altında qruplaşdırılıb və kitab halına salınıb.

Lakin arada bir vacib fərq var. Məmməd Süleymanovun kitabı rus dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış qəliz cümlələrdən ibarət olub Kanadadan Yuqoslaviyaya, Monqolustandan Vyetnama kimi tarixin az qala bütün gəlib-keşmiş marksistlərindən sitatlarla doludur. Qan Turalının kitabı isə türk dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış bəsit cümlələrdən ibarət olub saysız-hesabsız türk köşə yazarları, incəsənət-mədəniyyət xadimləri, müğənnilərindən sitatlarla aşıb-daşır.

Bir sözlə, Qan Turalı bayağıdır.

Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır.

Daha dəqiq desək, “Polis qorxusu ilə öpüşmək” – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır.

Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?

Gənc Arazın yazıçı olmaq iztirabları

Araz Bayramov, “Azad”. Bakı, Apostrof, 2011

Əgər yazdığınızın ədəbiyyata heç bir dəxli yoxdursa nə etməli? Çox sadə! Onu qətl edilmiş yazıçıya ithaf edin, siyasətə qarışdırın, ya da bir siyasi manifestə çevirin və ən əsası, insanların biganə olmadığı bir vicdan məhbusunu süjetə gətirin. “Filankəsin əsəri” deyilməsə belə, “Filankəs haqqında əsər” mütləq deyiləcək.

Söhbət “Cabbar haqqında kitabdan” – ya da Araz Bayramovun “Azad” əsərində gedir. Rafiq Tağıya ithaf edilmiş və süjet xətti o zamankı siyasi məhbus Cabbar Savalanlının ətrafında cərəyan edən bu kitab çox təəssüf ki, adicə qrafomaniya nümunəsidir. Məsələn, aşağıdakı cümləyə baxaq və özümüz üçün müəyyən edək – bu, ədəbiyyat nümunəsi ola bilərmi?

Bəlkə də bunun başqa bir səbəbi var, amma mənə elə gəlir, özümü bundan azad eləsəm, yəni bəzi vacib şeylər ilə əlaqədar zənn etməkdən, təsəvvür etməkdən imtina etsəm mənimçün daha yaxşı olar.

Şərh vermək istəmirəm, sadəcə onu deyim ki, bu cümlə əsərin üçüncü abzasında, kitabın beşinci səhifəsindədir (sic!). Kitab isə başdan-ayağa bu tərzdə təhkiyə olunan psevdo-fəlsəfi söhbətlər, kəmsavad vətəndaşların asudə vaxtlarında daldıqları fani dünya haqqında fikirlər ilə doludur.

Bir sözlə tipik qrafomaniya nümunəsi. Bəs bir qrafoman öz kitabını necə cəlbedici edə bilər? Təbii ki, onu siyasətə qatmaqla – Cabbar Savalan, inqilab söhbətləri, hələ solçulardan borca alınmış, kasıb-varlı müstəvisində populist söhbətləri demirəm. Belə ağır baqajla yüklənmiş kitab artıq bir partizan (yəni tərəfkeş) alətə çevrilir. Onu oxumaq, dəstəkləmək, yaymaq bir ədəbiyyat işi yox, əqidə işi, ideoloji məsələ, mübarizənin bir hissəsi olur.

Bu zaman kitabın ədəbiyyata məxsusluğu sualı kimin vecinədir ki? Gənc yazar qorxunc Əliyev rejimini ifşa edib və bu, artıq kifayətdir.

Nəzərə alsaq ki, bizim qrafoman cəmi 21 yaşındadır və o qədər də kitab baqajı yoxdur, etiraf etməliyik ki, çox yetkin və ağıllı qrafomandır.

Bir vaxt mənim haqqımda deyilən bir sözü parafraz etsək, bu ölkədə hər kəs nəsə yazır, amma hər yazan öz yazısı ətrafında şou düzəldə bilmir.

– – –

Kitab varlı bir ailənin dissident oğlunun dilindən nəql edilir və onun portreti kifayət qədər ziddiyətli və kompleks təsvir edilib. Sadəcə, obraz tamamilə sünidir – Azərbaycanda belə tipajlara nəinki rast gəlinmir, üstəlik həmin obraz tamamilə türk və Latın Amerikası seriallarının romantik-sentimental qəhrəmanlarının ümumiləşdirici sürətidir. Azərbaycan tematikasını çıxsaq, qarşımızda bir Rikardo və ya Eduardo peyda olacaq.

Digər bir vacib məqam, Araz Bayramovun təsvir etdiyi universitetlə bağlıdır. Mən də həmin universitetin həmin fakültəsini bitirmişəm. Və kitabdakı universitet, müəllim obrazları ilə tanış olduqca, onların real prototipləri gözümün qarşısına gəlirdi. Araz çox vicdansızcasına öz müəllimlərindən intiqam alıb, amma bu intiqamı da öz aləmində alıb. Bəlkə də 10 il sonra heç kim o prototiplərlə obrazları müqayisə edə bilməyəcək. İndi də çox az adam bu müqayisəni edə bilir. Amma bu müqayisəni edə bilənlər əcaib bir fakt qarşısında qalır – sanki müəllif dərsdən sonra çayxanada dostları ilə oturub müəllimlərin qarasınca danışır. Görəsən Araz tələbə vaxtı hansı mənəvi travmalara məruz qalıb ki, belə üsullara əl atıb?

Digər, amma çox vacib bir məqam – pornogörüntülər. Əsərin qəhrəmanı atasının pornogörüntülərini gizli yolla əldə edib onu şantaj edir və bu şantajla xeyirin qələbəsinə nail olmaq istəyir. Doğrudur, sonra baş qəhrəman öz səylərinin mümkünsüzlüyünü dərk edir və etdiyi əmələ görə ağır cəza alır, amma yenə də, fikrimcə, obrazın bu hərəkəti kifayət qədər mühakimə olunmur.

Biz bir tərəfdən hökumətin pornogörüntülər vasitəsilə vicdanlı insanları təqib etməsini pisləyirik, buna qarşı ən sərt ictimai qınaq sərgiləyirik, digər tərəfdən isə bizim yazarımız olmağa iddialı şəxs eyni əməlin hökumətə qarşı istifadəsinə haqq qazandırır. Tipik Makiavellist yanaşma ilə “məqsəd vasitəyə haqq qazandırır” fəlsəfəsini təbliğ edir. Bu, yolverilməzdir.

– – –

Və sonda onu qeyd edim ki, Araz tələsib. Kitabı oxuyarkən insanda belə təəssürat yaranır ki, sanki bu, həbsxanada yazılması nəzərdə tutulan bir əsər imiş, sadəcə müəllifin hövsələsi çatmayıb və tez qələmə alıb.

Üstəlik, Arazın bu sətirlərin müəllifinə dediyinə görə kitab onun “ikinci romanıdır”. 21 yaşlı gəncin artıq ikinci roman yazması nə qədər məqsədəuyğundur sualını sizin öhdənizə buraxıram. Ancaq bir onu deyə bilərəm ki, Arazın öz kitabını həsr etdiyi mərhum Rafiq Tağı ömrü boyu ancaq qısa hekayələr və esselər yazıb.

Yəqin yazar olmağın bir şərti də təvazökar olmaqdır, bu isə hələ ki, Arazda hiss edilmir.