Nobel prospekti–podkast

Nobel prospekti kritikaparat

Ədəbiyyat üzrə 2021-ci ilin Nobel mükafatını əslən Zənzibardan olan britaniyalı yazıçı Əbdülrəzaq Qurna aldı. Nobel prospektində kimlər tıxaca düşüb, kimlərə yaşıl işıq var?

Kritikaparat podkastının dördüncü epizodu artıq yayımda!

Ədəbiyyat üzrə 2021-ci ilin Nobel mükafatını əslən zənzibarlı yazıçı Əbdülrəzaq Qurna aldı. Nobel prospektində kimlər tıxaca düşüb, kimlərə yaşıl işıq var?

Epizodu təqdim edir Əli Novruzov, Cavid Ramazanov və Mirmehdi Ağaoğlu.

Poskastı digər platformalarda dinləmək üçün:

*Spotify Azərbaycanda podkastlara hələ çıxış vermir.

Ədəbiyyat üzrə Nobel mükafatı

Ədəbiyyat üzrə 2021-ci ilin Nobel mükafatı laureatı “müstəmləkəçiliyin təsirlərinin və mədəniyyətlər və qitələr arasında boşluqda qalmış qaçqınların taleyinin barışmaz və şəfqətli təşrihinə görə” əslən tanzaniyalı yazıçı Əbdülrəzaq Qurna (Abdulrazak Gurnah ) oldu.

Qurna 1986-cı ildən sonra ilk qara afrikalı, 1993-cü ildən sonra ilk qaradərili və 2006-ci ildən sonra isə ilk müsəlman nobelli yazıçıdır. Üstəgəl, özü qaçqın taleyi yaşamaqla yanaşı, bir zənzibarlı kimi ərəb və qara Afrika mədəniyyətlərinin də sintezinin məhsuludur.

Kinayə kimi çıxmasın, sanki Qurnaya mükafat verməklə İsveç Akademiyası eyni zamanda bir neçə xanaya quş qoymuş oldu. Buradan da mükafatın verilməsi meyarlarından birini artıq əminliklə müəyyən etmiş oluruq:

  • dövrün proqressiv ruhuna cavab verən aktivist tipli, amma yenə də yaxşı yazıçılar (qadın, qara və qaçqın olsalar lap yaxşı olar).

Mükafatın sahibi açıqlanmazdan bir gün əvvəl öz Telegram kanalımda ehtimallarımı yazmışdım və mükafatın hansı prinsiplərlə təqdim edildiyi haqda öz mülahizələrimi irəli sürmüşdüm. Qalibi düzgün təxmin edə bilməsəm də, afrikalı və ya qaradərili yazıçılardan birinin mükafatı alacağı əsas ehtimallarımdan biri idi.

Həmin qeydlərin aktuallığını nəzərə alıb bloqumda ayrıca bölüşürəm.

6 oktyabr 2021 20:30

Sabah ədəbiyyat üzrə Nobel mükafatı laureatı elan ediləcək.

Bu mükafatla bağlı proqnoz verənlər, obrazlı desək, sanki bir növ sirkdə başlarını şirin ağzına soxurlar. Şir də hər dəfə ağzını bağlayıb başlarını qoparır. Hər il dostlarla potensial qalib haqqında öz aramızda proqnozlar veririk, mən cəmi bir dəfə uduşlu bilet çəkə bilmişəm—Tokarçukun udacağını deyəndə. Bütün qalan hallarda oxum daşa dəyib.

Proqnoz vermək üçün ilk növbədə bu mükafatın hansı prinsiplərlə verildiyini başa düşməliyik. Son illərə baxanda mən iki və yarım təmayül müşahidə edə bilmişəm:

  • yaxşı yazıçı hesab olunan, amma öz ölkələrindən kənarda çox da tanınmayan adamlar: Qlük, Modiano, İşiquro;
  • ədəbiyyat isteblişmentinin yazıçı kimi qəbul etmədiyi və ya cancel etdiyi adamlar: Dilan, Alekseyeviç, Handke.

Nəhayət, İsveç akademiyasında qalmaqaldan sonra yaranmaqda olan yarım təmayül:

  • dövrün proqressiv ruhuna cavab verən aktivist tipli, amma yenə də yaxşı yazıçılar (qadın, qara və qaçqın olsalar lap yaxşı olar): Tokarçuk.

Bu iki və yarım təmayülü əsas götürüb nə proqnoz vermək olar?

Qatarı gedənlər

Milan Kundera, Ismail Kadare, A.B. Yehoshua, Salman Rushdie—Nobel mükafatı daha lifetime achievement mükafatı sayılmır. Əgər kimlərsə hələ də bu dinozavrların mükafat alacağını düşünürsə, deməli, Philip Roth-un müsibətindən dərs çıxarmayıb. Bu insanlara faktiki olaraq deyirlər ki, siz korifey sənətkarlarsız, bütün dünyada tanınırsız, Nobelsiz də sizin tacınız var. İnciməyin, amma Nobelə sizdən daha çox ehtiyacı olan yazıçılar var.

Mediada yazırlar ki, Annie Ernaux favoritdir, ruslar da Ulitskaya haqqında elə deyir. Əslində heç birinin Nobel alacağını düşünmürəm. Niyə sualına bir müəyyənedici cavabları yoxdur. Nədir onları başqa namizədlərdən fərqləndirən? Modiano kimi bəşəri ola-ola ancaq bir ölkəyə həbs olunmaq? Tokarçuk kimi proqressiv etirazçılıq? Handke kimi qalmaqallı reputasiya? Keçən il Javier Marías haqqında da eyni formada reklam gedirdi, amma boş çıxdı.

Thomas Pynchon, Don DeLillo, Jonathan Franzen də mükafatı ala bilməyəcək. Mənim arqumentim—İsveç Akademiyası onların başının üstündən iki dəfə keçib Dilan və Qlükü seçdisə, deməli bu şəxslər nə qədər böyük yazıçı olsalar da, Akademiyanı qane etmirlər.

Eyni qaydada nə Hilary Mantel, nə Julian Barnes. Hərçənd mənə görə bu dəqiqə Nobelə ən layiqli namizəd Julian Barnes-dir. Qalib gəlsə dəhşət sevinərəm, amma sıfır gözləntim var. Niyəsi uzundur, burada yeri deyil.

Ədəbiyyat üzrə Nobel mükafatını kim ala bilər?

Margaret Atwood—yaxşı yazıçıdır, aktivistdir, feministdir, kanadalıdır, üstəlik əgər mükafatı alsa, lifetime achievement də sayıla bilər və bəzi bədxah tənqidçilərin də ağzı yumular. Əleyhinə arqument—artıq dünyada kifayət qədər tanınır. Ona görə də, məsələn, Atwood əvəzinə Bernardine Evaristo və ya Scholastique Mukasonga kimi onun tipində, amma nisbətən cavan və az tanınan yazıçı ola bilər.

Anne Carson-un da şansı var, həm kanadalı olduğuna görə və bir də əgər Akademiya iki il dalbadal şairlərə mükafat verməyi məqbul saysa.

David Grossman—dövrün proqressiv ruhuna cavab verən növbəti aktivist tipli yazıçı. İsrail dövlətinin Fələstin siyasətini ardıcıl tənqid edir. Üstəlik, İsraildən laureat uzun müddət olmayıb. Həm də Amos Oza görə bir növ israillilər qarşısında üzrxahlıq edərlər.

Ngũgĩ wa Thiong’o—Afrikadan dörd yazıçı Nobel alıb, onların ancaq biri qaradır (Lessinqi, Le Klezionu, Kamyunu və Simonu da saysaq 1/8). Digər namizəd—əslən Somalidən Nuruddin Farah. Hər ikisinin yaxşı ədəbi tərcümeyi-halı var. Yaşları da keçir, biri 83, o birisi 75.

Nobel ədəbiyyat mükafatı alan sonuncu qaradərili yazıçı 1993-cü ildə Toni Morrison olub. Ona görə də əslində fransız Maryse Condé-nin də şansı böyük idi. Amma Maryse xanım İsveç Akademiyasına etiraz olaraq yaradılmış Yeni Akademiyanın mükafatını alıb. İndi İsveç Akademiyası ona Nobel versə, etiraf etmiş olacaq ki, biz səhv idik, yeniakademiyaçılar düz. Mən isveçli deyiləm, isveçlilərin xarakterini bilmirəm, amma bəlkə Akademiyada etiraf və tövbə kültürü o dərəcədədir ki, yeniakademiyaçıların düz olduğunu qəbul edəcəklər?

Afrikalı yazıçılar və Maryse Condé alınmasa, onda ehtiyat variant: Jamaica Kincaid.

İki macar yazıçısının adını da çəkirlər: KrasznahorkaiNádas. Heç birini oxumamışam, həyat və yaradıcılıqları ilə tanış deyiləm. Əgər Orbana qarşı aşkar müxalif mövqeləri varsa, mükafatı onlardan birinə də verə bilərlər. Orban qərbi avropalıları boğaza yığıb. Ona yaxşı bir çırtma vurmaq lazımdır.

Nəhayət, Jon Fosse—son onillikdə Skandinaviya ədəbiyyatı bütün dünyada qələbə yürüşünə çıxıb. Ona görə də skandinaviyalılar bu dəfə utanmadan, çəkinmədən, rahat vicdanla özlərinə mükafat verə bilərlər. Niyə Knausqor yox, Fosse? Knausqor bütün günü mətbuatın səhifələrindən düşmür, təvazökar deyil, bütün dünyada tanınır, həm də cavandır, səhvlərini düzəltməyə vaxtı var. Fosse isə Avstriya-Slovakiya sərhədində balaca bir qəsəbədə sakit həyat tərzi keçirir. Dramaturq olduğuna görə, bu da bir üstünlük. Son mükafat alan dramaturq da 15 il əvvəl Pinter olub.

7 oktyabr 13:44

Dünənki Nobel proqnozuma iki ad əlavə edim. Bu il almasalar da (hələ “cavandırlar”), gələcək üçün perspektiv namizədlərdir: Monika FagerholmNino Haratischwili.

Hər ehtimal, iki ad da çəkim—AdunisKo Un. Hər ikisi çox qocadır, amma müxtəliflik faktoru var deyə tam da silmək olmaz. Adunis Suriya ələvisidir (Bəşər Əsədin həmməzhəbi), Ko Un isə cancel olunub, bunlar da əlavə faktor ola bilər.

Ədəbi Gürcüstanda

Gürcüstanın Literaturuli Sakartvelo (Ədəbi Gürcüstan) qəzetində “Ac əllərə isti çörək” adlı essem dərc olunub (29 noyabr 2019, 34-cü nömrə).

Essenin azərbaycanca variantını AzLogos saytında oxuya bilərsiniz.

Esseni gürcü dilinə mükəmməl tərcümə etmiş dostum, filoloq və qədim gürcü ədəbiyyatı üzrə mütəxəssis Oqtay Kazımova ayrıca minnətdarlığımı bildirirəm.

Azərbaycanlılar həqiqətənmi memuar yazmırlar?

Günel Mövludun Azərbaycanda memuar janrı haqqında fikirlərini oxuduqca qarışıq hisslər keçirməmək olmur. Bir tərəfdən, Günelin vəziyyəti dəyərləndirməsində xeyli haqlı məqamı görməmək üçün gərək açıq-aşkar kor olasan; digər tərəfdən isə “axı məsələ dolaşıqdır, bu qədər sadə deyil!” qışqırmaq istəyirsən.

Azərbaycanda xatirə ədəbiyyatı kifayət qədərdir, heç də Günelin dediyi kimi “bir neçə şəxsiyyət, bir neçə hadisə barədə tək-tük memuar” şəklində deyil. Yeri gəlmişkən, bizdə bu janrda dünya səviyyəsində ən nəfis və klassik əsəri mənim kətdim, sovet yazıçısı Süleyman Vəliyev qələmə alıb. Həmçinin Həmidə Cavanşirin və Sabir Əhmədlinin son illərdə çapdan çıxan monumental xatirələri bizdə bu janrın tərcümeyi-hal səviyyəsində qalmadığının göstəriciləri deyilmi?

Bir sözlə, Azərbaycanda memuar janrı, Günelin dediyi kimi, Rusiya və Avropa ilə müqayisədə inkişaf etməyə bilər, amma məsələ heç də gözlə göründüyü qədər sadə deyil.

Günelin məqaləsinə cavab yazısını AzLogos saytında oxuya bilərsiz.