Ədəbiyyat podkastı — kritikaparat

Ələmdən nəşəyə kritikaparat

Ürəklərini və qələmlərini Lenin dünyasına ithaf edənləri bu gün necə oxumalı? Müstəqilliyin 30 illik məsafəsindən Azərbaycan sovet ədəbiyyatına nəzər salırıq.
  1. Ələmdən nəşəyə
  2. Hər oboya uyğun kitab
  3. Nobel prospekti

Azərbaycanın ədəbi-mədəni gündəliyi haqqında kritikaparat podkastı müxtəlif platformalarda artıq əlçatandır. Kritikaparat podkastı Azərbaycanın həm də ilk ədəbiyyat podkastıdır.

Son illərdə dünyada trendə çevrilmiş podkastlara media ekspertləri böyük gələcək vəd edirlər. Bəzi ədəbiyyat tənqidçiləri podkastların yaxın gələcəkdə ən geniş yayılmış ədəbi janrlardan biri olacağını deyir.

Biz də–yəni mən Əli Novruzov, Cavid Ramazanov və Mirmehdi Ağaoğlu, belə qərara gəldik ki, Azərbaycanda podkast işinə azca töhfə verək.

Kritikaparat podkast seriyasında ayda bir dəfə buraxacağımız epizodlarda ədəbiyyat və mədəniyyət haqqında söhbət açacağıq və ölkənin ədəbi-mədəni gündəliyini müzakirə edəcəyik.

Kritikaparat podkastının ilk epizodu Seymur Baycan haqqındadır — aprelin 22-si yazıçı və publisist Seymur Baycanın 45 yaşı tamam olur. Ədəbiyyatımızın canlı klassikini müasirlik katerindən Xəzərə atmalıyıqmı?

Xoş dinləmələr!

2016-cı ilin yaxşı nəşrləri — II hissə

2016-da nəşr olunan bəzi yaxşı kitablar haqqında artıq bir dəfə yazmışam, amma o zaman ancaq yarım ili və dörd kitabı əhatə edə bilmişdim. İndi, 2016-nı rahatlıqla başa vurandan sonra həmin ilin yaxşı nəşrləri haqqında daha ətraflı yazmaq olar.

Qeyd edim ki, 2016-da “Qanun” və “TEAS Press” kimi böyük nəşriyyatlar da maraqlı kitablar nəşr etməyə davam ediblər. Həmin nəşriyyatların öz reklam və marketinq fəaliyyətləri kifayət qədər yüksək səviyyədə təşkil olunduğu üçün, onların kitabları barəsində danışmaq arabanın beşinci təkəri rolunu könüllü şəkildə öz üstünə götürmək olardı. Ona görə də bu yazıda ancaq kiçik və şəxsi təşəbbüslərlə ortaya çıxan nəşrləri əhatə etməyə çalışacağam.

Fanzinlər: “Monk”, “Yoldaş fanzin”, “Elmi spektr”

Monk
“Monk” (oktyabr, noyabr və dekabr nömrələri, 2016)

Şəksiz ki, 2016-nın əlamətdar hadisələrindən biri kimi nəhayət bizdə də fanzinlərin peyda olmasını hesab edə bilərik. Fanzin ingiliscədən tərcümədə azarkeşlər, tərəfdaşlar, fanatlar tərəfindən buraxılan məxsusi mövzu ətrafında həvəskar jurnal mənası verir. Peşəkar jurnal daha ciddi fəaliyyət, zəhmət və resurs tələb etdiyi halda, fanzin ciddi maliyyə vəsaiti olmadan və həvəskarların entuziazmı sayəsində ərsəyə gəlir, sadə üsullarla dərc olunur (bəzən heç kağızda çap olunmur). Fanzin jurnala nisbətən daha çevikdir, həcmi də kiçikdir.

2016-da Azərbaycanda üç diqqətəlayiq fanzin nəşr olunmağa başlayıb. Sol yönlü, amma daha çox ədəbiyyat və incəsənət mövzularını əhatə edən “Monk”, yenə sol, amma bu dəfə klassik siyasi sol, marksist ideoloji spektrdən “Yoldaş fanzin” və sırf elmi mövzulardan yazan, ən sərt akademizmə iddialı olan “Elmi spektr” (onları fanzin kateqoriyasına aid etdiyim üçün sonuncular məndən inciyə bilərlər, çünki özlərini elmi jurnal olaraq tərif edirlər).

Bu fanzinlər yeni gələn nəslin tribunasıdır, onları nəşr edənlər indiyə qədər mövcud olan digər platformalardan şüurlu şəkildə imtina edərək özlərinin platformasını yaratmaq istəyirlər. Çünki köhnə platformalar yeni gələn gənclərin tələblərini və potensialını tam başa düşmür, onların istəklərinə uyğunlaşmaq üçün kifayət qədər çevik deyil – yeni dövr yeni vasitələr tələb edir. Hər üç nəşri izləməyi şiddətli şəkildə tövsiyə edirəm.

Rişard Kapuşinski, Şahənşah (Fikir sexi)Səhər Delicani, Cakaranda ağacının uşaqları (Ol)

Şahənşah
R. Kapuşinski, Şahənşah (Fikir sexi, 2016)

İran mövzusu bizim üçün hər zaman maraqlı, sirli və cəlbedici qalmaqda davam edir. 2016-da müasir İran tarixinin açar hadisələrindən biri – İran İslam inqilabı haqqında Azərbaycanda iki yaxşı kitab nəşr olunub. Keçmiş siyasi məhbus Rəşadət Axundovun həbsxanada tərcümə etdiyi polşalı jurnalist Rişard Kapuşinskinin “Şahənşah” əsəri Məhəmməd Rza şahın devrilməsi və İranda İslam inqilabı haqqında kifayət qədər ətraflı və artıq klassika sayılacaq bir kitabdır. Kapuşinskinin bu bədii-sənədli kitabı müasir İran və İslam inqilabı haqqında stereotiplərdən kənar düşünmək, hadisələrin mahiyyətini düzgün anlamaq üçün hədsiz qiymətli mənbə hesab oluna bilər.

Kapuşinskinin kitabının nəşrini vacib edən başqa bir amil isə Fərəh Pəhləvinin xatirələrinin bizdə hələ 2007-ci ildə nəşr olunmasıdır. Fərəh Pəhləvi İranda ancien regime-in ən ali nümayəndələrindən biri olub və təbii ki, İran tarixinə və İslam inqilabına sarayın pəncərələrindən baxıb. Kapuşinskinin dəyəri isə ondadır ki, o, inqilabi hadisələr vaxtı İranda əcnəbi jurnalist kimi çalışıb, küçə və meydanlarda, xalqın arasında olub, hadisələrin düz mərkəzindən tarixə şahidlik edib. Əgər azərbaycandilli oxucu son 10 il ərzində İran İslam inqilabına yalnız bir rakursdan – devrilənlərin nəzər nöqtəsindən baxa bilirdisə, bundan sonra hər iki baxış bucağından ümumi mənzərəni görə biləcək. Yeri gəlmişkən, naşirlər bildirib ki, kitabın satışından gələn bütün gəlir siyasi məhbusların ehtiyaclarına sərf olunacaq.

cakaranda
S. Delicani, Cakaranda ağacının uşaqları (Ol, 2016)

Kapuşinskinin kitabının bitdiyi tarixi nöqtədə təhkiyəni iranlı mühacir yazıçı Səhər Delicani dövr alır. Yenə keçmiş siyasi məhbus Xədicə İsmayılın yenə də həbsxanada tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanı İslam inqilabından sonra İranda baş verən hadisələrin bir növ bədii təsviridir. Azadlıq uğrunda vuruşanların birdən birə necə zülm edənlərə çevrilməsi, əzilənlərin onları əzənlərə bənzəməyə başlaması, inqilabın öz övladlarını yeməsi – bütün bunlar Delicaninin romanında kifayət qədər inandırıcı formada qələmə alınıb. Səhər Delicaninin hər iki valideyni İslam respublikasının həbsxanalarından keçib, yazıçı özü bədnam Evin həbsxanasında dünyaya göz açıb, “Cakaranda ağacının uşaqları” da həbsdə yatan keçmiş inqilabçıların və onların övladlarının gerçək şahid ifadələrinə əsaslanır.

“Cakaranda ağacının uşaqları” Xədicə İsmayılın ikinci tərcümə təcrübəsidir. Bundan öncə o, əfqan-amerikan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını Azərbaycan dilinə tərcümə etmişdi və onun tərcüməsi oxucular və ədəbiyyatçılar tərəfindən kifayət qədər bəyənilmişdi. Xədicə İsmayıl ikinci romanını həbsxanada tərcümə etməsinə baxmayaraq, tərcümə işinə kifayət qədər ciddi yanaşmanı saxlaya bilib.

Seymur Baycan, Gecikmiş hekayələr (Alatoran)

Foto: Azadlıq Radiosu
Foto: Azadlıq Radiosu

Bizim yaxşı tanıdığımıza əmin olduğumuz Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki hələ də Seymuru yaxşı tanımırıq.) “Gecikmiş hekayələr”də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır – Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim etməyi çox yaxşı bacarıb. Sorokinin sosialist realizmi ilə eksperimentlərini xatırladan bu hekayələr bizim ədəbiyyatımızda həm bir ilk olmaqla yanaşı, həm də 2000-ci illərin əvvəllərindən başlayaraq alatorançıların “ədəbiyyatın başına açdığı oyunların” üzvi davamıdır. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur da öz istedadının gücü sayəsində bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq. Seymurun öz təbiri ilə desək, oxuyun, oxutdurun!

13892236_1204093656307499_811343684890153336_n
W. Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi, 2016)

Will Durant, Mədəniyyətin təməlləri (Nərmin yayın evi)

Ər-arvad Will və Ariel Durant-ların 11 cildlik “Sivilizasiyanın tarixçəsi” seriyası dünyada artıq klassika sayılır və Qərb sivilizasiyasının tarixi haqqında ən yaxşı nəşrlərdən hesab edilir. Keçən il Nərmin yayın evi Durantların irsindən kiçik bir hissəni Azərbaycan dilinə tərcümə edərək nəşr edib. “Mədəniyyətin təməlləri” adı altında çıxan kitab sivilizasiyalar tarixinə giriş üçün çox yaxşı mənbədir. Sadəcə bir məsələ var ki, Durantların bu adda kitabı yoxdur, Azərbaycan dilinə nəşr olunan hissə isə “Bizim Şərq mirasımız” adlanan birinci cildin giriş hissəsidir. Əlbəttə, 11 cildlik böyük bir seriyanın tərcüməsi hədsiz insan və maliyyə resursu, müstəsna tarixi erudisiya və tükənməz motivasiya tələb edərdi. Amma yaxşı olardı ki, tərcümə və nəşr ilə məşğul olan qrup oxucuları çaşdırmamaq üçün kitabda bu mətnin mənbəyini dəqiqliklə göstərərdi.

Digər bir iradım isə kitabın “Yalçın İslamzadənin tövsiyəsi ilə çap olunmasının” xüsusi vurğulanmasıdır. Əgər Yalçın bəy kitabın naşiri, tərcüməçisi, redaktoru, elmi məsləhətçisi və ya sponsoru olubsa, bu məsələ dəqiq göstərilməli idi. Yoxsa onun işi sadəcə tövsiyə ilə məhdudlaşıbsa, bunu xüsusi qeyd etməyin nə mənası var idi? İstənilən halda, tərcüməçi və naşirləri bu dəyərli nəşrə görə təbrik etməyə dəyər.

Pivəxana ədəbiyyatı — “Qaçış”

Capture
“Qaçış” kitabının üz qapağı (OL, 2015)

Bu yaxınlarda təsadüfən bir kitab təqdimatına gedib çıxdım. Le Chateau adlı bir yeraltı pivəxanada, qatı siqaret dumanında, çoxsaylı sərxoş və meyxoş kitabsevərlərin (əksəriyyəti dost-tanış çıxdı) kompaniyasında “Ümid Xəzəroviç” psevdonimli müəllifin “Qaçış” adlı kitabının təqdimatı idi. Müəllif üzrlü səbəblərdən qayıb idi, ona görə də kitabı imzasız verirdilər.

(Yuxarıdakı sətirləri qınaq kimi oxumayın, hazırkı ictimai-siyasi vəziyyətdə kitab təqdimatı üçün heç olmazsa pivəxana tapa biliriksə, deməli hər şey hələ bitməyib.)

Kitabın üz qapağının arxa səhifəsində yenə çılpaq qadın təsviri üzərində yenə lirik-sentimental mətnin ilk cümləsində yenə “fahişə” sözü olsa da — gənc yazarlar niyə axı belə klişeləşir? — kitabı böyük zövqlə oxudum. Ona görə yox ki, gözəl və nəfis bir əsər idi. Ona görə ki, bu kitab bizim yeni nəsil potensial gənc yazarların mütaliə zövqündən və baqajından belə açıq-aydın danışırdı. Təxminən Dostoyevskinin “Yeraltından qeyd”ləri, Kafkanın “Milenaya məktublar”ı və bir də Bukovskinin sərsəmləmələri.

(Hərçənd Bukovski anderqraund şair kimi ortababat bir adam olub, amma onun nəsrini bəh-bəhlə oxuyub yüksək ədəbiyyata vardığını düşünən cavan oğlanlarla Koelyonun sərsəmləmələrini oxuyub yüksək fəlsəfəyə çatdığını düşünən cavan qızlar arasında heç bir fərq yoxdur.)

Yeni nəsil potensial gənc yazarlar haqqında artıq bir dəfə yazmışam, orada soruşduğumu bir daha soruşum: əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduğu çağda onlardakı bu qədər pessimizm, bu boyda dözülməz və iyrənc kədər kultu, bu nəhənglikdə ekzistensial böhran və bu dərinlikdə psixoloji travma haradan qaynaqlanır axı?

Tutaq ki, Dostoyevski “Yeraltından qeydlər”i yazanda artıq həyatın hər üzünü görmüşdü. Baş gicəllədən ədəbi uğur, Belinskinin tərifi, inqilabçılıq, sonra həbs, yalançı edam, ardınca sürgün və Sibir, pulsuzluq, senzura… Və ya elə həmin Kafkanı götürək. Milenaya məktublarını yazanda Kafka artıq öz aqibətini bilməmiş deyildi: vərəm öz işini görürdü, bütün keçmiş Avstriya-Macarıstan sanatoriyaları onun qarşısında aciz idi (streptomitsin ancaq II dünya müharibəsi zamanı kəşf ediləcəkdi), Kafkanı isə heç kim tanımırdı və oxumurdu və bəlkə də öləndən sonra tamam unudulacaqdı. (Rayx-Ranitski yazır ki, hətta 1930-cu illərdə Kafkanı tək-tük ədəbiyyat xiridarından başqa heç kim tanımırdı və tanımağa maraq da göstərmirdi).

Bəs bizim potensial gənc yazarların kədər kultu və ekzistensial böhranı haradan qaynaqlanır? Axı onlar nə yaşayıblar ki, nə iztirab da çəksinlər? Onları həyatdan küsdürən nədir axı?

“Qaçış” kitabında digər bu tipli yazılardan fərqli olaraq bu səbəblərə bir balaca işıq salınıb. Amma kaş ki bu səbəblər elə qaranlıq qalardı bizimçün!

Deməli, avtobusda ortayaşlı xalalar mənə nifrətlə baxdı, çünki fərqli geyinmişdim. Sevdiyim qız tükəzban çıxdı, ondan iyrəndim. Başqa sevdiyim qız qrup yoldaşları ilə şəkil çəkdirəndə başqa bir oğlanın yanında durmuşdu. Üçüncü bir qızla sevişmək istəyəndə tənasül alətim durmadı, qızın yanında biabır oldum. (Sevişmə zamanı tənasül aləti durmayanlar üçün Mişel de Monten öz “Təcrübələri”ndə yaxşı təsəlli verir, əgər belə problemdirsə, oxumağı tövsiyə edirəm.)

Və təsəvvür edin, bütün bu trivial söhbətlərə görə bizim gənc yazarlar dərin ekzistensial böhran keçirir və dərhal da Dostoyevski olmaq qərarına gəlir. Məhz bu səbəbdən onların kədər kultu bu qədər saxta və iyrəncdir.

Məsələn, “Qaçış” kitabında 224-cü səhifədə müəllif yazır ki, qız onun amerikanosundan içdi, qəhvənin köpüyü qızın dodaqlarına yayıldı, sonra qız köpüklü dodaqları ilə oğlanı öpdü və oğlanın üzü bütün köpük oldu.

Axı amerikanoda köpük olmur, ay camaat! Amerikano adi qara qəhvədir, yəni su qatılmış espresso.

Bax, buna görə də bütün bu gənc yazarların dostoyevskiliyi amerikano qəhvəsinin köpüyü kimidir. Reallıqda mövcud olmayan və saxta.

İz: Yeni nəslin ilk addımları

İz (Kitabsevərlər, 2014)
İz (Kitabsevərlər, 2014) Foto: Kitabsever.wordpress.com

Bu yazını bir etirafdan başlamaq lazımdır: Kitabsevərlər klubunun ilk nəşri olan “İz: Gənc yazarların hekayələr toplusu” haqqında rəy yazmaq mənim üçün bir qədər çətin oldu. Çünki bu kitabda hekayələri toplanmış əksər müəlliflərin məndən xeyli cavan olduğunu, “yeni nəsli” təmsil etdiyini və mənim də yavaş-yavaş geridönməz şəkildə “köhnə nəslə” çevrildiyimi anlamış oldum.

Öz nəslimi təmsil edən və ya daha öncəki müəlliflər barədə rəy bildirmək – aşağı-yuxarı eyni makro-təcrübələrdən keçmiş insanları tanımaq, ya da yeni dəyərlərin mövqeyindən köhnə yazarları topa tutmaq nə qədər asandırsa, “yeni nəslə” köhnə anlayışların və köhnə dəyərlərin mövqeyindən yaylım atəşi açmaq ondan da asandır – bu zaman “standart”ın, “meyar”ın harada bitdiyini və korazehin mühafizəkarlığın harada başladığını müəyyən etmək çətinləşir. Yeni nəsli tənqid edəndə retroqrad olmaq saniyə məsələsidir.

(Mühafizəkarlar bəlkə də gənc nəslə qarşı ona görə amansız olurlar ki, bu cavanlar onlara artıq “yaşlanmış” və “qoca” olduqlarını xatırladırlar.)

Ona görə də Kitabsevərlərin ilk kitabına rəy verməzdən öncə bu “yeni nəslin” ümumi konturlarını cızmaq və tənqid hədəfimizin kim olduğunu daha yaxşı anlamağa çalışmaq lazımdır.

I

Ədəbiyyata və ədəbiyyatətrafı çevrələrə can atan bu yeni nəsil yazar və oxucuların mənə görə üç qabarıq ortaq tərəfi var.

BİRİNCİSİ, bu yeni nəsildə (yəni cavanların əksəriyyətində) ədəbiyyatı duyma fəhmi hələ tap yetişməyib. Onlar çox rahatlıqla Paolo Koelyo, Den Braun, Aqata Kristi, Stefan Sveyq, Frans Kafka və Dostoyevski arasında bərabərlik işarəsi qoya bilərlər. Onların əksəriyyəti üçün Sveyq də, Koelyo da eyni dərəcədə yaxşı yazıçıdır. Söhbət etdiyim mütaliəli gənclərin biri mənə hətta demişdi ki, Kafka onun üçün çox yüngül və rahat kitabdır, Den Braun isə əksinə, çox ciddi və ağır gəlir.

Əslində burada hələlik pis bir şey yoxdur. Koelyo post-sovet məkanında bomba kimi partlayanda mən də hamı kimi onun yeddi-səkkiz kitabını birdən oxumuşdum. Bəlkə də o zaman Koelyonu acgözlüklə oxumasaydım, indi Ekonun “Fuko rəqqası”nı belə zövqlə mütaliə edə bilməzdim. Yəni, zamanla bu nəsil də “əsl” və “bayağı” ədəbiyyatın fərqini tutacaq. Bizim də keçdiyimiz yolları getdikləri üçün bu gəncləri qınamaq hələ çox tezdir.

İKİNCİSİ, bu yeni nəsil bir qayda olaraq rus dilini bilmir (rus sektorunda oxuyanlar, Rusiyada doğulanlar ya yaşayanlar istisna). Rus dilini bilmədikləri üçün də dünya ədəbiyyatına böyük bir darvaza onlar üçün bağlanıb. Qalıblar Azərbaycan naşirlərinin təklif etdiyi balaca nəfəsliyin ümidinə. Çoxlarının düşündüyü kimi ingilis dilini bilmək hələ ingiliscə mütaliə edə bilmək deyil. “İngiliscə bilirik, rus dilinə nə ehtiyac var” deyənlər gedib Şekspiri, Dikkensi, Virciniya Vulfu, Saul Bellounu orijinalda oxuya bilərlərmi? Ay-hay! [Ölmüşdü Xankişi!] İngiliscə “semiçka kimi çırtlamaq” hələ qəliz ədəbi-bədii mətnləri oxuyub başa düşmək deyil. Ortada reading comprehension kimi ciddi söhbət var.

Rus dilini bilməmək təkcə Dostoyevski və Tolstoyu orijinalda oxumaq məsələsi də deyil, həm də geniş dünya ədəbiyyatına çıxışı itirməkdir. Rusların böyük tərcümə məktəbi var – Tibetdən Kanadaya kimi az qala bütün xalqların və ölkələrin ədəbiyyatını rus dilinə tərcümə ediblər. Əgər XX əsrin ən böyük italyan yazıçılarından Alberto Moravianın az qala hər kiçik hekayəsi rus dilinə çevrilibsə, ingilisdilli dünyada vəziyyət bir qədər fərqlidir. Mərhum William Weaver olmasaydı, dayanmadan italyan ədəbiyyatının təbliğatını aparmasaydı, ingilisdilli dünya bu gün XX əsr italyan ədəbiyyatının yalnız üzdə olan beş-altı şedevrindən xəbər tutacaqdı. Umberto Ekonun “Qızılgülün adı” əsərinin ən yaxşı tərcüməsi də Kostyukoviç tərəfindən rus dilinə edilən çevirmədir. Hətta William Weaver-in tərcüməsi də Kostyukoviçin çevirməsinin yanında çox zəif, solğun və natamam iş təsiri bağışlayır.

Doğrudur, türkcə kitablar var və bizim yeni nəsil türkcə çox yaxşı oxuyur və başa düşür, amma burada da bir-iki əlavə problem var. Əvvələn, biz türkcə kitablara təzə-təzə çıxış əldə etməyə başlamışıq (son bir neçə ildə bu kitabları kütləvi şəkildə ölkəyə gətirmək mümkün olub) və gənclər bu istiqamətdə hələ romantik-sentimental janrlara üstünlük verirlər. Rus dili darvazasının üzümüzə bağlanması ilə bizə dəyən mədəni ziyanın türk dili darvazasının üzümüzə açılması ilə tam sağalması hələ bir müddət çəkəcək. Üstəlik, türkcə və rusca tərcümələri qarşılaşdırmaq imkanı olan biri kimi deyə bilərəm – türk tərcümə məktəbinin rus tərcümə məktəbi səviyyəsinə çatması üçün yəqin ki, bir 50 il filan lazım olacaq (bir az pafoslu çıxdı, üzr istəyirəm).

ÜÇÜNCÜSÜ, yeni nəsil gənclər üçün “oxucuya çevrilmək” və “yazar olmaq” arasında məsafə və sürət olduqca qısadır və qısalmağa doğru gedir. Yəni bu gənclərdə Saramaqonun 20 illik səbri və hövsələsi yoxdur. Əgər Saramaqo ilk yetkin əsərlərini 20 il jurnalist və tərcüməçi kimi çalışdıqdan sonra ortaya qoymağa başlamışdısa – o da qısa şeir və hekayələrlə – bizim yeni nəsil gənclər çox iddialıdırlar. Onlar ilk oxuduqları və təsirləndikləri kitabdan sonra yazıçı olmaq qərarına gəlirlər və ciddi ədəbi əsərlər yaratmaq istəyirlər. Onlar “oxucuya çevrilməklərinin” “qırxı çıxmamış” dərhal “yazar olmaq” iddiasına düşürlər.

Qafiyəsi olan hər Facebook statusunun şeir, dialoq keçən hər bloq yazısının hekayə hesab edildiyi bir zəmanədə ən böyük zərbəni elə ədəbiyyat özü alır. Bir xalqın yeni ədəbiyyatının hələ doğulmadan beşikdəcə boğulması başqa necə baş verə bilər ki?

(Bu passajı İsmayıl Kadaredən parafraz etmişəm.)

Məncə, burada “standart” və “meyar” yavaş-yavaş korazehin mühafizəkarlıqla əvəzlənmək istəyir, ona görə də bitirim və keçim “İz” kitabına.

II

Açığı, “İz” kitabında iki hekayə istisna (Rəşad Babalı və Həmid Piriyevin hekayələri), fövqəladə heç nə görmədim, hətta ədəbiyyat adına heç nə görmədim.

Yuxarıda adını çəkdiyim iki nəfərdən başqa bütün digər yazarlar utanmadan, çəkinmədən bizi saxta sentimentallıq priyomu ilə aldatmağa çalışırlar. Əgər bu hekayələrin üstündən saxta sentimentallıq çarşabını götürsək, altında boş hava və ya xəyalət görəcəyik. Bir dənə dişə dəyəsi ədəbi nəsə tapmaq üçün bu gənclərin yazdıqlarını oxuyanları böyük məyusluq gözləyir. Lirik, sentimental, metafizik, evdarqadınağladan, Latınamerikan serialları sayağı qəm, kədər, dərd, əzab, iztirab kultu bu kitabın başlıca leytmotividir. Kitabda hətta nöqtələr və vergüllər də ekzistensial böhran keçirir, depressiya yaşayır, malxülyaya dalır, kədər okeanında qərq olur.

Məni çox narahat edən daha bir məsələ – əksəriyyəti 1990-larda doğulmuş bu gənclərin, həyatlarının ilk baharında, kefdə damaqda olmalı olduqları zamanda bu qədər pessimizmə qapılmasıdır. Başa düşmürəm, bu gənclərin ölüm, qocalıq, qəbiristanlıq, intihar, dəlixana, cinayət, edam, terror, başkəsmə sevgisi haradan qaynaqlanır? Axı bu gənclər bu cavan yaşda bu qədər əzabı yaşamağa nə vaxt imkan tapdılar?

III

İndi isə icazə versəniz, ayrı-ayrı hekayələrin icmalına keçək.

İlk öncə Vüsal Namiqoğlunun “Avropa dilənçisi və fahişə qızı” hekayəsi barədə bir-iki söz deyim. Hekayə yazmaq moizə oxumaq deyil, nə də ədəbiyyatçı gərək insanlara əxlaq dərsi keçmək fikrinə düşməsin. Əxlaq barədə moizə oxumaq üçün məsciddə minbər var. Ədəbiyyatda isə moralizmə yer yoxdur, illah da adı çəkilən hekayədəki kimi saxta moralizmə. “Sırlar kapısı”nın evdarqadınağladan “namaz qılmadı, yıxıldı qıçı sındı” tipində əxlaq dərsi keçmək ədəbiyyatçının işi deyil. Ədəbiyyat başqa şeydir.

Nurlana xanım Həşimovaya isə sadəcə onu məsləhət görərdim ki, ədəbi yaradıcılıqdan daha çox öz müəllimlik peşəsinə diqqət ayırsın. Müəllimlik şərəfli və qürurverici peşədir. Nurlana xanım fəxr etməlidir ki, o, müəllimədir və gənc nəslin formalaşmasına əvəzsiz töhfəsini verir. Ədəbiyyatı isə buraxmaq lazımdır bu işi daha yaxşı bacaranlara.

Tural Əliyev də hələ hekayə yazmaqdansa öz dərslərini oxumağa daha çox vaxt ayırsa, çox gözəl olar. Məktəbi uğurla başa vurmaq çox vacibdir, hekayə yazmaq üçün isə hər zaman vaxt tapmaq olar. Hələ qabaqda bütöv bir ömür var.

Röyal Qabarovun hekayəsi haqqında tutarlı heç nə deyə bilmirəm, çünki nə demək istədiyini duysam da, hekayədən heç nə başa düşmədim. Abzasların, hətta az qala cümlələrin bir-biri ilə bağlılığı yoxdur. Fikirlər də dağınıqdır, yazı da. Məncə, öz yazısı və üslubu üzərində xeyli çalışmalıdır, fikirlərini yazıya çevirəndən əvvəl və sonra cilalamalıdır, öz üzərində işləməlidir. Yəni, hekayə belə olmur, belə yazılmır, niyyət nə qədər səmimi olsa da.

Tural ƏzimzadəXəyal Mahmudlu məni xeyli təəccübləndirdi. Biri Biləsuvardan, biri də Şəkinin kəndindən olan bu gənclər öz hekayələrində amerikan ailələrini təsvir etməyə çalışıblar. Əzizlərim, siz amerikan ailələrini heç tanımırsınız, filmlərdən qazandığınız təəssüratlara da çox güvənməyin. Yəni Biləsuvarda və Şəkidə azərbaycanlı ailələrinin faciəsi azdırmı ki, siz qaçıb amerikan ailələrinin dərdindən yazırsınız? Qoy amerikan ailəsinin dərdini amerika yazarları çəksin, siz isə Biləsuvarın, Şəkinin, Azərbaycanın ailə faciələrindən yazın. Kriminal verilişlərinə baxın, görün nə qədər material var, heç yaradıcı təxəyyülə ehtiyac da qalmır.

(Tural bəy, bir şey də deyim, xətrinizə dəyməsin – baş kəsilmə səhnəsi çox təsirlidir, amma heç professor Douelin başı o qədər yaşamamışdı, fikirləşməmişdi, sizin kəsdiyiniz baş isə az qaldı qurdla qiyamətə qalsın.)

Nurəddin Məmmədlinin “Tənbəl” hekayəsi nəinki çap olunmamalı, ümumiyyətlə yazılmamalı idi. Yəqin ki anlaşılmazlıq olub.

Vüqar Abdiyev, Həmid Babayev, Cəmilə Məmmədli, Səbuhi ŞahmursoyElvir Nizamioğlunun hekayələri haqqında sadəcə bir şey demək olar – onların hekayələrində ucuz və saxta sentimentallıqdan başqa ədəbi heç nə yoxdur. Amma bu yazarların (üstəgəl Tural Əzimzadənin) həm də yaxşı “nəfəsi” var. Elə bil ki, qələm onların əllərində üzür (ya da klaviatura rəqs edir). Təəssüf ki, bu “nəfəsi” yaxşı bir ədəbi mətn yaratmaq əvəzinə ucuz sentimental priyomlara həsr edirlər. Onlar öz istedadlarını daha yaxşı yazılara sərf edə bilərdilər. Amma bu dəfə alınmayıb.

Və nəhayət, mənim fikrimcə kitabın ən yaxşı iki hekayəsi – Rəşad Babalının “İşıq dirəyi”Həmid Piriyevin “Dana Kazım”ı. Bu hekayələrdə sentimentallıq yoxdur, əksinə həyat öz çılpaq naturalizmi ilə gözə girir. Bəlkə də məhz anti-sentimentallığına görə bu hekayələr mənim diqqətimi cəlb edib – başqa kontekstdə bəyənməyə bilərdim. Çünki Rəşad Babalı nə qədər realist və naturalist tərzdə yazsa da, “nəfəsi” çatışmır. Hiss olunur ki, Rəşad boğulur, sözlər elə bil kəlbətinlə çıxır, təxəyyülün gücü yetmir, qələm bir nöqtədə ilişib qalır (məcazi mənada desək). Rəşadın içindəki jurnalist onun içindəki yazarı üstələyir. “Nəfəs” olmadan böyük yazara çevrilmək isə çox müşkül və ağrılı prosesdir.

Həmid Piriyev isə sanki yazıçı yox, stenoqrafçıdır. Mən bilmirəm, “Dana Kazım” hekayəsində uydurma nə qədərdir, həqiqət nə qədər. Amma hekayəni oxuyanda elə təəssürat yaranır ki, Həmid öz fotoaparatını götürüb və gedib hansısa həyat lövhəsini lentə həkk edib. Həmid heç rəssam da deyil, sanki adi fotoqrafdır. Əgər ədəbiyyat sadəcə stenoqrafiya olsaydı, həyatı olduğu kimi vərəqə köçürsəydi, onda biz ona fiction (uydurma) deməzdik. Ədəbiyyat axı həm də uydurmadır. Həyat və yazıçı təxəyyülü  ədəbiyyatda çulğaşıb yeni fenomen yaradır. Həmidin hekayəsi uydurmadırsa, qoy oxucu da bilsin uydurmadır. Bəzən İnternetdə rastınıza çıxar – karandaş və ya boya ilə elə rəsmlər çəkirlər ki, onlar lap fotoya oxşayır. Bu şəkillərə baxıb “Əjdaha!” deyirlər, amma bu şəkillər heç zaman sənət əsəri olmur. Amma Munkun “Çığırtı”sı əsl sənət əsəridir.

Ah, daha bir Madam Bovari!

turan“Mən rəsm çəkə bilsəydim, mənim dənizimi dalğalandıran nə xəzri, nə gilavar, nə də musson olacaqdı. Mənim dənizimi coşduraraq, istifadə etdiyim rəngləri yoxa çıxardan, o kiçik, solğun günəşimi dalğaların içində qərq edən yalnız asdfghjklzxcvbnm….

Bəzən də sakit, heç kəsə mane olmaq istəməyən, dalğalarına layla deyib, səmadakı parlaq aya özünün necə tərbiyəli qız olduğunu göstərmək istəyən, yuxulu, yuxuya bənzər, yuxuya gedə bilməyən dənizi fırça ilə, ucu dəniz kimi yaşımtıl-mavi rəngli fırça ilə asdfghjklzxcvbnm

Heyif ki, mən rəssam deyiləm…”

Nə yaxşı ki, Svetlana xanım rəssam deyil. Amma heyif ki, Svetlana xanım yazardır.

Yox, bir az sərt çıxdı. Əslində, Svetlana Quliyevanın (Turan) istedadlı qələmi var. Hiss olunur ki, digər xanım yazarımız Sahilə İbrahimova ilə müqayisədə qələmi möhkəm tuta bilir, amma o da Sahilə xanım kimi lirik, sentimental, romantik, qəmgin, kədərli, fəlsəfi, metafizik paolokoelyoçuluğun tələsinə düşüb. Və nə qədər qəribə olsa da həm Svetlana Turanın “Dalğa” əsərində, həm də Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabında ümumi konturları və strukturu tutmaq olur. Sanki hər iki xanım hansısa “Romantik kitab yazmağın filan qədər yolu” adlı təlimat üzrə yazırlar.

Və təəssüf ki, hər iki xanım yazar məşhur “Madam Bovarini” oxumayıb – oxuyubsa da yaxşı oxumayıb.

Sahilə xanımın kitabı kimi Svetlana xanımın kitabı da qadın nəsri haqqında bütün populyar stereotiplərə cavab verir. Hətta hər iki kitabda oxşar məqamlar da var – kişi dilindən təhkiyə, kitab dükanına icbari ziyarət, faciə ilə bitən sonluq, hədsiz idealizə edilmiş məhəbbət, dünyadan təcrid qonşunun evinə gözlənilməz dəvət, özünəqəsd söhbətləri (Svetlana xanımda hətta romanın 2-ci səhifəsində!), cansız əşyalarla lirik, romantik, sentimental, metafizik söhbətlər (Sahilə xanımda – yarpaqlar və ağaclar; Svetlana xanımda – dəniz və dalğalar). Təkcə Dostoyevskidən sitat çəkmək Svetlana xanımın yadından çıxıb.

Amma Svetlana xanımda başqa maraqlı inqredientlər də var.

Məsələn, kitabda heç bir funksional əhəmiyyəti olmayan, “dejurnıy” vətənpərvər söhbətlər, ermənilər haqqında tikanlı frazalar, imkan tapıb allaha inanmayanlara bir-iki söz atmaq, aşağı sinfin nümayəndələri haqqında yazıq münasibət, “mən siyasətə qarışmıram”, insanların müasir olmamasından şikayət, ruh halının, əhval-ruhiyyənin qəfil təbəddülatı – bir sözlə, Facebook’da Nura Nur, Ayka Gun, Moon Sun tipli anonim qız profillərinin bütün vacib tərkib hissələri bir araya toplanıb. Hətta kitabın üz qabığındakı şəkil – dalğaların içindən sizə baxan iki qəmli göz belə profil üçün ən münasib şəkildir.

Svetlana xanım qeyri-funksional dialoqlar və təsvirlərlə bir hekayəlik mövzunu o qədər şişirdib ki, kitabın əvvəlində artıq kitabın necə bitəcəyi bizə məlum olsa da, kitab bitmir ki, bitmir.

Doğru deyirlər ki, xanımlar heç nədən üç şey düzəldə bilərlər – salat, skandal və roman.