Tanınmış jurnalist Arzu Qeybulla mənim ona yazdığım bir məktubun screenshot-unu “nifrət nitqi” adı altında öz Facebook hesabında paylaşıb.
Problem məktub deyil. Məktubda qeyri-etik heç nə yoxdur, hətta nifrət də yoxdur. Bəlkə bir az şəxsi məyusluq var. Mədəni şəkildə Arzuya yazmışam ki, dostluğumuzu pozulmuş saysın. İstəyənlər Arzunun Facebook səhifəsinə girib “… biz necə nifrət edirik (yenilənir)” adlı albomda həmin məktubu oxuya bilərlər.
Problem odur ki, tanınmış jurnalist, kibertəhlükəsizlik və onlayn qısnama haqqında cild-cild yazılar yazan Arzu Qeybulla məktubun screenshot-unu paylaşanda mənim e-mail ünvanımı doxxing edib. Kibertəhlükəsizliklə məşğul olanlar doxxing praktikasının nə qədər qeyri-etik olmasını çox yaxşı bilirlər.
Onlayn qısnama kampaniyasına məruz qaldığını göstərmək üçün sübut-dəlil təqdim edən Arzu Qeybulla görünür ki, bunu yaxşı bilmirmiş (?!) – kiminsə iradından sonra bilib. Ona görə də məktubu silib, ikinci dəfə təzədən yükləyib, bu dəfə e-mail ünvanımı gizlətməklə.


Əslində, bütün bu texniki xırdalıqlar məni qətiyyən narahat eləmir.
Məni narahat edən artıq keçmiş dostum Arzunun riyakarlığıdır.
Mənim yazdığım məktuba Arzu hələ o vaxt cavab yazıb və yazışmada hər hansı nifrət və ya nifrət nitqi insinuasiyası qətiyyən olmayıb.
Əgər bu məktub nifrət nitqi idisə, niyə Arzu mədəni şəkildə yazışma aparsın mənimlə? Əgər nifrət nitqi deyilsə, o məlum Facebook albomunda nə gəzir?
Deməli mənim bilmədiyim başqa şeylər də var. Təəssüf edirəm.
Sonda isə həmin yazışmadan Arzunun mənə cavabını verirəm, doxxing etmədən.
