Mən bu sətirləri yazanda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar nəticəsində cəbhədə əhəmiyyətli qələbələr əldə etməkdədir. Cənub istiqamətində dörd rayon işğaldan azad edilib, Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb. Azərbaycan əsgərləri Ermənistan sərhədinə və Laçın dəhlizinə çıxıb. Şimal istiqamətində də Azərbaycan ordusu əhəmiyyətli yüksəklikləri geri qaytarıb. Hazırda döyüşlər Ağdərə, Şuşa və Xocavənd şəhərləri ətrafında getməkdədir. Təbii ki, belə bir vəziyyətdə sülh istəmək üçün ya müstəsna idealist, ya da müstəsna sadəlövh olmaq lazımdır.
İdealist olduğuna görə sülh istəyənlər hədsiz hörmətə layiqdirlər. Dünyada çox az insan öz milli, dini, etnik və ailə kimliklərini aşıb həqiqi ümumbəşəri kimliyə sahib ola bilirlər. Əgər bu gün erməni cəmiyyətindən fərqli olaraq Azərbaycan cəmiyyətində belə insanlara hələ də rast gəliriksə, bu insanlar bizim şəksiz ən böyük dəyərlərimizdəndir. Yəni son otuz ildə məruz qaldığımız bütün ədalətsizliklərə və məhrumiyyətlərə baxmayaraq biz bir cəmiyyət olaraq bu maneələri aşa bilirik.
Məqsədim idealist sülhsevərlərə mədhiyyə oxumaq deyil. Həqiqi idealistlərin başqaları tərəfindən şöhrət görməsinə ehtiyacları yoxdur. Bu yazıda məqsədim məhz sadəlövh sülhsevərlərin gətirdikləri bəzi arqumentlərə nəzər salmaqdır, çünki bu arqumentlər bir qayda olaraq məlumatsızlıqdan qaynaqlanır. Əlbəttə, bu gün məlumatsızlıqdan doğan bu arqumentlərə qıcıqlanırıqsa, məsuliyyət həm də münaqişə barəsində Azərbaycan ictimaiyyətini son 30 il ərzində adekvat məlumatlandırmayan hökumətin üzərinə düşür.
Nəhayət, məqsədim həm də təbliğata və ya anti-təbliğata cəlb olunmaq, polemika açmaq, kimisə müdafiə etmək, ya da kimisə ittiham etmək deyil. Ona görə də bu yazını bilərəkdən şəxsi bloqumda dərc edirəm. Məqsədim sadəcə və sadəcə bəzi məqamlara aydınlıq gətirməkdir. Bu yazını digər saytların təkrar dərc etməməsini xahiş edirəm və anlayışa görə öncədən minnətdaram.
1. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 30 il gözləmək lazım deyildi, bu 30 ildə münaqişəni sülh yolu ilə həll etmək üçün fürsətlər çox olub və biz onları əldən buraxmışıq.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün indiyə qədər cəmi iki dəfə gerçək imkan olub. Birinci dəfə sülh prosesi Ermənistanın ucbatından pozulub, ikinci dəfə isə Rusiyanın ucbatından.
Birinci real imkan pəncərəsi haqqında ətraflı danışmağa ehtiyac yoxdur, Azərbaycanda hər kəs bu hadisələri yaxşı bilir: həmin sülh prosesi Levon Ter-Petrosyanın mədəni şəkildə devrilməsi, Ermənistan parlamentində gülləbaran aktı, ardınca da Qarabağ klanının Ermənistanda hakimiyyəti tam qəsb etməsi ilə bitir. Burada Azərbaycanın günahı sıfırdır. Ter-Petrosyanın bu haqda fikirləri ilə özünüz də tanış ola bilərsiniz.
İkinci hadisə haqqında Azərbaycan ictimaiyyəti daha az məlumatlıdır, ona görə də bəzən əcnəbi ekspertlərin çıxışları əsasında bizdə belə qənaətə gəlirlər ki, prosesi Azərbaycan pozub. Həqiqət bir az başqa cürdür.
Münaqişəni həll etmək üçün bu ikinci real şans 2011-ci ilin Kazan sammitində baş tuta bilərdi. Hər iki tərəf münaqişənin həllinə dair prinsipləri Rusiya prezidenti Dmitri Medvedevin də aktiv iştirakı ilə artıq razılaşdırmışdı. Kazanda bu prinsiplərin formal qəbul edilməsi ilə sülh prosesi başlayacaqdı. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov artıq razılaşdırılmış bu prinsiplərə ən azı bizim tərəflə məsləhətləşmələr aparmadan özbaşına düzəlişlər edib erməni tərəfinin maraqlarına daha çox cavab verən yekun variant hazırlayır. Mənim anlamadığım səbəblərdən – çox güman Azərbaycan rəhbərliyi bu səbəbləri yaxşı bilir – Elmar Məmmədyarov səhlənkarlıq göstərərək bu yekun variantı paraflayır. Nəhayət yekun variant İlham Əliyevə çatanda baş vermiş təxribatın miqyası aydın olur və Azərbaycan tərəfinin bu sülh planından imtina etməkdən başqa çıxış yolu qalmır.
Göründüyü kimi, münaqişəni sülh yolu ilə həll etmək üçün cəmi iki dəfə gerçək fürsət olub və hər iki dəfəsində bu prosesi Azərbaycanın istəyinin əksinə sabotaj ediblər.
2. Bu müharibə İlham Əliyevin müharibəsidir, xalqın müharibəsi deyil.
Maraqlıdır ki, müharibənin ilk həftəsində rəsmi erməni təbliğatı da eyni mövqeni dilə gətirirdi, sonradan bu mövqeni “türk-azərbaycanlı işğalçılar erməni xalqına qarşı soyqırımı həyata keçirir” xətti əvəzlədi. Bəlkə ermənilərin öz rəsmi təbliğatına təshihlər etməsinin arxasında bir bildikləri dayanır?
Hikmət Hacıyev bu müharibəni “vətən müharibəsi” adlandıranda bəlkə də ona inanmamaq, müharibə təbliğatında ittiham etmək olar. Hikmət Hacıyev dövlət məmurudur, hətta dövlət adamıdır. Amma münaqişənin sülh yolu ilə həll olunması uğrunda çalışan Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev görün nə deyir:
“Bu, Əliyevin müharibəsi deyil” – Zaur Şiriyev, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi [Azərbaycan] prezidenti[ni] nəzərdə tutaraq deyir, – “Bu, bütün xalqın müharibəsidir.”
Cənab Şiriyev deyir ki, bir çox ermənilər və regionda işləyən Qərb rəsmiləri [birinci müharibədə] insan və torpaq itkilərinin azərbaycanlılar üçün əhəmiyyətini heç zaman tam anlamayıb.
Zaur Şiriyev dövlət adamı deyil. Əksinə, bütün şüurlu fəaliyyətini münaqişənin sülh yolu ilə həlli üçün çalışmağa yönəldib və eyni məqsədi güdən beynəlxalq təşkilatın Cənubi Qafqaz üzrə təhlilçisidir. Yəni, onu “bədxah” niyyətdə ittiham etmək mümkün olmadığı kimi, münaqişə barəsində ən məlumatlı adamlardan biri olduğunu da qəbul etməliyik.
Azərbaycanın post-sovet gerçəkliyi və post-sovet kimliyi bütün gözəllikləri və eybəcərlikləri ilə Dağlıq Qarabağ münaqişəsinin məhsuludur. Bir mənada çağdaş Azərbaycan və çağdaş azərbaycanlılar özləri də Dağlıq Qarabağ münaqişəsinin məhsuludur.
Münaqişə başlayana qədər əksər azərbaycanlılar loyal sovet vətəndaşları idilər. Sovet yəhudiləri, ya da baltikyanı respublikaların xalqlarından fərqli olaraq azərbaycanlılar özlərini sovet gerçəkliyindən kənarda təsəvvür edə bilmirdilər. Buna görə də sovetlər dağılanda Azərbaycan bir az da utanma hissi ilə kəşf etmişdi ki, ittifaqın bir çox xalqlarından fərqli olaraq sən demə nə dissidentləri olub, nə anti-sovet ziyalıları, nə də anti-sovet ədəbiyyatı.
80-ci illərdə azərbaycanlıları müəyyən edən, səfərbər edən, birləşdirən və bu gün tarixşünaslıqda “milli-azadlıq hərəkatı” adlandırılan kütləvi fəaliyyətlərə cəlb edən yeganə amil Dağlıq Qarabağ münaqişəsi idi və bütün bu hərəkətlər də əslində ermənilərin fəaliyyətlərinə reaksiya idi. Necə ki, bu gün müharibənin şüarına çevrilmiş və Qarabağın azərbaycanlılar üçün müstəsna dəyərini ehtiva edən “Qarabağ Azərbaycandır” sözləri də Paşinyanın “Qarabağ Ermənistandır” şüarına reaksiyadır.
İstəsək də, istəməsək də, bu müharibə Azərbaycan xalqının sifarişidir. Əksini iddia edənlər azərbaycanlıların, xüsusən də öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin bu münaqişədən və 90-ların hərbi məğlubiyyətindən aldığı travmaları sadəcə olaraq gözardı edirlər. Biz o travmaları görməzdən gələ bilərik, amma o travmalar fakt olaraq qalır.
3. Müharibə alternativ deyildi, münaqişəni sülh yolu ilə həll etmək imkanları hələ tükənməmişdi.
Nikol Paşinyan hökumətinin son iki ildə Dağlıq Qarabağla bağlı siyasətinə və fəaliyyətinə nəzər saldıqda təəssüf ki, sülh imkanlarının tükəndiyi qənaətinə gəlməkdən başqa çıxış yolu qalmır.
Az qala ilk günlərdən Paşinyan və onun komandası Azərbaycana qarşı provokativ çıxışlar və əməllər sərgiləyirdi. Məsələn, deyirdilər ki, Ermənistan münaqişə tərəfi deyil, Azərbaycan birbaşa Artsax Respublikası ilə danışıqlar aparmalıdır. Sonradan bu təhlükəli ritorika “Qarabağ Ermənistandır və nöqtə” səviyyəsinə gəlib çatacaqdı.
Ermənistanın yeni müdafiə naziri müdafiə taktikasından hücum taktikasına keçməyi və yeni torpaqlar tutmağı təklif edirdi.
Qondarma qurumun yeni prezidentinin inauqurasiya mərasiminin Şuşada keçirilməsi, paytaxtının Şuşaya köçürülməsi təklifləri, hələ bu hadisələrdən əvvəl Azərbaycanın işğal olunmuş yeddi rayonunun qondarma qurum tərəfindən “ilhaq edilməsi”, suriyalı ermənilərin Dağlıq Qarabağa və ətraf rayonlara köçürülməsi, həmçinin Paşinyanın həyat yoldaşı, ilk əvvəldə sülh təklifləri ilə gündəmə gələn Anna Hakobyanın əlindəki tüfəngi Azərbaycan səngərlərinə tuşlayan yerdə ucuz fotosessiyası – bütün bunlar azərbaycanlılara qarşı birbaşa təhqirlər olmaqla yanaşı, həm də sülh prosesini açıq-aşkar pozmaq idi.
Ermənistanın yeni hökuməti uzun illər tısbağa sürəti ilə hazırlanan “sülh əvəzinə torpaq” formulasından imtina etmişdi, bunu özləri də etiraf edir. Ermənistan heç beş rayonu da qaytarmaq istəmirdi.
Bəs Azərbaycan hökuməti niyə bütün bu təhqirləri cavabsız qoyurdu? Axı hamı görürdü ki, hökumətin susması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə və danışıqlar masası arxasında onun nüfuzunu zədələyir. Sonradan mətbuata sızdırılan və üçüncü mənbələrdən təsdiqlənən informasiya bu hadisələrin pərdəarxası məqamlarını açmış oldu.
Paşinyan öz xüsusi emissarı vasitəsilə Azərbaycan tərəfi ilə gizli danışıqlar aparırdı: Azərbaycan ona vaxt versin, Ermənistanda hakimiyyətini möhkəmlədə bilsin, “müharibə partiyasından” – Qarabağ klanından canını qurtarsın, bütün bunlardan sonra sülh prosesini razılaşdırılmış qaydada başladacaq. Azərbaycan tərəfi də bu danışıqları səmimi qəbul edirmiş kimi görünürdü.
Paşinyan öz hakimiyyətini möhkəmləndirdikdən sonra isə qəfildən 2020-ci ilin iyulunda Tovuz insidenti baş verdi. Azərbaycan heç gözləmədiyi yerdə və zamanda və gözləmədiyi tərəfdən ağır zərbə aldı. Tovuz insidenti haqqında hökumət bu gün də ictimaiyyətə tam məlumat vermir və bunun səbəbi mənə şəxsən aydın deyil. Çünki Tovuz insidenti göstərdi ki, Ermənistanın provokasiyaları ritorik və simvolik olmaqdan çıxıb real və təhlükəli formalar alır. Azərbaycan bu güc nümayişinə cavab verməsəydi, belə hesab edin ki, dövlət olmaqdan çıxıb, məsələn, bostanlıq olacaqdı.
Ona görə də Azərbaycanın cavabı o qədər gözlənilən idi ki, hətta Ter-Petrosyanın komandasında xarici işlər nazirinin müavini olmuş Jirair Libaridian bunu az-qala nöqtə-vergülünə kimi təsvir etmişdi. Bəli, bu gün baş verən müharibəni hər kəsdən əvvəl məhz Libaridian dəqiqliklə təxmin etmişdi.
Təəssüf ki, bu gün Azərbaycanda bəzi sülh fəalları özlərini aldatmaqla məşğuldurlar. Paşinyan heç beş rayonu da qaytarmaq fikrində deyildi. Ermənilər “sülh” deyəndə 27 sentyabra qədər mövcud olan təmas xəttini rəsmi sərhəd olaraq götürməklə “Artsax Respublikasının” müstəqilliyini nəzərdə tuturdular.
4. İlham Əliyev daxili problemlərdən xalqın diqqətini yayındırmaq və hakimiyyətini qorumaq üçün müharibəyə başlayıb. Bu müharibə xalqın nəzərində İlham Əliyevin legitimliyini artıracaq və demokratik dəyişikliklər perspektivini tamam aradan qaldıracaq.
COVID-19 pandemiyası Azərbaycana həqiqətən də ciddi zərbələr vurub. İqtisadi vəziyyət acınacaqlı haldadır, dövlətin və insanların gəlirləri kəskin azalıb. Bununla belə, eyni problem dünyanın demək olar bütün ölkələrində yaşanır və təkcə Azərbaycana xas deyil.
Əksinə, Azərbaycanın klassik demokratik rejimlərdən bu məsələdə hətta əlavə üstünlüyü var. Bizdə karantin rejimi dövlətin əvvəldən mövcud olan sərt nəzarət mexanizmləri ilə simbioza girərək daha da sərt kütləvi nəzarət sistemi yaradıb. Təsəvvür edin, SMS icazə bir kənara, 2020-ci ildə Azərbaycanda hətta evdən ümumiyyətlə bayıra çıxmaq qadağası da tətbiq edilib. İnsanların hətta fərdi azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb.
Bu il Azərbaycanda insanları səhər tezdən yatağından qaldırıb polisə tumançağ apardılar. Cəmiyyətin reaksiyası? Bir nəfərin damda aksiyasını saymasaq, cəmiyyətin reaksiyası sıfır.
Müxalifət və vətəndaş cəmiyyəti çoxdan sıradan çıxarılıb. İnsanlar siyasi proseslərə qarşı apatiya duyur. Son parlament seçkilərində siyasi fəallıq o qədər aşağı idi ki, hətta hakimiyyətin özü də təəccüblənmişdi. Üstəlik, qlobal pandemiya.
Belə vəziyyətdə əgər İlham Əliyevin məqsədi həqiqətən də xalqın diqqətini daxili problemlərdən yayındırmaq və hakimiyyətini qorumaq idisə, bunun üçün müharibəyə ehtiyac yox idi. Bunun üçün təkcə karantin rejimi kifayət edir. Üstəgəl, Qarabağda müharibə dəhşət riskli addımdır, karantin rejimi isə demək olar havayı.
Prezident İlham Əliyevin legitimliyi xalqın nəzərində artırmı? Şübhəsiz. Həm də bu dəyişiklik boş yerdə baş vermir. İlham Əliyev indi cəbhədə qələbə qazanan ordunun ali baş komandanıdır, öz torpaqlarına və sərhədlərinə nəzarəti geri qaytaran ölkənin prezidentidir. Azərbaycanlıların hər zaman yeganə autentik siyasi istəyi Qarabağı geri qaytarmaq olub. İlham Əliyev hal-hazırda bu işlə məşğuldur və müharibə başa çatanda məntiqlə nəticələrini də görməlidir. Burada qeyri-təbii heç nə yoxdur.
Lakin unutmaq olmaz ki, xalq da bu müharibə prosesində transformasiyadan keçir. Azərbaycanlılar artıq 90-cı və 2000-ci illərin məğlub və əzik xalqı deyil. Qələbə qazanan, öz qürurunu və şəxsiyyətini döyüş meydanında sübut edən xalq var artıq. Birinci müharibənin travmalarını çiynindən atan xalq bu müharibədən sonra, nə də bombaların və güllələrin üzərinə gedən 60 min əsgər tərxis olunduqdan sonra əvvəlki status-kvoya razı olmayacaq. Yəqin ki, bunu Azərbaycan hakimiyyəti də yaxşı anlayır — bizdən və hər kəsdən daha çox.
24 oktyabr 2020
Foto: Stijn Swinnen / Unsplash