Dişlənmiş alma loqosu mənalı-mənalı işıqlanan kompyuteri qabağında. Türk seriallarında kasıb, amma self-made qızların qəlbini dağlayan holdinq sədrinin yaraşıqlı oğlu stilində saqqal. Sağ əlini qədim Roma oratorları kimi qabağa uzadıb və gözlərini kameraya zilləyib. Bir dənə də PhD olması haqda byline.
Bütün ədası deyir ki, baxın, mən necə uğurluyam, necə varlıyam, yevropalarda bir mötəbər universitetin doktoranturasını qurtarıb qayıtmışam bu xarabaya ki, sizi ağ günə çıxardım. Əsl bodhisattva, niyə də olmasın? Bu gün də sizə feminizmdən danışacam, yaxın oturun. Fərraş! Oradan bir dənə yeddiillik Şiraz şərabı!
Qış gəlir, gecələr uzanır. Keçmişdə belə zamanlarda nağıl danışardılar. İndi isə siyasi-fəlsəfi traktatlar yazmaq dəbdədir. Amma insafən, Cabir bəyin feminizm haqqında yazısında haqlı məqamlar da az deyil.
ATƏT-in Bakı ofisinin pəncərəsiz və havasız otaqlarında tragik mise en scène. Daha sonra Azərbaycanda qadın məsələsinin aşağılardan yox, yuxarılardan gəlməsi barədə yerində qeyd edilmiş irad. Sonda isə QHT-lərin necə, necə, NECƏ fürsətləri fövtə verməsi haqqında elegiya. Amma və lakin, bütün bunlar köhnə söhbətlər deyildi ki?
ATƏT-in Bakı ofisinin pəncərəsiz və havasız olması, qadın məsələsində qadınların özlərinin passiv iştirakı, QHT-lərdə olan biabırçı praktika — bütün bunlar dünya-aləmə çoxdan məlum idi. Yəni Cabir bəyin tənqidləri haqlıdır, amma hamısı 90-ların əvvəlində olan kimi – təzə qalması üçün gecələr suya qoyulub sonra səhərlər təzədən çeynənən köhnə saqqız timsalında tənqidlərdir.
Cabir bəy hamının getdiyi yolu ədəb-ərkanla gedib, hamının dayandığı nöqtədə də ədəb-ərkanla dayanır. Cabir bəy demir ki, bəs çıxış yolu nədir. Cabir bəyin yazısında nə əməliyyədə çalışan bir həll var, nə də “Fransadan xalq gətirək” kimi nəzəriyyədə gəlişigözəl olan bir həll.
Bir sözlə, Köhnə Dəyirman yenə öz işindədir, çax-çuxu baş ağrıdır.
Haşiyə çıxım – Avropa parlamentindən xanım Ulrike Lunaçek Bakıya gəlmişdi, hələ it ilində. Məndən soruşdu ki, bizdə qadınların, azlıqların, xüsusən də cinsi azlıqların hüquqları nə yerdədir? Mən də o zamanın liberal sadəlövhlüyü ilə cavab verdim ki, bizdə hələ təməl insan hüquqları yoxdur, əvvəlcə onlar bərqərar olsun, sonra bu ayrıca hüquqlar məsələsinə baxarıq. Ulrike xanım gözlərini mənə elə bərəltdi, hətta bir az qorxdum.
İllər sonra mətbuatda oxudum: Avstriyada (!) seçicilərlə görüşlərin birində az qalmışdı Ulrike xanımın o bərəlmiş gözlərinə kislota atsınlar. Ulrike xanım özü LGBT nümayəndəsi olduğu üçün. Camaat araya girib, cangüdənlər Ulrike xanımı kənara çəkib, polislər xatakarı qandallayıb aparıb. Hekayənin moralı isə yoxdur. Gəlin burada bir az post-modernist olaq. Belə hesab edək ki, hekayə sadəcə danışmaq üçündür.
İndi, ictimai gündəmin belə yoğun vaxtında – Rauf Arifoğlu ilə İlqar Məmmədov Facebook-da dalaşıb, xalqımız isə bu davanın arxasındakı motivləri öyrənmək üçün kütləvi şəkildə sinov gedir – əgər Cabir bəy qadın haqları mövzusunda mənalı debat yaratmaq istəyirsə, ona bir neçə unsolicited tövsiyə verə bilərəm.
Birincisi, mən yazını oxudum, yazı məndə obijnik ah-naləsi təsiri bağışladı. Çünki yazının kimləri hədəflədiyi mənə məlum olmadı. Axı mən bilmirəm ki, kişilərin ağzını cıran aktivist feministkalar və yevropaların vergiödəyicilərinin pulunu havaya sovuran bürokrat feministkalar kimlərdir. Bu yazı kimi tənqid edir? Əgər Cabir bəyin konkret hədəfləri varsa, ünvanı dəqiq göstərsin. Əgər yoxdursa, onda adam hər obijnik qaldığı söhbətə görə yazı yazmaz.
İkincisi, yazının başına kofebardan Mac ilə şəkil qoymaq lazım deyil. Onsuz da bu yazını oxuyanda dərhal məlum olur ki, yazı kofebarda Mac ilə yazılıb.
Üçüncüsü, yazıdakı sədheyflər və vaveylalar artıqdır. İndi XIX əsr deyil, müasir dil istifadə etsək yaxşı olar. Düzdür, arada mən də yazılarıma bəzi arxaizmlər qatıram, amma baxıram ki, qrotesk təsiri bağışlasın, yalnız onda istifadə edirəm. Yoxsa bu kəlmələr onsuz da ağsaqqal tonunda olan yazıya lap hyper-ağsaqqal ab-havası verir.
Dördüncüsü və ən vacibi, Cabir bəyin də haqlı olaraq vurğuladığı bir məqam – qadın məsələsində qadınların aşağılardan marağı və iştirakı niyə azdır? Ona görə də yaxşı olar ki, bu cür yazıları qoy elə qadınlar özləri yazsın. Kişilərin qadın azadlığını tələb və müdafiə etməsi gözəl haldır, amma qadınların nəyi və necə istəməyinə yaxşı olar ki, kişilər yox, qadınlar özləri qərar versinlər.
İstifadə olunmuş ədəbiyyat:
- Karl Marks və Fridrix Engels, Alman ideologiyasının tənqidi.
- V. İ. Lenin, Nə etməli?
- V. İ. Lenin, Dövlət və inqilab.
- Marsel Prust, İtmiş zamanın axtarışında.
- İhsan Oktay Anar, Puslu Kıtalar Atlası.
- Elif Şafak, Aşk.
Salam,Əli bəy. Yazı əladır, üslubunuza söz yox, “mac” la bağlı hissə əhvalımı o ki var yüksəltdi)
Bir məqam diqqətimi cəlb etdi: istifadə olunmuş ədəbiyyat. Məsələn, yazının hansı hissəsində Əlif Şafakın “Aşk” kitabından yararlanmısınız və s.
Hörmətlə, Pərvin
Üstündən iki ay keçib deyə indi dəqiq yadıma gəlmir, amma elə siyahıda verilən ardıcıllıqla istifadə etmiş olmalıyam :)