Nə oxuyaq? Beş “müasir” roman

Beş “müasir” hekayə tövsiyəsi üçün buraya baxa bilərsiz

Olqa Tokarçuk, Son əhvalatlar

Olga Tokarczuk, Ostatnie historie

Avtomobil qəzası keçirən İdanın ilk baxışdan müvəqqəti sığınacaq tapdığı kənd evində ölüm ayağında olan heyvanlar can verir, amma heç cür ölə bilmirlər. İnsanlardan küsüb dağın başında məskunlaşan Petro qarlı bir qış günündə dünyasını dəyişir, onun qoca arvadı isə bu xəbəri dərədə yaşayanlara çatdırmaq üçün bir yol tapmalıdır. Uzaq tropik adaya istirahətə gələn Maya və onun oğlu son günlərini yaşayan sehirbazla rastlaşırlar. Bir ailənin ölümlə imtahanından bəhs edən Son əhvalatlar Olqa Tokarçukun ən yaxşı romanlarından biri hesab edilir.

Müasir polyak yazıçısı Olqa Tokarçuk gələcəkdə klassika olacaq, bax onda hər kəs onu mütləq oxuyacaq. Siz isə gecikmədən indi oxuyun.

Mikael Niemi, Vittuladan populyar musiqi 

Mikael Niemi, Populärmusik från Vittula

XX əsrin 60-cı illəri. Onsuz da lap şimalda olan İsveçin lap şimalında, yerlilərin Vittulajänkkä – “qancıq itin bataqlığı” adlandırdığı Payala kəndi. Finlər və isveçlilər, keçmişə aludə olan sektantlar və yeni həyatın gəlişini səbirsizliklə gözləyənlər. Sub-arktik iqlimin uşaqları isə… “biri yaxşı danışa bilmirdi, biri eynək taxırdı, çoxunun ana dili fin dili idi, hər ikinci uşağı kəmərlə döyürdülər, az qala hamı fəhlə ailəsindən idi, bir çoxu ürkək idi…” Lakin bir gün kəndə asfalt çəkirlər və eyni vaxtda Elvis Preslinin plastinkası da gəlir. Deməli Avropa və Amerikanı sarsıdan 60-cı illərin gənclər inqilabı Vittuladan da yan keçməyəcək.

Matti və Niila adlı iki dostun həyatından bəhs edən və Mattinin xatirələri formasında yazılan bu roman təkcə İsveçdə yox, artıq bütün dünyada bestsellerə çevrilib və 30-dan artıq dilə tərcümə olunub. Yəni, bizə də oxumaq müstəhəbdir.

Moasir Skliar, Ədən-Braziliya 

Moacyr Scliar, Éden-Brasil

Uzaq qohumundan böyük məbləğdə miras almış aqronom Adamastor nəhayət ki, öz arzusunu gerçəkləşdirə bilər – indi o, Santa-Katarina ştatında, insan əli dəyməmiş meşədə, müasir turizmə meydan oxuyacaq təbii bir təbiət parkı açacaq. Amma parkın öz xərcini qarşılaması üçün turistləri bu parka bir yolla cəlb etmək lazımdır. Bəlkə cənnət tam olsun deyə, təbiətin qoynunda Adəm və Həvva tamaşası göstərmək olar? İdealist aqronom və ətraf mühit fəalı. Onun on səkkiz yaşlı sarışın “qardaşı qızı”. Argentinalı avantürist. Yeganə uğurlu rolu səhnədə lüt soyunmaq olmuş uğursuz aktyor. Amerikan hindularına qrant ayıran İsveç fondunun sadəlövh, amma dürüst nümayəndəsi. Bir sözlə, itirilmiş cənnətin axtarışına çıxan qəribə bir kompaniyanın özləri kimi qəribə sərgüzəştləri.

Ədən-Braziliyanı oxuduqca bir az da təəccüb etməyə bilmirsən: Braziliyadan kənarda daha çox Maks və pişiklər əsəri ilə tanınan Moasir Sklyar bu romanı əslində yeniyetmələr üçün yazıb.

Adam Torp, Perspektiv qaydaları 

Adam Thorpe, The Rules of Perspective

Amerikanların 346-cı piyada alayı Loenfelde şəhərinə hücum edir. Daha şəhəri havadan təyyarələr yox, səhra artilleriyası atəşə tutur. Deməli amerikanlar lap yaxındadır. Nasistlərin bütün 12 illik hakimiyyəti ərzində fasiləsiz olaraq yağmalanan Kayzer Vilhem muzeyi öz varlığı uğrunda mübarizənin sonuncu mərhələsinə qədəm qoyur. Muzeyin kolleksiyasını qoruyub saxlamaq üçün şeytanla və öz vicdanı ilə saysız sövdələşmələrə getmiş, direktorun vəzifəsini icra edənin vəzifəsini icra edən Henrix Hoffer əzəmətli keçmişin son nişanəsini – Vinsent van Qoqun unikal tablosunu bu sonuncu zərbədən hifz etməyə çalışır. Lakin Herr Hoffer və muzey əməkdaşlarının bombardmandan sığınacaq tapdığı zirzəmi heç də təhlükəsiz yer deyil – keçmişin kabusları onları burada da rahat buraxmaq istəmir.

Migel de Servantes, Don Kixot 

Miguel de Cervantes, Don Quijote

Heyrətinizi anlayıram, Don Kixot nəinki “müasir” olmaq üçün çox “qədimdir”, həm də bir çoxları onu ədəbiyyat tarixində ilk roman hesab edir. Əslində Don Kixot ilk roman da deyil, proto-romandır – müasir roman janrı ancaq XVII-XVIII əsrlərdə İngiltərə və Fransada Don Kixotun tərcümə və təbdillərindən yaranacaqdı. Lakin Don Kixotun nəşrindən keçən 400 il onu nəinki bayat əsərə çevirməyib, əksinə onun müasirliyini daha da qabardıb. Hər cür müəyyənliyin və əminliyin aradan qalxdığı, bütün köhnə əsasların sarsıldığı, Dyörd Lukaçın təbiri ilə desək, “Allahın tərk etdiyi dünyada” insan sanki özünü yenidən kəşf etmək üçün uzun və məşəqqətli səfərə çıxmalıdır. Bu gün də, post-həqiqət dünyasında bütün düşünən insanların yenidən Don Kixota çevrilməsi bu əsəri bir daha aktual edir.

Üstəlik, Servantes bütün şıltaq modernist və post-modernistlərdən daha çox şıltaq, daha çox yenilikçi, daha çox ekperimentatordur. Bir romanda nə etmək mümkündürsə, nə oyundan çıxmaq olarsa, Servantes bütün bunları hələ 400 il öncə artıqlaması ilə edib.

Foto: Bill Jones, Jr. / Unsplash

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma