İlk baxışdan hekayə ən asan janrlardan hesab oluna bilər. Hekayə həcmcə qısadır, hər kəs böyük zəhmət çəkmədən hekayə yaza bilər. Bir az süjet, bir az bədii dil, bir az da intriqa – hekayə hazırdır. Hər il on minlərlə, bəlkə də yüz minlərlə hekayə yazılır. Amma onların böyük əksəriyyəti tarixin zibilliyinə atılacaq. Səbəb çox sadədir. Hekayə əslində ən çətin janrlardan biridir. Məhz yığcamlığına görə hekayə yazmaq əslində böyük təcrübə və ustalıq tələb edir. Hekayə həm də ən innovativ janrlardan biridir. İndi Çexov kimi hekayə yazmaq olmaz. Kafka kimi də yazmaq olmaz. Amma hər bir hekayədə həm də Çexovdan və Kafkadan nəsə olmalıdır. Bir sözlə, hekayə ən şıltaq janrdır. Müasir hekayə isə şıltaqlar arasında ən şıltaqdır.
Qiraət üçün əsər tövsiyə etmək minnətdarlıqsız işdir. Qarşı tərəfdə dərhal haqlı suallar yaranır. Niyə o əsər yox, bu əsər? Niyə o yazıçı yox, bu yazıçı? Həm də hansı meyar əsasında? Bütün bu suallara qərəzsiz cavab tapmaq bir qədər çətindir. Bədii qiraət tövsiyələri həmişə subyektiv olur. Bizim ədəbi zövqümüzü müəyyən mənada qiraət tarixçəmiz formalaşdırır, ona görə də bədii əsər tövsiyələri bir qədər şəxsi olur. Tövsiyə verməkdən prinsipial olaraq imtina edənlər bu baxımdan bəlkə də ən doğru olanı edirlər. Hər zaman doğru hərəkət etmək olmur deyib, həm də özümdə bir balaca cəsarət tapıb müasir hekayə janrında müxtəlif yanaşmalardan bəzilərini təmsil edən bir neçə hekayəni sizə tövsiyə etmək istərdim.
Elke Heydenreyx, Ən fərəhli illər
Elke Heidenreich, Die schönsten Jahre
Qırx yaşını çoxdan haqlamış Nina Rozenbaum ömrü boyu problemli münasibətlərdə olduğu anası ilə birgə İtaliyaya səfərə çıxır. Avtomobil Almaniya, İsveçrə və İtaliyanın yolları boyu şütüyür, Nina isə həm uğursuz şəxsi həyatını qaydaya salmalıdır, həm də anası ilə ilk baxışdan səbəbsiz münaqişənin dərin köklərini axtarıb tapmalıdır. Yaşlı Frau Rozenbaumun öz evində, köhnə karton qutunun dibində, bağlı zərfin içində bərk-bərk gizlətdiyi səbəb üzə çıxacaqmı?
Viktor Pelevin, Mittelşpil
Виктор Пелевин, Миттельшпиль
Johnnie Walker viskisinin böyük həvəskarı Andropov çoxdan ölüb. Sovet İttifaqı hamının gözü qarşısında dağılır. “Aşağı sosial məsuliyyətli qız” Lyusya əcnəbilərin qaldığı Moskva mehmanxanalarını gəzib müştəri axtarır. Hava dəhşətli dərəcədə soyuqdur. Üstəlik Moskvada manyak peyda olub, fahişələri öldürüb ağzına şahmat fiquru qoyur. İşləri mürəkkəbləşdirən daha bir məqam var – haradasa iki böyük qrossmeyster şahmat partiyası oynayır və bütün dünyanın diqqəti onlara yönəlib.
Ceyn Gardem, Dəməşq gavalısı
Jane Gardam, The Damascus Plum
Taleyin görünməz əli Klaus adlı kontinentli yetim oğlanı idillik Kent qraflığına atır. Klassik ingilis əyalətinin ürəyində Klaus daim acdır. Heç olmasa bir dəfə doyunca yemək yesin – Klausun yeganə arzusu yalnız bundan ibarətdir. Amma axı bütün dünya yaxşı bilir ki, ingilislərin puddinqdən savayı normal bir yeməyi yoxdur! Klausun müəllimi Lizzi ilk baxışdan uğursuz bir təşəbbüsə girişir. Menyusu yalnız nəfis ingilis yeməklərindən ibarət qonaqlıqdan Klaus razı qalacaqmı? Ədəbiyyat da qonaqlıq kimi klassik olmalıdır deyənlər bu hekayəni güman ki bəyənəcək.
Bruno Şults, Pan Karol
Bruno Schulz, Pan Karol
Ömrü boyu cəmi iki nazik novellalar kitabı buraxmış yəhudi əsilli polyak rəssam Bruno Şults həm də iki dünya müharibəsi arası yazıb yaradan ən orijinal, amma ən az tanınan yazıçılardan biridir. Drohobıç gettosunda son çörək tikəsini göyərçinlə bölüşən zaman alman gülləsinə tuş gələn Şultsun az qala bütün novellalarını şiddətlə tövsiyə etmək olar, amma gəlin hələlik Pan Karol hekayəsindən başlayaq. Çünki Intermezzo təkcə Freyd və Kafka deyil.
Cefri Diver, Gülən balıqçının əhvalatı
Jeffrey Deaver, The Adventure of the Laughing Fisherman
Klassik detektiv hekayə həvəskarı, Şerlokun axtarışları tipində yeni macəralar gözləyən oxucu isə amerikan yazıçısı, detektiv janrının ustalarından Cefri Diverlə tanışlığına peşman olmaz. Gülən balıqçının əhvalatının qəhrəmanı Pol Uinslou da klassik detektiv həvəskarıdır, Şerlokun hekayələrində yaşayır. Nəhayət bir gün psixoanalitikinin məsləhətindən sonra Pol real həyata atılıb səs-küylü bir cinayətin üstünü açmağa cəhd edir. Bəs görəsən dünya yeni Şerlokun meydana çıxmasına şahid olacaqmı?