
Yeni orfoqrafiya qaydaları ətrafında yaranan qalmaqal hər kəsin çoxdan bildiyi bir şeyi yenə də təsdiqləmiş oldu – Azərbaycan dilçiləri Azərbaycan dilinə elmi nəzərlə yox, hələ də siyasi və ideoloji nəzərlə baxırlar.
İstənilən məktəblidən soruşsan ki, dil nədir – çox sadə və praktiki cavab alacaqsan: dil ünsiyyət vasitəsidir. Azərbaycan dilçiləri isə dili tamam başqa şeylərin vasitəsi kimi görmək istəyirlər. Azərbaycan dili onların fikrincə gah xalqın genofondunu cırlaşmaqdan qoruyacaq möcüzəli həbb, gah türk seriallarının və cizgi filmlərinin qarşısını kəsən sədd, gah türk dünyasının siyasi və mədəni birliyi uğrunda vuruşacaq rəşadətli əsgər, gah da son iyirmi ildə yetişdirdikləri böyük bir savadsız kütləsinin ayıblarını örtəcək alabəzək xalça rolu oynamalıdır. Dil – azərbaycan dilçilərinin tərifinə görə – hər şeydir, ünsiyyət vasitəsindən başqa!
Görün məktəblər nə gündədir ki, “iyyət” şəkilçisinin iki “y” ilə yazıldığını şagirdlərə öyrətməyin də öhdəsindən gələ bilmir; gənclərin böyük əksəriyyəti sözləri sətirdən sətirə keçirə bilmir. Ona görə problemi kökündən həll edirlər. Camaatın balasını kor qoyublar, indi də istəyirlər yerdə qalanları kor etsinlər ki, bunların ayıbını heç kim görməsin.
Dilçilik institutunun rəhbəri Möhsün Nağısoylu mənim dil-ədəbiyyat müəllimim olub. Mən Azərbaycan dilini həm də Möhsün müəllimdən öyrənmişəm. Təkcə qaydaları yox, həm də dilin məntiqini, niyə və necə işlədiyini. Mənim hafizəmə Möhsün müəllim Azərbaycan dilini həm yaxşı bilməsi, həm də yaxşı öyrədə bilməsi ilə həkk olub. Ona görə də bu gün Möhsün müəllimi öz qanlı qılıncını sıyırıb bu siyasi-ideoloji müharibədə ən öndə gedənlərdən biri kimi görmək məndə yalnız dərin bir təəssüf hissi oyadır.
I
Azərbaycan dilçiliyinin müxtəlif siyasi-ideoloji gündəliklərin silahına, Azərbaycan dilinin isə siyasi-ideoloji məhbusa çevrilməsini açıq-aydın anlamaq üçün ilk olaraq Kulis.az saytından Mirmehdi Ağaoğlunun yanvar ayında Möhsün Nağısoyludan aldığı müsahibəyə baxmaq kifayət edir. Məsələn, aşağıdakı kiçik hissəyə nəzər salaq:
MA: Etiraz doğuran məsələlərdən biri də yaradanın adının – “Allah” – sözünün böyüklə yazılması oldu. Bəs “Allah” fəlsəfi kateqoriya kimi istifadə olunduqda necə yazılacaq?
MN: “Allah” sözü bütün məqamlarda böyüklə yazılacaq. Başqa dünya dillərində də ehtiram əlaməti olaraq böyük hərflə yazırlar. “Allah” ərəb mənşəli sözdür, onun türkcə qarşılığı “Tanrı”dır, “Rəbb” də ərəb mənşəlidir. Bu təklifi də birinci dəfə biz daxil etmişik. 1975-ci ilin orfoqrafiya kitabı ateizm dövründə çıxdığına görə “Allah” sözü kiçik hərflə yazılıb, amma 2004-cü ilin kitabında “Allah” sözü böyük hərflə yazılıb. Mən ora bir dənə “Rəbb” sözü ilə, “Tanrı”nı artırdım.
MA: O zaman “şeytan”, “İblis” sözləri necə yazılmalıdır?
MN: Düşünürəm ki, onlar kiçik hərflə yazılmalıdır.
MA: “İblis” xüsusi isimdir, mələk adıdır.
MN: “İblis” bizdə ümumi isim kimi qəbul olunub. Yalnız sürət kimi işlədiləndə, məsələn, Hüseyn Cavidin əsərində, böyük hərflə yazılmalıdır. Prinsipcə böyük hərflə yazmaq olar, amma ümumilikdə kiçik yazılmalıdır.
MA: Belə çıxır, Allaha göstərilən qrammatik ehtiram şeytana göstərilə bilməz.
MN: Xeyr.
Bu kiçik dialoq kifayət edir ki, Möhsün müəllimin məsələyə dilçilik elmi mövqeyindən yox, dindar müsəlman mövqeyindən yanaşdığını göstərsin. Burada Möhsün müəllim öz vəzifə səlahiyyətlərindən konkret sui-istifadə edərək öz dini görüşlərini rəsmi olaraq hər kəs üçün sanksiyalaşdırır. Möhsün müəllim bir müsəlman kimi İblisə nifrət edir, ona görə də hər kəsin – dindar ya sekulyar, müsəlman ya ateist, fərqi yoxdur – onun adını balaca hərflə yazmasını tələb edir. Allah, Rəbb və Tanrı sözləri isə bütün hallarda böyük yazılmalıdır. Ona görə bütün hallarda ki, Möhsün müəllimin fikrincə bütün hallar yalnız bir haldan ibarətdir – yeri-göyü yaradan bir Allah var, və Allahdan başqa [Möhsün müəllim, ilahi varlığı bildirən bütün sözlərin böyük hərflə yazılmağını tələb edirsiz, bəs onda burada hansı sözü balaca hərflə işlədək?] yoxdur.
Bəs bu yerdə dilçi alim nə deməli idi?
Yəqin deməli idi ki, “allah”, “tanrı”, “rəbb” sözləri İslam və digər ibrahimi dinlərin kontekstində işlənəndə böyük hərflə, digər hallarda isə (məsələn, “artilleriya allahı”, “qədim yunan tanrıları” kimi ifadələrdə) kiçik hərflə yazılmalıdır. Əks təqdirdə, Möhsün müəllimin tələbi ilə “qədim yunan Allahları”, “qədim yunan Tanrıları” və ya “qədim yunan Rəbləri” kimi naqolay ifadələr yazmalı olacağıq. “Əliağa Şıxlinski rus artilleriyasının Allahı hesab olunurdu” – bu cümləni oxuyanda hətta ən sekulyar insan öz ürəyində “əstəğfürullah!” deməyəcəkmi?
Bəs “La ilahə illəllah” sözünü bundan sonra azərbaycanca necə yazaq?
“Allahdan başqa Allah yoxdur”?
“Allahdan başqa Tanrı yoxdur”?
“Allahdan başqa Rəbb yoxdur”?
Doğrudur, bəzi insanlar təklif edir ki, burada “ilah” sözü işlədilsin, amma ilah sözü Azərbaycan dilində yoxdur, 90-cı illərdə Türkiyənin təsiri altında formalaşan dini qruplar tərəfindən İstanbul türkcəsindən qaçaqmal yolu ilə “idxal” edilən sözdür. Bu idxalın da kökündə əslində siyasi-ideoloji səbəblər yatır və eyni siyasi-ideoloji səbəblər bir çox insanın bütün orfoqrafik qaydaları pozaraq “maşAllah”, “inşAllah” və hətta sürətli İnternet yazışmalarında “mawAllah”, “inwAllah” yazmasına səbəb olur.
Əlbəttə, əgər söhbət orfoqrafik səhv buraxmaqla yox, fəqət şüurlu şəkildə sözü ayrı cür yazmaqdan gedirsə, hər kəs öz şəxsi yazışmalarında, ədəbi-bədii təxəyyülünün məhsulu olan mətnlərdə istədiyi kimi yazmaqda sərbəstdir. Heç kəs bir dindar müsəlmandan tələb etməməlidir ki, inandığı Allahdan yazarkən sözü balaca hərflə yazsın. Lakin dilin rəsmi orfoqrafiya qaydalarını hazırlayarkən dilçilik elminin prinsiplərini zibilliyə atmaq və hər kəsdən məxsusi bir siyasi-ideoloji gündəliyə tabe olmağı tələb etmək olmaz!
Dilçilik elminin prinsiplərini zibilliyə atmaq deyəndə özümdən demirəm. Gəlin bu yuxarıdakı məsələnin öz əksini tapdığı qaydaya baxaq:
Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.
“Yaradan” və “səmavi kitab”, ümumiyyələ “səmavi din” anlayışları elmi anlayış deyil ki, orfoqrafiya qaydalarında belə də yazılsın. Söhbət yəhudilik, xristianlıq və İslam dinlərindən gedirsə, elmi dildə bunlara “ibrahimi dinlər” deyirlər. Bu yuxarıdakı qaydanı tutaq ki, Qafqaz Ruhanilər İdarəsi öz mətbu vasitələri üçün üslub kitabçasında, hər hansı bir dini təmayüllü İnternet saytı öz daxili təlimatında yazsaydı, heç bir problem olmazdı. Lakin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu belə yazmamalıdır.
Azərbaycan Respublikası – dünyəvi dövlətdir (Konstitusiya, maddə 7), Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir (maddə 18), hər kəsin vicdan azadlığı var və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud etiqad etməmək hüququ var (maddə 48). Məhz buna görə də “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən dövlət ali elmi təşkilatı” olan Milli Elmlər Akademiyası (AMEA-nın Nizamnaməsi, maddə 1.1) respublikanın istisnasız bütün vətəndaşlarını məxsusi bir dini baxış bucağını qəbul edib Azərbaycan dilində onun tələblərinə uyğun yazmağa məcbur edə bilməz.
II
Toxunmaq istədiyim ikinci məsələ yeni orfoqrafiya qaydalarında Azərbaycan dilini (Azərbaycan türkcəsini) türk dilinə (İstanbul türkcəsinə) yaxınlaşdırmaq cəhdləridir. Çox güman ki, bu cəhdlərin arxasında 90-ların aparıcı ruhunu təşkil edən romantik millətçilik dayanır. Yoxsa Azərbaycan dilinin az qala bir əsrə yaxın müddətdə oturuşmuş qaydalarını alt-üst edərək tanış sözlərə yeni formalar vermək cəsarəti dilçilik elminin ənənələrindən doğa bilməzdi.
Ümumiyyətlə, 90-lar hər baxımdan maraqlı dövr idi. Türkdilli dövlətlər arasında başlamış mədəni və siyasi yaxınlaşma, gələcəkdə Avropa Birliyi, Ərəb Liqası, MDB tipli bir birliyin perspektivləri, “ortaq türkçə” söhbətləri az qala hər kəsin gündəmində idi. Yadıma gəlir, 90-ların lap axırında bizim məktəbə milliyyətcə avar olan (bunu illər sonra öyrənəcəkdim) məşhur tarixçi qonaq gəlmişdi. Uzaq Şərq səfərindən təzəlikcə qayıtmışdı. “Türk dövlətləri” Yaponiya və Cənubi Koreyanın iqtisadi inkişafından ağızdolusu danışırdı, mikrofonsuz və geniş zalda gur səsi ilə. Biz məktəblilərin tükləri həyəcandan biz-biz durmuşdu. “Gecə avar yatıb, səhər yuxudan türk oyanan” məşhur tarixçi qonaq birdən çıxışının ən maraqlı yerində Cənubi Koreyada yetişdirilən şabalıdı misal çəkdi və iri yumruğunu havaya qaldırıb böyük bir qüvvə ilə silkələdi: “Bilirsiz o şabalıdlar nə boydadır? Yumruq boyda!”
Bəlkə də 90-larda türkdilli dövlətlər öz birlik perspektivlərini bax beləcə havaya qalxıb silkələnən yumruq kimi təsəvvür edirdilər. Deyəsən Heydər Əliyev də elə həmin başgicəldən atmosferdə demişdi – XXI əsr türk əsri olacaqdır. Lakin indi, XXI əsrin beşdə birini geridə qoyduqdan sonra mənzərə tamam fərqli formada ortaya çıxır.
Türkdilli dövlətlərin iqtisadi və dövlət maraqları o qədər bir-birindən uzaq düşürdü ki, hər hansı siyasi və iqtisadi birliyin yaranması ideyasını sakitcə bir kənara qoydular. Türkiyədə hakimiyyətə gələn yeni qüvvə – Müsəlman qardaşları təşkilatının şinelindən çıxmış AKP türkdilli xalqları arxa plana atıb ərəb dünyasına üz tutdu. Ankara indi Turan yox, yeni Osmanlı xilafəti arzusunda idi. Elə xilafət arzusu ilə də Türkiyə Yaxın Şərq bataqlığında ilişib qaldı.
AKP hökuməti həm də mədəniyyət, incəsənət düşməni kimi nəinki türkdilli dövlətlərin mədəni yaxınlaşmasına vəsilə ola bilməzdi, hətta öz ölkəsində mədəni inkişafı boğmağa başladı. Təsəvvür edin, yeni türkdilli dövlətlərin mədəni dəstək gözlədiyi Türkiyə indi simfonik orkestrdən dirijor və skripkaçını KHK ilə işdən çıxardan dövlətə çevrilib.
“Ortaq türkcə” söhbətləri də maraqlı şəkildə pərdəarxasına keçdi. Əvvəlcə məlum oldu ki, türkiyəlilər post-sovet türklərinə yuxarıdan aşağı baxır, onların dillərindən nə bir söz götürüb işlədir – 90-larda bir çox azərbaycanlı dilçi alim düşünürdü ki, türklər bizim “açar” sözünü gördükdən sonra yunancadan aldıqları “anahtar” sözünü göndərəcək arxivə – nə də bütün türk dilləri əsasında yeni ortaq türkcə yaratmaq istəyir. Türkiyənin “ortaq türkcə” söhbətinə cavabı çox sadə oldu – ortaq türkcə var, bizim türk dili, götürün işlədin. Bu da Orta Asiya respublikalarının xətrinə dəydi. Bununla da ortaq türkcə söhbətləri düşdü Fətullah Gülənin tərəfdarlarının buraxdığı obscure “Dialoq Avrasiya” jurnalında müzakirələr səviyyəsinə.
90-ların aparıcı ruhunu təşkil edən romantik millətçilik bu və ya digər formada məğlubiyyətə uğradı, əsas da Türkiyədə baş verən fundamental siyasi dəyişikliklər səbəbindən. Bu gün seçkilərdə kürd millətçiləri hətta İstanbulda türk millətçilərindən daha çox səs alır. Erdoğan özünü türk dünyasının başbuğu kimi yox, müsəlman dünyasının xəlifəsi kimi görmək istəyir. Orta Asiya çox da uzaq olmayan gələcəkdə Çinin tam təsiri altına keçəcək. Bu gün Azərbaycanda istər şiə, istərsə də sünni kimlik daha dinamik inkişaf edir, daha təsirli və geniş yayılır, nəinki milli kimlik.
90-ların romantik ümidləri uğrunda döyüş artıq böyük meydanlarda uduzulub, amma Dilçilik institutunun korridorlarında barrikadalar hələ də durur. Bəlkə pəncərədən bayıra baxsalar, reallığı dərk edərlər və başa düşərlər ki, onlar “İsgəndər”i “İskəndər”, “əsgər”i “əskər”, “mədəniyyət” və “ədəbiyyat”ı isə “mədəniyət” və “ədəbiyat” yazmaqla əslində havaya boşuna güllə atırlar. Özü də atəşkəsi çoxdan bağlanmış, meyitləri daşınıb basdırılmış, çoxdan tərk edilmiş döyüş meydanında.
Bilmirəm, nə dərəcədə doğru söhbətdir. Deyilənlərə görə 50-ci, 60-cı, 70-ci illərdə Sakit okean adalarında tez-tez tənha yapon əsgərləri tapılırmış. Onlar müharibənin bitməyindən xəbərsiz, təkbaşına partizan müharibəsi aparmaq əzmi ilə hər an amerikan hərbçilərinin hücumunu gözləyir, saysız-hesabsız pusqular qurur və gəlib çıxmaq bilməyən düşməni gözləməkdən heç də yorulmurdular. İndi bizim dilçilik institutu bir az da həmin yapon əskərlərini xatırladır.
İnstitut öz hədəfinə çatmaqda o qədər əzmlidir ki, təklif etdiyi yeni qaydaları əsaslandırmaq üçün min bir üsula əl atır. Əsl partizanlar kimi. Gah fonetik prinsipi allah elan edib sözləri oxunduğu kimi yazmağı tapşırır, gah sözün mənbə dildə yazılışını əsas götürür və fonetik prinsipdən vaz keçir. Necə deyərlər, ayının min oyunu var, bir armudun üstündə. Lakin onların əsaslandırmaları o qədər absurd və qeyri-ardıcıldır ki, bu günlərdə mediada bir xeyli insan, hətta dilçilikdə ekspert olmayan şəxslər də rahatlıqla bu ziddiyyətləri açıb ortaya qoyublar. Təkrarlara yol verməmək üçün, onlardan birini – Qulu Məhərrəmlinin yazısını nümunə gətirsək, məncə yetər. Qulu müəllim ətraflı şəkildə, bir az da bədii-publisistik dildə mövzunu tam əhatə edib. Bu yazını da elə Qulu müəllimin sözləri ilə bitirək: “[Yeni orfoqrafiya qaydalarındakı] elmi-məntiqi boşluğu ortaq türk dili, ümumi türk və islam inteqrasiyası, azərbaycançılıq və s. kimi mətləbə dəxli olmayan həssas şüarlarla pərdələmək olmaz. Ən yaxşı azərbaycançılıq dilə və yazı qaydalarına ənənənədən gələn ehtiramı saxlamaqdır.”
Reblogged this on Günel Fərhadqızı Emin (Antimental).