Seymur Baycan Tiflisdə

TİFLİSİN NƏBATAT BAĞINDA səhər tezdən bir kimsə gözə dəymir, dünənin yuxusundan hələ tam doymamış və içkisindən tam özünə gəlməmiş işçilərdən başqa. Kiçik təpəciyin döşü ilə qəfil burulub aşağıya enən cığırda dayanmışıq, siqaret çəkirik. Seymur gəzəndə siqaret çəkmir, siqaret çəkəndə isə mütləq bir yerdə dayanır.

“Bu qarı görürsən?” – siqareti tutduğu sağ əliylə Seymur Nəbatat bağını örtən qarı göstərir, – “Yağır, hər yeri örtür, hər tərəf ağappaq, sən də deyirsən nə gözəldir, lap göz oxşayır. Amma əriməyə başlayanda görürsən ki, altında zir-zibil, çirkab, palçıq, bir sözlə, biabırçılıq.”

Əlbəttə Seymur konkret Nəbatat bağını nəzərdə tutmur, ümumi danışır, çünki özü də yaxşı bilir ki, burada zibillik olmur.

“Bizdə də təxminən oxşar vəziyyətdir,” – siqaretdən bir qullab alan Seymur davam edir, – “Neft pulları bax beləcə qar kimi Azərbaycanın ayıblarını örtmüşdü. İndi neft bitir, pul qurtarır, qar əriyir və bütün bu ayıblar hamısı yavaş-yavaş üzə çıxacaq.”

Seymur səhər tezdən xaş yeyib gəlib, mən də adətim üzrə üç fincan acı qəhvə və siqaret.

“Pul Azərbaycanı və azərbaycanlıları çox maraqsız etmişdi. İndi pul qurtarır, Azərbaycan yenidən maraqlı olmağa başlayacaq,” – deyir Seymur Baycan və siqaretin kötüyünü zibil qabına atır.

TİFLİSİN NAMƏLUM SƏMTİNDƏ – adı sirr qalsın – kirayə tutduğu evin mətbəxində Seymur Baycan tavada qızarmış, yağlı bir toyuq budunu qabağına çəkib nahar edir. Ətini, dərisini yedikcə sümüklərini də səliqə ilə yanındakı kiçik boşqaba qoyur.

“Bilirsən, biz nə qədər fərqli qalmağa çalışsaq da, sağlam düşüncəmizi qorumağa cəhd etsək də, ölkədəki ümumi atmosfer istər-istəməz bizə də təsir edir,” – Seymur deyir. – “Özün də bilmədən bir də baxırsan ki, həmin abu havaya düşmüsən.”

Nəbatat bağındakı gəzintimizdən düz altı ay keçib. Tiflisin qarlı və soyuq qışını isti və quraq yayı əvəz edib. Günorta çöldən qaçıb içəridə kondisionerin altında gizlənməkdən başqa əlac yoxdur.

“Mən elə özüm, hələ guya israfçılığa qarşı yazılar yazırdım, ölkəyə gələn neft pullarından faydalanan təbəqədən deyildim, amma mən də hər dəfə Tiflisə gələndə gürcü dostlarımı yığıb onlara yaxşı qonaqlıq verirdim, məsələn. Deyirdim ki, axı necə ola bilər, mən bura gələndə, hər dəfə siz əlinizi cibinizə atan deyilsiz ki!”

“Bir də…” – Seymur burada bir az uzun pauza verir, – “bir də fikirləşirdim ki, gürcülərin kasıb olmağı onların öz günahıdır. Onlar da istəsəydilər, çox rahatlıqla varlı ola bilərdilər…”

CÜMƏ MƏSCİDİNİN YANINDAN düz Sioni kilsəsinə kimi Seymur susur, susur, birdən partlayır. Fiziki olaraq Maydanın və Şardenin dolanbac küçələrində gəzişsək də, söhbətimiz – daha doğrusu mənim monoloqum Althusser-Macherey-Eagleton prospektində yüksək sürətlə hərəkət edir.

“Axı sən hansı ölkədə yaşayırsan?! Bəyəm bizdə belə inkişaf etmiş ədəbiyyat, ədəbiyyat sənayesi, köklü ədəbi tənqid var ki, hələ sən ideoloji aparat söhbəti də edirsən?” – Seymur bir balaca əsəbiləşib deyəsən.

“Bir yaşadığın ölkəyə bax da!” – ardınca da xalq dilində bir alqış-qarğış, evin tikilsin, yoxsa ay allahsız, belə bir şey.

Köhnə Leselidze, təzə adı ilə Kote Abxazi küçəsinə çıxırıq. Deyəsən bu küçənin centrifikasiyadan əvvəlki halını son dəfə görürəm.

“Sənin dediyindən ‘dünyanı masonlar idarə edir’ söhbətinə bircə addım qalır…”

Althusser-Macherey-Eagleton prospektində bax beləcə radara düşürəm.

TBİLİSİ ƏDƏBİYYAT FESTİVALI hər il ölkənin yaradıcı adamlarını bir araya gətirir. Bir sıra tanınmış əcnəbi yazıçıları da qonaq qismində dəvət edirlər. Seymur Tbilisidə yaşadığı üçün hər il bu festivalda fəal iştirak edir. Bir dəfə isə Dmitri Bıkov ilə birlikdə festivalın əsas məruzəçilərindən biri olub.

“Festivalda iştirak edən gənc gürcü yazıçılarının bioqrafiyasını oxuyuram, CV-lərinə baxıram, dəhşətə gəlirəm,” – Seymur deyir, – “Hərəsinin ən azı iki-üç kitabı xarici ölkələrdə dərc olunub, xarici ölkələrin müxtəlif ədəbiyyat proqramlarında iştirak ediblər [yəni xaricdə rezident yazıçı olublar], az qala hər birinin ədəbiyyatla, incəsənətlə əlaqəli sahədə xaricdə magistratura təhsili var. Hamısı ingilis dilində sərbəst danışır, üstəlik bir çoxu alman və fransız dillərini də bilir.”

Seymur ayaqlarını altına yığıb yumşaq kürsüdə oturub. Birdən sağ əlinin barmaqlarını qatlayıb dırnaqlarına diqqətlə baxır.

“Yaxşı, tutaq ki, sabah Bakıda da belə bir festival keçirmək istədik, bu potensialda gənc yazıçıları haradan tapacağıq? Hər şey cəhənnəmə, bəs xaricdən gələn əcnəbi yazıçılarla ingilis, alman, fransız dillərində müasir ədəbiyyatdan, incəsənətdən, bu sahələrdəki son təmayüllərdən söhbət etməyə adam tapa bilərikmi?”

Bir anlıq başa düşməyə cəhd edirəm, görəsən ritorik sualdır, yoxsa həqiqətən də sualdır.

“Yenə Anargilin dəstəsi rus dilinin hesabına post-sovet yazıçılarını bir təhər yola verəcək, bəs cavanlar?” – Seymur yenə dırnaqlarına diqqətlə baxır.

“ƏSLİNDƏ TİFLİS MİFİNİ biz yaratmışıq,” – Seymur deyir.

“O vaxt Ələkbər, mən, bir neçə dost gəlmişdik Tiflisə. Yaxşı yedik, içdik, gəzdik, əyləndik. Qayıdandan sonra da hamımız bir ağızdan başladıq Tiflisi tərifləməyə. Özü də Saakaşvili təzə gəlmişdi, islahatlar keçirirdi, rüşvəti yığışdırmışdı, polisi təmizləmişdi. Demokratiya söhbətləri gedirdi. Bizim ölkədə də məlum məsələ. Dedik bir az qaza basaq, həm də camaata görk olsun.”

“Sonra bu beynəlxalq təşkilatlar tədbirlərini Tiflisə salırdılar. Qarabağ münaqişəsinə görə Bakı və Yerevan avtomatik kənarda qalır, burada da Tiflisin bəxti gətirib. Yığırdılar cavan uşaqları, gətirirdilər Tiflisə. Yolpulunu verirdilər, qalmağa yer verirdilər, yeməyini, içməyini verirdilər, bu cavanlara nə qalır? Axşam çıxsınlar, getsinlər pablara, kafe-restoranlara, pivə ucuz, çaxır ucuz, hər şey ucuz. Bu da bir tərəfdən rol oynadı.”

Gəzə-gəzə Nəbatat bağındakı şəlaləyə çatırıq. Yuxarıda əcaib-qəraib bir villa gözə dəyir. Səhv etmirəmsə, Gürcüstanın yeni qeyri-rəsmi rəhbəri İvanişvilinin iqamətgahıdır.

“Yoxsa Tiflisdə qeyri-adi nə var? Bildiyin post-sovet şəhəridir, bizdən kasıb, bər-bəzəksiz. Yəni buranın dəyəri əslində başqa şeydədir. Onu da heç kəsə izah etmək olmur, gərək dastan açasan, lap əvvəldən başlayasan.”

“Əslində nə Tiflisə heyran olanlar, nə də Tiflisi söyənlər buranı düzgün başa düşməyib,” – Seymur bir balaca qurdalanıb kürsüdə yerini rahatlayır.

DAS DORF HOLLYWOOD ist entworfen nach den Vorstellungen die man hierorts vom Himmel hat. Hollivud kəndi burada yaşayan insanların Cənnət haqqında təsəvvürünə uyğun salınıb, yazırdı Bertold Brext.

Bu yerlərin insanları belə bir nəticəyə gəlib ki, Allah
Cənnət və Cəhənnəmi yaradarkən
iki ayrı məkan yaratmağı lazım bilməyib,
ancaq bir məkanla kifayətlənib – Cənnətlə. Və bu məkan
uğursuzlar, yoxsullar üçün
həm də Cəhənnəmdir.

Seymurun “Tiflisi heç kim düzgün başa düşməyib” sözləri ağlımda Tbilisi-Borjomi elektrik qatarını canlandırır. Tbilisi Dəmiryol Vağzalında sərnişinlərlə bərabər səyyar satıcılar da qatara minir. Hər birinin çox da böyük olmayan əl yükü var. İçində sərin su, günəbaxan tumu, kiçik xaçapuri və digər bişmişlər, kartof çipsləri və qarğıdalı şişirtməsi.

Burada səyyar satıcılar əksərən təqaüdə çıxmış qoca qadınlardır. Onların arasında Tamara diqqətimi daha çox çəkir. Yaşı 70-i haqlayıb, amma daha çox da ola bilər. Digər satıcılar kimi kobud deyil, xeyli mədəni tipi var. Bəlkə də keçmişdə müəllimə olub. Ayağında yəqin ki bir problem var, çətinliklə yeriyir. Üç saat boyu, Qoridən sonrakı Aqara stansiyasında düşənə qədər Tamara bir ayağını sürüyə-sürüyə qatar boyu o tərəfə, bu tərəfə gedir. Satdığı malların üstünə də 30-40 tetri əlavə edir, bizim pulla havayı.

Son səyyar satıcı əsasən yerlilərin istifadə etdiyi Borjomi dəmiryol stansiyasında düşür, turistlər isə sonuncu stansiyaya – Borjomi Parki stansiyasına gedir.

“BİZ BAKURİANİDƏ DANIŞMIŞIQ,” – olduqca gözəl geyimdə iki nəfər yaşlı gürcü xanımdan biri deyir, – “qatar yarı yolda saxlayacaq, orada qədim bir kilsə var, ziyarətə gedirik. Təklif edirik siz də bizə qoşulasız.”

Əslində təklif yox, bəlkə də ultimatumdur. Məni də deyəsən ukraynalıya bənzədiblər, ən azı elə zənn ediblər ki, xristianam. Razılaşmamaq imkanım yoxdur.

Qatar tərk edilmiş Daba stansiyasına çatmamış, meşənin içində saxlayır. Qatardan birbaşa yerə atlayırıq. Bütün vaqon – iki gürcü xanım, mən və bir rus turist Müqəddəs Georgi kilsəsinə ziyarətə gedirik. Gürcü xanımlar ağır və sabit qədəmlərlə dağın döşü ilə kilsəyə doğru qalxır, bələdçilik edir. Gürcü ədəbiyyatı ilə bir balaca tanış olanlar yaşlı gürcü knyaginyası stereotipini yaxşı bilirlər. İndi mənim özümü əziyyətə salıb bu xanımların əsilzadə davranışını təsvir etməyimə ehtiyac yoxdur.

Kilsəni isə təsvir edə bilərəm. Dağın oyuğundan çıxan bulağın üzərində 1333-cü ildə tikilib. Dağların qoynunda, meşənin içində, yollardan kənarda olduğu üçün bütün işğalçı müharibələrdən sağ çıxıb, demək olar ki, toxunulmaz qalıb. Mən də pravoslav qonşulara qoşulub şam yandırıram, Borjomdakı dindar ev sahibəm üçün. Çalışıram özümü ələ verməyim, kilsədən çıxandan sonra xristian olmadığımı deyərəm.

“YENİ HEKAYƏLƏR YAZIRAM,” – Seymur deyir, – “Çox ağır hekayələr. Ona görə ovqata girməyə çalışıram. Belə də ki, oxuyuram, yazıram, çıxıram parka, gəzirəm.”

“Yazdıqlarım rus dilinə tərcümə olunduqdan, Azərbaycandan kənara çıxdıqdan sonra mən bildim ki, oxucu necə olur, oxucu rəyi necə olur. Bu yaxınlarda bir belaruslu jurnalist məndən müsahibə almışdı. O müsahibəyə gələn reaksiyanı gördüm, dəhşətə gəldim. Heç mənim bir yazıma Azərbaycandan o miqyasda, o səviyyədə reaksiya gəlmir.”

“Ona görə də, sizə məsləhətim, yazanda çalışın həm də dünyanı nəzərinizdə saxlayın, ancaq yerli oxucularla kifayətlənməyin. Çünki Azərbaycanda Oxucu yoxdur,” – Seymur deyir və içində Saracişvili brendisi olan qədəhdən bir qurtum alır.

Pikris Qora
30 iyun–1 iyul, 2017

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma