Bu günlərdə özümə görə vacib bir qərar vermişəm. Doğrusu, bu günlərin qərarı deyil, ağlımda çoxdan götür-qoy edirdim, sadəcə indi yetişdi. Daha yazmayacam.
Yazmayacam deyəndə ki, əgər ağlıma bədii bir şey gəlsə və əgər istedadım yetsə, onu yazacam. Amma bundan sonra nə ictimai-siyasi mövzularda yazan deyiləm, nə də yeni çıxan kitablar haqqında tənqidi rəy verməyəcəm.
Çoxdan düşünürəm — gözümüzü yumub açdıq, bir də gördük ki, küçədəki orta statistik insanın heç vaxt anlamayacağı mövzularda tanışlar və yadlarla, dostlar və düşmənlərlə amansız mübahisə edirik. Asırıq, kəsirik, tanış oluruq, küsürük, barışırıq, sonra yenə dostluğu pozuruq, yenə asırıq və yenə kəsirik.
Görəsən bizim bir-birimizi sözlə yaralamaq və öldürmək istəyimiz küçədəki trivial bıçaq davalarından nə ilə fərqlənir? Kim bilir, bizim bu mübahisələr eyni ətdən, qandan, dəridən və sümükdən ibarət insanın öz dava-dalaş instinktini daha yüksək, daha ali sferada gerçəkləşdirmək cəhdi deyilmi? Nədir mədəniyyət, bəlkə qara instinktin atını ağ yollarla çapmaq istəyi?
Bəlkə biz də Facebook-dakı bir debil, kretin və idiotun dediyi kimi vaxtında “həddindən çox oxumasaydıq”, indi əlimizə bıçaq alıb küçənin ortasında dava edənlərdən idik?
Amma sonra cavab özü gəlir — yox, biz sadəcə ətdən, qandan, dəridən və sümükdən ibarət varlıq deyilik, axı bizim canımız da var! Dində buna ruh deyirlər, müasir fəlsəfədə isə şüur. İstənilən halda, necə adlanmasından asılı olmayaraq, biz insanın bu vacib komponentinin olduğunu çox tez unuduruq. Rahatlıqla gözümüzdən qaçır ki, insan mexaniki bir şey, sadəcə nəfəs alıb-verən və instinktlərlə yaşayan heyvan deyil.
Necə ki bizim bədənimiz təmiz qida, təmiz su, təmiz yatacaq istəyir, eləcə də bizim canımız təmiz nəsə istəyir. Dünyadakı dinlərin və ideologiyaların bolluğu və rəngarəngliyi, ədəbiyyatın və incəsənətin nəfisliyi, fəlsəfənin dərinliyi bizim canımızın təmiz nəsə istəyindən qaynaqlanmırmı?
Mən də yəqin elə buna görə yazıram. Və bu yazıdan sonra çox rahatlıqla “yazırdım” deyə bilərəm.
Qətiyyən böyük şeylərə iddiam olmayıb — ən azı bloquma ziyarətlərin kasad statistikasını özüm ki görürəm. Mən heç vaxt nə ictimai fikrə ciddi təsir edən ictimai fiqur olmamışam, nə də hansısa qərarların qəbulunda həlledici səsim olmayıb. Sadəcə yazmışam və yazdıqlarıma da həmişə bir alternativ cəhdi kimi baxmışam.
Hər yazıdan sonra mənə tuşlanan tanış və yad gözlərin suallarını oxuyurdum əlbəttə. Axı sən bu Erkindən nə istəyirsən? Axı sən bu gənc yazarlardan nə istəyirsən? Axı sən bu hökumətdən (ya müxalifətdən) nə istəyirsən? Axı sən bizdən nə istəyirsən?
Bütün sualların sadəcə bir cavabı var idi və var: heç nə!
Yuxarıda da dedim, mən öz yazdıqlarıma həmişə bir alternativ cəhdi kimi baxmışam. Yəni, ay camaat, sizə bəh-bəhlə filan şey deyirlər, amma axı bu filan şeyin filan tərəfi də var. Hər şey ağ deyil, axı bir az da qaradır. Ya da hər şey ağ-qara deyil, axı bunun bozu da var.
Məgər ictimai, siyasi, bədii, elmi, dini və bütün digər növ kritikanın əsas qayəsi bu deyilmi? Nə qədər tərif eşitmək olar? Nə qədər vahid həqiqətə inanmaq olar? Nə qədər tənqidçilərə düşmən gözü ilə baxmaq olar?
Mən nə demişəm? Demişəm ki, ayıq olun, imkan verməyin kimsə sizin boşqaba ehmalca (ruslar demiş, украдкой) siçan zəhəri atsın; imkan verməyin iki ortabab kitab oxuyub həvəsə gələn gənclər balaca cızma qara edib özünü sizə dahi yazıçı kimi sırısın; imkan verməyin Kavafisdən, Eliotdan, Odendən, Mandelştamdan, Brodskidən, Pasternakdan iki sətir oxumamış şeirqoşanlar sizin estetik-poetik zövqünüzü korlasın; imkan verməyin universitet seminarında bir-iki ağıllı söz öyrənən dələduzlar sizə etik-fəlsəfi dərs keçsin; bu gün gecə Bakıda yatıb sabah səhər Aşqabadda oyanmayın. Bunu təkcə mən deməmişəm və demirəm. Deyənlərdən sadəcə biri mən olmuşam.
Sözün düzü, qarşı tərəfin mənə qarşı işlətdiyi arqumentlərdə heç vaxt dişə dəyəsi, tutarlı bir şey görməmişəm ki, cavab da verə bilim. Amma ümumi bir kontur həmişə olub və nə yaxşı ki, bu günlərdə Tural Ağayev adlı tanışım (demək ki məni yaxşı tanımırmış) bu məsələni ətraflı yazıb epitomunu verdi. Tural onu niyə yazıb, hələlik qoyaq bir kənara, amma bunu yazdığına görə Turala təşəkkür borcum var.
Turalın yazdığını burada icmal etsəm, aşağıdakılar çıxır. Birincisi, sanki mənim fikrimcə elm və mütaliə mənim inhisarımdadır, başqası buna iddia edə bilməz. İkincisi, yeniyetmə gəncləri incidirəm, cəsarətini qırıram, yazmaqdan iyrəndirirəm. Üçüncüsü, tənqid hədəfim təkcə kimlərinsə yazısı deyil, onların həm də özüdür, biliklərini şübhə altına alıram, savadlı görünmək istədiklərini, amma savadsız olduqlarını deyirəm. Və sonda, Turalın sözlərilə desəm, bir addım önə gedənlərimiz arxadan gələnlər üçün böyük maneəyə çevrilir və yerində saymağımızın səbəbi də budur.
Çox ağır ittihamlardır. Amma bunlar təkcə Turalın mənim barəmdə fikirləri deyil, həm də bizim mədəni cəmiyyətin (civil society) bütün tənqidçilər haqqında fikirləridir.
Belə görünür ki, səhv edirik. Gərək imkan verək, dörd-beş ağıllı söz öyrənmiş dələduzlar sizin başınızda psevdo-intellektual qozlarını sındırıb öz boşboğazlıqlarını mütləq həqiqət kimi beyninizə yeritsin. Ya da inversiya və metaforanı öyrənmiş qrafomanlar sizdən pərəstişkar kütləsi qayırsın. Eləcə də siyasi görüşlərini əlcək kimi dəyişən ictimai-siyasi xadimləriniz və siyasətçiləriniz öz şəxsi maraqlarına görə sizi qoyun sürüsü kimi otarsın. Ona görə də tənqidçiləri sevmirsiz. Amma digər tərəfdən, tənqidçiləriniz olmasa, yerində saymağınızın səbəbini özünüzdə görməmək üçün kimləri günah keçisi çıxaracaqsız?
Azərbaycanlılar çox səxavətlidir, elə Facebook-da da heç kəsdən like-ını, comment-ini, share-ini əskik eləmir. Azərbaycanlılar bir balaca ağıllı sözə acdır, ona görə içində “diskurs” sözü keçən, hər ağıllı görünən cümləyə sadəlövhcəsinə aldanır. Azərbaycan həm də çox balacadır (ictimai məkan baxımından), hamı bir-birinin dostu və qardaşıdır, birinə bir söz deyəndə, beşinin xətrinə dəyir. Azərbaycanlılar çox keşməkeşli tarixi proseslərdən keçib, ona görə də böyük özünütənqid ənənəsi (Axundov, Zərdabi, Mirzə Cəlil, Sabir və sair) olan xalqın nümayəndələri indi ancaq tərif eşitmək istəyir.
Bütün bunlara nə demək olar? Heç nə.
Mən sadəcə öz adımdan deyə bilərəm: daha yazmayacam. Mənimki bura qədər. Özüm təslim olub gedirəm. İnşallah digər tənqidçilərinizi də zamanında susdurub neytrallaşdırarsız. Ondan sonra şad-xürrəm yaşamağa davam. Sadəcə bir xahişim var — mənim haqqımda haradasa kiminsə pis danışdığını və ya yazdığını eşitsəniz, zəhmət olmazsa ona deyərsiz ki, ey dili-qafil, Əli artıq çəkilib kənara, heç kəsi tənqid eləmir və etməyəcək də. Pirlik səbəbilə dərxanədən kənar olub guşəgirlik ixtiyar edib. Mən cəhətdən rahat olsunlar. Yerdə qalan tənqidçiləri susdursunlar, onlarla məşğul olsunlar, sayıqlığı əldən verməsinlər. Və ümumiyyətlə çalışsınlar ki, bizim mədəni cəmiyyətdə tənqidin kökünü tamam kəssinlər. Belə yaramaz.
Gürcü klassiki Arçil Sulakaurinin gözəl bir hekayəsi var. Nik adlı obraz gözlənilməz və naməlum bir qonaqlığa dəvət alır, amma həmin qonaqlığa gəlib çıxanda anlayır ki, gözəgörünməz olub, qonaqların heç biri onu görmür və eşitmir. Beləliklə Nik bütün gecəni naməlum qonaqlıq səhnəsini — “əyalət nəfisliyi ilə örtülmüş biabırçılığı” müşahidə etməli olur. Sonu olmayan tostlar — qəlp pul qədər dəyəri olmayan sədaqət andları və nəciblik, şərəf və dostluq tərifləri, açıq-aşkar təbəə yaltaqlıqları bir-birini əvəz edir. Sonda da evin sahibi əsas qonağı belinə mindirib Roma imperatoru kimi gəzdirir.
Deyirəm bəlkə indi gözəgörünməz olub qonaqlığı müşahidə etmək vaxtıdır? İşlər belə getməyə davam etsə, görəsən axırda kimlər sizin belinizə minib Roma imperatoru kimi qürrələnəcək? Sizin özünüzə maraqlı deyilmi?
“Sənət sənət üçündür”. fikri hər yerdə təsdiqini tapır
Tənqidçi tənqidə dözmədi? Əvvəl o biri Əli küsdü getdi ki, daha özünüz bilərsiniz. İndi də siz. Sizin ictimai fikrə təsiriniz təsəvvür etmədiyiniz qədər ciddidir. Bloq statistikası burda göstərici deyil.