Konstantinos P. Kavafis. Şəhər və digər şeirlər

Edmund Keeley və Philip Sherrard-ın ingiliscə tərcümələrindən sətri çevirmələr

***

Şəhər

Sən dedin: “Mən başqa ölkəyə, başqa sahilə gedəcəm,
Bu şəhərdən daha yaxşı birisini tapacam.
Mən nə edirəmsə, tale hamısını tərs çevirir
və mənim qəlbim meyit kimi cansızdır.

Hara gedirəmsə, hara baxıramsa,
həyatımın qara viranələri gözümə dəyir.
Bax, mən burada neçə-neçə illərimi məhv etmişəm.
Axı nə qədər mənim ruhum burada çürüsün?”

Sən nə yeni ölkə tapacaqsan, nə də yeni sahil.
Bu şəhər həmişə səni izləyəcək.
Sən bu küçələrdə addımlayacaqsan,
bu məhəllələrdə yaşlanacaqsan,
bu evlərdə saçlarına dən düşəcək.
Sən bu şəhərdə ömrünü başa vuracaqsan. Başqa yerlərə ümid etmə:
səni aparmağa nə bir gəmi var, nə də sənin getməyin üçün bir yol.
Əgər sən həyatını burada, bu kiçik yerdə zay etmisənsə,
sən onu hər yerdə zay edəcəkdin.

***

Şair Yason Kleandrın melanxoliyası

Mənim bədənimin qocalması və yaraşığımın solması
Amansız xəncərin yarası kimidir.
Amma mən hələ təslim olmamışam.
Sənə pənah gətirirəm, ey Şeiriyyət sənəti!
Çünki sən ağrıkəsicilərə yaxşı bələdsən –
Təxəyyül və Dil ilə ağrıları kütləşdirməyə!

Amansız xəncərin yarasıdır bu,
Öz ağrıkəsicilərini gətir, ey Şeiriyyət sənəti,
Onlar bu yaranı bir az da olsa kütləşdirsin.

***

E.ə. 200-cü ildə

“Filippin oğlu İsgəndər və bütün yunanlar, spartalılardan başqa…”

Təsəvvür etmək olar,
Spartalılar bu yazıya necə də biganə idi,
heç veclərinə də almırdılar.
“spartalılardan başqa…”
Əlbəttə, başqa necə ola bilərdi ki?
Spartalılar sizin üçün xidmətçi deyil,
Qabağınıza qatıb özünüzlə aparasız istədiyiniz yerə
və onlara əmr edəsiz. Üstəlik,
nə qədər ümumyunan qoşunu olsa da,
əgər ona Sparta çarı başçılıq etmirsə,
çox qeyri-ciddi bir təşəbbüsdür,
heç diqqətə layiq deyil.

Bu da bir nəzər nöqtəsidir. Başa düşmək olar.

Amma Qranikdə,
Daha sonra İss döyüşündə,
Sonra da Arbelada həlledici döyüşdə
dəhşətli İran qoşununu darmadağın etdilər
bütün yunanlar, “spartalılardan başqa”.

Və bu əfsanəvi ümumyunan səfərindən,
Biz yarandıq, böyük Ellin dünyası

Biz, isgəndəriyyəlilər, antioxiyalılar,
Selevkilər, Misir və Suriyanın
digər saysız-hesabsız yunanları,
Hələ Midiya və Persiyada olanlar…
Bizim üfüqləri aşan ağalığımız və
Baktriya və Hindistana kimi apardığımız
Ortaq yunan dilimiz.

Gəl indi bütün bunlardan sonra
spartalılardan da nəsə danış.

***

Bir Kiçik Asiya qəsəbəsində

Aksiumdakı dəniz döyüşünün nəticəsi
əlbəttə ki gözlənilməz idi.
Amma yeni bəyannamə yazmağa ehtiyac yoxdur.
Sadəcə qalibin adını dəyişsək kifayət edər.
Bax burada, yekun cümlədə, “başabəla Oktaviandan,
Sezarın ucuz parodiyasından romalıları azad edən” əvəzinə
“başabəla Antonidən, Sezarın ucuz parodiyasından
romalıları azad edən” yazarıq,
Qurtarıb gedər. Qalan mətn qaydasındadır.

“Fatehlərin ən şöhrətlisi,
hərbi rəşadətlərində tayı-bərabəri olmayan,
siyasətdə fövqəladə istedadlı
Antoninin qələbəsi üçün bütün qəsəbə” –
burada tez əvəz edirik – “Oktavianın qələbəsi üçün bütün qəsəbə
dua edirdi və bunu Zevsin ən gözəl hədiyyəsi sayır
yunanların şərəfli müdafiəçisinə,
kim ki yunan adətlərinə ehtiram bəsləyir,
kim ki bütün yunan torpaqlarında sevilir,
kim ki bu təriflərə həqiqətən layiqdir,
kimin ki bütün əməlləri təfərrüatlarına qədər yazılmalıdır
yunan dilində, həm nəsrlə, həm də nəzmlə,
şöhrətin dili olan yunan dilində.”
Və sair, və ilaxır. Bəyannamə çox yaxşı səslənir, elə deyilmi?

Konstantinos P. Kavafis. Şəhər və digər şeirlər” üçün 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma