
Bizdə yaxşı bir məsəl var, deyir ki, bu yaxşılığı qardaş qardaşa eləməzdi, amma mən sənə elədim. İndi mən də yarı zafarat, yarı ciddi Azərbaycan hakimiyyətinə bir təklif vermək istəyirəm. Gəlsinlər, bir dəfə də qardaşın qardaşa etməyəcəyi yaxşılıqdan etsinlər. Yunanlara borc versinlər. Çox yox, cəmi-cümlətanı iki milyard avro. Məncə, imkanları çatar. Amma sırf praqmatik səbəblərdən!
İndi Yunanıstan miskin gündədir, bilirsiz. Borcları xirtdəyəcən yığılıb, qaytara bilmirlər. Merkel başda olmaqla, az qala bütün Avropa yazıq yunanların tərs baş naziri Aleksis Tsiprası divara dirəyib, boğazından da sabunlu kəndiri keçirib, edam etməyə hazırlaşır. Üstəgəl Yunanıstanda nəğd pul da qurtarıb. Hətta hökumət məcbur olub bu günlərdə ictimai nəqliyyatı havayı edib, çünki camaatın gediş haqqını ödəməyə xırda pulu onsuz da yoxdur. Banklar bir həftə işləməyəcək, bankomatlardan da adambaşı 60 avro çıxarmaq olar. Həftənin axırına kimi Tsipras qaniçən Avropa bürokratları və bankirləri ilə dil tapmasa, Yunanıstan gedəcək uçurumun dibinə, hətta bəlkə avronu və Avropanı da özü ilə çəkdi apardı.
Belə bir məqamda birdən, qədim yunan teatr tamaşalarında olduğu kimi deus ex machina ortaya çıxa – yəni Azərbaycan hakimiyyəti — və Tsiprasa əlborcu verə. Ardını təsəvvür edə bilirsizmi?
Əvvələn, bir neçə saatın içində Avropanın bütün solçuları, üstəgəl bonus kimi Avropa Birliyinə qarşı çıxan bütün ifrat sağ və populist ictimai-siyasi qüvvələr olar Azərbaycanın cani-dildən dostu. Köhnə qitədə Le Penin sağçılarından Barselonanın anarxistlərə kimi hamıda bizim hakimiyyətə qarşı müstəsna rəğbət yaranar. Hava yaxşı olsa, bəlkə nümayişə də çıxarlar. Azərbaycan hakimiyyəti dərhal Avropanın kontr-kulturasının və kontr-elitasının sevimlisinə çevrilər. İndi hünəri var hansısa Lunaçek, ya da Şultz durub Avropa parlamentində Azərbaycan hakimiyyəti əleyhinə bir söz desin? Elə o parlamentdəki solçular və sağçılar tutub onların ağzını çırmazlarmı?
Saniyən, bu addımla Guardian problemini də birdəfəlik həll etmiş olarlar. Azərbaycan hakimiyyətini gecə-gündüz tənqid edən Guardian qəzetinin bir zəif cəhəti varsa, o da Tsiprasdır. Haçan açsan, Tsipras haqqında səhifə-səhifə tərifnamə yazırlar. Elə bil Yunanıstan Dövlət Teleqraf Agentliyidir. İndi Tsiprasa bu boyda yaxşılıqdan sonra, sizcə Guardian-ın jurnalistləri və redaktorlarının heç əli gələrmi ki, Azərbaycan hakimiyyəti haqqında güldən ağır bir söz yazsınlar? Vicdanları sızlamazmı? Guardian öz xoşuna çevrilib olmazmı Azərbaycan Dövlət Teleqraf Agentliyi, könüllü əsaslarda?
Salisən, Azərbaycan hakimiyyətini amansız tənqid atəşinə tutan Avropadan qisas almağın daha yaxşı yolu nə ola bilər axı? Təsəvvür edin, Angela Merkel səhər yuxudan duran kimi soruşur: “Həəə, nə oldu? Tsiprasın qanlı köynəyini gətirdiz?” Adyutantları da üz-gözülərini turşudub deyirlər: “Yox, xanım kansler, təəssüf ki, Tsipras köhlən ata mindi, qaçdı əlimizdən qurtuldu.” “Necə?!” “Bəs Azərbaycan ona iki milyard borc verdi, indi kef edir, bizi saymır”. Merkel elə oradaca infarkt olmazmı? Mario Dragi Frankfurtda insult keçirməzmi? Keçirər, hələ Brüssel lotusu Jan-Klod Yunker də əsəbindən elə qışqırar ki, səsini həmvətənləri Lüksemburqda eşidərlər. Vallah, heç İbrahim Məmmədov da həyatının qalan hissəsini Avropa əleyhinə reportajlar hazırlamağa həsr etsə, Avropadan belə intiqam ala bilməz.
İndi bir özünüz düşünün, cəlbedici perspektiv deyilmi?
Salam. Çox xoşuma gəldi. Təklifinizə söz ola bilməz. Amma , nə yazıq ki, piis vaxta düşübdür. Bir yandan neft ucuzlaşıb, bir yandan da hökümət o qədər layihə yerinə yetirir ki, qardaş sufrələrdə daha çörək çatmır. İndi az qalır azətrbaycan yunaistandan borc alsın. Tehrandan bir oxucu