Üzrxahlıq

Bir dostum var, ciddi dindardır, üsulu, qaydası ilə klassik müsəlman. Münasibətlərimiz çox yaxşıdır, zaman-zaman mübahisələrimiz olsa da. Bir mübahisəmiz zamanı ona demişdim ki, sənin içində latent Taliban var, ilk imkanda üzə çıxacaq. Amma yenə də münasibətlərimiz korlanmır. Çünki yeri gələndə, o da məni sərt tənqid edə bilir – məsələn, mən Misirdə son hərbi çevrilişə müsbət yanaşanda (indi fikrimi tamam dəyişmişəm).

Həmin dostumla daha yaxından canlı tanış olduqca, maraqlı cəhətlərini öyrənirəm. Ümumiyyətlə, sosial şəbəkələr vasitəsilə ünsiyyət qədər dostluğun evini yıxan ikinci şey yoxdur. Sosial şəbəkələrdə qurduğum dostluqların hələ heç biri dar məqamda sınaqdan çıxmayıb. Facebook-da qurulan dostluqların dağılması bir unfriend düyməsi qədər rahatdır, bəlkə də ondan daha rahat. Facebook-u tərk etdikdən sonra görürəm ki, dostlarıma daha çox qiymət verməyə başlamışam. Bir sözlə, əsl dostları dostluq illüziyalarına qurban verməyə son qoymaq lazımdır, təcili şəkildə.

Həmin dostuma gəldikdə – bu yaxınlarda öyrənmişəm ki, öz kiçik oğlanlarına qəti şəkildə oyuncaq silah, tapança filan almır. Düşünür ki, oyuncaq silah nə qədər oyuncaq olsa da zorakılığı legitimləşdirir. Ona görə də istəmir ki, övladları uşaq yaşından kiməsə “atəş açsın”, kimisə “öldürsün”, “qatil” olsun.

Bunu öyrənəndə çox təsirləndim, büruzə verməsəm də. Əlbəttə, bünövrəsi zorakılıq üzərində qurulan insan sivilizasiyasını köklü sürətdə dəyişmək bir idealist insanın iqtidarında deyil. Amma yanan evi söndürmək üçün dimdiyində su gətirən qaranquş kənardan yanğına baxan qarğalardan qat-qat nəcibdir, elə deyilmi? Həmin vaxtdan düşünürəm – “içində Taliban var” dediyim adamın göstərdiyi bu həssaslıq çox fövqəladədir axı. Belə həssaslığı neçə adamda görmüşəm?  Götürək elə içində Taliban yox, Qandi və ya Tolstoy olan adamlardan?

Ona görə də düşündüm-daşındım və qərara gəldim ki, mənim həmin adama təxirəsalınmaz üzrxahlıq borcum var. İndi də ad çəkmədən, amma ünvanlı şəkildə həmin dostumdan üzr istəyirəm.

O ki qaldı bunu bloqda yazmağıma, ciddi səbəbi var – həmin Taliban bənzətməsini ictimai etmişəm, ona görə də üzrxahlığıı da gərək ictimai edim. Əgər səhvlərimizi etiraf edə bilmiriksə, onda bu bloqları niyə yazırıq?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma