Bizə Allahın qəzəbi lazımdırmı?

Münhen qətliamından foto (AP)

Münhen qətliamından foto (AP)

Sargsyanın yeməyinə siçan zəhəri qataq ya qatmayaq? Münhen yoxsa Nürnberq?

Zəruri arayış

1972-də Münhendə yay olimpiadası zamanı fələstinlilərin Qara Sentyabr terrorçu qrupu İsrail komandasının qaldığı mənzillərə hücum edir, idmançıları girov götürür. Münxen qətliamı adını almış bu faciə zamanı terrorçular zərərsizləşdirilsə də, 11 israilli idmançı da həlak olur.

Buna cavab olaraq İsrail hökuməti “Allahın qəzəbi” əməliyyatına start verir. İyirmi il ərzində İsrailin xüsusi xidmət orqanı Mossad dünyanın müxtəlif ölkələrində bu terror aktına görə birbaşa və dolayı məsuliyyət daşıyan şəxslərin qətlini təşkil edir.

Əgər Münxen qətliamı insanlıq adına necə utancverici ləkə idisə, ədalət mühakiməsi olmadan “Allahın qəzəbi” adı altında həyata keçirilən bu qətllər də bir elə utancverici əməldir. Dünyada heç kəsin buna şübhəsi yoxdur.

Xocalı üçün ədalət yox, qisas?

Xocalı faciəsinin növbəti ildönümündə Erkin Qədirli yenə də bomba partladıb, Facebook profilində özünəməxsus bir çağırış edib. Erkin yoldaş yazır:

“Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir. Bu işi xüsusi xidmət oqranlarımız çoxdan etməliydilər. Texniki baxımdan mümkündür. Görüntülü qisasa ehtiyac yoxdur. Məsələn, yeməklərinə zəhər qatılırsa, yetər. Sonra bunu dana, lap baş sağlığı da verə bilərik. Uzaqbaşı, “radikal müxalifət”, “xalq qisasçıları”, nə bilim daha kimdirsə, (yoxdursa, uydurarıq) üstünə atıb, görkəzmə məhkəmə qura bilərik (məhkumlara içəridə xüsusi qayğı, sonradan isə amnistiya). Hətta ermənilərin və ya üçüncü tərəfin əliylə də bunu etmək olardı. Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq.”

Təbii ki, İnternet icmasında bu mövqe birmənalı qarşılanmayıb. Bir xeyli şəxs şok keçirsə də, bir xeylidən də xeyli insan ciddi orqazm yaşayıb.

Gözünüzü yumun və bir anlıq təsəvvür edin ki, Yerevanda prezident sarayında azərbaycanlı çekist Sargsyanın başına güllə çaxır – cəlbedici deyilmi?

Sonra da Azərbaycanın Stiven Spilberqi – Vahid Mustafayev bu barədə bir kino çəkir, elə Spilberqin “Münhen” filminin plagiatını.

Facebook-da Erkinə etiraz edənlərdən Azərbaycan vətənpərvərləri hiddətlə soruşurlar: niyə İsrail bunu edə bilər, amma biz edə bilmərik? Biz də Münhen istəyirik!

Saxtakar və ikiüzlü reaksiyalar

Erkinin mövqeyindən orqazm yaşayan azərbaycanlıların kim olduğuna aşağı-yuxarı bir nəzər saldım. Təxminən eyni bir təbəqənin insanları.

Çox maraqlıdır ki, ayrı vaxt hansısa israilli əsgər bir fələstinli uşağın barmağını qanatsa, bu şəxslər tərəddüd etmədən Ben Quriondan Şimon Peresə kimi bütün yəhudi xalqına lənət yağdırıb, İsrailin məhvinə çağırar. Amma indi İsraili nümunə çəkir, onu təqlid etməyə çağırır.

Axı “Allahın qəzəbi” əməliyyatı zamanı yenə də israillilər fələstinliləri öldürürdü, bəs bu necə olsun?

Münhen filminə baxıb onu başa düşməyənlər

Bu hadisə zamanı aydın oldu ki, bir çoxları “Münhen” filminə baxıb onu heç düzgün başa düşməyiblər.

Spilberqin bu filmi Mossada, onun fəlsəfəsinə və “Allahın qəzəbi” əməliyyatına tərifnamə deyil. Filmdə çox ciddi tənqid var. Və ictimai qınaq. Nəzərə alsaq ki, Spilberq özü də yəhudi və İsrailpərəst fəaldır, bu, həm də çox ciddi özünütənqid və özünüqınaqdır. Spilberq birmənalı olaraq “Allahın qəzəbi” əməliyyatına qarşıdır.

Filmə iki göz, iki qulaq və açıq beyinlə baxan hər kəs bunu görə bilər.

Bəs Allahın qəzəbi effektiv oldumu?

Yaxşı, Spilberqi kənara qoysaq, bəs Mossadın bu əməliyyatını necə dəyərləndirmək olar? Allahın qəzəbi öz işini görə bildimi?

Hərbi və kəşfiyyat məsələləri üzrə mütəxəssis və jurnalist Aaron J. Klein (Obamanı kommunist elan etmiş başı havalı radio jurnalist Aaron Klein ilə qarışdırmayın) əməliyyatda iştirak etmiş Mossad əməkdaşlarından müsahibələr əsasında yazdığı kitabda maraqlı qənaətə gəlib. Sən demə, əməliyyat heç də qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib. Münhen qətliamının əsas təşkilatçıları “Allahın qəzəbindən” qurtula biliblər. Mossad üçüncü-dördüncü dərəcəli terrorçuları və bəzən də məsələyə dəxli olmayan ictimai xadimləri qətlə yetirə bilib. Bəzi təşkilatçılar hələ də azadlıqda gəzir, bəli!

Mossad üzrə ekspert və “Yediot Ahronot” qəzetinin təhlükəsizlik məsələləri üzrə əməkdaşı Ronen Berqman bu əməliyyatı strateji uğursuzluq adlandırır. Bu əməliyyat İsraildən kənarda fələstinlilərin terror əməllərinə son qoydu, Berqman deyir, amma Yaxın Şərqə sülh gətirdimi?

Keşmiş Mossad əməkdaşı Viktor Ostrovski isə qeyd edir ki, Mossad bütün diqqətini “Allahın qəzəbinə” yönəltdiyindən 1973-cü il Yom Kippur müharibəsinin başlamasını öncədən görə bilmədi. Nəticədə İsrail özünün tarixində ən ağır müharibəsini yaşadı, ilk dəfə qələbə çala bilmədi, özünə əminliyini itirdi.

Quod licet Iovi, non licet bovi?

Yaxşı, bəs Spilberqin “Münhen” filminə baxıb, onu düz anlamayıb qisas tələb edən azərbaycanlılar heç düşünürmü ki, İsrailin bacara bilmədiyi bir işi Azərbaycan bacaracaq?

Eşitməmisiniz ki, quod licet Iovi, non licet bovi? Yəni Yupiterin edə bildiyini, öküz edə bilməz? Bəs əgər bunu heç Yupiter də edə bilməyibsə?

(Yupiter və öküz sözlərini fərqli yozmayın, bu atalar sözü qədim Roma dramaturqu Terensiyə gedib çıxır və Zevsin öküz cildinə girib Avropanı oğurlaması mifinə işarə edir.)

Əgər o boyda Mossad cinayətkarları “Allahın qəzəbinə” tuş gətirə bilmədisə, bəs kim zəmanət verə bilər ki, Erkin Qədirlinin “Siçan zəhəri” doğru boşqaba düşəcək?

Erkin Qədirlinin dağın başından yuvarlanması

Bu yaxınlarda Eynulla Fətullayev maraqlı müsahibə vermişdi. Demişdi ki, istəsəm bir günə müxalifətin sevimlisinə çevrilərəm, amma istəmirəm.

Eynulla düz deyir. Azərbaycanda “müxalifətin”, daha doğrusu işi-gücü Facebook-da status yazıb link paylaşmaq olan “prazdnıy tolpa”nın sevimlisinə çevrilmək çox asandır. Bir-iki babat status, müzakirə doğuracaq alternativ mövqe, hökuməti və məmurları virtual kötəkləmək, bir-iki leksiya, məqalə, kitab – siz artıq qəhrəmansınız.

Erkin də bizim ictimai sektorun fikir adamı, yeni nəsil ziyalısı, cavanların həsədlə baxdığı intellektual, yüzlərlə, minlərlə insanın (o cümlədən, mənim) mənəvi müəllimi idi. Öz doğru, prinsipial və yenilikçi mövqeyi ilə. Amma elə ki, Erkin müəllim BDU-nun, Kapelhausun, AFU-nun auditoriyasından bayıra çıxdı, siyasətə qoşuldu, oldu Erkin bəy – bir də gördük ki, astronomik surətlə dağın başından aşağı yuvarlanır.

Bir çoxları Erkinin “siçan zəhəri”ndən şoka düşüb ayıldı. Mən şəxsən İsa Şahmarlının intiharı barədə mövqeyindən sonra sizi xəbərdar edirdim. Məndən qat-qat ağıllı adamlar isə hələ “sağ avtoritarizm” manifestindən həyəcan təbili çalır.

REAL-lıq isə göz qabağındadır – Erkin Qədirli yaxşı müəllim, fikir adamı idi, amma ondan çox pis siyasətçi çıxacaq.

Cümhuriyyət dedik, amma daha demədik ki, “qırmızı ştatların” respublikaçılığını gətirib Azərbaycanda bərqərar edək. Bizə bu gün hava və su kimi lazım olan – Karterin, Klintonun, Obamanın demokratçılığıdır, əgər müqayisəli danışmalı olsaq.

Onsuz da ölkəmizdə Corc Buşların, Dik Çeynilərin, Donald Ramsfeldlərin əlindən tərpənmək olmur, birinin də gəmi ilə gəlməsi lazım deyil.

Bəs Xocalıya nə lazımdır?

Xocalıya ədalət lazımdır, bəli. Amma həqiqi ədalət.

Xocalı qətliamı – Qarabağ müharibəsinin ən ciddi hərbi cinayətidir. Yüzlərlə günahsız mülki vətəndaşımız – qadınlar, qocalar, qundaqdan yeni çıxmış körpələr erməni silahlı birləşmələri tərəfindən fərq qoyulmadan qətlə yetirilib. Sübutlar da var, özü də həddindən çox. Cinayətkarlar da bilinir. Müharibə cinayətləri araşdırılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Özü də açıq və demonstrativ şəkildə! Tarixdə Nürnberq kimi möhtəşəm nümunə varkən, Münhenə qaçmağa nə hacət?

Bonus – rasional insanlar üçün test

Erkin Qədirlinin mövqeyi ilə bağlı bir şey deməyi burada bitirək. Jan de Labrüyer demişkən, “bütün sözlər artıq deyilib və biz doğulmağa gecikmişik.” Amma bir metod təklif edə bilərəm, Erkin Qədirlinin mövqeyini dəstəkləyən rasional insanlar üçün. Bir test etsinlər, görsünlər nə çıxacaq.

Moskvada məşhur və dəhşətli dərəcədə savadlı bir sosioloq var, Aleksandr Yuryeviç, əslən Bakılıdır, Moskva Siyasi Araşdırmalar Məktəbindən. O həmişə deyir ki, əgər fikirlərinizin məhəlli yox, nə qədər bəşəri olduğuna əmin olmaq istəyirsinizsə, onları bildiyiniz əcnəbi dillərdən bir-ikisinə tərcümə edin, məsələn ingilis, alman, fransız və sair. Sonra oxuyun. Görün bütün dillərdə eyni effekti verirmi?

İndi Erkin Qədirlinin fikirlərini ingilis dilinə tərcümə etsək, görün nə alınır?

What we need for Khojaly is revenge rather than justice! The main perpetrators of the crime – Robert Kocharyan, Seyran Ohanyan and Serzh Sargsyan must be assassinated. Our national security services should have done it already. It is possible technically. There is no need for a demonstrative revenge. It is enough if their food gets poisoned. Then we can deny it and even give our condolences. In any case, we can blame “radical opposition”, “popular avengers” or someone else (if there is no-one, we can create them) and we can even set-up a sham court (with special favors for prisoners inside, followed by amnesty). We can accomplish this task even with the help of Armenians themselves or the third party. The only thing is to be sure that they will not die from natural causes.

Nə deyirsiniz, razılaşa bilirsinizmi?

Əlavə bonus – kitab oxuyun!

Bu günlərdə kitab oxumağa çağırış dəbdədir. Mən də bu çağırışa uyaraq sizi iki kitabı oxumağa dəvət edirəm.

Birincisi, Münxendən sonrakı “Allahın qəzəbi” əməliyyatının nə qədər illüziya olduğunu anlamaq üçün Aaron J. Klein tərəfindən yazılmış “Striking Back: The 1972 Munich Olympics Massacre and Israel’s Deadly Response” kitabını oxuyun, maariflənəcəksiniz.

İkincisi, əgər İsrailin təcrübəsini tətbiq edib, onun yaxşı əməllərini təkrarlamaq istəyirsinizsə, onda Dan Senor və Saul Singer tərəfindən yazılmış “Start-up Nation: The Story of Israel’s Economic Miracle” kitabını tövsiyə edirəm.

7 Şərh

Kateqoriysı Azərbaycan

Bizə Allahın qəzəbi lazımdırmı?” üçün 7 cavab

  1. Fuad Eminof

    Əli, “Münhen”i çəkdiyi üçün Spilberqi yəhudi icması qınadı, münasibətləri gərginləşdi. Deməli, yəhudilər həmin əməliyyatı normal qarşılayıblar. Əməliyyatın pis və ya yaxşı, səmərəli və ya səmərəsiz olması mübahisə mövzusu deyil. Bu sadəcə qisas idi. Və bu qisasa görə İsrailə gözün üstündə qaşın var deyən olmadı, sansksiya qoymadılar. :) Deməli, presedent üçün əsas var :)

  2. Ali, Amerikanin Bin Ladeni mehv etmesinden de yazardin da. Obyektivlik namine.

  3. Fuad?! Pərvin?! Bunlar da bizim hüquqşünaslarımız :/

  4. Elçin

    Ali, mövqeyinlə razıyam, yaxşı yazmısan. Ancaq məqalədə bir fakt məni çaşdırdı. Yom Kippur müharibəsi. Bu o müharibə idi ki, İsrail əvvəl ərəb ölkələri tərəfindən güclü hücuma məruz qalsa da, daha sonra qələbə qazanmağa nail olur və bu müharibənin nəticəsi kimi Misir İsraillə sülh müqaviləsi bağlayıb ona qarşı olmaqdan əl çəkir. Sən isə məsələyə başqa tərəfdən baxmısan. Düzdü, İsrail çox ciddi zərbələr alır, həm ordusu zəifləyir, həm də beynəlxalq aləmdə supergüclərlə münasibətləri korlanır və s., ancaq bütün bunlara baxmayaraq, bu müharibənin nəticəsi kimi Misirin İsraillə barişmağa məcbur qalması israillilərin ciddi uğurlarından biri idi. Sırf bu müharibədən sonra İsrail ərəb dövlətlərinin ittifaqi ilə müharibəyə son qoydu. Öncə Misir, sonra İordaniya sülh müqaviləsi imzalayıb səhnədən çəkildilər. Suriya isə qışqıra qışqıra qaldı çayın o tərəfində.

  5. Yom Kippurla bağlı onu deyə bilərəm ki, müharibəni israillilər özləri də birmənalı qiymətləndirmir. Aydın məsələdir ki, İsrailin ən ağır müharibəsi olub – itkilər və gedişat baxımından. Həm də müharibə heç-heçə başa çatıb. Ərəb ölkələrinə məğlub olmasa da, İsrail qalib də gələ bilməyib. Həm də müharibə İsrail üçün tam gözlənilməz olub, karıxdırıb.

  6. “…xeyli insan ciddi orqazm yaşayıb.” Buna görə Erkin-ə ən azı təşəkkür düşür :)

  7. Ayan

    Her kes munasibet bildirdiyi meseleye gerek bashi cixan yonden yanashsin. Erkin muellim gerek edaletden danishib dunya mehkemesinde edaletle muhakime olunmasindan danishaydi. Axmag kutlenin agzina soz vermeyeydi gerek.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma