Gənc yazar Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabını açanda (Qanun, 2012) insan təəccüblənməyə bilmir.
Kitabın üz qabığının içəri üzündə sanki qlamur moda jurnallarını açırmışıq kimi yazarın bahalı brendləri reklam edən maneken pozasında və qiyafəsində cilalı, parıldayan fotosu çıxır.
Kitabın annotasiyası bizə iki maraqlı əsər – Əfqanıstan müharibəsində cəsus olmuş bir şəxsin ailə dramı və sosial konfliktlər kontekstində detektiv vəd etsə də, oxuyacağımız kitab gözləntilərimizə tamamilə uyğun gəlmir. Həqiqətən də, kitabın annotasiyasından daha çox, müəllifin manekenvari şəklinə inanmalı imişik.
Oxuduqca görürük ki, Sahilə xanımın nəsri qadın yazarlar haqqında bütün mümkün və qeyri-mümkün stereotiplərə tam uyğun gəlir. O, hətta Əfqanıstan müharibəsi fonunda ailə dramını və sosial konfliktlər fonunda detektivi də 16-17 yaşlı yeniyetmə qızların Facebook statusları məzmununda yazmağa nail ola bilib. Həqiqətən də qadın böyük qüvvə imiş.
Kitab başdan-ayağa, yuxarıdan-aşağıya lirik, sentimental, romantik, qəmgin, kədərli, fəlsəfi, metafizik notlarla aşıb daşır. Dostoyevskidən yeri gəldi-gəlmədi sitat və analogiyalar, filosof kimi danışan ağ atlı oğlan obrazı, hər cümlədən üstümüzə tökülən vedrə-vedrə romantika və sentimentallıq istənilən müasir feminist tənqidçini infarkt həddinə gətirib çıxarar.
Kitabı təşkil edən birinci povest – “Məhv edilmiş xilaskarlar” xalis Braziliya serialıdır, özü də müəllifin “Klon”dan təsirləndiyini iddia etməyə cürət edirəm. İtirilmiş sevgilisini süni mayalanma yolu ilə bərpa edən qadının hekayəsini oxuduqca gözümüzün qabağında “Klon”u izləyib sonra bir-birinə danışan yaşlı xanımların söhbətləri canlanır.
Kitabın ikinci hissəsi – “Yuxarı və aşağı ətraflar” isə bədii cəhətdən olduqca yarımçıq və çiy əsərdir. Qeyri-yetkin kompozisiya, uzun-uzadı və qeyri-funksional fəlsəfi-metafizik söhbətlər, əsərə qəfil girib-çıxan, lazımsız və tam açılmamış obrazlar, hadisələrin (yəni kələfin) ucunun itməsi əsəri tamamilə qeyri-oxunaqlı edir. Belə təsəvvür yaranır ki, Sahilə xanım əsəri başdansovdu bitirib və çapa verib.
Kitab boyu bəzi bağışlanılmaz qüsurları isə (“Napaleon” və “Skarpion” kimi) gəlin korrektorun boynuna yıxaq.
Diqqətimi çəkən bir məqam – kitabda yazıçının həm ideal qadın (“Gün”), həm də ideal kişi (“Əsgər”) obrazları yaratmasıdır. Qadın obrazı haqqında bir onu deyə bilərəm ki, belə qadın rastıma çıxarsa, şəxsən mən bir bəhanə tapıb dərhal dabanıma tüpürərəm.
Müəllifin ideal kişiyə olan tələblərini gördükdə isə adam sadəcə dəhşətə gəlir. Yazarın fikrincə ideal kişi sevgilisinin oynadığı hər tamaşaya gəlməlidir; hər xırda təfərrüata izah verməlidir (məsələn, niyə fontanın yanında məni görəndə üzünü çevirdin); defisit və bahalı mallardan tapıb vaxtı-vaxtında gətirməli ya göndərməlidir; Dostoyevskidən əzbər sitat çəkməlidir; hər həftə ona iki məktub yazmalıdır və yazdığını əvvəl qaralamada yazıb sonra üzünü köçürməlidir; dosta sədaqətli olmalıdır, dostunun ölüm yatağında sonadək durmalıdır; bulanıq çaylar, meyitlər və ağac yarpaqları haqqında dərin fəlsəfi-metafizik fikirlər yürütməlidir; bir az havalı olmalıdır; və nəhayət, sevgisini sübut etmək üçün özü ölüm ayağına düşməlidir.
Bir sözlə, xanım yazar kişilərdən Stenford ya Oksforddan fəlfəsə doktoru adı almış, ölməzlik iksiri içmiş Supermen olmağı tələb edir. Yalnız bundan sonra o, sevdiyi qadına layiq ola bilər.
Sadəcə dəhşətdir. Ədəbi-bədii dəhşət.
:)))
Tanri yazicilari Ali Novruzovun qeleminden qorusun)))
Adamda belə təəssürat yaranır ki, siz xanımın ideal kişi obrazı ilə maraqlanmısınız. Kitabı oxuduqca onun zövqünü öyrənməyə çalışmısınız. Tənqidə bəzən gizli simpatiya da deyirlər. :)
Son dövrlerde yazilmiş en sert edebi tenqiddir.Belkede daha geniş,eserden sitatlar getirilerek yazila bilerde ki, oxucu söhbete daha cox daxil ola bilsin. Amma savadli yaziçi yeqin ki bunu qebul edə biler. Teatr tamaşaları haqqında bele yazilar olsaydi biz tamaşaçilara daha xoş olardi.
yaxshi yazmisiz yixib surumusuz neyi var :D amma deyesne lap cox olub :D
Redaktə etdim indi :)
Əli, tənqidini redaktəsiz yayımlamısan deyəsən, ilk dəfədi səhvlər görürəm sənin yazında :)