Özümüzü və Amerikanı tənqid etmək haqqında

n506c726696328Hətta Allahın mövcudluğunu inadla sorğula; çünki Allah varsa, O, idraka sitayişini daha çox təqdir edər, nəinki kor-koranə qorxunu. — Tomas Ceferson

Fransanın Azərbaycanda keçmiş səfiri Qabriel Keller vida müsahibəsində demişdi ki, özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalıdır.

Bu müsahibə çox maraqlı dövrə təsadüf edirdi – Azərbaycan hökumətinin bütün ideoloji cəbhəsi, başda AzTV olmaqla, böyük bir anti-alman və anti-qərb isteriyasında idi. Frankfurtun küçələrində fahişə və narkomanların sadə vətəndaşlara hücum etməsi, alman universitetlərinin çökməsi və Fransada liftlərin qəzalı vəziyyəti haqqında reportajlar efirdən düşmürdü.

Bütün hökumətpərəst media Azərbaycana qarşı müthiş qərb-mason-erməni-islamofob konspirasiyasını “ifşa edirdi” – səbəb isə Şpigel və bir neçə alman qəzetinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair tənqidi materiallar verməsi idi.

Çox təəssüf ki, bu gün Azərbaycanı idarə edən mentalitet (elə müxalifətin özü də) hər Qərb qəzetində çıxan məqalədə az qala Barak Obamanın (ya da hansısa mason lojasının) barmağını görür.

Azərbaycan siyasətçisi və sadə insanı inana bilmir ki, Washington Post və ya Şpigel jurnalı müstəqil ola bilər.

Aparatdan elektron poçt ilə məqalə göndərib, tutaq ki, filanxəbərsaytı.az’da yerləşdirmək olarsa, bəs niyə Obamanın işlər müdiri Washington Post qəzetinin redaksiya siyasətinə nəzarət edə bilməsin? Necə olur ki, 1news.az Prezident administrasiyasının şəxsi bloqu, “Azadlıq” da AXCP-nin divar qəzetidir, amma Şpigel jurnalı alman kanslerinin tualet kağızı deyil?

Ona görə də bizdə hər tənqidin arxasında hansısa gözəgörünməz əl, fövqəltəbii barmaq görürlər. Hökuməti tənqid etsən xarici dəyirmanlara su tökürsən, müxalifəti tənqid etsən – iqtidardan “malades“ gözləyirsən. Üçüncü yol yoxdur.

Azərbaycan tənqiddən qorxur. Azərbaycanda hər kəs tənqiddən qorxur. Çünki heç kəs özündən və öz dəyərlərindən əmin deyil. Ümumiyyətlə, kiminsə dəyəri olub olmaması özü şübhə altındadır.

Ona görə də kağızda solçu partiya olub əməldə oliqarxik rejim qurmaq olar. Populist çıxışlar edib qeyri-populyar siyasət yürütmək də olar. Ya da özünü sağ, liberal partiya elan edib gah solçu ritorikaya əl atmaq, gah da millətçilərlə, islamçılarla mazaqlaşmaq olar.

Qısası, bura Azərbaycandır.

Bir də Amerika Birləşmiş Ştatları var – dünyanın ən güclü və həm də ən təhlükədə olan dövlətlərindən biri. Dünyanın yarısından çoxu ya sizi sevmir, ya da açıq-aşkar nifrət edir. Siz yeni Romasınız – hamı sizin torpaqda yaşamaq istəyir, sizin vətəndaş olmaq istəyir, amma sizə barışmaz nifrəti var. Sizi yıxa da bilmirlər, yeri gəlmişkən. Gərək gözləsinlər ki, özünüz yıxılasınız.

Amma Amerikada siz hətta Amerikanın təməl daşlarını tənqid edə bilərsiniz. Amerikan olub “anti-amerikan” ola bilərsiniz. Bu zaman mötəbər universitetlərdə işiniz olacaq, lakin müxtəlif şəhərlərdə leksiya və görüşlərin əlindən gündəliyinizdə boş vaxtınız qalmayacaq.

Amerikada “anti-amerikanların” böyük hörməti var, hərçənd nifrət edənləri çox olsa da. Elə təkcə Noam Çomskini götürək.

Çomskidən bir dəfə soruşurlar ki, o, özünü anti-amerikan sayırmı? Onun cavabı çox sərrastdır – kiməsə anti-amerikan, anti-filan ölkə demək əslində dərin totalitar instinkləri olan insanlara xasdır. Bu, dövlətin, hökumətin siyasətini cəmiyyət, xalq və mədəniyyətlə eyniləşdirmək kimi yanlış konsepsiyadan qaynaqlanır. Bir balaca demokratik düşüncəsi olan insan bunu qeyri-ciddi və gülüşlə qarşılamalıdır. Onda belə çıxır ki, İtaliya hökumətinin siyasətini tənqid edən dərhal anti-italyan olur? Sitatın sonu.

Çox sadə həqiqətdir – təəssüf ki, hər daşın altında qəliz yəhudi-mason konspirasiyası, erməni lobbisi, Ağ Evin sifarişini axtaran başlara girməyəcək qədər sadə.

Amma tənqidlər sadəcə tənqid üçün də deyil. Ona həm də qulaq asırlar. Hər bir cəmiyyət onu tənqid edənlərin, ona qarşı çıxanların hesabına irəli gedir. Cəmiyyətin dəyərləri sorğulanmasa, bərkə-boşa düşməsə, zamana uyğunluğu vaxtaşırı testdən keçməsə həmin cəmiyyətin inkişafı sual altında olacaq.

Başqa bir Avropa elçisinin dediyi kimi, “yalnız tərif yolunu seçən ölkələr süquta uğrayıblar”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma