İçimizdəki bolşevizm

Bu günlərdə mənim fikrimcə çox əlamətdar hadisə baş verdi – əlamətdar deyəndə ki, bizim miqyasımızda. İqtidaryönlü gənclər Hacıbəy Heydərli və Fərid Şahbazlı müxalifətyönlü gənclər – Nidaçı Ziya Bayramov və Müsavatdan Səxavət Soltanlı ilə Azadlıq Radiosunun efirində debata çıxdılar.

Debat əslində sadəcə debatdır, burada fövqəladə bir şey yoxdur, amma bütün körpülərin yandırıldığı, müxtəlif cəbhələr və qruplar arasında ünsiyyətin aradan qalxdığı bir cəmiyyətdə – Azərbaycanda hava, su kimi vacib bir nəsnədir.

Və debatda haqlı, ya da haqsız tərəf olmur, iki fərqli baxış, iki zidd mövqe olur və onlar bir araya gəlib həqiqəti aşkara çıxarmağa çalışırlar. Həqiqət haqqında bütün fəlsəfi, post-modern söhbətləri kənara qoysaq, deyilənə görə o, haradasa ortadadır.

Kənardan bir müşahidəçi kimi bu debatlara baxanda – sizdən nə gizlədim, “ictimai sektor”dan çoxdan küsmüşəm, hökuməti isə lap əvvəldən sevmirəm – hər iki debat mənim xoşuma gəldi. İstər müxalif tərəf, istər iqtidaryönlü tərəf özlərini çox təmkinli, rahat, tərbiyəli apardılar – nə söyüş söydülər, nə dalaşdılar, nə də bir-birini təhqir etdilər. Mənim xatirimə gələn sonuncu belə debatların birində gənclər Yeni Müsavatın ofisində əlbəyaxa olmuşdular, digərində isə keçmiş baş nazir Pənah Hüseyn keçmiş səfir Əfşar Süleymaniyə hücum etmişdi.

Kimin arqumenti zəif, kimimki daha ədalətli idi, bunlar məsələnin indi məni maraqlandırmayan tərəfidir. Əsas olan belə bir debatın sivil, mədəni formada baş tutması faktıdır.

Mənim də üzvü olduğum OL! Hərəkatı bu günlərdə başqa bir təşəbbüs həyata keçirirdi – Aqora dəyirmi masalar silsiləsi. Doğrudur, YAP və İrəli dəvəti qəbul edib gəlməsə də, müxalifyönlü və müstəqil gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi kifayət qədər gərgin, polemikalı bu dəyirmi masalar da bir məsələni ortaya qoydu – bizdə nəinki müxtəlif cəbhədən olan qruplar arasında, hətta özünü eyni cəbhədən hesab edən qruplar arasında elementar ünsiyyət çatışmazlığı var.

Facebook və sosial media nə qədər bizim həyatımızı rahatladıb, işimizi yüngülləşdirsə də, real ünsiyyətin əvəzini hələ ki, vermir. Virtualda lağlağı, zarafat, dava-qırğın, polemika, atmaca, söhbət, filan nə qədər çox olsa da, ortalıqda məhsuldar dialoq bir o qədər də yoxdur.

Ona görə də Azadlıq Radiosundakı bu iki debatı, Hacıbala müəllim demişkən, “böyük qoşqu ilə” qarşıladım.

Amma məsələnin bir böyük əmması da var – daha doğrusu, debatsonrası. Debatlar bitər-bitməz, Facebook və digər sosial mediada müstəqil və müxalifətyönlü gənclər dərhal Hacıbəy və Fərid haqqında ağızlarına gələni yazmağa başladılar. “Hacıbəy Heydərli – siz gülüncsünüz!” və “Hacıbəydən sonra daha bir iqtidar gənci darmadağın edildi” – bunlər hələ ən abırlı, ən mərifətli şərhlər idi. Bu iki nəfərə qarşı yazılar aşağılayıcı, təhqir dolu şərhlərə baxanda debatlardan məndə qalan bütün pozitiv enerji və əhval-ruhiyyə sadəcə buxarlanıb yox oldu.

Mənim Facebook dostluğumda iqtidaryönlü gənclər çox deyil, ona görə çox fikir verə bilmədim – amma ehtimal edirəm ki, hələ onlar gör nələr yazıblar.

Bir sözlə, məyus oldum. Özü də paralel olaraq Amerikadakı seçki debatlarını, onlara reaksiyanı izləyən biri kimi təkrar edim, şəxsən mən məyus oldum. Düzdür, bizim Amerikaya çatmağımıza hələ 200 il var, amma Sovetlərin yıxılmasından keçən 20 il ərzində də içimizdəki bolşevizm nəinki yox olmayıb, əksinə, daha da güclənib. Və istər-istəməz fikirləşdim ki, əgər sonu belə bitəcəksə, bu debatlar bizə lazım deyil. Mən Hacıbəyin, Fəridin, ya da digər iqtidaryönlü gəncin yerində olsam, daha belə debatlara çıxmaram.

O ki, qaldı bizə – indi mənim “demokratik” düşərgəyə ərkim çatır deyə “özümüzküləri” tənqid edirəm – belə yaramaz, yoldaşlar. Qəti yaramaz! Müxalifəti ağ yuyub, qara sərən iqtidaryönlü mediadan nə fərqimiz oldu? Axı biz nə istəyirik? Dialoq? Onda dialoqdan sonrakı bu məzhəkə nəyə xidmət edir? Yox, bəlkə inqilab? İnqilab istəyiriksə, dialoqa niyə gedirik ki? Dəyişiklik? Onda niyə özümüzdən başlamırıq ki?

Mən başa düşürəm ki, insan hər kəsi özünə bənzər görmək istəyir. Bəzən başqa cür düşünən, əks fikirli şəxsi qəbul etmək belə istəmir. Amma hər kəsin həmrəy, həmrəng və həmxasiyyət olmasına cəhd edən cəmiyyətlərin sonunu da çox yaxşı bilirik axı. Əgər bu gün bizi düşdüyümüz bəladan çıxaracaq bir dəyər varsa, bəlkə də bu dəyər plüralizmdir. Ağ qarğanı dimdikləyib öldürən qara qarğalardan bizim bir fərqimiz olmasınmı yəni?

Advertisements

2 Şərh

Kateqoriysı Azərbaycan

İçimizdəki bolşevizm” üçün 2 cavab

  1. ela yazmisiz… debata baxmamisam, yeni bir shey olacagini gozlemirdim…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma